Azərbaycan Şərq və Qərb sivilizasiyalarının təcəssümüdür

 

Azərbaycan öz coğrafi mövqeyinə görə Asiya və Avro­panın, Şərqlə Qərbin qovşağında yerləşdiyi kimi, öz mədəni inkişaf xüsusiyyətlərinə görə də həm Şərq, həm də Qərb ma­hiyyətini ehtiva edir. Bu baxımdan ölkəmiz iki müxtəlif sivilizasiyanın əməli vəhdətinin parlaq nümunəsi kimi dəyərləndirilir. Bu kontekstdə isə elmi-fəlsəfi tədqiqatlara ciddi ehtiyac duyulduğu elm adamlarımız tərəfindən vaxtında dəyərləndirilib. Elə bu məqsədlə də 1994-cü ildə vaxtilə Aida xanım İman­quliyeva tərəfindən əsası qoyulan Şərq-Qərb problematikası üzrə tədqi­qatları davam et­dir­mək məqsədi ilə Azər­baycan Universite­tinin nəz­dində «Şərq-Qərb» Tədqiqat Mərkəzi yaradılıb. Mərkəz iki sivilizasiyanın problematikasına və xüsusiyyətlərinə həsr olunmuş məsələləri araşdırmaq üçün yaradılıb. Mərkəzin əsasını qoyanlardan olan Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyasının(AFSEA) İdarə Heyətinin sədri, AMEA müxbir üzvü, professor Səlahəddin Xəlilov layihə çərçivəsində bizə fikirlərini bildirir. Alim qeyd edir ki, Azərbaycanda Şərq-Qərb problematikasının bir tədqiqat predmeti kimi seçilməsi za­manın tələbindən irəli gəlib: Bu tələbatı ilk dəfə olaraq Aida xanım İmanquliyeva hiss etmiş və hələ ötən əs­rin 70-ci illərindən başlayaraq Şərqlə-Qərb arasında inteqrasiyanın ədəbi-bədii təcəssümü olan bir sıra görkəmli ərəb mütəfəkkirlərinin dünyagörüşünü və yaradıcılığını özünün tədqiqat obyekti kimi seçib. Bu problem üzrə müstəqil bir elmi tədqiqat mərkəzinin açılması və «Şərq-Qərb» jurnalının nəşr edilməsi Aida xanımın yaradıcılıq və təşkilatçılıq planlarının mü­hüm tərkib hissəsi idi. Lakin onun sağlığında bu planın reallaşması mümkün olmasa da, bu ideyanı öz fəaliyyətlərində əsas tutan bir neçə təd­qiqatçı 1994-cü ildən başla­ya­raq Azər­bay­can Universiteti nəz­dində Şərq-Qərb Tədqiqat Mərkəzini yaratdılar”. Qeyd edək ki, o vaxt Azərbaycan Uni­versitetinin rektoru olan professor S.Xəlilovun rəhbərliyi ilə fəaliyyətə başlayan bu Mərkəzin ilk üzvləri sırasında Şərqşünaslıq İnstitutundan işləmək üçün bu universitetə keçmiş tarix elmləri doktorları Nailə Vəlixanlı və Həsən Əlibəylini, iqtisad elmləri na­mi­zədi Dünyamalı Vəli­yevi, habelə görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevi və tanınmış ərəbşünaslar Ələsgər Məmmədov və Zahid Hüseynovu göstərmək olar. Sonralar bu mərkəzin fəaliyyətində digər elm sahələrinin də görkəmli nümayəndələrinin iştirak etməsi Şərq- Qərb probleminin bütün aspektlərini araşdırmağa və bu sahədə elmi müzakirələr keçirməyə geniş imkanlar açırdı. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri sırasından riyaziyyatçı Fəraməz Maqsudovun, iqtisadçı Asəf Nadirovun, coğ­­ra­­­fiya­şünas Budaq Budaq­ovun mər­kəzin fəaliyyə­tində iştirakı Şərqlə-Qərb ara­sında elmiiqtisadi əla­qələ­rin müzakirəsi və gənclərin bu sahələrdə tədqiqata cəlb olun­ması üçün əlavə imkanlar açdı. Tarixçi alimlər akademik Teymur Bün­yadovun, AMEA müxbir üzvü Mahmud İsmayılovun, tarix elmləri doktorları İlyas Babayevin, Qiyasəddin Qeybullayevin, Adil Məmmədo­vun, Tamilla Məm­mə­dova­nın və başqalarının mərkəzə üzv seçilməsi də təsadüfi deyil. Çünki mərkəzdə Şərq və Qərb sivilizasiyaları arasında əlaqənin tarixi kökləri, qədim ipək yolunun bu prosesdə oynadığı rol, ellinizmQafqaz, İslam və xristianlıq və sair problemlər üzrə məqsədyönlü araş­dırmalar aparılması tarixçilərin iştirakını zəruri edirdi. Kulturoloq Fuad Məmmədovun, fizik Şahlar Əsgərovun, psixoloq Əbdül Əlizadənin, həkim Nurəddin Rzayevin iştirakı mərkəzdə qoyulan problemlərin rəngarəngliyini və əhatə dairəsini genişlən­dirməyə, Şərq-Qərb probleminin bütün aspektlərini əhatə etməyə şərait yaratdı. Xüsusən dünya şöhrətli cərrah, habelə tarixçi və ədəbiyyatşünas, «Varlıq» dərgisinin naşiri professor Cavad Heyətin müntəzəm surətdə Bakıya gələrək müzakirələrdə iştirak etməsi keçirilən tədbirləri daha da canlandırır, mərkəzin gənc üzvlərinin dünyagörüşünün daha da genişlənməsinə, bu problemlər üzrə daha hərtərəfli biliklər əldə etmələrinə imkan verirdi. Şərq ilə Qərb arasında ədəbi- bədii əlaqələrin öyrənilməsi bu mərkəzin ideya müəllifi olan Aida xanım İmanquliyevanın yaradıcı irsinin bilavasitə davam etdirilməsinə yönəldilib. Akademik Kamal Talıbzadənin, AMEA-nın müxbir üzvü Yaşar Qarayevinprofessor Əmirxan Xəlilovun ədəbi əlaqələr sahəsində çıxışları mərkəzin əsas mövzuları sırasında olub. Bütün bu müxtəlif ixtisas sahiblərinin bir araya gəlməsi və sinkretik səciyyəli problemlərin müzakirə­sində, habelə bu mövzular üzrə aparılan tədqiqat­larda fəal iştirak etməsi ən çox filosofların inteqrativ funksiyası sayəsində mümkün olub. Mərkəzin rəhbəri AMEA müxbir üzvü S.Xəlilovla yanaşı müzakirələrdə akademik Fuad Qasımzadə, fəlsəfə elmləri doktorları Camal Musta­fayev, Yusif Rüstəmov, Zümrüd Quluzadə, Rəbiyyət Asla­nova, Aydın Şirinov və başqalarının fəal iştirakı təkcə Şərq və Qərb təfəkkür üsulları ara­sında deyil, həm də müxtəlif elmixtisas sahələri arasında əlaqənin təmin olunmasına və bu istiqamətdə tədqiqatlar aparıl­masına rəvac verib. 1997-ci ildən başlayaraq tədqiqat mərkəzi özünün jurnalını dərc etməyə başlayıb ki, bu da aparılan müzakirələrin və görülən tədbirlərin mətbuatda operativ surətdə işıqlandırılmasına imkan verib. «İpək yolu» jurnalı ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi aspektləri əhatə etməklə Şərqlə Qərb arasında dialoqun hərtərəfli işıqlandırılmasına xidmət edir. Jurnalda ümum­milli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasiiqtisadi kurs müntəzəm surətdə işıqlandırılır. Qloballaşmanın iqtisadi aspektləri, tarixi ipək yolunun bərpası, Avrasiya dəhlizinin, TRASEKA proqramının iqtisadi problemlərinin araşdırılması, neft strategiyası, «Əsrin müqaviləsi» və s. problemlər jurnalın aparıcı mövzularından olub. Bu mövzularla əlaqədar mərkəzin üzvləri olan iqtisadçı alimlər -  akademik Asəf  Nadirov, AMEA-nın müxbir üzvü Akif  Musayev, jurnalın indiki redaktoru, mərkəzin sədr müavini Dünyamalı Vəliyev, professor Əbülfəz Qasımov, professor Əli Əhmədov, iqtisad elmləri namizədi Mayıl Rəhimov və başqaları müntəzəm surətdə jurnalın səhifələrində çıxış ediblər və Tədqiqat Mərkəzindəki müzakirələrin elmi ümumiləşdirmələrini veriblər. Təəssüflər olsun ki, mərkəzin fəaliyyət dövründə onun ən fəal üzvlərindən akademik Fəraməz Maqsudov, professor Ələs­gər Məm­mədov, AMEA-nın müxbir üzvləri Mahmud İsmayılov və Yaşar Qarayev, professor Qiyasəddin Qeybul­layev dünyasını dəyişmişlər. Onların çıxışları və tədqiqatları indi də mərkəzin üzvləri tərəfindən istifadə olunur və mərkəzin ideya müəllifi Aida İmanquliyeva ilə yanaşı, onların da xatirəsi müntəzəm surətdə yad edilir. S.Xəlilov qeyd edir ki, fəaliyyət dövründə tədqiqat mərkəzində həm Şərqin, həm də Qərbin görkəmli mütəfəkkirlərinin yubileyləri qeyd olunub. Dədə Qorqudun 1300 illik, Füzulinin 500 illik, Kantın vəfatının və Feyerbaxın anadan olmasının 200 illik yubileyləri təntənə ilə qeyd edilib. Şərq-Qərb problematikasına öz yaradıcılığında geniş yer vermiş Hüseyn CavidinAbdulla Şaiqin 120 illik yubileyləri, habelə Cəfər Cabbarlının və Karl Popperin 100 illik yubileyləri keçirilibonlara həsr olunmuş kitablar buraxılıb. «Şərq-Qərb» Tədqiqat Mərkəzinin fəaliyyəti çərçivəsində bu mərkəzin üzvlərinin də yubileyləri keçirilmiş, onların ixtisaslarına və tədqiqat problemlərinə uyğun elmi konfranslarla qeyd edilib, gənc tədqiqatçılar da bu konfranslara qatılıblar. Ümu­miyyətlə, nəsillərin əlaqəsini daha mütəşəkkil səviyyədə təmin etmək üçün Tədqiqat Mərkəzinin üzvləri universitetdə fəaliyyət göstərən «İstedad klubu»nun üzvləri ilə vaxtaşırı görüşlər keçir­miş, aktual problemlərin müzakirəsinə gənclər də cəlb olunublar. Yazıçılardan Anarla, Məmməd Arazla, Zəlimxan Ya­qub­la keçirilən görüşlər həm də çağdaş Azərbaycan ədəbiyyatının aktual problemlərinin müzakirəsinə çevrilmiş və gənclər bu müzakirələrdə fəal iştirak ediblər. Tələbələrin, aspirantların dəyirmi masa ətrafında dünya şöhrətli alimlərlə, akademiklərlə eyni hüquqlu üzvlər kimi əyləş­məsi və polemikaya girməsi mərkəzin fəaliyyətində ən əlamətdar məqamlardan biridir.  Tədqiqat Mərkəzinin əsas fəaliyyət formalarından biri də Şərq-Qərb problemləri üzrə görkəmli mütəxəssislər və ya bu problematika baxımından maraq doğuran şəxsiyyətlərlə görüşlərin təşkili olub: “Fəaliyyət dövründə Amerikadan, Avropadan, İran, Türkiyə və digər Şərq ölkələrindən gəlmiş qonaqlarla görüşlər keçirilib. On­ların arasında professor Həmid Nitqi (İngiltərə), professor Tadeuş Svyataçovski (ABŞ), professor Barri Sanders (ABŞ), professor İren Melikov (Fransa), professor Audri Alstadt (ABŞ), professor Rəhim Rəisniya(İran), professor Rəşad Gənc (Türkiyə), professor Masayuki Yamauchi (Yaponiya), professor Aleksandr Çumakov (Rusiya), professor Kənan Gürsel (Türkiyə), professor Naidə Tovhidi(ABŞ) və başqalarını xüsusi qeyd etmək istərdim. Bu görüşlərdə Şərq-Qərb əlaqələri ilə bağlı müxtəlif elmi problemlərin müzakirələri keçirilib. Professor Cavad Heyətin (İran), professor Qulamrza Səbri Təbrizinin (İngiltərə) mərkəzin daimi üzvləri kimi müntəzəm çıxışları da müza­kirələrin daha canlı keçməsinə səbəb olub.  ABŞ-ın, Almaniyanın, Yaponiyanın, İranın Azərbay­candakı fövqəladə və səlahiyyətli səfirləri, habelə digər ölkələrin səlahiyyətli nümayəndələri ilə görüş­lər də böyük maraq doğurub. Şərq və Qərb arasında dialoq ideyasının təbliğinə xidmət edən və bu məqsədlə iki ölkədə - Türkiyə və Rusiyada nəşr olunan «Dialoq Avrasiya (DA)» jurnalının baş məsləhətçisi Mustafa Armağan və redaktoru Nevval Sevindiklə, ABŞ-da nəşr olunan «Reforma» jurnalının baş redaktoru Feyruz Heyətlə, habelə rusiyalı jurnalist və tarixçi Murad Adcı ilə görüşlər də tədqiqat mərkəzi üzvlərinin böyük marağına səbəb olub. Mərkəzdə gənc tədqiqatçıların və jurnalistlərin iştirakı elmi nəticələrin daha geniş miqyasda yayılmasına və publisistik janrda ifadə olunmasına imkan yaradıb. Jurnalist Həmid Vəliyevin, Şərəf Cəlilinin mətbuatda və radiodakı reportajları «Şərq ərb» Tədqiqat Mərkəzinin əsas ideyalarının kütləviləşməsinə xidmət edib. Aspirant və dissertantlardan bu problematika üzrə tədqiqat aparan Nərman Qocatürk, Tofiq Əhmədov, Könül Yusifova, Südabə Zeynalova, Gülşən Məmmədova və başqalarının  bu problem üzrə ilk tədqiqat əsərləri çap olunub”.  

 

 

İlkin AĞAYEV

 

Palitra.-2012.-10 aprel.- S.6.