“Elə meyarlar tətbiq edilməlidir ki,
bu meyarlar həqiqi ədəbiyyatı
“boz” ədəbiyyatdan ayırsın”
Vaqif Bəhmənli: “Tənqidçilər
dost-tanış prinsipindən uzaq düşməlidirlər”
Layihə
çərçivəsində müsahibimiz müasir ədəbiyyatımızın
tanınmış nümayəndələrindən biri, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlidir.
Vaqif müəllimlə ədəbiyyat məsələləri
barədə söhbətləşdik. O, söhbətə
belə başladı:
- Bu saat ədəbiyyatda məni
düşündürən əsas məsələlərdən
biri oxucularla bağlıdır. Qabaqkı vaxtlarda belə idi
ki, fikri ifadə etmək üçün intellektual
düşüncə ilə yanaşı mexaniki üsullar da
vardı. Məsələn, sözümüzü yazmaq
üçün qələm, vərəq vardı, yaxud kimsə
yazı makinəsi ilə yazırdı. İndi isə
doğrudan da sənətlə məşğul olmaq və əsər
yaratmaq üçün texniki vasitələr tamamilə dəyişib.
Məsələn, əvvəllər kitab müqəddəs
bir əşya kimi o vaxt evlərə daxil olurdu. Amma bu gün
oxucunun həm kəmiyyətini, həm də keyfiyyətini
müəyyən etmək üçün lazımi metod demək
olar ki, yoxdur. Məsələn, deyə bilmərəm ki, ay
oxucu, sən əgər çap üsulu ilə kitab
oxumamısansa, deməli, kitab oxumamısan. Çünki o, deyə bilər ki, internetdən oxuyur. Yaxud da televiziyadan
vizual formada informasiya alırlar. Belə bir vaxtda kökündə kitab və söz yaradıcılığı olan,
bizim ədiblərimizin
yaratdığı sərvətlər
müdafiəyə ehtiyac
duyur. Onlar müdafiə olunmalıdır.
Məsələn, yaxşı kitabı
və romanı olan bir ədib
hələ internet aləmində
görünmür, çap
etdiyi kitabları dost-tanışlarına verir.
Bu adamlar həmin
ədibi şəxsən
tanıdıqları üçün
onun maraqlı kitablarına sahib olurlar.
Amma elə insanlar da var ki,
onlara bu kitablar daha çox
lazımdır. Həmin insanlar
isə internetlə işləyir, amma o ədibin romanları isə internetdə yoxdur. İnternetdə isə o qədər
bəsit nümunələr
yerləşdirirlər ki,
bu zaman maraqlı, əsl ədəbiyyat nümunələrindən
xəbərsiz olanlar da onların təsirinə qapılmış
olurlar. Belə hallarda isə
ədəbiyyatla bağlı
qəribə təzadlar
yaranmış olur.
Bütün bunlar əslində
yeni dövrün xüsusiyyətləri və
ya incəlikləridir.
Bunların hamısı yoluna
qoyulmalıdır və
bizim ədiblərimizə,
qələm sahiblərimizə
çox böyük dəstək verilməlidir.
Yaradıcı insan son dərəcə
həssas, son dərəcə
kövrək, bəzən
isə haqqını müdafiə etməkdə
bacarıqsız, utancaq
olur. Çünki onların enerjisi
və bacarığı
yalnız söz qurmağa, fikir yaratmağa yönəlir.
Belə olduqda isə onlar kitabın makleri və ya kitabı
bazara aparan adam kimi
çaş-baş qalırlar
və səriştəsiz
olurlar. Onlar nə tiraj yığa, nə də kitablarını kimsəyə sata bilirlər. Bütün bu nüanslar
və incəliklər
nəzərə alınsa,
məncə, elə meyarlar tətbiq edilməlidir ki, bu meyarlar həqiqi
ədəbiyyatı “boz”
ədəbiyyatdan ayırsın.
Kəmiyyət etibarilə bu
gün yaxşı əsərlər barmaqla sayılacaq qədərdir.
Əgər o hesabla götürsək,
on kitabdan səkkizi elə-belə, tanışlıqla,
şəxsi maddi imkanlar hesabına çap edilən kitablardır. Yəni
burada elə etmək lazımdır ki, yaxşı ədəbiyyatın qiymətini
itirməməsi və
əsl dəyərini
tapması üçün ciddi
ölçü götürülsün.
İndiki halda bir vicdan məsələsi olaraq bu cür
meyarların tətbiqi
ədəbi tənqidçilərin
üzərinə düşür.
Tənqidçilər tendensiyalardan, məhəlli
düşüncələrdən uzaq olmalıdırlar.
Tənqidçilər dost-tanış prinsipindən
uzaq düşməlidirlər.
Ortada olan həqiqi ədəbiyyatçı
hazırda 50, uzaqbaşı
100 nəfər ola bilər ki, onların yaradıcılığını da tənqidçilər daim diqqətdə saxlamalıdırlar. Bu yazıçıların əsərləri
çıxdı-çıxmadı, tənqidçilər onlar
barədə düşünməli
və düşüncələrini
ifadə etməlidir.
Əslində yazıçılar da tənqidçilərlə
əlaqə saxlamağı
bacarmalıdırlar. Yazıçı nə qədər istedadlı olsa belə, onun özü qədər istedadlı tənqidçi
və oxucuya ehtiyacı var.
-
Ədəbiyyatı necə
xarakterizə edərdiniz?
- Ədəbiyyat əslində
elmdir. Çox adam ədəbiyyata
barmaqarası yanaşır
və deyir ki, ilham gəldisə,
bu zaman ədəbiyyat da öz-özünə yaranır.
Əlbəttə, ilham da vacib şərtdir. Eyni zamanda ilhamlı
duyğuları uzun illərdən bəri sözə çevirməyi
bacarmaq lazımdır.
Bu zaman əsl
ədəbiyyat yaranmış
olur. Ədəbiyyatçının fərqi budur.
Ədəbiyyat incəsənətin ciddi sahələrindən
biridir. Məsələn, rəssam işığı,
kölgəni düz salıb, yaxud məsafə ardıcılıığını
qurub proyeksiya yarada bilmirsə, deməli, o, bitkin rəssam deyil. Ədəbiyyatda da belədir.
Gərək strukturu qurmağı
bacarasan. Bircə cümlənin
də strukturu var. İstər əsər bir, istərsə də min səhifə olsun, o, ciddi struktura malik olmalıdır. Bu strukturu, söz ardıcıllığını qurmaq və yaxud burada bir
estetik mənzərə,
harmoniya yaratmaq yazıçının işidir.
Bu harmoniya böyük
ideyanı daşımalıdır,
yəni təkcə harmoniya ilə iş bitmir. Burada böyük ideya olmalıdır və bütün bunların hamısı birləşib
böyük bir heyrət yaratmalıdır.
Yəni əsər bitkin ədəbi təsir gücünə malik olmalıdır. Məsələn, o qədər sadə sayılan əsərlər
oxumuşam ki, onların təsiri hələ də yaşayır. Amma çox
mürəkkəb, guya
yüksək təbəqə
tərəfindən müdafiə
olunan, “evrika” sayılan əsərlər
isə bəzən məni darıxdırıb.
Bundan fərqli olaraq sadə sayılan bir çox əsərlər mənə
zövq verib və indi də
zövq verməkdədir.
Məsələn, bu əsərlər
“Başsız atlı”
kimi əsərlərdir.
Bu əsəri zaman-zaman
insanlar oxuyublar və o qədər canlı təsir bağışlayır
ki, əsərin təsirinə düşürsən.
Məsələn, Markesin yaradıcılığı
çox maraqlı təsir bağışlayır,
onun dili, ifadə tərzi barədə çox söz demək olar. Bütün bu qeyd edilənlər ədəbiyyatın
sirləridir. Bütün əsərləri
bizim dəyərli tənqidçilərimiz dəyərləndirəndə
yenə də bütün münasibətlər
qırağa durmalıdır
və ədəbiyyat
qanunları önə
çəkilməlidir. Bu, həm də
bir vicdan məsələsidir. Yaxşı yazıçıların,
əsl gənc istedadların üzə çıxması üçün
də tənqidçilərin
aktivliyi, obyektivliyi lazımdır.
- Son dövrlərdəki ədəbi
fəaliyyətiniz barədə nələri bildirərdiniz?
- Mən ədəbiyyatda
ardıcıllığı, oturmağı çox sevirəm.
Yəni ədəbiyyatla özünü bağlayan insan
heç olmasa, şənbə-bazar günü
yaradıcılıq üçün oturmalıdır. Bu mənada
əlimdə işlərim həqiqətən də
çoxdur. 2011-ci ildə mənim üç kitabım nəşr
olundu. Onlardan biri şərikli müəlliflə birgə
yazdığım “Azərbaycan xalq bayramı -Novruz” kitabıdır. Orada ümumiyyətlə,
Novruzun tarixinə insanlığın tarixi kimi
yanaşılır. Bu kitabda Novruza yeni bir münasibət var.
Doğrudur, bu mövzuda çox irəli getmək olmaz.
Çünki etnoqrafik-folklor örnəkləri demək olar
ki, sabitləşib. Çalışmışıq ki,
Novruzun tarixi, onun Azərbaycanda nə üçün bu qədər
geniş yayılması barədə mövqe ifadə edək.
Bütün bu məsələlərin özü də səbəbsiz
və ya təsadüfi deyil. Bundan başqa, bilirsiniz ki, Azərbaycan
böyük bir mədəniyyət ölkəsinə və mərkəzinə
çevrilməkdədir. Mən bunu nazirlikdə işlədiyim
üçün demirəm. Ümumiyyətlə, bunu dünya
da getdikcə daha çox hiss edir və qiymətləndirir. Azərbaycan dünya
çapında böyük mədəniyyət layihələrinin
həyata keçirildiyi mərkəzlərdən biri olaraq
tanınır. Bizim mədəniyyətin xalqa yeni bir enerji verməsinə
yönəlmiş layihələr reallaşır. Azərbaycan
qlobal mənada mədəniyyətlə bağlı
böyük diskussiyaların aparıldığı
ünvandır. Son səkkiz il ərzində Azərbaycan mədəniyyəti
sahəsində həqiqətən də çox böyük
işlər görülüb. Bu işlərin içərisində
olduğum üçün bunu əminliklə deyə bilərəm.
Bütün bunlara görə, mədəniyyətimizin
sürətli inkişafı və onu təmin edən faktorlar
barədə ədib olaraq mövqe bildirməyi özümə
borc bildim. Belə ki, Prezident İlham Əliyevin 50 illik
yubileyinə həsr olunmuş
“Vətənin İlhamı – ömürdən reportaj”
adlı kitab nəşr olundu. Azərbaycan dövlətinin mədəniyyətin
inkişafına nə üçün bu qədər önəm
verməsi, buna xalqı yüksəltməyin bir yolu kimi
yanaşması kimi məsələlər kitabda göstərilir.
Həmçinin ötən ildə “Hamı” adlı bir poeziya
kitabım çap olundu. Ümumiyyətlə, nəsri
hamı oxusa da, şeiri bu gün hamı oxumağa meyilli
deyil. Çünki əsl şeir daha yüksək duyuma malik
təbəqənin ədəbi zövqünə uyğundur.
Bu baxımdan müasir dövrdə yaranan layiqli şeirlərin
də yayılmasına, səsləndirilməsinə ciddi
ehtiyac var. Qeyd edim ki, bundan öncəki ildə də “Səndən
özgə” adlı bir kitabım çapdan
çıxmışdı, bu kitabın isə hətta diski
də hazırlanmışdı. Burada həmin kitabdan
seçmə şeirlər
öz ifamda səsləndirilirdi. Bundan başqa da hələ
çap olunmayan kitabım durur. Ümumiyyətlə isə
çalışıram ki, ədəbi fəaliyyətdə
ardıcıllığı qoruyub saxlayım.
İlkin AĞAYEV
Palitra.-2012.-30 mart.- S.6.