Adil Qəribov:
“Ölkənin 20-30 faiz enerji tələbatını bərpa
olunan enerji hesabına ödəyə bilərik”
Bugünlərdə ölkə
başçısının sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirildi. Cari ildə
qarşıda duran vəzifələrdən biri kimi bərpa
olunan enerji mənbələrinin yaradılması işində
əlavə tədbirlərin görülməsi nəzərdə
tutulub. Ölkə başçısı bildirib ki, bu istiqamətdə
fəaliyyət daha da gücləndirilməli, bərpa olunan
enerji mənbələrindən istifadə üçün
daha ciddi tədbirlər görülməlidir. Onu da qeyd edək
ki, bir neçə il öncə “Alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması
üzrə Dövlət Proqramı” da təsdiq edilib. Azərbaycanda
kifayət qədər bərpa olunan enerji mənbələri
potensialının mövcud olduğunu müvafiq dövlət
qurumları da təsdiq edir. Hazırda ölkədə bu sahədə
elmi-tədqiqat işləri aparan qurumlardan biri də
AMEA-nın Radiasiya Problemləri İnstitutudur. Müsahibimiz
AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Adil Qəribovdur:
- Ölkənin enerji təminatında əsas enerjiyə qənaətedici sistem kimi bərpa olunan enerji növlərinin böyük əhəmiyyəti var. Bəzi ölkələrin enerji balansında bu enerji mənbələrinə xüsusi yer ayrılıb. Bu məqsədlə Avropada xüsusi layihə həyata keçirilir və məqsəd odur ki, əsas yanacaq mənbələrinə qənaət olunsun. Əgər 20 faiz yanacağa qənaət olunursa, 20 faiz atmosferə karbon atılmasının qarşısını alınır. Bu rəqəm hazırda 30 faizə çatıb. Beləliklə, dünyanı qlobal iqlim dəyişmələrindən qorumaq və yanacaq mənbələrinin gələcəkdə tükənməsi məqsədilə bərpa olunan enerji mənbələrinə xüsusi yer verilir. RPİ-də hələ 1970-ci illərdən bu sahədə elmi-tədqiqat işləri aparılır. Günəş enerjisi əsasında qumlu su qızdırıcılarının elmi əsasları işlənib və tətbiq edilib. Günəş enerjisini kömür-su, bitki qalıqları-su və müxtəlif tipli katalizatorların iştirakı ilə həyata keçirilən helioproseslər nəticəsində hidrogen və yanar qaz qarışığının enerjisinə effektiv çevirməyə imkan verən üsul və helioenergetik qurğu hazırlanıb. Yüksək və aşağı potensiallı helioenergetik qurğuların xam neftin ilkin emalı prosesində istifadəsinin mümkünlüyü müəyyənləşib, prosesin texnoloji parametrləri təyin edilib. Günəş enerjisini istifadə etməklə ağır neft fraksiyalarının termik krekinqinə əsaslanan emal prosesi işlənilib. Günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən yeni tip çeviricilərin elmi əsasları işlənilib, amorf Si, Ge-Si ərintiləri, hallogenidlər və onların modifikasiya olunmuş formaları əsasında yeni effektiv fotoelektrik çeviricilər aşkar olunub. Həmçinin Günəş və külək enerjiləri əsasında elektrik və istilik təchizatı həyata keçirilən xüsusi Günəş evinin elmi-texniki əsasları işlənilib və beynəlxalq layihə əsasında ilk sınaq nümunəsi yaradılıb.Günəş Su Qızdırıcısının (GSQ) Günəş Kollektorunda (GK) adətən üzərinə içərisində su dövr edən borular yerləşdirilmiş metal yaxud alüminium təbəqəsindən hazırlanan GK-da metal yaxud alüminium istilikudan səth əvəzinə bitumdan istifadə etmək təklif edilib. Bitum əsaslı GK bütün bahalı texnoloji xərclərdən azaddır, çünki bitum özü GK-nın hazırlanmasını müşayiət edən texnoloji əməliyyatlardan azad olmuş effektiv selektiv örtükdür. Yüksək temperaturlu Günəş qurğularının müxtəlif təyinatlı (kimyəvi, fiziki, texnoloji, termokimyəvi və s.) proseslərə tətbiq olunmasının riyazi modeli verilib ki, bu da bir sıra konstruktiv parametrləri dəqiq təyin etməyə və adıçəkilən prosesləri optimallaşdırmağa imkan verir.Ölkə başçısı da çox haqlı olaraq bu mövzunu gündəmə gətirib və bəzi dövlət qurumlarının ünvanına da çatdırdı ki, bu sistem tezliklə istehsala buraxılmalıdır. Yəni Günəş panelləri, günəş enerjilərindən istifadə olunmalıdır, nə qədər üzvi yanacağa qənaət etsək, o qədər gələcək nəslə saxlayarıq, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edərik və gələcəkdə də o qədər əlavə enerji almış olarıq. Ona görə də bu məsələ qlobal bir problemdir və təsadüfi deyil ki, ölkə başçısı bir neçə ildir bu sahədə sərəncam verib. Bu sahədə Dövlət Proqramı var və onun həyata keçirilməsi üçün müxtəlif dövlət qurumlarının üzərinə də mühüm vəzifələr düşür. Həmin vəzifələrin icrası yəqin ki, yaxın vaxtlarda öz nəticəsini verəcək. Ölkədə bütün sistemlərdə, tikilən, yeni yaradılan qurumların hamısında enerjiyə qənaətedici sistemlərin öz yeri var, onların tətbiqi tələb olunur. Azərbaycan bu sahədə yüksək enerji potensialına malikdir, ölkəmizdə həm Günəş, həm də külək potensialı böyükdür. Bu potensialdan səmərəli istifadə edilməsi, yeni texnologiyaların tətbiqi enerjiyə qənaət edilməsində böyük əhəmiyyət kəsb edir.
- Belə
bir fikir var ki, bu gün ölkədə Günəş
enerjisini elektrik enerjisinə çevirəcək çeviricilərin
istehsalı mümkün deyil. Dünyada bu, yüksək səviyyədə
öz inkişafını tapsa
da, istehsal baha başa gəldiyindən su və digər
variantlardan istifadəyə üstünlük verilir. Sizcə,
bu nə dərəcədə doğrudur?
- Belə
bir fikir energetika sahəsində biliyi olmayan insanlar tərəfindən
bildirilir. Çeviricilər amorf, monokristal şəklində
olan silisiumdan alınır. Amma sənaye miqyasında
olanların hamısı amorf silisium şəklində olur.
Dünyada ən yaxşı kvars, qum Azərbaycandadır və
onun da tərkibində silisium var. Sadəcə olaraq bu zavodu
qurmaq lazımdır. Amma eyni zamanda onun tərkibinə müxtəlif
ionların, maddələrin, elementlərin dopinqi
aparılmalıdır. Bunun üçün dünyada nüvə
texnologiyası tətbiq olunur. Bu isə Azərbaycanda yoxdur. Məsələn,
Yaponiyanın istehsal etdiyi silisiumun 90 faizi xaricdə, Koreyada,
Fransada və digər ölkələrdə nüvə
reaktorları ilə dopinq olunur və onlara qaytarılır.
Biz də bu cür edə bilərik və dopinq
üçün xarici ölkələrə göndərə
bilərik. Ölkəmizdə kvars yataqları var və
silisiumun alınması texnologiyası artıq işlənilib.
Ümumiyyətlə, ölkənin 20-30 faiz enerji tələbatını
bərpa olunan enerji hesabına ödəyə bilərik. Su
elektrik stansiyalarında hasil olan elektrik enerjisinə gəldikdə
isə bu, dünyanın bir nömrəli problemidir. Azərbaycanda
bir Kür çayı var və onun üzəri boyunca biz
elektrik stansiyaları qursaq, necə olar? Əslində
böyük su elektrik stansiyalarının ekoloji ziyanı digər
enerji sistemlərindən heç də az deyil. Su elektrik
stansiyalarının da potensialı məhduddur. Azərbaycanda
bu, 10-16 faizdir, gələcəkdə maksimum 20-22 faiz ola bilər
və bundan artıq ola bilməz. Ölkəmizin böyük
energetikası var və bu da stabil enerji mənbəyi tələb
edir. Nə Günəş, nə də külək bunu verə
bilmir. Bu gün su elektrik stansiyası o iqtidarda deyil ki, ölkəni tam şəkildə
enerji ilə təmin etsin. Buna görə də Azərbaycan
bütün mənbələrdən səmərəli və
paralel istifadə etməlidir ki, burada Günəş, külək,
geotermal sulardan alınan enerji nəzərdə tutulur.
Mümkün olsa, gələcəkdə dəniz
dalğasının, suyunun enerjisindən də istifadə edərək
enerji almaq olar. Dünyada bu cür təcrübələr var.
Biz nə qədər əlavə enerji istehsal etsək, o qədər
yanacağa qənaət etmiş olarıq. Eləcə də
gələcəkdə üzvi yanacaq bahalaşdıqda biz onu
satmış olarıq və ölkə qazanc əldə
etmiş olar. Ona görə də bu enerji mənbələri
rəqib yox, bir-birini tamamlayan olmalıdır.
-
RPİ-də ölkədə nüvə enerjisindən istifadə
imkanları araşdırılır və ondan dinc məqsədlərlə
istifadə nəzərdə tutulur. Bu istiqamətdə həyata
keçirilən tədbirlərlə bağlı nə deyərdiniz?
- Bu artıq bütün dünyada
araşdırılır və müəyyən olunub ki,
dünyanın gələcək enerji təminatı əsasən
nüvə enerjisi hesabına olacaq. İndi nüvə enerjisi
alternativ enerji mənbələri siyahısındadır. Ancaq
20 ildən sonra bu enerji növü əsas enerji mənbələri
olacaq. Bu zaman digərləri alternativ enerji mənbələri
olacaq. Hazırda nüvə
enerjisi digər adi istilik enerjilərinə nisbətən
dünya bazarında ucuzdur. Nüvə enerjisinin bütün
ölkələrdə tətbiqi həm iqtisadi, həm də
ekoloji səmərə deməkdir. Beləliklə, dünya
nüvə enerjisindən tam şəkildə istifadəyə
keçdiyi dövrdə biz də keçəcəyik və
ona görə də bunu enerji mənbələri
sıyahısından çıxarmaq düzgün deyil. O da
bir faktor kimi, gələcək perspektiv planları tərtib
etdikdə nüvə enerjisi mütləq siyahıda
olmalıdır. Nüvə enerjisinə də ehtiyac olacaq.
Çünki karbohidrogen mənbələri dünyada tükənəcək
və bizə daha çox sərf edəcək ki, biz onu sataq.
Bu zaman Azərbaycanın da nüvə enerjisindən istifadə
etməsi gündəmdə olacaq.
-
İnstitutun əldə etdiyi yeni nəticələrdən
biri də neftin ilkin istehsalında Günəş enerjisindən
istifadə ilə bağlıdır. Bunun effektivliyi barədə
nə deyə bilərsiniz?
- Bu da
nailiyyətlərimizdən biridir. Amma başqa qlobal nailiyyətlərimiz
var. Biz radiasiyalı texnologiyaların tətbiqində yeni
materiallar alırıq, mövcud materialların xassələrini
modifikasiya edirik. Radioekoloji problemlərin həllində əldə
etdiyimiz nailiyyətlər buna imkan verir. Çirklənmiş
sulardan, torpaqlardan radioaktiv maddələri çıxararaq
lokallaşdırıb izolyasiya etməyə imkan verən
sistemlər işləmişik. Bundan başqa elektron üsulla
materialların xassələrinin
yaxşılaşdırılmasından başqa həm də
mühitə qarşı davamlılığının da
artırılmasına imkan verən üsullar işləmişik.
Bu üsullarla həm ekstremal texnologiyaların, yəni həm
nüvə texnologiyasının, həm neft-qazçıxarma
texnologiyasında istifadə olunan materialların
dayanıqlığını artırmaq mümkündür. Bu
üsulun həyata keçirilməsi üçün gələcəkdə
yeni qurğunun alınması nəzərdə tutulur.
-
İnstitutda aparılan tədqiqatlardan biri də Günəş
və külək enerjisindən birgə istifadə ilə
bağlıdır. Müəyyən kənd evlərinin,
malikanələrin enerji təminatını ödəmək
üçün bu iki resursdan istifadənin effektivliyi barədə
nə deyə bilərsiniz?
- Bu
kombinasiya sistemində ilk növbədə Günəş
çeviricilərinin alınması vacibdir. İndi onu
alıb tətbiq etmək olar. Amma ölkə
başçısının tapşırığı ilə
bu sistemlərin hazırlanması həyata keçirilərsə,
bundan sonra bu texnologiya daha ucuz olacaq. Bu gün Şamaxı yolu
yaxınlığında fermerlər artıq özləri bu
sistemi tətbiq edirlər. İnsanların özləri
artıq buna maraq göstərirlər və tədricən
reallaşdırırlar. Eyni zamanda bu həm də Dövlət
Proqramı çərçivəsində olacaq, ümumi
istehsal sahələri tam istifadəyə verildikdən sonra
ölkədə bunu tətbiq etmək ayrı-ayrı
qurumların da vəzifəsi olacaq. Biz bunun üçün
patent almışıq və bu işin tətbiqi
üçün bundan çox bacara bilmərik. Amma
düşündüyümüz sistemlər də hazır
olduqdan sonra geniş şəkildə təbliğ etməyə
hazırıq.
- Ölkə
başçısı bildirdi ki, bu sektora özəl sektor da
maraq göstərir...
-
1998-99-cu ildən başlayaraq özəl sektorlardan bir
çoxu bizim instituta müraciət edib. Hamısının təqdim
etdiyi, Azərbaycanda adıçəkilən
texnilogiyaların 80 faizi bizim institutda ixtira olunub. Bu gün bir
sıra qurumlar öz adlarına çıxsalar da, faktiki elmi
işlər bizim institutda aparılır. Özəl
qurumların ilk addımları bizim institutun alimləri ilə
birgə atılıb. Mən çox şadam ki, indi müxtəlif
assosiasiyalar var ki, xaricdən alıb, burada satırlar. Amma hər
halda onlar bizim texnologiyanı bilirlər və həmin
kombinasiyaları bizim ideologiya əsasında həyata
keçirirlər.Özəl qurumların iqtisadi durumları
yaxşılaşdıqca bu məsələyə diqqəti
artıracaqlar. Hazırda sadəcə alqı-satqı ilə
məşğuldurlar. İmkanları artdıqca bizə
sifariş də verəcəklər, patentləri də
götürəcəklər.
- Bərpa
olunan enerji mənbələri ilə bağlı ölkə
başçısı belə bir fikir bildirdi ki, bu, həm
iqtisadiyyatdır, həm ekologiyadır, həm müasirlikdir, həm
də texnoloji tərəqqidir, inkişafdır.
- Bu fikri
çox yüksək qiymətləndirirəm. Avropa
İttifaqı tərəfindən bu sahədə irəli
sürülən əvvəllər “20-20-20” şüarı
vardı, yəni 20 faiz üzvi yanacağa qənaət edib, 20
faiz alternativ enerji mənbələrindən istifadə edib,
atmosferə atılan karbonun miqdarını 20 faiz azaltmaq. Hazırda
bu şüar “30-30-30” olub. Ölkə
başçısının da fikri dünyanın tələb
etdiyi məsələlərin sanki siyasi bir formasıdır və
çox düzgün olaraq bu ideyanı, vəzifəni irəli
sürüb. Bütün müvafiq qurumlar bunu icra etməlidir.
Bizdə hazırda bərpa olunan enerji mənbələri
azdır və onu artırmaq lazımdır.
Nigar
Palitra.- 2011.- 28 yanvar.- S. 4.