“Milli termin
yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır”
Sayalı Sadıqova: “Azərbaycan
dilində terminologiyanın yaradılması və zənginləşdirilməsi
üçün ən əlverişli yol dilin daxili
imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin
yaradılmasıdır”
Layihə
çərçivəsində növbəti müsahibimiz
AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun
Terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti
yanında Terminologiya Komissiyasının sədr müavini,
filologiya elmləri doktoru, professor Sayalı
Sadıqovadır:
- Azərbaycan
dilində sabit terminologiya yaradılmasını qaydaya salmaq,
bu sahədəki hərc-mərcliyi aradan qaldırmaq,
respublikanın elmi-tədqiqat müəssisələrində
və ali məktəblərdə aparılan terminoloji işə
rəhbərlik etmək məqsədilə 1952-ci ildə
Terminologiya Komitəsi haqqında Əsasnamə təsdiq
edilib, elmin, texnikanın, iqtisadiyyat və mədəniyyətin
ayrı-ayrı sahələri üzrə terminologiya
yaradılması üçün konkret elmi prinsiplər
müəyyənləşdirilib, terminoloji lüğətlərin
tərtibi metodikası işlənilib. 1969-cu ildə Azərbaycan
SSR EA Ədəbiyyat və Dil İnstitutunda Terminologiya sektoru
yaradılıb. Sektor sonralar şöbəyə
çevirilib. Terminologiya şöbəsində Azərbaycan
dili terminologiyasının tarixi və inkişaf
qanunauyğunluqları, elmi-texniki terminologiyanın linqvistik
problemləri tədqiq edilir, ayrı-ayrı sahələr
üzrə terminoloji lüğətlər tərtib edilir.
Şöbədə terminologiyanın müxtəlif problemlərinə
həsr olunmuş elmi işlər yerinə yetirilir. «Azərbaycan
dili terminologiyasının əsasları», «Dəftərxanaçılıq
və mühasibat terminləri lüğəti», «Yerin məsafədən
zondlaşdırılması üzrə terminlər
lüğəti», «Azərbaycan dilinin terminologiyasına dair ədəbiyyatın
və lüğətlərin biblioqrafiyası» (Azərbaycan və
rus dillərində), «Azərbaycan dilində fizika-riyaziyyat
terminologiyasının formalaşması və inkişafı»,
«Azərbaycan dilində ədəbiyyatşünaslıq
terminologiyasının nəzəri məsələləri»,
«Azərbaycan dili terminologiyasının nəzəri problemləri»
və s. əsərlər şöbə əməkdaşları
tərəfindən yazılıb, çapa hazırlanıb,
nəşr olunub. Mənim terminologiyanın müxtəlif problemləri
ilə bağlı «Azərbaycan dilində fizika-riyaziyyat
terminologiyasının formalaşması və inkişafı»
(Bakı, «Elm», 1997, 197 s.), «Azərbaycan dilində
terminologiyanın nəzəri problemləri» (Bakı, «Elm»,
2003, 236 s.), «Azərbaycan dilində terminologiyanın təşəkkülü
və inkişafı» (Bakı, «Elm», 2005 ,348 s.), «Терминологические словосочетание в Азербайджанском
языке» (Баку, «Наука», 2007, 160 с.) «Müasir Azərbaycan ədəbi
dilində termin yaradıcılığı prosesi» ( Bakı,
«Elm», 2010, 240 s.) «Azərbaycan dilinin terminologiyası» (Bakı,
«Elm», 2011, 400 s.) monoqrafiyalarım nəşr olunub. Eləcə
də şöbə əməkdaşları - Sima
Quliyevanın «Azərbaycan dilində ədəbiyyatşünaslıq
terminologiyasının nəzəri məsələləri»
(Bakı, «Nurlan», 2003, 182 səh.), Natəvan Hüseynovanın
«Azərbaycan dilində termin yaradıcılığı
prosesi (1920-1990-cı illər, Bakı, «Nurlan», 2008, 138 səh.),
Xuraman Quliyevanın «Rus dilindən Azərbaycan dilinə
kalkaetmə yolları»( Bakı, 2007, 123 səh.), İradə
Abdullayevanın «Azərbaycan dilinin musiqişünaslıq terminlərinin
leksik-semantik və struktur təhlili» (Bakı, 2008, 140 səh.),
H.Mirzəyevin «Azərbaycan dilində kargüzarlıq terminləri»
(Bakı, «Elm və təhsil», 2011, 162 s.) əsərləri nəşr
olunub.
-
Müstəqillik illərində еlmi-texniki, ictimai-iqtisadi və
mədəni həyatda baş verən yeniləşmələrin
dildə əksi prosesi araşdırılırmı?
- Əlbəttə,
araşdırılır. Araşdırmalarda müəyyənləşdirilir
ki, Azərbaycan dilində terminologiyanın yaradılması və
zənginləşdirilməsi üçün ən əlverişli
yol dilin daxili imkanları əsasında terminlərin,
termin-söz birləşmələrinin
yaradılmasıdır. Belə ki, elm və texnikanın
müxtəlif sahələrində meydana gələn yeni
anlayışların ifadəsi üçün terminlər
yaradılarkən ən əvvəl ana dilinin lüğət
tərkibinə nəzər salmaq, onun daxili imkanlarından səmərəli
istifadə etmək lazımdır. Bu baxımdan qeyd edilir ki,
uzun tarixi inkişaf yolu keçmiş Azərbaycan dilinin
terminoloji sisteminin zənginləşməsində dildaxili
imkanlar – leksik, morfoloji, sintaktik üsulla yaranan terminlər hər
zaman üstünlük təşkil edir. Müstəqillik illərində
dilin daxili imkanları əsasında termin yaratma meyili daha da
artıb. Bunun üçün Azərbaycan dilinin geniş
funksional imkanları var. Tədqiqatlar göstərir ki, bu
gün dilin daxili imkanları əsasında yaranan terminlər
terminoloji bazanın əsas hissəsini təşkil edir.
Hazırda dilin daxili imkanları hesabına yaranan terminlər
ümumişlək sözlərə əlavə məna verməklə,
dialekt və şivə sözlərindən istifadə etməklə,
köhnəlmiş sözlərin dilə qaytarılması,
milli və alınma sözlərə şəkilçi
artırılması, iki və daha artıq sözün birləşməsi
ilə əmələ gəlir. Milli termin
yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır.
Bu, terminlərin asan başa düşülməsinə, tələffüzünə,
tez yadda qalmasına, termin yaradıcılıq prosesinə
müsbət təsir edir. Xüsusən ümumxalq dili termin
yaradıcılığı üçün münbit mənbə
sayılmalıdır. Elmlərin inteqrasiyası, elmi biliklərin
inkişafı, informasiyaların asan yayılması
üçün anlayışı dəqiq ifadə edən
terminlərə üstünlük verilməlidir. Ona görə
də dilin daxilində işlənərək hər hansı
bir ümumişlək anlayışı bildirən leksemin
termin səciyyəsi qazanması üçün ümumilik
çərçivəsindən çıxmalı, müəyyən
elmi anlayışı dəqiq, konkret və birmənalı
ifadə etməlidir
- Bu
gün mətbuatda alınma terminlər çox işlənir.
Buna sizin münasibətiniz necədir?
- Cəmiyyətdə
baş verən dəyişmələr, yeniləşmələrlə
bağlı olaraq həyatımıza daxil olan yeni
anlayışları yalnız dilin daxili imkanlarından istifadə
etməklə adlandırmaq qeyri-mümkündür. Dilin daxili
imkanları əsasında bu dilin söz
yaradıcılığı üsulları ilə müəyyən
anlayışın ifadəsi üçün müvafiq termin
yaratmaq mümkün olmadıqda başqa dildən həmin
anlayışı ifadə edən terminin hazır şəkildə
alınıb işlənməsi zərurətə
çevrilir. Termin alınması o zaman zəruri olur ki, milli
dilin lüğət tərkibində müvafiq məfhumu,
anlayışı ifadə edən termin, söz olmasın.
Müstəqillik illərində terminologiyaya alınma terminlərin
daxil olması prosesi davam etməkdədir və bu, təbii bir
axındır. Belə ki, terminologiyada alınmalar dilin
kasıblığına dəlalət etmir, əksinə, onun
dil kontaktları hesabına zənginləşməsinin
göstəricisi kimi çıxış edir. Belə
qarşılıqlı təsirlər dilləri məhdud
milli çərçivədən çıxarır, xalqlar
arasında dil əlaqələrini artırır. Dillər
arasında qarşılıqlı əlaqə təbii bir
haldır və bu proses uzun illər davam edib. Bu faktor xalqlar
arasında iqtisadi, siyasi, mədəni və digər əlaqələr
əsasında meydana çıxır. Dünyada elə bir
dilə rast gəlinmir ki, ancaq öz daxili vasitələrindən
ibarət olsun, bu faktorun əsasında dünya dillərində
«dil əlaqəsi ənənəsi» dayanır, bu da
bütün dünya dillərində mövcuddur. Tarixi-mədəni
əlaqələr və dövlətlərarası
münasibətlərlə, elmi-texniki tərəqqi və elmi
bilik sahələrinin inkişafı ilə bağlı Azərbaycan
dili leksikasında alınma terminlərin xüsusi çəkisinin
artması dillərarası əlaqələrin də
genişlənməsinin təzahürüdür. Beynəlxalq əlaqələrin
inkişafı, dünya elminə inteqrasiya terminologiyanın zənginləşməsinə
səbəb olur. Başqa ölkələrlə iqtisadi,
siyasi, mədəni əlaqələrin artması yeni yaranan
terminlərin dilimizin lüğət tərkibinə daxil
olmasını sürətləndirib. Bu cür
alınmaların miqdarı son illərdə çoxalıb,
ayrı-ayrı lüğətlərdə, mətbuat dilində
istifadə dairəsi genişlənib. Xüsusilə
informatika ilə bağlı sayt, fayl, disk, elektrofaks, teletayp
terminləri artıq ümumişləklik qazanıb. Bu,
informatika texnologiyalarının həyatımıza, məişətimizə
daxil olması və geniş istifadə olunması ilə
bağlıdır. Lüğət tərkibində
özünü göstərən dəyişmələr cəmiyyətin
müxtəlif inkişaf dövrlərində özünəməxsus
xüsusiyyətləri ilə fərqlənib. Hər bir tarixi
şərait dilin lüğət
tərkibinə, onun formalaşmasına, xüsusilə onun
terminoloji sisteminə təsir edir. 90-cı illərdə cəmiyyətdə
baş verən dəyişikliklər, ölkəmizin
iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən
proseslər, yeniliklər dilimizdən, o cümlədən
dilin terminoloji sistemindən də yan keçməyib, dilin
lüğət tərkibində, xüsusilə onun
terminoloji bazasında müxtəlif dəyişmələrə
səbəb olub. Müstəqillik
qazandıqdan sonra - ictimai-siyasi dəyişikliklər və
elmi-texniki inqilablarla səciyyələnən XX əsrin
sonlarından başlayaraq Azərbaycan dilinin terminoloji sisteminin
zənginləşməsində və formalaşmasında rus
dilinin təsir dairəsi azalmaqla bərabər Avropa dillərindən
alınmalar artmağa başlayıb. Termin almada əvvəlki
dövrlərdə əsas mənbə olan rus dilinin əvəzinə
Qərbi Avropa dilləri, xüsusən ingilis dilinin əsas rol
oynaması müşahidə olunur. Avropa ölkələrinə
inteqrasiya rus dilindən və onun vasitəsilə dilimizə
keçən terminlərin alınması axınının
qarşısını alıb.Terminoloji yeniləşmə,
lüğət tərkibinin inkişafı elmi-texniki tərəqqi,
ictimai-siyasi və iqtisadi yeniləşmə, ölkələrarası
beynəlxalq əlaqələrlə birbaşa
bağlıdır. Belə ki, dünyaya inteqrasiya, ictimai-siyasi
yeniləşmə bir çox anlayışların, məfhumların
və onları ifadə edən yeni terminlərin meydana gəlməsi
ilə nəticələnir. Ona görə də müasir
dövrdə terminologiyanın ən əsas problemlərindən
biri ictimai-siyasi həyatı, situasiyaları, bir sözlə,
ölkə daxilində baş verən prosesləri
özündə əks etdirən söz və terminlərin
yaradılmasıdır. Bununla paralel isə zamanın tələbinə
və yeni sosial-ideoloji mühitə uyğun ictimai-siyasi
terminologiya yaranır. XX əsrin II yarısı kibernetika və
informasiya texnologiyalarının sürətli inkişafı
ilə səciyyələnir. Yüksək elmi-texniki tərəqqi
prosesində informatikanın proqramlaşdırma sistemləri və
dilləri, tətbiqi proqramlar, elektron hesablama
maşınları yaranır və buna uyğun olaraq
terminoloji sistem formalaşır. Bu proses kompyuter və korporativ
şəbəkələrinin, xüsusən də qlobal
informasiya şəbəkəsinin - internetin yaranması ilə
nəticələndi. Bütün bunlar həmin sahədə
işlənən terminlərin sayının sürətlə
artmasına səbəb olur. Odur ki, istər informasiya
texnologiyaları, istərsə də digər elm sahələri
üzrə həmin yeni anlayışların milli dillər
hesabına ifadəsi və terminin yaradılması
mümkün olmadıqda alınmalara müraciət edilir.
Müxtəlif elm sahələri üzrə kəşflər,
ixtiralar və yeniliklər termin və anlayışlarla ifadə
olunur. Sözsüz ki, elmi kəşflərin meydana gəldiyi
coğrafi məkanın dili -morfem və leksemləri terminin
yaranmasında əsas rol oynayır. Yeni elm sahələrinə
məxsus terminlərin əsas hissəsi isə
yarandığı ölkənin dilindən alınır.
Aydındır ki, bu zaman alınma terminlər mənsub
olduğu dilin elementlərini, morfem və fonetik xüsusiyyətlərini
də dilimizə gətirir. Ahəng qanununun pozulması,
ön şəkilçilərin işlənməsi,
quruluşca düzəltmə sözlərdə kökün
müstəqil işlənə bilməməsi kimi xüsusiyyətlər
başqa dillərdən keçən terminlər vasitəsilə
dilimizə daxil olur. Bununla yanaşı alınma terminlər
fonetik və qrammatik cəhətdən dilin qrammatik
qayda-qanunlarına uyğunlaşdırılır, bəziləri
(tele, avto, video) dildə beynəlmiləl termin kimi xüsusi
lay təşkil edir.
Nigar Abdullayeva
Palitra.-2012.-10 aprel .-S.11.