Üçüncü sektorun inkişafı sürətlənib

 

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesi sürətlə inkişaf etməkdədir. Çünki ortada bu prosesi sürətləndirən və vətəndaş cəmiyyəti sektorunu cəmiyyətin ümumi inkişafında önəmli töhfələr verməyə qabil edən ciddi dövlət dəstəyi var. Ona görə də istər KİV-lərin, istərsə də QHT-lərin fəaliyyəti son bir neçə ildə xeyli dərəcədə yaxşılaşıb, onlar cəmiyyəti düşündürən daha fundamental və aktual məsələlərə müraciət etməkdə, bu məsələlərin həlli ilə bağlı ardıcıl təşəbbüslər göstərməkdədirlər. Bu baxımdan xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini vurğulamaq lazımdır. Bu yazıda isə konkret olaraq QHT-lərin fəaliyyəti ilə bağlı nailiyyətləri bir daha işıqlandıracağıq. 

 

QHT-lər ölkədə aparılan tərəqqi kampaniyalarında ciddi iştirak edirlər 

 

Qeyd edək ki, Prezident tərəfindən imzalanan QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasında dövlət dəstəyinin ən müxtəlif istiqamətləri müəyyənləşdirilib. Eyni zamanda şuranın əsasnaməsində də bu istiqamətlər və dövlətin verə biləcəyi potensial dəstək imkanları ayrıca olaraq göstərilir. Bu konsepsiyaya tam uyğun olaraq həyata keçirilən dövlət dəstəyi nəticəsində üçüncü sektor hazırda özünün yüksək tərəqqi dövrünü keçirməkdədir.Son illərin müşahidələri açıq göstərir ki, QHT-lər ölkədə aparılan tərəqqi kampaniyalarında ciddi iştirak edirlər və o cümlədən, dövlətin quruculuq, sosial, milli məsələlərlə bağlı fəaliyyətində müstəsna bir tərəf kimi çıxış etməyə, töhfə verməyə ciddi səylər göstərirlər. Bu isə ümumölkə inkişafı naminə cəmiyyətin güclərinin səfərbər edilməsində çox önəmli bir məqamdır. Son ilin göstəriciləri isə bu məqamın daha qabarıq nəzərə çarpdığını ortaya qoyur. Məsələn, 2010-cu ildə bu baxımdan çox mühüm hadisələr baş verib. Məlum olduğu kimi, ötən il keçirilən parlament seçkilərinə QHT-lər çox aktiv şəkildə qatıldılar. Sosioloji sorğuların, “exit-poll”un keçirilməsi, seçki ilə bağlı digər  kampaniyaların aparılması işini QHT-lər təşkil edirdi. Həmçinin seçki marafonuna qatılmış bir sıra aktiv, ictimai nüfuzu olan QHT nümayəndələri Milli Məclisə düşə bildilər. 2010-cu il Prezident tərəfindən “Ekologiya ili” elan edilmişdi. QHT-lər bu prosesdə də fəal iştirak etdilər. QHT-lərə Dövlət Dəstəyi Şurası bu aksiyaya xüsusi diqqət ayırdı. Şura tərəfindən ekoloji mövzular üzrə maliyyələşdirilmiş 31 layihəyə 169 000 manat vəsait ayrıldı. 2009-cu ildə isə QHT-lərin ekoloji mövzulara aid 21 layihəsinə 133,2 min manat vəsait ayrılıb. 2010-cu ildə yerinə yetirilmiş layihələr çərçivəsində 5 QHT ağacəkmə kampaniyası ilə məşğul olub, 22 QHT maarifləndirmə tədbirləri həyata keçirib, 12 QHT ekologiya sahəsinə aid 10 min nüsxədən artıq müxtəlif kitab, informasiya bukletləri və broşürlər çap edərək yayıblar. Ölkənin müxtəlif regionlarında QHT-lər tərəfindən həyata keçirilən layihələr ətraf mühitin mühafizəsinin ən müxtəlif sahələrinə aid olmaqla, bütövlükdə uğurla nəticələndilər. Göründüyü kimi, QHT-lər artıq effektli bir şəkildə dövlət əhəmiyyətli kampaniyalarda iştirak etməyə hazır vəziyyətə gəliblər.  Həmçinin, 2010-cu ildə şura rekord həddə QHT-lərin layihələrinə dəstək verdi. Bu barədə son günlərdə ötən ilin layihələrinin yekun hesabatını ictimaiyyətə açıqlayan şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, 352 layihə şura tərəfindən maliyyələşdirilib. Ötən il şura bir çox beynəlxalq təşkilatlarla, tərəfdaşlarla birgə layihələr həyata keçirib. Ötən il QHT tarixində iki mühüm hadisə ilə də yadda qalıb. İlk dəfə şura tərəfindən QHT-lərin ümumi vəziyyətinə həsr olunmuş rəsmi bir hesabat hazırlanıb ictimaiyyətə və o cümlədən beynəlxalq təşkilatlara təqdim edilib. Bu hesabat QHT sektorunun movcud vəziyyətini bütün detalları ilə arasdırıb, müsbət və mənfi cəhətləri olduğu kimi təqdim edib. 2010-cu ildə yadda qalan daha bir mühüm hadisə odur ki, ilk dəfə Azərbaycan vətəndaş cəmiyyəti ilə bağlı böyük bir beynəlxalq konfransa ev sahibliyi edib. Azərbaycan konfransa ev sahibliyi etməklə yanaşı, özünün əldə etdiyi müsbət təcrübəni də paylaşaşıb. 25-dən çox ölkənin təmsilçiləri Azərbaycana toplaşıb, vətəndaş cəmiyyəti ilə bağlı əldə edilən təcrübə, keçilən yol, qarşıda duran vəzifə və perspektivlər barədə fikir mübadiləsi aparılıb. Konfrans nəticəsində vətəndaş cəmiyyəti ilə bağlı “Bakı bəyannaməsi” qəbul edilib. 

 

Milli donorçuluq institutu inkişaf edir 

 

Xüsusilə vurğulanmalıdır ki, dövlət tərəfindən QHT-lərə ayrılan maliyyə külli miqdarda QHT layihələrinin maliyyələşməsini mümkün edir ki, bu layihələrin icrası da müxtəlif istiqamətlər üzrə cəmiyyət problemlərinin həllində çox önəmli dəstəkdir. Bundan əlavə, şuranın fəaliyyətə başlamasından sonra QHT-lər milli məsələlərə önəm verməyə başlayıblar ki, bu da  Azərbaycan üçüncü sektorunda ciddi keyfiyyət dəyişikliyi mərhələsi kimi xarakterizə edilir. Belə ki, əvvəllər ancaq xarici donorlardan maliyyələşən QHT-lər milli məsələlər, Qarabağ problemi ilə bağlı layihələr həyata keçirə bilmirdilər. Şuranın maliyyəşdirdiyi əsas istiqamətlərdən birinin məhz Azərbaycan həqiqətləri ilə bağlı olması isə çox şeyi dəyişdi. Məsələn, təkcə ötən il 43 layihə məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına aid olmaqla icra edilib. Bununla belə, sözügedən sahə çox aktual olduğu üçün gələcəkdə bu yöndə ixtisaslaşan QHT-lərə daha əhatəli dəstək göstərilməsinə ehtiyac var. O da nəzərə alınmalıdır ki, vətənvərvər layihələr həyata keçirən QHT-lərin üzünə xarici donorların qapıları bağlanmış olur. Belə bir halda, həmin QHT-lərin fəaliyyətinin stimullaşdırılması üçün ciddi tədbirlər görmək və ölkədə fəaliyyət göstərən, gəlir götürən şirkətləri buna diqqət ayırmağa vadar etmək lazımdır. Bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələrə ehtiyac olduğu da tez-tez bildirilir.Ümumilikdə 2010-cu ildə şura QHT proqram və layihələrini maliyyələşdirmək üçün 2.102. 000 manat vəsait ayırıb. Bu vəsait bir neçə maliyyə müsabiqələrində QHT-lərə təqdim edilib. Şuraya 845 təşkilat müraciət edib. Əsas məqamlardan biri odur ki, şura digər qurumlar və xarici donorlarla birgə maliyyə müsabiqəsi keçirmək barədə də razılığa gəlib. Məsələn, bunların arasında “Counterpart İnternational” ilə birgə “Vətəndaş cəmiyyəti” layihəsini, “Soros” Fondu ilə birgə qrant müsabiqəsini, “Qaradağ-Sement” ASC ilə birgə müsabiqəni xüsusi qeyd etmək olar. BMT İnkişaf Proqramının regionlarla bağlı olan QHT-lərin bilik və bacarıqlarının artırılmasına həsr olunmuş layihə də bu sıradandır. Bunlardan əlavə, ötən il 54 layihə insan hüquqları və demokratiya sahəsinə, 19 layihə Azərbaycanın dünya birliyinə inteqrasiyası məsələsinə, 24 layihə ətraf mühitin mühafizəsinə, 59 layihə region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə, 39 layihə təhsil və mədəniyyət məsələlərinə, 16 layihə səhiyyə məsələlərinə dair təşəbbüslərə, 98 layihə sosial və iqtisadi məsələlərin həllinə həsr olunub. Bütövlükdə 352 layihə çərçivəsində 1100 nəfər işçi götürülüb. Layihələrdən faydalananların sayı 213.552 nəfər, layihələr çərçivəsində çap edilmiş nəşrlərin sayı 141, filmlərin sayı 11, hazırlanmış saytların sayı 12 olub. Layihələrin nəticəsi olaraq 9 müxtəlif dildə nəşrlər və saytlar yaradılıb. Xüsusən də Avropa dillərinə üstünlük verilib. Azərbaycan həqiqətlərinin dünyada təbliği və çatdırılması baxımından bunların ciddi önəmi var. Layihələrin icra prosesində QHT-lər tərəfindən 74 təlim keçilib, 32 maarifləndirmə tədbiri reallaşdırılıb, 11 araşdırma aparılıb, 52 kütləvi aksiya, 46 seminar-müzakirə həyata keçirilib.  Layihələr haqda daha müfəssəl məlumat əldə etmək üçün 2010-cu ildə şura kitab nəşr etdirib. Qeyd etmək lazımdır ki, QHT layihələrinin maliyyələşdirilməsi dövlətin üçüncü sektora dəstəyinin yalnız bir istiqamətini təşkil edir. Bundan başqa, QHT-lərin məlumat bazasının yaradılması, QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması, bu sahədə maarifləndirilmə işinin və təlimlərin həyata keçirilməsi və sair tədbirlər həyata keçirilir. Məsələn, məlumat dəstəyi çərçivəsində ilk dəfə olaraq ötən il Azərbaycanda fəaliyyət göstərən 801 QHT barədə müfəssəl baza məlumatları hazırlanıb. QHT-lər barədə çox mühüm və yığcam məlumatları özündə əks etdirən bu baza xarakterli məlumat portalı getdikcə genişləndirilir. Son məlumata görə, artıq 600 yeni QHT barədə də informasiya əldə olunub və bu gün bazadan 1400 QHT haqda bilgi əldə etmək olar. Media ilə bu sahədə çox sıx əlaqə qurulub. QHT-lərin fəaliyyətini işıqlandırmaq üçün İTV ilə razılığa əsasən ayda bir dəfə QHT-lərin fəaliyyətinə həsr olunan mövzular ətrafında tok-şoular, verilişlər təşkil edilir. Bundan başqa, "Vətəndaş Cəmiyyəti" jurnalı, eyni zamanda qhtxeber.az saytı QHT-lərlə bağlı intensiv məlumatlandırma və maarifləndirmə aparır. Yüzlərlə QHT-nin fəaliyyəti həm saytda, həm də jurnalda işıqlandırılır. Bundan başqa digər mətbuat orqanlarının QHT-lərin fəaliyyətini geniş işıqlandırmaları üçün stimullaşdırıcı tədbirlər, müsabiqələr həyata keçirilir. Həmçinin konsultativ dəstək QHT-lərə verilən əsas dəstəklər  sırasında qeyd edilməlidir. Bu istiqamət çərçivəsində təkcə ötən il yüzlərlə treninqlər, seminarlar keçirilib.Bütün qeyd edilənlər göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti sektoru yüksək tərəqqi mərhələsinə qədəm qoyub. Bu sahədə olan bəzi problemlər isə ciddi səviyyədə müzakirə edilməkdə və onların həlli ilə bağlı intensiv təkliflər qaldırılmaqdadır.  

 

 

İlkin Ağayev

 

Palitra.- 2011.- 28 yanvar.- S. 6.