Muğam müsabiqəsinə qoşulan
xaricilərin sayı artır
Bəstəkarlar
İttifaqında martın 14-dən 21-ə qədər
Bakıda keçiriləcək “Muğam fəzası” II Beynəlxalq Muğam
Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, ikinci
dəfə baş tutacaq
festival Azərbaycanın müstəqilliyinin
20-ci ildönümünə həsr olunub.
Festivalın proqramını
açıqlayan ittifaq sədri
qeyd edib ki, təntənəli açılış mərasimi
martın 14-də Beynəlxalq Muğam Mərkəzində baş
tutacaq və 7 gün ərzində Bakıda müxtəlif silsilə tədbirlər
həyata keçiriləcək. Belə ki, martın
16, 17 və 18-də YUNESKO səviyyəsində beynəlxalq elmi simpozium olacaq. Müxtəlif ölkələrin ən
görkəmli musiqişünaslarının, alimlərinin
qatılacağı simpoziumun materialları kitab şəklində
Azərbaycan, rus, ingilis
və ərəb dillərində
işıq üzü görəcək. Festival çərçivəsində hər
gün saat 17:00-da Beynəlxalq
Muğam Mərkəzində
muğam konserti
keçiriləcək. Bu 7 gün müddətində
hər konsertin birinci bölməsində
Azərbaycan xanəndələrinin ifasında yeddi
muğam təqdim olunacaq. Konsertin ikinci hissəsində isə digər ölkələrin
muğam ifaçıları
çıxış edəcək. Bununla bərabər hər gün saat 22:00-da Caz Mərkəzində tanınmış
caz ifaçılarımızın
da konsertləri keçiriləcək. Firəngiz
Əlizadə proqramın bunlarla yekunlaşmadığını da deyib. Onun
sözlərinə görə, festival çərçivəsində
simfonik konsertlər, görüşlər
də təşkil ediləcək. Opera və Balet Teatrında isə
silsilə tamaşalar nümayiş
olunacaq. Beynəlxalq Muğam
Festivalı martın
21-də Heydər Əliyev Sarayında möhtəşəm qala konsertlə öz işinə yekun vuracaq. Konfransda
çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva festivala hazırlıq işlərinin
hələ keçən ildən
başlandığını vurğulayıb. Onun sözlərinə
görə, beynəlxalq tədbirə bütün
konsert və teatr salonları cəlb olunub: “İnanırıq ki, ikinci festival da dünyada bu istiqamətdə
keçirilən ən gözəl tədbirlərdən biri kimi böyük
əks-səda doğuracaq”.Milli Konservatoriyanın rektoru, xalq artisti
Siyavuş Kərimi isə bildirib
ki, Muğam
Festivalı çərçivəsində gənc muğam ifaçılarının
müsabiqəsi təşkil olunacaq. Müsabiqədə
Azərbaycanı təmsil edəcək
ifaçılar fevralın sonunda keçiriləcək Respublika
muğam müsabiqəsinin
üç qalibi olacaq. Müsabiqə barədə məlumat
verən bəstəkar bildirib ki, müsabiqənin püşkatma
mərasimi martın
17-də olacaq. Martın
18, 19 və 20-də isə müsabiqə keçiriləcək.
Müsabiqəyə qatılmaq istəyən digər ölkələrin
ifaçıları namizədliklərini verməkdə davam edirlər. Ona görə
də, yarışmada iştirak edəcək ölkələrin
tam siyahısı hələ məlum deyil. Siyavuş Kərimi qalibləri
müəyyən edəcək münsiflər heyətinin yeddi nəfərdən ibarət olacağını söyləyib. Onun sözlərinə
görə, birinci dəfə
olduğu kimi, bu dəfə də münsif kürsüsündə
Avropanın dörd, Azərbaycanın üç
təmsilçisi əyləşəcək: “Azərbaycan tərəfdən
münsiflərdə mən, Ramiz Zöhrabov və
adını hələ dəqiqləşdirmədiyimiz bir nəfər də olacaq. Müsabiqənin mükafat
fondunun həcmi də dəyişməyib. Birinci
müsabiqədə necə
idisə , bu dəfə
də qaliblərə eyni
məbləğdə mükafat
təqdim ediləcək. Bu, dünyada keçirilən
müsabiqələr içində qaliblərə verilən ən
yüksək məbləğdir”. Xatırladaq ki,
2009-cu ildə keçirilən ilk müsabiqənin əsas mükafatı olan
Qran-prini Təyyar Bayramov qazanıb. 1-ci yerə Özbəkistandan
Yulduz Turbiyev, 2-ci yerə
İrandan Məhəmməd
Motamidi, 3-cü yerə isə misirli Mustafa Səid layiq görülüb. Qran-pri
sahibinə 20 min, birinci
yerə 15 min, ikinci yerə 10 min, üçüncü
yerə isə 5 min avro mükafat verilib.
Nigar
Palitra.- 2011.-
28 yanvar.- S. 7.