«Muzeylər insanların mədəni istirahət mərkəzlərinə çevrilməlidir»

 

«Heydər Əliyev Mərkəzində vaxtaşırı olaraq dərnəklərimizdə iştirak edən şagirdlərin əl işləri və rəsm əsərlərindən ibarət sərgilər keçiririk»

 

Layihə çərçivəsində müsahibimiz Balakən rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Leyla Qarayevadır. O, müsahibəyə rəhbərlik etdiyi mərkəz haqqında məlumat verməklə başladı:- Balakən rayon Heydər Əliyev Muzeyinin rəsmi açılışı 2008-ci ilin 19 sentyabrında olub. Həmin ildən fəaliyyətə başlayan Heydər Əliyev Muzeyi rayon icra başçısının 22 iyul 2011-ci il tarixli 144 nömrəli sərəncamı ilə mərkəzə çevrilib. Mərkəz binasının daxili quruluşu iki hissədən ibarətdir. Birinci mərtəbədə fond otağı, 300 nəfərlik böyük konfrans zalı, dəyirmi masa, elmi-praktik konfranslar, müəyyən kütləvi tədbirlər, sərgilərin keçirilməsi üçün dərnək otağı yerləşir. Burada məktəb şagirdlərinin asudə vaxtının maraqlı təşkili üçün Uşaq Yaradıcılıq Mərkəzinin toxuculuq, Uşaq Texniki Yaradıcılıq Mərkəzinin gənc dizaynerlər, Uşaq İncəsənət Məktəbinin rəssamlıq dərnəkləri fəaliyyət göstərir. İkinci mərtəbədə mərkəz eksponatlarının nümayişi üçün ekspozisiya zalı yerləşir. Ulu öndər Heydər Əliyevin müxtəlif sahələrə göstərdiyi diqqət və qayğını, onun zəngin həyat və fəaliyyətini əks etdirən 8 bölmə var. Mərkəzin ekspozisiya zalında “Heydər Əliyev və Balakən” guşəsi yaradılıb, mərkəzin nəzdində yaradılmış Heydər Əliyev irsinin araşdırılması və təbliği üzrə fəaliyyət göstərən tədqiqat qrupu üzvlərinin və mərkəz əməkdaşlarının əldə etdiyi, ulu öndərlə şəxsən görüşmüş həmyerlilərimizin fotoşəkilləri və xatirələri həmin guşədə nümayiş olunur. Həmçinin ekspozisiya zalında “İlham Əliyev və Balakən” guşəsi yaradılıb və dövlət başçısının rayonumuza səfərlərini əks etdirən materiallar burada toplanıb. - Mərkəzin fonduna nələr daxildir?- Mərkəzin fondu 746 eksponatdan ibarətdir. Onlardan 428-ni kitablar təşkil edir. 2011-ci il ərzində mərkəzə gələnlərin sayı 6134 nəfər olub. Müxtəlif xarici ölkələrin səfirləri, dövlət və hökumət nümayəndələri mərkəzdə olub, ulu öndərin çoxşaxəli zəngin fəaliyyəti ilə yaxından maraqlanıb və mərkəzin xatirə kitabında xoş təəssüratlarını qeyd ediblər. Mərkəzdə 2011-ci il ərzində tarixi və dövlət əhəmiyyətli günlərlə əlaqədar müxtəlif tədbirlər keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Heydər Zirvəsi” poeziya gecəsi, “Heydər Əliyev Azərbaycan tarixinin müdrik şəxsiyyətidir” adlı dəyirmi masa təşkil edilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və «Gül bayramı» Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında rayon səviyyəsində geniş qeyd edilib və həmin gün Heydər Əliyev Mərkəzi gecə saatlarınadək ziyarətçilər üçün açıq olub. Mərkəzimizdə “Muzeylər gecəsi” adlı aksiya keçirilib və həmin tədbirdə muzeylərin əhəmiyyəti haqqında geniş çıxışlar səsləndirilb. Vurğulanıb ki, muzeylər insanların mədəni istirahət mərkəzlərinə çevrilməlidir. Tədbirlərimizdə aktiv şəkildə iştirak edən məktəb şagirdləri və mədəniyyət işçiləri tərəfindən şeirlər söylənib, rəqs nömrələri göstərilib və dünyanın məşhur muzeyləri haqqında məlumatlar sərgilənib. Qurtuluş Günü münasibətilə tədqiqat qrupu üzvləri, gənclər və ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil edirik. Bildiyiniz kimi, ötən il ölkəmizdə «Turizm ili» elan edilmişdi. Ümumdünya Turizm Günü münasibətilə respublikanın bütün muzeylərində «açıq qapı» günü elan olunmuşdu. Həmin gün rayon Heydər Əliyev Mərkəzində “Turizmin inkişafında tarix və mədəniyyət abidələrinin rolu” adlı elmi-praktik konfrans keçirdik. Daha sonra «2011-ci il turizm ilidir» başlığı altında rayonun tarixi abidələrini əks etdirən fotoşəkillərdən ibarət albom, rayonun tarixi, mədəniyyəti, flora və faunası haqqında ətraflı məlumatlar olan kitab və digər mətbu materiallardan ibarət sərgi təşkil etdik. Həmin gün mərkəzimizə xeyli sayda ziyarətçi gəlib və eksponatlarla tanış olaraq rəy kitabında təəssüratlarını qeyd ediblər. Ötən il həmçinin dövlət müstəqilliyinin bərpasının 20 illiyi bütün ölkə ərazisində yüksək səviyyədə qeyd edildi. Bizim rayonda da müstəqilliyimizin 20 illiyi ilə əlaqədar  silsilə tədbirlər reallaşdı. Bu münasibətlə mərkəzin və rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Texniki Mərkəzinin birgə təşkil etdiyi rəsm əsərləri və əl işlərindən ibarət sərgi, inşa müsabiqəsi keçirildi.Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasının, ölkəmizin bir dövlət kimi dünya miqyasında özünütəsdiqində ulu öndərin misilsiz xidmətləri bütün tədbirlərdə xüsusi şəkildə vurğulanır. “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusu, əbədi lideridir” başlıqlı dəyirmi masa, “Heydər Əliyev milli ideologiyamızın memarıdır”, “Heydər Əliyev ideyaları hamımıza örnəkdir” adlı mühazirələr oxunması müstəqilliyin bərpasının 20 illiyinə həsr edilmiş tədbirlərdəndir. Noyabrda dövlət müstəqilliyinin əsas simvollarından olan Bayraq Gününə həsr edilmiş “Bayrağımız qürurumuzdur” adlı tədbir keçirilib, “Bayraq qürur mənbəyidir” başlığı altında əl işləri, rəsm əsərlərindən ibarət sərgi təşkil edilib, bayraqların yaranma tarixi, onlarin əhəmiyyəti haqqında danışılıb və Dövlət Bayraq Meydanının açılış mərasiminə aid filmə baxılıb.- Mərkəzinizdə fəaliyyət göstərən dərnəklərin işini necə qiymətləndirirsiniz?- Biz bu işə böyük diqqət ayırırıq. Çünki bu cür dərnəklərdə yeniyetmələrimizin özlərini ifadə etməsi, yaradıcılıq imkanlarının üzə çıxarılması və daha da inkişaf etdirilməsi mümkün olur. Digər tərəfdən belə dərnəklərin və onlara cəlb edilən şagirdlərin, yeniyetmələrin sayının çox olması onların asudə vaxtının səmərəli təşkil edilməsinə imkan verir. Bildiyiniz kimi, indi elə zəmanədə yaşayırıq ki, gənc nəsli tərbiyələndirmək, onları dövrün mənfi vərdişlərindən uzaq tutmaq bir qədər çətinləşib. Çünki informasiya-kommunikasiya texnologiyaları çox inkişaf edib və gənc nəsil bu inkişafın müsbət tərəflərindən yararlandığı kimi, mənfi tərəflərinin təsirinə də məruz qalır. Bu inkişafın qarşısını almaq mümkün deyil. Dünya ilə ayaqlaşmaq üçün bizbu ümumi inkişafa öz töhfəmizi veririk. Bu gün ölkəmiz bütün sahələrdə inkişaf edən dövlətdir. Deməli, qloballaşmanın gətirdiyi müsbət və mənfi tərəflərin hər birinə məruz qalacağıq. Sadəcə, bizim üstümüzə düşən gənclərimizi, yeniyetmələrimizi mənfi vərdişlərdən qorumaq, onları milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyələndirməkdir. Bunun üçün hər birimiz çalışdığımız sahədə üzərimizə düşən işi məsuliyyətlə görməliyik. Ölkəmiz zəngin mədəni dəyərlərə malikdir. Azərbaycan mədəniyyətinin inciləri, dəyərlərimiz bütün dünyada məşhurdur. Onları gənc nəslə aşılamaq lazımdır. Biz də Heydər Əliyev Mərkəzi olaraq bu məsələyə böyük həssaslıqla yanaşırıq. Mərkəzimizdə keçirilən tədbirlərdə milli-mənəvi dəyərlərimizin təbliğinə çalışırıq. Yeniyetmələrlə, məktəb şagirdləri ilə işi daha səmərəli şəkildə qurmaq üçün müxtəlif vasitələrdən yararlanırıq. Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin dərs cədvəli hazırlanır və buna müvafiq olaraq dərslər keçirilir. Uşaq Yaradıcılıq Mərkəzindəki toxuculuq dərnəyində 15 şagird iştirak edir və dərnək Uşaq Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri tərəfindən həftədə 2 dəfə keçirilir. Uşaq Texniki Yaradıcılıq Mərkəzindəki gənc dizayenlər dərnəyində 15 şagird iştirak edir və dərslər Uşaq Texniki Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri tərəfindən həftədə iki dəfə keçirilir. Uşaq İncəsənət Məktəbindəki rəssamlıq dərnəyi həmin məktəbin rəssam müəllimi tərəfindən həftədə 2 dəfə keçirilir. Bu dərslər şagirdlərlə daha sıx təmasda olmağa, onların potensiallarını üzə çıxarmağa imkan verir. Mərkəzimizdə vaxtaşırı olaraq dərnəklərdə iştirak edən şagirdlərin əl işləri və rəsm əsərlərindən ibarət sərgilər keçirilir və sərgidə seçilmiş əsərlərin müəllifləri mükafatlandırılır. Həmin əsərlər mərkəzdə saxlanılır. Şagirdlərin asudə vaxtlarının maraqlı təşkili üçün onların kompyuterlərdən və yüksək sürətli internetden istifadəsinə imkan yaradılıb.

 

 

  Anar Miriyev

 

  Palitra.-2012.-18 aprel.-S.11.