İş adamlarını milli layihələrə
necə cəlb etməli?
Yaşadığımız
dövrdə dünya sürətlə
dəyişir, köhnə dəyərlər yenilərlə əvəzlənir. Bu
dəyişiklikləri düzgün
istiqamətləndirmək üçün
cəmiyyəti idarə
edən qurumlar yeni düşüncə sistemi
ilə tanış
olmalı, onu praktik baxımdan icra etməyi bacarmalıdırlar. Bu
düşüncə sisteminin
ən önəmlilərindən biri də korporativ sosial məsuliyyət (KSM)
anlayışıdır. Son illərdə ictimai-sosial leksikonumuza daxil olan korporativ
sosial məsuliyyət
(KSM) anlayışı bu gün
bir çox biznes qurumları ilə yanaşı QHT-lərin maraqlandığı anlayışlardandır. Korporativ sosial məsuliyyət anlamının mahiyyətini,
mənasını və cəmiyyət üçün
əhəmiyyətini araşdırmaq
və öyrənmək hər şeydən öncə vətəndaş
cəmiyyətinin əsas strukturlarından olan
QHT-lər üçün
faydalı ola bilər. KSM-in
QHT-lər tərəfindən öyrənilməsi eyni zamanda onların
biznes qurumları ilə tərəfdaş kimi
çıxış etmələri
üçün əhəmiyyətlidir.
Mövcud ədəbiyyatlarda korporativ
sosial məsuliyyət
biznes strukturlarının
maraqlı tərəflərlə
(icmalar, təşkilatlar,
bələdiyyələr, təhsil
və mədəniyyət
ocaqları və s.) qarşılıqlı əlaqədə
həyata keçirdiyi,
davamlı inkişafa yönələn iqtisadi, ekoloji və sosial tədbirlərin ardıcıl sistemidir. Bu da özünü ilk növbədə biznes qurumunun könüllü sosial investisiya
qoyuluşlarına, sosial proqramların
icra olunmasına maddi,
texniki və digər
dəstəyində göstərir. Bunu eyni
zamanda QHT-biznes əməkdaşlığı kimi də başa düşmək olar.
Ümumiyyətlə, müasir KSM anlayışının yaranması və
inkişafı Qərb ölkələrinin adı ilə
bağlı olsa da, bəzi
tədqiqatçılar KSM-in ilkin rüşeymlərinin
Şərqdə yarandığını söyləyirlər.
Buna misal kimi isə əxiləri - sənətkar və
tacir birliklərini göstərirlər ki, onların fəaliyyət
prinsipləri, etik davranış normaları və
sair müasir KSM
anlayışı ilə üst -üstə düşür.
Artıq Qərbdə KSM-in formalaşmış və
oturuşmuş ənənələri
var ki, bu da xüsusi qəbul olunmuş norma və qanunlarla, standartlarla tənzimlənir. Qərb
ölkələrində dövlətin qəbul olunmuş davranış normalarının icrasını təmin edən
təsisat kimi nəzərdən
keçirilməsi ilə əlaqədar olaraq müəsissələrdə
qanunvericiliklə müəyyən edilmiş səhiyyə
sığortası, pensiya təminatı
və digər sosial öhdəliklər mövcuddur.
Məlumdur ki, biznes strukturları sosial problemlərin həlli üçün mühüm
olan maddi və maliyyə
resurslarına malikdirlər. Belə bir işdə özlərinin əsas rollarının nədən
ibarət olduğunun biznes
qurumlarının rəhbərləri tərəfindən
dərk edilməsi 20-ci əsrin sonlarında korporativ
sosial məsuliyyət
anlayışının meydana gəlməsinə səbəb
oldu ki, bu da təkcə
biznesin deyil, eləcə də
bütünlükdə bəşəriyyətin
inkişafına əsaslı yardım göstərə bilər. KSM-in inkişaf tarixinə nəzər saldıqda aydın olur ki, KSM bir
neçə inkişaf
mərhələsi keçib. Ekspertlər KSM-in birinci inkişaf mərhələsində
biznes qurumlarını
yaradan və
öz cəmiyyətinə
yardım etmək niyyətində olan insanlardan ibarət qrupu qeyd edirlər. İkinci mərhələ isə korporativ xeyriyyəçilik
kimi nəzərdən keçirilir
ki, burada biznes qurumları tərəfindən
cəmiyyətə “töhfə vermə”(giving back) proqramlarının
hazırlanması və icra
olunması qeyd olunur. Üçüncü
mərhələ “strateji
xeyriyyəçilik”, biznes
maraqlarının və icma ehtiyaclarının müəyyən
olunmuş proqramlar vasitəsilə birləşməsidir.
Bu gün hər kəs sual verə bilər ki, bəs biznes
qurumlarının KSM proqramını həyata keçirməsi
və sosial layihələrə
maliyyə ayırması onlara nə kimi fayda verir?
Bu suala cavab olaraq qeyd
etmək lazımdır
ki, biznes strukturlarında KSM-in mövcudluğu onlar üçün şəffaflığın
artması, risklərin idarə olunması, rəqabət mühitinin yaxşılaşması, xarici sərmayələrin cəlb olunması kimi faydalı imkanlar yaradır. Azərbaycanda da sosial məsuliyyətin
yaranması və formalaşmasının müəyyən tarixi var. Hələ 19-cu əsrin
sonlarından Azərbaycanın neft sənayesinin inkişafı
nəticəsində formalaşan milli burjuaziyanın
nümayəndələri ölkə əhalisinin sosial vəziyyətinin
yaxşılaşması, yoxsul təbəqəyə məxsus
olan istedadlı gənclərin təhsil alması, məktəb
və xəstəxana tikilməsi, yolların çəkilməsi, teatr və mədəniyyət
ocaqlarının açılmasına dəstək olub, əhalinin hərtərəfli maariflənməsinə hər
cür yardım ediblər. Aparılan
araşdırmalar və müşahidələr göstərir ki,
bu gün Azərbaycanda KSM-lə bağlı tarixi ənənələr
mövcud olsa da, ölkədə fəaliyyət göstərən
biznes qurumları əsasən KSM sahəsində yalnız
özlərinin şirkətdaxili normativ-hüquqi
aktlarına uyğun fəaliyyət
göstərməyə üstünlük
verirlər. Bu da ölkə üzrə KSM-in mövcudluğunu qeyri-müəyyən edir.
Azərbaycanda fəaliyyət
göstərən bir sıra
iri biznes qurumları var ki, onların KSM sahəsindəki
işləri qismən də olsa nəzərə çarpır, amma onlar da
çox məhdud dairədə fəaliyyət göstərir. Bir məsələni də qeyd etmək
yerinə düşərdi ki, bu biznes
qurumları əsasən xarici sahibkarlara məxsusdur. KSM sahəsində yerli şirkətlər arasında isə
iş görən
tapmaq çətin məsələdir. Bu gün hər bir biznes qurumu
cəmiyyətə və ətraf mühitə təsir edən
qərarlarında və fəaliyyətlərində şəffaflığı
təmin etməlidir, ictimai təşkilatlarla ümumi
sosial problemlərin həllində tərəfdaşlığın
qurulmasında maraqlı olmalıdır. Hesab
edirik ki, biznes qurumlarının bu istiqamətdə fəaliyyətinin
qurulmasında QHT-lər onlarla daha yaxşı əməkdaş
qismində iştirak edə
bilərlər. Ekspertlərə görə, QHT-biznes
əməkdaşlığının əsas məqsədi biznes
icmasının cəmiyyətlə
dialoquna və sosial tərəfdaşlığına
metodik və informasiya dəstəyi
göstərməkdir. Təəssüflər olsun
ki, bu gün
ölkəmizdə KSM sahəsində, QHT-biznes əməkdaşlığında
ciddi problemlər və bu
əməkdaşlığa mane olan amillər
mövcuddur. Bu, özünü həm biznes qurumlarında, həm də QHT-lərdə
aşkar şəkildə
göstərir. QHT-biznes əməkdaşlığına
mane olan amilləri əsasən
aşağıdakı kimi ümumiləşdirmək olar: KSM-lə
bağlı mövcud
qanunvericilik bazasının
və ana dilində ədəbiyyatın olmaması; KSM sahəsində
institutlaşma və tədrisin olmaması; beynəlxalq təcrübənin
kifayət qədər öyrənilməməsi; KSM mədəniyyətinin
zəifliyi; KSM sahəsində kadr və mütəxəssis
potensiallığının azlığı; KSM sahəsində
maarifləndirmə işinin zəifliyi, biznes qurumlarının bu sahəyə maraq göstərməməsi
(xüsusən yerli), yerli
QHT-lərə inamın olmaması və
etimadsızlıq; QHT-lərin PR (ictimaiyyətlə əlaqələr)
işini düzgün
qura bilməməsi və s.
Göründüyü kimi,
KSM-in inkişafında biznes
qurumları ilə bərabər
QHT-lərin də üzərinə böyük
işlər düşür.
Yuxarıda sadalanan maneələri aradan
qaldırmaq üçün QHT-lər fəaliyyət
göstərdikləri istiqamətdə biznes
qurumlarını informasiya
ilə təmin etməli, saziş və konsepsiyalara
hazırlamalı, onlarla intensiv
əməkdaşlıq etməli və
birgə fəaliyyət birlikləri
yaratmalıdır. Bəzən QHT-lər hər hansı
bir layihə ilə bağlı biznes qurumuna müracət edib müsbət cavab almayanda ruhdan düşür və
bunun mənasız olduğunu düşünür.
Türkiyə Korporativ
Sosial Məsuliyyət
Qurumunun prezdenti Serdar Dinlerin söylədiyinə
görə o, bu istiqamətədə fəaliyyətə
1995-ci ildə başlasa da,
öz məqsədinə 2004-cü ildə
nail olub. Hər dəfə onu qəbul edən şirkət
rəhbəri müxtəlif bəhanələrlə KSM-lə
bağlı verilən təkliflərdən boyun
qaçırsa da, nəhayət Serdar Dinlər 9 ildən sonra onu öz təkliflərinə
inandıra bilib və
həmin şirkəti KSM sahəsində
fəaliyyətə başlamağa razı sala bilib. Ekspertlər bir məqamı da qeyd edirlər ki, bu gün
Turkiyədə vətəndaş cəmiyyəti
proqramlarının dəstəklənməsində biznes strukturlarının payı 20 faizdən artıqdır. Həmçinin
Türkiyədə biznes qisamüddətli
dövr üçün
nəzərdə tutulan
sosial proqramların deyil, uzunmüddətli dövr
üçün aktual
olan strateji problemlərin həllinə dəstək verir (PKK problemi, Avropa Birliyinə inteqrasiya və s.). Bu nümunələri digər
ölkələrin təcrübələrində də
görmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda biznes
icmaları cəmiyyət və dövlət üçün
aktual bir sıra problemlərin, o
cümlədən Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı ədalətli mövqeyimizin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
təbliğ edilməsi sahəsində proqramların həyata
keçirilməsinə və dəstəklənməsinə səy göstərmirlər. Buna görə də ölkədə fəaliyyət göstərən,
gəlir əldə edən şirkətlər və
korporasiyaları genişmiqyaslı əməkdaşlığa
cəlb etmək üçün effektli mexanizm işlənib
hazırlanmalıdır. Bu gün Azərbaycanda kifayət
qədər iş adamları
fəaliyyət göstərir, milli sahibkarlıq institutu formalaşıb. Milli
sahibkarlıq institutlarının
da milli donor qismində vətəndaş cəmiyyəti
ilə birgə, sistemli şəklində
fəaliyyət göstərməsi bir çox problemlərin həllinə
dəstək olmuş olar.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT -lərə
Dövlət Dəstəyi Şurasının “Qaradağ Sement” şirkəti ilə birgə QHT-lər üçün qrant ayırmasını
bu istiqamətdə
təqdirəlayiq hal kimi qiymətləndirmək
olar. Bu istiqamətdə görülən işlər
digər biznes qurumları
üçün örnək ola bilər. Millli donor institutu kimi özəl sektorun da vətəndaş
cəmiyyətinin inkişafına kömək olmasını
təmin etmək məqsədilə lazımi qanunvericilik
bazasının formalaşdırılması
və onların bu istiqamətdə
həvəsləndirilməsi üçün bir sıra addımların atılması vacibdir. (məsələn:
özəl sektor tərəfindən
vətəndaş cəmiyyətinin
inkişafına ayrılan maliyyə yardımlarına vergi güzəştlərinin
tətbiqi, vətəndaşların və özəl sektorun ödədiyi vergilərin müəyyən faizinin
hansısa QHT və ya
humanitar təşkilata
ayrılması barədə vergi orqanına tapşırıq verilməsi və sair). Bu sahədə münasibətləri
tənzimləmək üçün ilkin olaraq Azərbaycanda korporativ sosial məsuliyyət haqqında qanun
qəbul olunmalıdır. Ekspertlərə
görə İqtisadi İnkişaf
Nazirliyinin Korporativ İdarəetmə Məcəlləsini
hazırlaması təqdirəlayiq bir
haldır, lakin ölkədə KSM mədəniyyətinin
inkişaf etdirilməsi
üçün müvafiq
qanunun qəbul
olunması bu istiqamətdə
fəaliyyəti daha da genişləndirməyə
imkan yaradar.
Ümumiyyətlə,
QHT-lər də KSM formalaşmasında və
inkişafında həlledici rol
oynamalıdırlar. Aparılan
araşdırmalar və təhlillər onu
deməyə əsas verir ki, respublikamızda
KSM sahəsində həm biznes
qurumları, həm də QHT-lər arasında maarifləndirmə
işlərinin aparılmasına
ciddi ehtiyac var.
Elməddin
Hacılı,
Vətəndaş Cəmiyyəti
Problemlərinin Tədqiqi
Mərkəzinin sədri
Palitra.- 2011.-
26 yanvar.- S. 11.