“Qərb dövlətləri
müasir cəmiyyətə malik olmalarına baxmayaraq
qərbli insan çökür”
Fəlsəfə elmləri doktoru
Könül Bünyadzadə: “Bunu bir fransız, ya bir alman
gözəl dərk edir və hələ ayaq üstə dura
bilən şərqlinin köklərini öyrənmək istəyir”
Layihə
çərçivəsində müsahibimiz fəlsəfə
elmləri doktoru Könül Bünyadzadədir. K.Bünyadzadə
ilə dəyərlər mövzusunda söhbət
açdıq.K.Bünyadzadə düşünür ki, elmin,
hikmətin, yüksək həqiqətlərin nə milliyyəti
var, nə dini, nə dili: “Onlar bəşəriyyətindir. Elə
şeylər də var ki, millət ancaq onun sayəsində bir
millət kimi mövcuddur. Onlar ümumbəşəri ola bilməz.
Bunlar bəşəriyyətə qazanc gətirə bilən
şəxsin sabitliyini, orijinallığını təmin edən
dəyərlərdir. Bəli, bəşəriyyət
hazırda iki böhran yaşayır: iqtisadiyyatda və
düşüncələrdə. Düzdür,
Cübranın fikrinə görə, “xaos həmişə
xeyir gətirir, çünki sərxoş yuxu ayılma ilə,
hissiyyatsızlıq fəaliyyətlə əvəz olunanda
millətin gizli imkanları aşkarlanır… Hər dəfə
təbii təməlini qoruyub saxlamış milləti xaos
bürüyəndə, bu, onun fərdlərində
yaradıcılıq gücünün, cəmiyyətində
isə hazırlığın əlamətinə çevrilir”.
Cübranın sözlərində iki fikir üzərində
xüsusi dayanaq. Əvvəla, məhz xaosda bir ayılma,
başqa sözlə desək, yeni bir nizam formalaşdırmaq
imkanı var. İkincisi, bu imkan məhz öz
kökünü, təbii təməllərini qoruyub saxlaya
bilmiş millətə verilə bilər, çünki Əbu
Turxanın da bildirdiyi kimi, millilik özündə ümumbəşəriliyi
ehtiva edir və bu ümumbəşəriliyə çatmaq
üçün millilikdən keçmək lazımdır.
Milli dəyərlər özününküdür, onlar
bölüşülmür, xərclənmir, onlar etibarlı
kapitaldır”. Alim qeyd edir ki, mənəvi
dəyərlər millətlə bərabər doğulmur.
Tarix boyu millətin mənliyini təsdiq edən, ən dərin
xaosda belə onun özəlliyini qoruyan, digər millətlər
arasında ona yer ayıran keyfiyyətlər zaman-zaman
üst-üstə gəlir və dəyərlər sistemini
yaradır: “Bunlardan bəziləri alt qata keçməklə
daha dayanıqlı və sabit, tarixə davamlı olur. Bəziləri
isə müəyyən təsir və təzyiqlər
altında qırılır, aşılanır, dəyişir,
yeni keyfiyyət və anlam qazanır. Mənəvi dəyərləri
daha çox və sabit olan millətlərin potensial
gücü çox olur və onun digər millətlər
arasında tutduğu yer böyük və dayanıqlı
olur. Bir zamanlar sadəcə adı olan bir millət məhz
özünəməxsus dəyərlərlə güc qazana
bilir. Və əksinə, məhz dəyərlərini itirməklə
hər hansı bir millət son nəticədə
adının da yox olması təhlükəsi ilə üzləşə
bilir”.Bu gün “kasıblamış” Qərbin
qarşısına Şərq öz dəyərlərini –
mayasını qoyub: “Başqa şeyi zatən yoxdur. Bu dəyərlər
sistemindən Qərb çox şey yox, sadəcə
özünə lazım olanı, özünün xərcləyib
tükətdiklərini götürür: imanı və mənəviyyatı.
Təsadüfi deyil ki, məhz bu keyfiyyətlərə malik
filosoflar, mütəfəkkirlər, şəxsiyyətlər
bəşəriyyətin xəzinəsinə nə isə verə
bilirlər. Mənəvi dəyərlərin ən dərin
qatı onun dinidir, inancıdır. İman – gücdür,
stimuldur və bu stimuldan yararlanmaq üçün öz imanının
sarsılmazlığına inanmalısan və imanını
dərk etməlisən. Bir var iman insanı ayaq üstə
saxlayan, bir şəxsiyyət kimi yetişdirən və
stabilliyini qoruyan hərəkətverici qüvvə ola, bir də
var iman insanın əl-qolunu bağlayan, təslimiyyət
aşılayan və idarə edən qüvvəyə
çevrilə. İman həm də insan idrakının
imkanlarının hüdudlarını təyin edir- nəyə
inanırsa dərk qabiliyyəti də o qədərdir...
İnsan inandığına bənzəməyə
çalışır, inandığını tanımaq
üçün ona gedən vasitələri, həqiqətləri
tanıyır, dərk edir. Qərbli insanın iman obyekti dəyişdikcə
– elm, insan əqli, texnika və onun dünyası da
kiçilirdi, daralırdı, mexanikləşirdi,
cansızlaşırdı. Yeni Dövrdə Avropa kilsə də
daxil olmaqla, imandan da imtina etdi və buna əsası var idi. Hələ
Volter etiraf edirdi ki, qərbli insan “tək xeyirxah, tək həqiqi
dindən istifadə edərək nə qədər pisliklər
törədib”. Ən Yeni Dövrdə isə insana inam da məhv
edilməyə başladı. Bu faktı mədəniyyətin
demək olar ki, bütün sahələrində görmək
mümkündür: filmlərdə, əsərlərdə qəhrəman
düşmənə çevrilir, oğul ataya, ana
övladına xəyanət edir, ən mülayim, nümunəvi
vətəndaş ən qatı qatil çıxır, lider
saxtalıqda ifşa olunur. Tamaşaçı, oxucu məcburdur
ki, ya qəhrəmanından imtina etsin, ya da satqını
özünün idealı kimi qəbul eləsin. Nəticədə
insana inam nəinki itir, hətta təhlükəyə
çevrilir”. İnsan onu ilahi aləmlə bağlayan bir ruha
sahibdir və qeyri-ixtiyari bir çıxış yolu
axtarır, çabalayır, əminliklə etibar edə biləcəyi
bir dayaq axtarır. Danılmaz bir faktdır ki, bütün
ehtiyaclarına, Qərblə nisbətdə ağır həyat
şəraitinə baxmayaraq, Şərq özünün
möhkəm ruhunu saxlayıb: “Hətta 1904-cü ildə
İngiltərənin 4600 nəfərlik ordu və ağır
silahları ilə üzbəüz dayanan, demək olar ki, əliyalın
tibetlilərin döyüşünü, daha doğrusu,
sonuncuların qətliamını təsvir edən
tarixçilər heyrətlə yazırdılar ki, tibetlilər
yaralı, ölümcül olsalar da, ingilis əsgərlər
onların qalib ruhlarının qarşısında aciz
qalmışdılar, özlərini məğlub hiss edirdilər.
Qısacası, Qərb inanır ki, Şərq onun
üçün etibarlı dayaq və mənəvi kapital mənbəyi
ola bilər. Şərq dinlərinə maraq, hətta
onları qəbul edənlər artıb. Şərq fəlsəfəsi
Qərbdə o dərəcədə populyarlaşıb ki,
ayrıca tədqiqat mərkəzləri, hətta akademiyalar
açılıb, Şərq filosoflarının əlyazmaları
toplanır. Şərq ölkələri bunu məmnuniyyətlə
edirlər – əlahəzrət Qərb onların alimləri,
saralmış əlyazmaları ilə maraqlanır, buna
görə pul da verirlər.Təbii ki, Şərq Qərbin
ona əl uzatmasından qürur duyur, amma Qərbin artıq
boş xəzinə qırağında oturduğunu, dənizdə
batan adam kimi onu xilas etmək istəyəni batırmaq
iqtidarında olduğunu, ən vacibi isə, özünün
mayadan xərclədiyini ya görmür, ya da buna inanmır. Əbu
Turxan yazır ki, «Günəş Şərqdə doğsa
da, ideya işığı Qərbdə yanır». Bəli,
elmin məşəlini bir vaxtlar Şərq yandırsa da, indi
Qərbin əlindədir. Lakin indi bu məşəlin
yanacağı bitib və Qərb yanacaq adına Şərqdən
əlinə nə keçirsə, istifadə edir. Eyni zamanda,
Qərb Şərqin mütəfəkkirlərinin yalnız
saralmış əlyazmalarını yox, gənc beyinlərini
də alır – öz gələcəyi üçün
kapital toplayır. Bəli, Qərb maddi sərvətini
tökür ki, mənəvi qazancını artırsın, çünki
mənəvi yoxsulluğun son olduğunu dərk edir. Şərq
ölkələri isə mənəviyyatını maya dəyərinə,
maddi qazanca dəyişirlər”.
Alim qeyd edir ki, milli dəyərləri sabitləşdirən
daha bir amil o millətin ənənəsidir: “Ənənə
– torpaqda ağacın gövdəsini
möhkəm saxlayan, onun yarpaqlaması, meyvə verməsi
üçün onu qidalandıran köküdür. Bu gün
Qərb dövlətləri kifayət qədər nizamlı
bir cəmiyyətə, mükəmməl mexanizm kimi işləyən
qanunlar sisteminə malikdirlər. Lakin qərbli insan
çökür, insanlıq çökür və belə
məlum olur ki, bu faktlar əsas deyil, sadəcə
yardımçıdır. Bunu bir fransız, ya bir alman gözəl
dərk edir və hələ ayaq üstə dura bilən
şərqlinin köklərini öyrənmək istəyir.
Şərqli böyük məmnuniyyətlə bu işdə
ona köməklik edir və əlinə bel alıb öz
kökünü qazmağa girişir, hörmətli
qonağı məmnun eləmək üçün bu
kökün nümunələrindən kəsib ona
bağışlayır. O, öz işinə o qədər
aludə olur, o qədər canfəşanlıq edir ki,
ağacın kökləri ilə alaqları seçə
bilmir. Beləcə, bir bel vuranda ailə ənənələri
qırılır, o birində – abır-həya, bu birində –
milli adətlər, daha bir bel milli ideyaları söküb
atır, nəhayət, bu böyük ağac qurumaq həddinə
gəlir. Sonra da əli-ayağı təmiz qərblinin
yanında bu qara torpaqdan iyrənib özünün necə də
geridə qalmış, çirkli bir mentalitetə sahib
olması barədə odlu çıxışlar edir, məqalələr
yazır və özü kimi “kök qazıyanlar” arasında
qəhrəmana çevrilir. Qərbli o qurumuş ağacdan
istifadə edəcək – yanacaq kimi, ancaq yeni ruh
axtarışını yenə davam etdirəcək və əli
belli bu qəbir qazan artıq lazımsız olacaq”. Filosof
bildirir ki, maddi qazanc mənəvi qazancla möhkəmlənməyəndə,
su olub axır, qum kimi ovucdan tökülür: “Ərəb
dövlətlərinin çoxusunun mənəviyyatının
“bahara” ehtiyacı var idi, ona görə heç maddi dəyərlərini
də qoruya bilmədilər: ölkələri viran qoyuldu, əhalisi
qanına qəltan edildi, lideri saxta çıxdı,
pulları ...Qərbə qaldı.Milli dəyərləri
formalaşdıran, mənəviyyatı sabitləşdirən
milli ruhdur, milli ruhun qoruyucusu isə filosoflar, sənətkarlardır.
Qərb artıq dərk edir ki, bir millətin filosofu, Kamil
İnsanı yoxdursa, deməli, qazancı da yoxdur, deməli, xərclədiyi
mayadandır, deməli, bir gün o xalq tükənəcək,
batacaq. Qəribə paradoksdur. Qərb üzünü yenə
Şərqə tutur, çünki onun ruhu var. Şərq də
ürəklə ruhunu xərcləyir. Amma Qərbə ona xidmət
edən, ona qazanc gətirən ruh lazımdır, milli yox. Təsadüfi
deyil ki, bu gün Şərq ölkələrində Qərb
filosofları, onların ideyaları, hətta onlar milli ruha
düşmən olsalar belə, Şərqdə daha
böyük hörmət və nüfuz sahibidirlər, nəinki
öz milli filosofları. Üstəlik, bu yad ideyalar şəraitə
görə dəyərləndirilmir, dəyərlər bu
ideyalara görə deformasiya edilir”.Alim düşünür
ki, bu gün Şərq özünü Qərbin yolunda “şəhid”
edir, amma Qərbə şəhid lazım deyil, o, heç
bunun mənasını da bilmir, dərk eləmir. O,
özünü ona qurban edən, onun bir zamankı yerişini
getməyə çalışan – imanından imtina edən,
azadlıq deyib maddi istəkləri arasında boğulan
insanlara tamaşa edir, ara-bir puldan-paradan verib qabağında
oynadır, məmnuniyyətlə maya dəyərinə dəyərlər
alır. Axı ona qazanc lazımdır, həm də mənəvi
qazanc...
İlkin AĞAYEV
Palitra.-2012.-11 aprel.-S.6.