Bu gün OperaBalet Teatrında sağlam yaradıcılıq ab-havası hökm sürür

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru: “Hər bir səfər, orkestrin hər bir çıxışı tələbkar Avropa dinləyiciləri qarşısında orkestrin yüksək ifaçılıq səviyyəsini sübut etməklə yanaşı həm də Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə geniş təbliğatına xidmət edir”

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Xalq artisti, Prezident mükafatçısı, Musiqi Akademiyasının professoru Cavanşir Cəfərovdur:  

- Paytaxtımızın aparıcı sənət ocaqlarından biri olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı hazırda 103-cü mövsümünü yaşayır. Hər yeni mövsüm teatrın həyatında bir çox parlaq hadisələrlə - qastrol səfərləri, premyera tamaşaları, teatrın səhnəsində xarici ölkələrdən dəvət olunmuş məşhur sənət ulduzlarının çıxışları və s. ilə yadda qalır. Ötən ilin ən əlamətdar hadisəsi teatrın balet truppasının dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası ilə Rusiya Akademik Böyük Teatrının səhnəsindəki çıxışı oldu. Azərbaycan balet truppasının dünyanın aparıcı teatrlarından biri olan Böyük Teatrın səhnəsindəki çıxışı milli musiqi mədəniyyətimizin tarixində önəmli bir hadisə olmaqla yanaşı həm də Rusiyanın KİV-də böyük əks-sədaya səbəb olmuş və tamaşa yüksək qiymətə layiq görülmüşdü.Digər bir səfər 2011-ci ilin avqustunda teatrın simfonik orkestrinin Almaniyada keçirilən çox mötəbər Beynəlxalq Opera Sənəti Festivalındakı çıxışı oldu. Qeyd edim ki, bu, orkestrin Almaniyaya dördüncü səfəri idi. Çox önəmlidir ki, dünyanın ən məşhur bəstəkarlarının əsərləri ilə yanaşı orkestr bu festivalda Azərbaycanın görkəmli bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, P.Bülbüloğlunun da musiqilərini böyük uğurla ifa edib. Şübhəsiz ki, hər bir səfər, orkestrin hər bir çıxışı tələbkar  Avropa dinləyiciləri qarşısında orkestrin yüksək ifaçılıq səviyyəsini sübut etməklə yanaşı həm də Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə geniş təbliğatına xidmət edir. Ötən il Opera və Balet Teatrının fəaliyyətində yeni quruluşların həyata keçirilməsi nöqteyi-nəzərindən də çox məhsuldar olub. İl ərzində teatr öz repertuarını beş yeni tamaşa ilə zənginləşdirib. Bunlar görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisinə “Şəhrizad” (M.Fokinin xoreoqrafiyası əsasında T.Şirəliyevanın redaksiyasında) və J.Bizenin musiqisi əsasında “Arlezianka” baletləri (quruluşçu baletmeyster Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina), həmçinin P.Maskaninin “Kənd namusu” (quruluşçu rejissor Ukrayna Opera və Balet Teatrının quruluşçu rejissoru Nikolay Tretyak), V.A.Motsartın “Sehirli fleyta” (konsert variantında) və S.Raxmaninovun “Aleko” operalarının (quruluşçu rejissor Nikolay Tretyak) tamaşalarıdır. Hər biri uğurla baş tutan premyeralar böyük tamaşaçı marağına səbəb olub və bu tamaşalar hazırda teatrın repertuarında möhkəm yer tutur. Bir neçə gün bundan öncə, aprelin 1-də isə teatrda 2012-ci ilin ilk premyerası – dahi Avstriya bəstəkarı V.A.Motsartın məşhur “Hamı belə edir” («Cosi fan tutte») operasının tamaşası çox böyük uğurla baş tutdu. Aprelin 25-də teatrda daha bir premyera – D.Şostakoviçin “Xanım və xuliqan” baletinin tamaşası keçiriləcək.

- Opera və Balet Teatrının səhnəsində xarici ölkələrin sənətkarlarını da görmək mümkündür. Əsasən hansı ölkələrdən sənətkarlar dəvət edilir? 

- Opera və Balet Teatrının fəaliyyətindəki əsas istiqamətlərdən biri də teatrın repertuarındakı klassik opera və balet tamaşalarında aparıcı partiyaları ifa etmək üçün yaxın və uzaq xarici ölkələrdən məşhur vokal və balet sənəti ulduzlarının, habelə dirijor, baletmeyster və rejissorların dəvət edilməsidir. Ötən il və bu il teatrın səhnəsində bir sıra balet ulduzları – beynəlxalq müsabiqələrin laureatı, Ukraynanın Xalq artisti Yelena Filipyeva və Ukraynanın Əməkdar artisti Sergey Sidorski, Belarusun Əməkdar artisti Olqa Qayko və Oleq Yeromkin, Rusiya Akademik Böyük Teatrının solistləri Mixail Lobuxin və həmyerlimiz Çinarə Əlizadə, Sankt-Peterburqun Mariinski adına Akademik Opera və Balet Teatrının aparıcı balet artistləri – Anastasiya Koleqova və Danil Korsuntsev, həmçinin istedadlı vokalçılar –  Gürcüstanın Xalq artistləri Teymuraz Ququşvili və Besik Qabitaşvili, Seyran Maksutov (Ukrayna), Dmitri Kuzmin (Ukrayna), italiyalı vokalçı Rikardo Mirabelli, Tatarstanın Xalq artisti Albina Şaqimuratova, Anna Şarubina (Belarus), eləcə də dünya şöhrətli mayestrolar Korneliya fon Kerssenbrofk (Almaniya), Can Luka Marçiano (İtaliya), Andrey Anixanov (Rusiya, Sankt-Peterburq), Pavel Kliniçev (Rusiya, Yekaterinburq), Vyaçeslav Voliç (Belarus) və b. çıxış ediblər.Teatrın rəhbərliyi son dövrlərdə yeni quruluşların həyata keçirilməsinə ukraynalı tanınmış opera rejissoru Nikolay Tretyakı, rusiyalı xoreoqraf Nadejda Malıginanı, balet truppasında ustad dərsləri keçirilməsi məqsədilə Tatyana Boroviki (Ukraynanın Xalq artisti, Dövlət mükafatı laureatı), Lyüdmila  Semenyakanı (SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı) dəvət edib. Məşhur sənətkarların – balet və vokal solistləri, dirijor, baletmeyster və rejissorların fərdi şəkildə dəvət olunması ilə yanaşı ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı həm də Belarus Dövlət Akademik Opera və Balet Teatrı ilə ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalayıb. Memorandum musiqi sənəti, teatr-quruluş fəaliyyəti sahələrində mübadilə, ayrı-ayrı solistlərin və yaradıcı kollektivlərin qastrollarının təşkil edilməsi, hər iki teatrın aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilməsi, dirijor, rejissor və rəssamların mübadiləsi sahəsində əməkdaşlığı, hər iki ölkənin musiqi və teatr həyatı sahəsində informasiya mübadiləsini nəzərdə tutur.

- Teatrda gənclərin öz istedadlarını nümayiş etdirməsi üçün hansı şərait yaradılır?

- Azərbaycan Opera və Balet Teatrı istedadlı gənclərə hər zaman öz səhnəsində geniş meydan verir. 2011-ci il ərzində bir neçə gənc vokalçı teatrın səhnəsində debüt edib, bəziləri daha məsul və əhəmiyyətli rol və partiyalarda sınaqdan çıxıblar. Bu sırada vokalçılar Afaq Abbasovanın (“Traviata” operasında Violetta, “Boqema” operasında Mimi, “Trubadur”da Leonora), Çinarə Şirinin (“Aida” operasında Aida, “Toska”da Toska), İlham Nəzərovun (“Sehirli fleyta” operasında  Papageno), Azər Rzazadənin (“Aleko” operasında gənc qaraçı), balet artistləri Nigar İbrahimovanın (“Qu gölü” baletində Odetta-Odilliya), Tamilla Məmmədzadənin (“Min bir gecə” baletində Şəhrizad) Cəmilə Kərimovanın (“Arlezianka” baletində Vivetta, “Qu gölü”ndə Odetta-Odilliya), muğam ifaçıları İlkin Əhmədov və Vüsalə Musayevanın (“Aşıq Qərib” operasında Aşıq Qərib və Şahsənəm) və b. adlarını çəkmək olar. Teatrın rəhbərliyi gənc sənətçilərin xaricdə ixtisasartırma kurslarında təhsil almasına böyük diqqət yetirir. Ötən il teatrın balet truppasının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı Kamilla Hüseynova Rusiya Akademik Böyük Teatrında öz ustalığını artırıb, Böyük Teatrın balet truppasının təşkilati-yaradıcılıq fəaliyyəti ilə tanış olub. Həmçinin ötən ilin sentyabrında balet truppasının gənc solisti Cəmilə Kərimova Moskvada Rusiya Dövlət Xoreoqrafiya Akademiyasında bir illik ixtisasartırma kursunu başa vuraraq teatra dönüb. Hazırda teatrın gənc vokalçıları İlham Nəzərov və Azər Rzazadə İtaliyanın Ozimo Musiqi Akademiyasında təhsil alırlar.

- Bəzi teatrlar tamaşaçı azlığından şikayətlənirlər. Opera Balet Teatrı bu problemlə üzləşirmi?

-Təvazökarlıqdan kənar olsa da, bildirmək istəyirəm ki, Opera Balet Teatrının tamaşaları, xüsusən premyeralar dəvət olunmuş sənət ulduzlarının iştirakı ilə keçirilən tamaşalar bir qayda olaraq anşlaqla keçir. Teatr öz fəaliyyəti ilə sübut edir ki, müasir dövrdə yüksək akademik sənət, ciddi klassik quruluşlar tamaşaçılarda maraq oyada onların diqqətini cəlb edə bilər.

Ümumiyyətlə, teatrın rəhbərliyi tamaşaçıları teatra cəlb etmək üçün çox geniş təbliğat təşviqat işi aparır. Premyeralar, cari repertuardakı tamaşalar, dəvət olunan məşhur sənətçilərin iştirakı ilə tamaşalar haqqında teatrın rəsmi veb-saytında, ayrı-ayrı KİV- məlumatlar verilir, ən oxunan qəzetlərdə elanlar dərc olunur, şəhərdə xüsusi reklam tumbalarına afişalar yapışdırılır s. Xüsusi sifarişlə ən yaxşı dizaynerlər proqramçılar tərəfindən tamaşalar üçün çox baxımlı çap məhsullarıplakatlar, proqramlar, aylıq rüblük repertuar planları hazırlanıb çap olunur. Tamaşaçılarda teatra, onun tamaşalarına maraq oyatmaq məqsədilə görülən bütün bu işlər heç şübhəsiz ki, çox səmərəli olub sonda müsbət nəticələr verir. Bu gün Opera Balet Teatrında çox sağlam yaradıcılıq ab-havası hökm sürür. Teatrın bütün yaradıcı kollektivlərivokal balet truppaları, simfonik orkestr, xor kollektivi, eləcə inzibati-texniki heyət canlı bir orqanizm kimi sıx birləşərək daimi yaradıcılıq axtarışında olub böyük ruh yüksəkliyi, fədakarlıq əzmlə çalışırlar. Bunun nəticəsidir ki, teatr bütün sahələr üzrə  yüksək göstəricilərə nail olur. Bütün kollektivin ali məqsədi isə tamaşaçılara hər zaman ən yüksək tələblərə cavab verən, onlara yüksək zövq aşılayan dəyərli səhnə əsərləri təqdim etməkdir.   

 

 

Nigar Abdullayeva 

 

Palitra.-2012.-6 aprel.-S.11.