Terminologiya elm və texnikanın yeni sahələrinin yaran­ması və inkişafı ilə ayaqlaşmalıdır”

 

Sayalı Sadıqova: “Dilimizin daxili imkanlarından istifadə etməklə yeni terminlərin yaradılması ənənəsi hər zaman termin yaradıcılığında əsas istiqamətlərdən biri olub”

 

 Layihə çərçivəsində növbəti müsahibimiz AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır: 

- Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı ter­mi­noloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inki­şafına təsir göstərir. Bu dəyişiklikləri izləmək və terminolo­giyanın inkişafını düzgün istiqamətləndirmək zəru­ridir. Terminologiya elm və texnikanın yeni sahələrinin yaran­ması və inkişafı ilə ayaqlaşmalı, geridə qalmamalıdır. Belə ki, dünya sivilizasiyasının, ictimai həyatın əksi olan termino­loji sistem müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özün­də birləşdirir. Ona görə də alınma və beynəlmiləl termin axını - dilə daxil olan terminlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır. Bu problemlərin həlli və terminologiyanın təkmilləşməsi yollarından ən başlıcası müxtəlif sahələr üzrə terminoloji lüğətlərin yaradılmasıdır. Şöbədə bir sıra lüğətlər - «Azərbaycan dilində izahlı kargüzarlıq terminləri lüğəti», «Azərbaycanca-rusca-türkcə-ingiliscə izahlı dilçilik terminləri lüğəti», «Müstəqillik illərində Azərbaycan ədəbi dilinə daxil olan alınma terminlərin izahlı lüğəti» tərtib edilib. Son dövrlərdə Azərbaycan dilçiliyi sürətlə inkişaf edib. Dilçiliyimizin müxtəlif sahələri - müasir dil, dil tarixi, dialektologiya, lüğətçilik, müqayisəli və tətbiqi dilçilik, üslubiyyat, onomalogiya və s. sahələr inkişaf etdikcə çoxlu miqdarda yeni terminlər yaranıb. Bunları nəzərə alaraq dilçilik terminləri toplanıb, sistemə salınıb, dilçiliyin müasir tələbləri baxımından onların izahı verilib. Lüğətin sözlüyü hazırlanarkən ilk növbədə ali və orta məktəb dərslərində, dərs vəsaitlərində işlənərək sabitləşmiş terminlər toplanıb. Bu baxımdan lüğətin tərtibində normativlik prinsipi əsas götürülüb. Həmçinin dilçilikdə ən çox işlənən terminlərin lüğətə daxil edilməsinə üstünlük verilib. Sözlüyə daxil olan terminlər işləndiyi mənada dəqiq izah olunub. Terminlər əlifba sırası ilə düzülüb, əsas terminlər baş söz kimi verilib. Əsas maddədə mövzu ilə əlaqədar terminlər daxili əlifba sırası ilə qruplaşdırılıb. Bununla yanaşı hər bir terminin həm türk, həm də ingilis qarşılığı verilib. Beləliklə, dilçilik elminin müasir tələblər baxımından inkişafını təmin etmək üçün onun anlayışlarının ifadəsi olan terminlər toplanıb və təkmilləşdirilərək izahı verilib. Azərbaycan müstəqilliyə qədəm qoyduqdan sonra ictimai-siyasi həyatda baş verən yeniləşmələr, eləcə də elmi-texniki tərəqqi ilə bağlı dilimizə çoxlu miqdarda alınmalar daxil edilib. Bu alınmaların çoxunun mənası işlənmə məqamları dəqiqləşmədiyindən onların işlənməsində hərc-mərclik özünü göstərir. Ona görə də müxtəlif elm sahələrində, ictimai-siyasi həyatda həmin anlayışların düzgün işlənilməməsi hallarına rast gəlinir. Bunu nəzərə alaraq həmin alınma terminlərin izahlı lüğətinin tərtibi vacib problemlərdəndir. Lüğət hazırlanarkən ictimai-siyasi həyatla, informatika ilə bağlı dilimizə daxil olmuş terminlərin izahına geniş yer verilib. Lüğətdə terminlər əlifba sırası ilə düzülüb, əsas terminlər baş söz kimi verilib. Əsas maddədə mövzu ilə əlaqədar terminlər də əlifba sırası ilə qruplaşdırılıb. Lüğətin əsas istiqaməti nəzərə alınaraq sabitləşmiş terminlərin şərhinə geniş yer verilib. Bununla yanaşı bir sıra - «Ehtimal nəzəriyyəsi və riyazi statiskaya aid lüğət» (azərbaycanca-türkcə-rusca-ingiliscə, Bakı, 2002), «Rusca-azərbaycanca fövqəladə hallarla bağlı terminlərin izahlı lüğəti» (Bakı, 2003), «İnformatika, telekommunikasiya radioelektronika üzrə ingiliscə-rusca-azərbaycanca terminoloji lüğət» (Bakı, 2003), «İngiliscə-rusca hüquq terminləri lüğəti» (2003), «İngiliscə-rusca-türkcə-azərbaycanca hüquq terminləri lüğəti» və s. lüğətlər şöbədə müzakirə olunub və nəşrə tövsiyə edilib.

- Sizin terminologiya ilə bağlı yeni kitabınız nəşr olunub. Burada əsasən hansı məsələlər öz əksini tapıb?

- “Azərbayçan dilinin terminologiyası” (Bakı, “Elm”, 2011, 400 s) monoqrafiyasında terminologiyanın nəzəri məsələləri öz əksini tapıb. Elmi-texniki, ictimai-iqtisadi mədəni həyatda baş verən yeniləşmələr dildə öz təsirini daha aydın əks etdirir. Bu təsir bütün elmi anlayışları ifadə etmək imkanına malik olan, daim yeniləşən zənginləşən terminologiyada daha qabarıq müşahidə olunur. Beləliklə, dildə hər bir yeni anlayışın daxili imkanlar hesabına terminlə ifadə edilməsi mümkünsüzdür. Buna görə terminoloji layın mühüm bir hissəsini alınma terminlər təşkil edir. Ancaq dilimizin daxili imkanlarından istifadə etməklə yeni terminlərin yaradılması ənənəsi hər zaman termin yaradıcılığında əsas istiqamətlərdən biri olub. Çünki hər bir dilin lüğət tərkibinin əsas hissəsini təşkil edən terminoloji qat alınma sözlər hesabına deyil, milli terminlərin yaradılması hesabına zənginləşir.

- Terminologiyanın qarşısında duran problemlər hansılardır? 

- Müasir cəmiyyətdə elmlər ümumi xarakter kəsb etməklə müəy­yən sahələrə bölünür. Onları ayıran elmlərin bu şəkildə bö­lün­mə­si­nə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan an­la­yış­lar sisteminin müxtəlifliyi hər bir elm sahəsinə aid müəyyən ter­min­lər sisteminin yaranmasına səbəb olur. Ayrı-ayrı bilik sahələrinə aid ter­minlərə xas olan xüsusiyyətlərin ümumi cəhətləri onların xüsusi ola­raq, yəni müstəqil şəkildə öyrənilməsini tələb edir. Ona görə bu məsələlərin kompleks şəkildə araş­dı­rıl­ma­sı z­əruridir. Ayrı-ayrı terminoloji məktəblərin təcrübəsinin ümu­mil­əş­dirilməsi, onların həll yollarının müəyyənləşdirilməsi termi­n­­o­lo­gi­ya­nın ümumi nəzəri məsələlərini təşkil edir. Bu məsələlərə həm ay­rı-ayrı dillərin müxtəlif sahə terminologiyalarının formalaşması on­ların termin yaradıcılıq prosesi daxildir. Bu zaman dillərarası əla­qə­lərin məntiqi nəticəsi tədqiqat obyektinin düzgün təhlili dil konstruk­siyalarının işarə olunma imkanlarını üzə çıxarır. Ümumi ter­mi­no­logiya ayrı-ayrı terminoloji sistemlər üzərində təcrübi nəti­cə­sin­də əldə edilmiş ümumiləşdirmələr əsasında yaranır. Ümumi nəzəri ter­minologiya mütəxəssislərin fəaliyyəti nəticəsində yaranan uni­ver­sal faktlarla əlaqəli inkişaf edir. Yəni elmlərin müasir səviyyəsində bir neçə elm sahələri ilə bağlı tədqiqat aparmaq  terminologiyanın hə­min sahələrlə əlaqədar məfhum anlayışlarının məna mahiyyətini düz­gün dərk etməyi tələb edir. Bu baxımdan ümumi terminologiya sahə terminoloji sistemlərin məcmusu kimi yaranır. Ümumi ter­mi­no­lo­giyanın formalaşmasında aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

- Ümumi nəzəri terminologiyanın qarşısında duran əsas və­z­i­fə­lər­dən biri elmi texniki biliklər əsasında formalaşan anlayış məfhumların xüsusiyyətlərini araşdırmaq;

- Bu dil vahidlərinə məxsus olan səciyyəvi əlamətləri dil xü­su­siyyətlərini müəyyənləşdirmək;

- Dildə yeni yaranan terminlərin unifikasiyasının optimal yol­larını sistemləşdirmək;- Terminoloji leksikada əhatə olunan universal dil faktlarını müəy­yənləşdirmək;- Ayrı-ayrı elm sahələrini əhatə edən terminoloji sistemlərin for­malaşmasını inkişafını tədqiq etmək; - Dünya terminoloji məktəblərinin təcrübəsini dərindən öyrənib ümu­miləşdirmək.Göründüyü kimi, bütün bu vəzifələrin həll edilməsi sürətlə qlo­bal­laşan, bütövləşən bəşəri elmi-texniki areala qovuşan Azərbaycan el­minin elmi dilinin inkişafının tənzimlənməsində mühüm ad­dım­dır. Ona görə terminologiyanın aktual  problemlərini həll etmək, baş verən dəyişiklikləri nizama salmaq qarşıda duran ən vacib prob­lem­lərdəndir. 

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-18 aprel.- S.12.