İdman, musiqi, yarışmalarında, intellektual müsabiqələrdə Azərbaycan gəncləri hər dəfə öncül sıralarda yer tutmağa başlayıb”

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının(AGAT) rəhbəri Gülsel Səfərova: “Gəncliyin istəkləri ilə gəncliyə yönəlmiş dövlət proqramlarının qayəsi üst-üstə düşür”

 

Azərbaycan gəncliyi özünün sürətli inkişaf dövürünü keçirir. Gənclərimiz təfəkkür, intellektual inkişaf və ixtisaslaşma baxımından yeni dünyanın tələblərinə adekvat cavab verməkdədirlər. Bu üstünlük göstəricilərini təmin edən isə ölkədə gənclərlə bağlı həyata keçirilən dövlət siyasəti və müvafiq proqramların qəbul edilməsidir. Qeyd edək ki, qəzetimiz mütəmadi olaraq öncül gənclərdən və gənclər təşkilatlarının rəhbərləri ilə gənclər mövzusunda müsahibələr təqdim edib. Bu dəfə isə müsahibimiz Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının(AGAT) rəhbəri Gülsel Səfərovadır.

- Ölkə Prezidentinin şəxsi təşəbbüsü ilə məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan gənclərinin nailiyyətləri xeyli dərəcədə artıb. Siz bu nailiyyətləri necə xarakterizə edərdiniz?

- Artıq uzun illərdir ki, gənclər siyasəti həyata keçirilir. Bu gənclər siyasəti ərszində artıq iki dəfə gənclərlə bağlı dövlət proqramı  qəbul olunub . Onu da qeyd edim ki, hər iki dövlət proqramında əldə olunan nəticələr  əsasən gənclərin aktivliyi, gənclərin uğurları və intellektual baxımdan daha da güclənməsi istiqamətinə yönəlib. Bu proqramların həyata keçirilməsi, gənclərin bu proqramlardan faydalanıb uğurlara imza atması, düşünürəm ki, gözlənilən nəticə idi. Dövlət proqramlarından əlavə, artıq Azərbaycanın daxili və xarici siyasətində olan islahatlar, ölkənin getdikdə artan inkişaf dinamikası birinci növbədə gənclərə müsbət təsir göstərir. Artıq neçə illərdir ki, gənclər sektoru, gənclər təşkilatları daha da aktivləşir. Həm qeydiyyatdan keçən gənclər təşkilatlarının sayı artır, həm də gənclərin beynəlxalq, regional, lokal səviyyədə həyata keçirdiyi layihələr, tədbirlərin sayının intensivləşməsi və ardıcıl olması buna bariz nümunədir. Bundan da başqa artıq Azərbaycan gəncliyi qloballaşan dünyaya inteqrasiya edir. Azərbaycan gəncliyi artıq Avropada və bütün dünyada ləyaqətlə öz dövlətini təmsil edir. Düşünürəm ki, 10-15 il bundan öncə bu qədər böyük imkanlar yox idi.  10-15 il öncə Azərbaycan regionda öz statusunu, regional liderliyini təzəcə təmin etməkdə idi. Bu gün Azərbaycan artıq dünyada öncül lider dövlətlər sırasında durmağa layiq dövlətə çevrilib.  Gəncliyin rolu da bu işlərdə əvəzsizdir. Çünki Azərbaycan əhalisinin çoxunu gənclər təşkil edir. Bu baxımdan artıq Azərbaycan “Eurovision” müsabiqəsində, istərsə idman, musiqi, yarışmalarında, intellektual müsabiqələrdə Azərbaycan gəncləri hər dəfə öncül sıralarda yer tutmağa başlayıb. Bu temp bu cür davam edərsə, həm musiqi, idman, həm intellektual baxımdan bütün yarışmalarda Azərbaycan gəncliyinin adı liderlər sırasında hallanacaq. Bu baqxımdan gənclər siyasətinə qoyulan investisiya özünü tamamilə doğruldur.

-  Azərbaycan gəncliyi 2011-2015-ci illərdədövlət proqramı ilə bağlı hansı fikirləriniz var?

-  Biz bu proqramla bağlı işçi qrupunun üzvü olmuşuq demək  olar ki, bütün müzakirələrdə həm təşkilatçı, həm iştirakçı qismində çıxış etmişik. Bu dövlət proqramı bütün təbəqə səviyyələrdə müzakirə olunandan sonra qəbul edildi. Proqram qəbul edildikdən sonra ora gənclərin intellektual bacarıqlarının artırılması istiqamətində xüsusi punktlar əlavə edilmişdi. Eyni zamanda Gənclər Fondunun yaradılması bu proqramın ən önəmli cəhətlərindən biridir. Bu fond bütün Azərbaycan gənclərinin, yaradıcı öncül gənc insanların ideya təşəbbüslərini dəstəkləmək üçün nəzərdə tutulub. Bu baxımdan hər hansı  bir gənclər təşkilatının üzvü olmadan da fonddan bəhrələnmək olar. Əgər hər hansı bir gəncin ideyası maraqlıdırsa, o, Gənclər Fondundan faydalana biləcək. Həmçinin Prezident təqaüdü ilə bağlı məqam da sözügedən proqrama salındı ki, bu da gənclərin uğurlarını effektli bir şəkidə stimullaşdırır. Bu cür misallar çoxdur hamısı da gənclərlə bağlı qəbul edilən son dövlət proqramının olduqca faydalı, önəmli effektli olduğunu göstərir. Bundan başqa gənclərə yönəlik olan digər dövlət layihələri sırf gənclərin hərtərəfli inkişafı ardıcıl uğurlarına hesablanıb. Azərbaycan gəncləri hamılıqla bunu dəyərləndirməli, bundan faydalanmalı ümumi inkişafa daha çox töhfə verməlidirlər.

- Azərbaycan gənclərinin son zamanlarda əldə etdiyi nailiyyətlər və müxtəlif sahələrdə qazanılan uğurlar ölkədə gənclər siyasətinin və gənclər sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siz bu sahədə ötən dövrlərlə müqayisədə baş verən keyfiyyət dəyişikliklərini, yeni keyfiyyət göstəricilərini necə sadalayardınız?

- Ümumiyyətlə, Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu, özünü nədə göstərir? Birincisi, Azərbaycan gəncliyi lokal yox, daha qlobal düşünür. Azərbaycan gəncliyi bu dünyanın çağırışları və elmi-texniki tərəqqisi, intellektual inkişafı ilə artıq uyğunlaşır. Bu, keyfiyyətcə yeni mərhələnin yeni nüansıdır. Azərbaycan gəncliyi artıq öz ölkəsinin dünya ölkələrinə tanıdılmasında yeni imkanlar açaraq öz sözünü yüksək və qlobal tribunalardan deyə bilir. Azərbaycan gəncliyi həm intellektual, həm də sosial baza baxımından özünə hərtərəli inkişaf yolunu təmin edib. Dövlət propqramlarında da bütün bunlar nəzərədə tutulub. Artıq Azərbaycan gəncliyi düşünür ki, ona yaxşı təhsil və intellektual inkişaf lazımdır – bu o deməkdir ki, artıq Azərbaycan gəncliyi qloballaşan dünyanın tələb və çağırışlarına adekvat cavab verir. Bu baxımdan gəncliyimizin gəldiyi bu nəticə ilə dövlət proqramlarının qayəsi üst-üstə düşür. Düşünürəm ki, burada çox keyfiyyətli nəticə əldə olunmaqdadır. Çünki gənclik də bunu istəyir, elə dövlət  proqrtamları da buna istiqamətlənib. Biz bu proqramların növbəti uğurlarını fasiləsiz olaraq müşahidə edəcəyik.

-  Gənclərin vətəndaş məsuliyyəti və milli məsələlərin həllində iştirakçılığı xeyli yüksəlib. Bu baxımdan hansı fikirləriniz var?

- Bu gün artıq Azərbaycan vətəndaşı söylədikdə, 10-15 il və ya 20 il öncəki vətəndaşdan çox fərqli dünyagörüşü və inkişaf səviyyəsi olan vətəndaş nəzərdə tutulur. Hətta son beş ildə belə, Azərbaycan vətəndaşı inkişaf və dünyagörüşü baxımından çox dəyişib. Vətəndaş olmaqla bağlı belə bir qənaətim var ki, Azərbaycan vətəndaşında, xüsusilə də gənclərdə bir iddia, məqsəd və missiya hissi olmalıdır. Bu nə öhdəlik, nə də məsuliyyətdir, bu, sadəcə olaraq hər bir Azərbaycan vətəndaşının üzərinə düşən istəkdir. Bildiyimiz kimi, Azərbaycan nə qədər dinamik inkişaf etsə də Qarabağ problemi qalmaqdadır. Bu da Azərbaycanın dünya birliyinə inteqrasiyasında tıxac rolunu oynayır. Bu baxımdan artıq dünya dövlətlərinin yekdil rəyi ondan ibarətdir ki, ərazi bütövlüyümüz tanınır və Azərbaycan bu problemi sülh yolu və ərazi bütövlüyünü bərpa etməklə həll etməyə nail olmalıdır. Azərbaycan vətəndaşı olaraq, biz ölkəmizin daha bütöv və hərtərəfli inkişafına maneə olmağa çalışan bu problemi həll etməkdə hansı töhfələr verə  biləcəyimizi aydın dərk etməliyik. Bu, xüsusilə gənclərə aiddir. Gənclər bunun üçün birinci növbədə təhsillərini yaxşı tamamlamalı və öz intellektual səviyyəsinə uyğun olaraq çox yaxşı bir işdə işləməklə bərabər, Azərbaycanın inkişafı naminə çalışmalıdır. İstər xaricdə, istərsə də ölkə daxilində. Bu zaman Azərbaycan vətəndaşı olaraq ölkənə, dövlətinə hansı töhfələr verəcəyin sənin üçün əsas olmalıdır. Bu cür iradi istəyi təmin edən, reallaşdıran fəaliyyətlər olmalıdır. Əlbəttə, Azərbaycan vətəndaşı təkcə pasport üzərində yazılmaqla olmur. Azərbaycan vətəndaşı olmaq çox qürurverici hissdir. Ən azından, elə bir məmləkətdə yaşayırıq ki,onun  böyük bir tarixi, milli-mənəvi dəyərlərinə sahib çıxan, bunları inkişaf etdirən, tanıdan milləti, ən güclülider dövlətlərdən birinə sahib olan bir cəmiyyəti var. Məhz belə bir məmləkətin vətəndaşı olmağı hərtərəfli dəyərləndirmək lazımdır.

 

 

İlkin AĞAYEV    

 

Palitra.-2012.-17 aprel.-S.6.