“Təcrübəli bələdçilərə çox ehtiyacımız var

 

2011-ci il ölkə başçısı tərəfindən “Turizm ili” elan edilib. Bu sektorun inkişafında mühüm faktorlardan biri də ölkədə turizm obyektlərinin, mehmanxanaların fəaliyyəti ilə bağlıdır. Bugünlərdə mədəniyyət və turizm naziri Ə.Qarayev ölkədə fəaliyyət göstərən turizm şirkəti və otellərin rəhbərləri ilə keçirilən işgüzar görüşdə 2011-ci ilin ölkə başçısı tərəfindən “Turizm ili” elan edilməsi ilə əlaqədar bütün turizm ictimaiyyətinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.  

Turizmin inkişafında əldə olunan nəticələr, bu sahədə həyata keçirilən layihələr, zəruri infrastrukturun yaradılması ilə bağlı fikirlərini bildirən nazir ölkə başçısının  tapşırıqlarını əsas tutaraq turizm sektorunda çalışanları fəal olmağa, Azərbaycan turizmini beynəlxalq standartlar səviyyəsində daha geniş təqdim etməyə çağırıb. Bütün dünya ölkələrində olduğu kimi, hazırda ölkəmizdə də kiçik otellərlə yanaşı beşulduzlu otellər fəaliyyət göstərir. Burada önəmli olan onların turistlərə keyfiyyətli xidmət təqdim etməsidir. Bugünkü müsahibimiz Bakıda fəaliyyət göstərən “Balion Otel”in rəhbəri Bəşir Hacıyevdir:       

- “Balion Otel”in fəaliyyət istiqaməti necə qurulub və hansı xidmətləri təklif edir? Digər otellərdən fərqli cəhəti varmı? 

 - “Balion Otel” şəhərin mərkəzində, Fəvvarələr meydanının yaxınlığında yerləşir. Mehmanxana 2007-ci ildən fəaliyyətə başlayıb və bu tarixdən etibarən hər zaman öz qonaqlarının rahatlığını yüksək səviyyədə təmin etmək üçün yenilik axtarışındadır. Hazırda üçulduzlu otellər içində öz strategiyası və servisi ilə seçilən “Balion Otel” gənc və ixtisaslaşmış işçi heyəti tərəfindən idarə olunur. Qeyd etmək istərdim ki, elə bu fakt bizim üstünlüklərimizdən biri kimi hesab oluna bilər. Həmçinin otelimizdəki imkanlar, qiymətə daxil olan səhər yeməyi, sürətli internet, otaqlardakı digər imkanlar qonaqlarımıza ev sahibi olmaq təəssüratını bəxş edir.

- Ölkədə otelçiliyin səviyyəsi sizi qane edirmi?

- Hələ ötən əsrin ortalarına nəzər salaraq müqayisə etsək, Azərbaycanın digər sahələrlə yanaşı turizm sahəsində də nə qədər irəlilədiyinin şahidi olarıq. Günü-gündən çiçəklənən vətənimizin belə tərəqqisinə görə ulu öndərimiz Heydər Əliyev və hazırkı Prezidentimiz İlham Əliyevə minnətdarıq. Görülən bütün işlər Azərbaycanı bütün dünyaya tanıdaraq turistlərin marağını cəlb etməyə başlayıb. Ölkəmizdə fəaliyyət göstərən otellərin əksəriyyəti öz yüksək servisləri ilə heç dünya standartlarından geri qalmır. Əlbəttə, bu çox sevindirici haldır, lakin hələ bəzi otellərdə rast gəlinən nöqsanlı hallar bizim hamımızı çox narahat edir. Bütün bunların aradan qaldırılması isə bir şəxsin yox, geniş bir kollektivin öhdəliyidir.

- Bir neçə otelin ulduzunun geri alınacağı bildirilirdi bunun səbəbi onların yüksək səviyyəli xidmət təşkil edə bilməmələri idi. Sizin buna münasibətiniz necədir?

- Hər bir sahəsində görülən müvəffəqiyyətli işlərə görə olunan təltiflər fərqlidir. Otellər isə təqdim etdikləri xidmətlərə görə ulduz sistemi ilə qiymətləndirilirlər. Hər bir otel daşıdığı ulduzların dəyərini öz işində əks etdirməlidir. Bunu təəssüflə qeyd etmək istərdim ki, bu gün ölkəmizdə ulduzlarının sayı çox, lakin servislərinin dəyəri çox aşağı olan bir sıra müəssisələr fəaliyyət göstərir. Bu fərqi görmək üçün mütləq turizm sahəsinin işçisi olmaq gərəkli deyil, bunu sadə bir vətəndaş da rahat bir şəkildə qiymətləndirə bilər. Əlbəttə, bəzi otel ulduzlarının geri alınması prosesini isə mən çox təqdirəlayiq hesab edirəm. Bu cür saxtakarlıqların aradan qaldırılması keyfiyyəti daha da artıracaq.

- Bu gün ölkədə narahatlıq doğuran bir səbəb otellərin qiymətinin baha olmasıdır. Xarici ölkələrdə bir otelə ödənilən məbləğə bütün xidmətlər daxil olsa da, bizdə, xüsusilə yerlərdə hər servis xidməti üçün ödəniş tələb olunur. Sizcə, bu nə dərəcədə doğrudur?

- Mən ölkə daxilində olan otellərin qiymətiylə dünya miqyaslı otellərin qiymətləri arasında elə bir böyük nəzərəçarpan fərq görmürəm. Sizin hansı fərqdən bəhs etdiyinizi isə təxmin edirəm. Ölkəyə daxil olan hər bir turist etdiyi səfərin növündən asılı olmayaraq tam bir komfort axtarışındadır. Burada da yenə yuxarıda sözügedən servislərlə toqquşuruq. Bizdə hələ turistlərə təqdim olunacaq tam bir “səyahət paketinümayiş olunmayıb. Belə bir paketin təqdimatı turistlərin rahatlığı, bu isə turizmin tam inkişafı deməkdir.

- Bu gün xaricdə otellər turistləri özlərinə cəlb etmək üçün daha fərqli, maraq doğuran xidmətlər təklif edirlər buna da nail olurlar. Amma bizim otellərdə turistləri cəlb edib yenidən oraya gəlməsinə şərait yaratmaq üçün deyil, sadəcə bu gün üçün xidmət göstərilir...  

- Bu məsələ daim məni narahat edən məsələlərdəndir. Doğrudur, inkişaf etmiş ölkələrdə olan turistik xidmət daha fərqlidir. Gələn turistə otel xidmətləri ilə yanaşı həm də digər maraqdoğurucu təkliflər edilməlidir. Bu işin isə birtərəfli olması tam mümkünsüzdür. Bunun üçün bizim turkompaniyalarla birgə əməkdaşlıqlara çox ehtiyacımız var. Hər bir əməkdaşın özünə aid sahəni nəzarətində saxlaması turizm üçün xüsusi dəstəkdir.    

- Oteldə çalışan xidməti personal təcrübəli, peşəkar, mehmanxana işini dərindən bilən mütəxəssis olmalıdır. Sizin oteldə bu istiqamətdə necə qurulub?

- Əlbəttə, hər bir otelin təməli onun personallarıdır. Personal qədər təcrübəli, gülərüz, mütəxəssis olarsa, bu, otelin pozitiv cəhətləridir. Bizim oteldə personalın hər bir işinə nəzarət edən xüsusi menecerlər olur. Vakansiyalara işçilər axtarış elan edən zaman xüsusi məktəb keçmiş kadrlara daha çox üstünlük verilir. İşə qəbul olunmuş kadr menecerlər tərəfindən təşkil edilmiş xüsusi qaydalarla tanış olur bütün rejimi bu qaydaların çərçivəsində aparılır. Bütün bunlarla yanaşı işçi tam müsbət keyfiyyətlərə də malik olmalıdır. Rəhbərlik tərəfindən yaradılmış bu qaydalar nəinki otel idarəçiliyinə, həm də turistlərin rahatlığına xidmət edir.

- Otellərin ən böyük problemlərindən biri kimi onlarda təcrübəli bələdçilərin olmaması göstərilir. Bu barədə deyə bilərsiniz?

- Ümumiyyətlə, bizim tamamilə gənc olduğumuz turizm sahəsi gələcəyə doğru illər keçdikcə daha da təkmilləşəcək. Çatışmayan tərəflərimiz kimi təcrübəli bələdçilərə çox ehtiyacımız var. Nümunəvi bələdçilərin isə tam şəkildə yetişməsini yalnız bu sahədə olan məktəb, əldə edilmiş savad təcrübə təmin edə bilər. Fikrimcə, qüsur hesab etdiyim bu problem diqqətdən kənarda qalmamalıdır. Necə ki, ölkəmizdəki turizm Azərbaycanımız üçün bir reklamdır, elə məhz bu səbəbdən onun təqdimatı yüksək səviyyədə təşkil olunmalıdır. Bu təşkilatçılığın isə  tənzimli şəkildə aparılması hər kəs tərəfindən beş-beşlik yerinə yetirilməlidir.    

- Otel konsert sarayları, teatrlarla, muzeylərlə yaxın əlaqələr qurmalıdır ki, gələn turist istədiyi yerə gedə bilsin. Hər mövsümdən əvvəl onların hazırlığı yoxlanmalıdır. Sizin oteldə bu necə qurulub?

- Təbii ki, xarici ölkədə gözəl istirahətin əsasını konsertlər, teatrlar, muzeylər, sərgilər s. təşkil edir. Bu gün artıq biz ölkə başçısının tapşırığı ilə abadlaşdırılmış mədəniyyət mərkəzlərimizin gözəllikləri və təqdimatları ilə ölkəmizə gələn hər bir qonağı məftun edə bilərik. Hazırlanmış bukletlər, reklam işləri, ümumişlək saytlar, internet əlaqələri bu sahədə bizə böyük köməklik göstərir. Əlimizdən gələn hər bir işi əsirgəmədən qonaqlarımızı hərtərəfli yüksək xidmətlə razı salmağa çalışırıq.

- Otelçiliyin daha da inkişafı üçün hansı təkliflər irəli sürərdiniz?

- Artıq neçə illər bu sahədə olan təcrübəmə əsaslanaraq irəli sürəcəyim təkliflərim çoxdur. Fikrimcə, turizmin hərtərəfli inkişafına dəstək olacaq təlim kurslarının sayı keyfiyyəti qaldırılmalı, bunun sayəsində tam məlumatlandırılmış kadrların işi radio, televiziya, internet, qəzet materiallarının vasitəsilə lazımlı şəkildə həm xarici, həm yerli turistlərə üsulunca aşılanmalıdır. Ən ümdə təklifim isə otel sistemində qarşılaşdığımız nöqsanları aradan qaldıraraq turizmin inkişafına dəstək verməkdən ibarətdir. Hələ turizm sahəsində çox gənc olan Azərbaycanın bu günü bizim üçün müsbət göstəricidir. Mən böyük ümidlə qeyd etmək istəyirəm ki, yüksək səviyyəli və təcrübəli mütəxəssislərimizin köməyilə turizm sahəmiz inkişaf edəcək və bütün dünyada ölkəmizə olan marağı daha da artıracaq. 

 

 

Nigar

 

Palitra.- 2011.- 26 yanvar.- S. 10.