“Eurovision
2012” müsabiqəsi dövründə hotellərdə süni qiymət artımına yol verilməyəcək
Dünən Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “İteca Caspian” şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012”) sərgisi başladı. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin xüsusi əhəmiyyətindən danışaraq qeyd etdi ki, əgər 2002-ci ildə bu sərgidə 7 ölkədən 23 şirkət iştirak edirdisə, bu gün sərgidə 32 ölkədən 201 şirkət iştirak edir. Nazirin sözlərinə görə, ötən il Azərbaycanda “ Turizm ili” olduğundan, Azərbaycana gələn əcnəbilərin sayında rekord göstərici, 2,134 mln. nəfər qeydə alınıb və turizm sahəsi 2010-cu ilə nisbətən 14% artıb: “Bu sərgi regionun, o cümlədən Azərbaycanın sənaye inkişafına təkan verəcək”.
Qeyd edək ki, 3 gün davam edəcək sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq hava daşımaları, hoteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün srektri nümayiş etdirilir. Sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edir. Azərbaycan, Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ), Türkiyə, Bolqarıstan, Dağıstan, Stavropol diyarı, Hindistan, Kipr, Krım, Litva, Malayziya və Xorvatiya öz milli ekspozisiyalarını nümayiş etdirir. Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edir. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Yeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirir. Ekzotik turizm təşkil edən şirkətlər Tailand, Mavriki və Seyşel kimi istiqamətlər təqdim edir. Sərgi çərçivəsində Slovakiya, Macarıstan, Polşa və Çexiyaya turlar üzrə seminar, təqdimatlar və ustad dərsləri keçiriləcək. “AİTF-2012”də Ümumdünya Turizm Təşkilatı (ÜTT) da öz stendi ilə iştirak edir. Eyni zamanda Azərbaycanın turizm potensialını fəal şəkildə təqdim edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xüsusi stendlə çıxış edir. Azərbaycanda fəal istirahət və əyləncə sahəsində yeni layihə və istiqamətlər ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyaları tərəfindən təqdim olunur. Abşeron zonasının hotellər şəbəkəsinin də təqdim edildiyi sərgiyə Azərbaycanda fəaliyyət göstərən dünyaca tanınmış hotellər də qatılıb.
Tədbirdə “Azərbaycan Hava
Yolları”, “Air Astana”, “AirBaltic”,
“Qatar Airways”, “Flydubai”, “Çex Hava Yolları”
və “Türk Hava Yolları” kimi aviaşirkətlər Azərbaycan
bazarı üçün xüsusi
təkliflər təqdim edir. «AİTF-2012» sərgisi Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin
rəsmi dəstəyi ilə keçirilir
və ÜTT, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (Azrromo), Azərbaycan Sahibkarlar
Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri
Assosiasiyası tərəfindən dəstəklənir.
Bu sərgiyə paralel olaraq 6-cı Qafqaz beynəlxalq
mehmanxana, restoran və
supermarketlər
üçün avadanlıq və ləvazimatlar
sərgisi də keçiriləcək.
Azərbaycan və San Marino
arasında turizm əlaqələrinin inkişafına dair
saziş imzalandı
«AİTF-2012»
beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində
Azərbaycanla San-Marino arasında turizm sahəsində əməkdaşlıq
haqqında sənəd imzalandı. İmzalanma mərasimində
çıxış edən Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, San Marino
ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir
davam edir. İtaliyanın daxilində yerləşən və
Avropanın kiçik ölkələrindən biri hesab edilən
San Marino eyni zamanda Avropanın bütün beynəlxalq və
dövlətlərarası qurumlarında olduqca fəal rol
oynayır. Bu ölkənin nümayəndələri beynəlxalq
təşkilatlarda aparıcı mütəxəssislər
kimi çıxış edirlər. Ə.Qarayevin sözlərinə
görə, San Marino kiçik ölkə olmasına
baxmayaraq, onun turizm potensialı kifayət qədər
böyükdür: «İtaliyaya səfər edən
insanların demək olar ki, 50 faizi mütləq bu ölkəni
ziyarət edir. San Marino öz dövlət quruluşu və ənənələri
ilə tarixi bir ölkədir. Bu ölkənin də xarici
siyasəti Azərbaycanla əməkdaşlığa və Azərbaycanın
mövqelərinin dəstəklənməsinə yönəlib». San Marinonun turizm, idman və iqtisadi planlaşdırma
naziri Fabio Berardi bildirdi ki, Azərbaycanla hər bir sahədə,
xüsusilə turizm sahəsində əməkdaşlıq təmsil
etdiyi ölkənin marağındadır. Onun sözlərinə
görə, San Marino may ayında Bakıda keçiriləcək
«Eurovision» musiqi yarışmasında da iştirak edəcək.
Fabio Berardi Azərbaycanla San-Marino arasında turizm sahəsində
imzalanacaq sənədi iki dövlət arasında yeni yolun
açılması kimi qiymətləndirdi. Sonra Azərbaycanla
San-Marino arasında turizm sahəsində əməkdaşlıq
haqqında sənəd Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və San Marinonun
turizm, idman və iqtisadi planlaşdırma naziri Fabio Berardi tərəfindən
imzalandı.
Azərbaycan Dünya Turizm Təşkilatı
ilə birgə layihə həyata keçirəcək
Aprelin
12-də «AİTF-2012» beynəlxalq turizm və səyahətlər
sərgisi çərçivəsində daha bir sənəd
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə
Dünya Turizm Təşkilatı arasında birgə layihənin
həyata keçirilməsi üzrə imzalandı.
Özündə «İrək yolunun tamı: Kulinariya, mədəniyyət
və turizm» üzrə beynəlxalq konfransın keçirilməsini
ehtiva edən sənədin imzalanma mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan 2001-ci ildən
DTT-nin üzvü olsa da, bu, həmin təşkilatla birgə
keçirilən ilk layihədir: «Azərbaycan bu nüfuzlu təşkilatla
yaxından əməkdaşlıq edir. Ötən il ölkəmizin
turizm üzrə fəaliyyət göstərən
üç təşkilatı – Azərbaycan Turizm
İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı
Turizm İnformasiya Mərkəzi DTT-nin assosiativ
üzvlüyünə qəbul olundu. Bundan başqa, bugünlərdə
Azərbaycan Turizm Assosiasiyasının sədri Dünya Turizm
Təşkilatına (DTT) qoşulmuş üzvlərin
Şurasının vitse-prezidenti vəzifəsinə
seçildi. Bu məsələdə DTT-nin baş katibi Taleb
Rifainin də böyük rolu oldu. Bir məqamı da qeyd edim
ki, DTT gələn il Bakıda keçiriləcək Beynəlxalq
Mədəniyyətlərarası dialoq Forumunu dəstəkləyən
təşkilatlar sırasına qoşulacaq. Bütün bunlar
Azərbaycanın turizm sahəsində dünya ölkələri
arasında artan nüfuzundan xəbər verir». Nazir bildirdi ki,
imzalanan yeni sənədə görə, bu il sentyabrın
6-7-də Bakıda kulinariya, mədəniyyət və turizm
üzrə beynəlxalq konfrans keçiriləcək.
ÜTT-nin şöbə müdiri Alla Peresolova isə Azərbaycanla
əməkdaşlıqdan məmnun qaldığını və
bu əməkdaşlığın gələcəkdə
daha da genişlənəcəyinə ümid etdiyini
bildirdi.
Azərbaycana gələn turistlər
vizanı internet vasitəsilə ala biləcəklər
Prezident
İlham Əliyevin göstərişi ilə «Eurovision 2012»
müsabiqəsində iştirak etmək üçün Azərbaycana
gələnlərə viza hava limanında veriləcək. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bunu ciddi addım kimi
qiymətləndirərək qeyd etdi ki, Azərbaycana gələn
əcnəbilərə vizanın elektron qaydada verilməsi
üçün müvafiq proqram hazırlanır: «Proqrama əsasən,
Azərbaycana gələn turistlər vizaları 15 gün ərzində
internet vasitəsilə əldə edəcəklər.
Hazırda bu istiqamətdə ciddi işlər
görülür. Düşünürəm ki, bu ilin sonunadək
Azərbaycana gələn turistlər vizanı internet vasitəsilə
ala biləcəklər». Ə.Qarayev bu kimi addımların
ölkədə turizmin inkişafına təkan verəcəyini
söylədi: «Ötən il Azərbaycanda turizm sahəsinin
artım tempi 14% olub. Ötən ilki artım templərini nəzərə
alsaq, bu il sözügedən sektorda artım tempinin 10-15%
olacağı gözlənilir».
“Eurovision”la əlaqədar turistlər
üçün Bakı və Bakıətrafı qoruqlara, eləcə
də regionlara turlar təşkil olunacaq
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanda
keçiriləcək “Eurovision 2012” müsabiqəsi
dövründə hotellərdə süni qiymət
artımına yol verilməyəcək. Onun sözlərinə
görə, nazirlik bütün mehmanxanalardan zəmanət
alınıb ki, “Eurovision”a gələn qonaqlar
üçün qiymətlərdə heç bir artım
olmayacaq: “Üəni hotellər adi vaxtda Azərbaycan vətəndaşlarına
hansı qiymətlərlə xidmət göstərirlərsə,
“Eurovision”a gələn qonaqlara da həmin qiymətlərlə
xidmət göstərəcəklər”. Nazir qeyd etdi ki,
ötən il Azərbaycanda fəaliyyət göstərən
hotel, mehmanxana və istirahət mərkəzləri qiymətləri
təxminən 20% aşağı salıb: “Bu da rəqabət
nəticəsində əldə olunub. Hər il ölkədə
40-50 istirahət mərkəzi istifadəyə verilir.
Düşünürəm ki, bazar qiymətləri tənzimləyəcək
və nə qədər çox turizm mərkəzi olsa, qiymətlər
daha da aşağı düşəcək”. Ə.Qarayev
bildirdi ki, “Eurovision”la əlaqədar Azərbaycana gələn
turistlər üçün Bakı və Bakıətrafı
qoruqlara, eləcə də regionlara turlar təşkil olunacaq:
“Artıq bunun üçün hər şey hazırdır.
Bütün mehmanxanaların qarşısından avtobuslarla
ekskursiyalar təşkil olunacaq. “Eurovision” zamanı muzeylər
saat 20:00-a, müsabiqə günlərində isə 00:00-a
kimi işləyəcək. Eyni zamanda qoruqlara tapşırıq
verilib ki, turistlər üçün əlverişli qrafiklər
tərtib etsinlər”.
Yay mövsümünün
yaxınlaşması ilə əlaqədar bütün turizm
obyektləri yoxlanılacaq
Yay
mövsümünün yaxınlaşması ilə əlaqədar
Azərbaycanda bütün turizm obyektləri, o cümlədən
hotel, mehmanxana və istirahət mərkəzləri
yoxlanılacağını deyən nazirin sözlərinə
görə, Azərbaycanda turizm mövsümü adətən
iyunun 15-də açılır: “Ona görə də
yoxlamalar may ayının sonunda - iyunun əvvəlində ararılacaq”.
Nazir keyfiyyətsiz və lisenziyasız fəaliyyət göstərən
turizm obyektlərinin fəaliyyətinin
dayandırılacağını vurğuladı.
Regionlarda xüsusi turizm
zonalarının yaradılması təklif olunur
Azərbaycanda
turizmin ölkədə qeyri-neft sektoru sahəsinin
inkişafına təkan verən bir sahə olduğunu deyən
nazir bildirdi ki, daxili turizmin inkişafı üçün nəinki
ayrı-ayrı tədbirlər, eyni zamanda dövlət proqramı
mövcuddur: “Hər bir rayonun inkişaf proqramı tərtib
olunanda orada turizmin inkişafına xüsusi önəm
verilir”.
Regionlarda
xüsusi turizm zonalarının yaradılması təkliflərini
hazırlayıb həyata keçirdiklərini vurğulayan
nazir turizm sahəsində fəaliyyət göstərən
işçilər üçün peşə
hazırlığını artırma kurslarının təşkil
olunduğunu da qeyd etdi: “Bundan başqa, xaricdə keçirilən
turizm sərgilərində Azərbaycanın
regionlarını təbliğ edirik. Azərbaycan daxili turizmdə
bir neçə istiqaməti - ekoloji turizmi, macəra turizmini və
s.-i inkişaf etdirir. Nəticədə ölkəmizə gələn
əcnəbi turistlərin sayı ildən-ilə artır”. Ə.Qarayev
bildirdi ki, Azərbaycana artan maraq XI Azərbaycan Beynəlxalq
Turizm və Səyahətlər (“AITF-2012”) sərgisində də
özünü göstərir: “Ötən il bu sərgi ilə
yanaşı daxili turizm sərgisi də keçirdik və qərara
gəldik ki, bunu iki ildən bir keçirək. Növbəti
il bu sərgi ilə yanaşı yenə daxili turizm sərgisi
də keçiriləcək”.
Nigar Abdullayeva
Palitra.-2012.-13 aprel.- S.11.