“Bizim
telekanallarda əfsuslar olsun
ki, bir çox
verilişlər xaricdə olan verilişlərin
təkrarıdır”
İradə Yaqubova: “Hər bir
verilişi burada tətbiq edəndə ilk növbədə
bizim cəmiyyətimizin həm mənəvi, həm mədəni,
həm də sağlamlıq baxımından xüsusiyyətlərini
mütləq nəzərə almaq lazımdır”
Bugünlərdə
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirildi. Bir sıra məsələlərin
müzakirə olunduğu iclasda ərzaq təhlükəsizliyinin
eyni zamanda insanların sağlamlığı olduğunu deyən
ölkə başçısı qeyd edib ki, insanlar təmiz,
keyfiyyətli qida almalıdırlar, təmiz, keyfiyyətli su
içməlidirlər: “Bununla bərabər keyfiyyətsiz ərzaq,
əlbəttə ki, böyük təhlükə mənbəyidir.
Mən hesab edirəm ki, bu sahəyə daha da böyük diqqət
göstərilməlidir. Bir halda ki, bundan söz
düşdü, bir məsələyə də diqqət
yetirmək istəyirəm. Bizim televiziya kanallarımız, demək
olar ki, onların hamısı indi belə verilişlər, yəni
mətbəxlə, yeməklərin bişirilməsi,
hazırlanması ilə bağlı verilişlər təqdim
edirlər. Birincisi, onu demək istəyirəm ki, bu da xaricdən
gələn bir meyildir. O ölkələrdə ki, evlərdə
yemək bişirilmir, onlar üçün bəlkə bu,
daha da aktualdır. Təbii ki, Azərbaycanda evlərdə
bişirilən yemək indi istənilən restorandan daha da
yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə
də gəlib çatıbdır. Mən etiraz etmirəm,
olsun. Ancaq bir şərtlə ki, orada göstərilən
reseptlər və yeməklərin bişirilmə qaydaları
insanların sağlamlığına mənfi təsir
göstərməsin. Mən o verilişlərə hərdənbir
baxıram və bəzi hallarda çox ürəkağrısı
ilə görürəm ki, indi yağın içində
üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu
yeməkləri gündə yeyən insan xəstələnəcəkdir.
Yəni nə qədər gülməlidirsə, bir o qədər
də faciəvidir. Doğrudan, biz sağlam həyat tərzini
təbliğ edirik. İnsanları pis vərdişlərdən
çəkindirməyə çalışırıq,
idmanı təbliğ edirik, siqaret çəkənə
müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə
aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə
olan halda bizim bəzi kanalların insanlara verdikləri təkliflər
əlbəttə ki, çox məyusedicidir. Mən özəl
kanalların siyasətinə qarışmaq fikrində deyiləm.
Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi
üçün sağlam reseptləri daha çox tətbiq
etsinlər”. Bu gün həqiqətən də televiziya
kanallarının əksəriyyətində mətbəxlə
bağlı, yeməklərin hazırlanma qaydası
düzgün təqdim olunmayan verilişlər yer alır ki,
bu verilişlər heç də cəmiyyət tərəfindən
müsbət qarşılanmır.
“Sağlam həyat tərzini təbliğ etmək, insanları pis vərdişlərdən çəkindirmək, idmanı təbliğ etmək lazımdır” “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da bildirdi ki, ölkə başçısı müşavirədə çox aktual bir məsələyə toxunaraq televiziya kanallarında mətbəx proqramlarına münasibət bildirib: “Sağlam həyat tərzini təbliğ etmək, insanları pis vərdişlərdən çəkindirmək, idmanı təbliğ etmək lazımdır. Ölkə başçısı nəinki qidalanma, ümumiyyətlə, sağlam həyat tərzinə diqqət yetirərək televiziya kanallarının burda müstəsna rolunu bir daha vurğuladı. Ona görə ki, televiziya kanalları hər bir ailənin evinə daxil olaraq gündəlik məsləhətçisinə çevrilir. Bizim telekanallarda əfsuslar olsun ki, bir çox verilişlər xaricdə olan verilişlərin təkrarıdır. Lakin hər bir verilişi burada tətbiq edəndə ilk növbədə bizim cəmiyyətimizin həm mənəvi, həm mədəni, həm də sağlamlıq baxımından xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır. Mən çox ümid edirəm ki, bizim televiziya kanalları ictimaiyyətin səsini dinləməsələr də, bundan sonra ölkə başçısının çağırışına diqqət yetirərlər. Bundan sonra öz verilişlərini daha da təkmilləşdirərlər”. Hazırda belə mətbəx verilişlərinin hər kanalda yayımlandığını deyən mərkəz rəhbərinin sözlərinə görə, bu verilişlərin xaricdə dəb olmasına gəldikdə isə bu onunla bağlıdır ki, bir sıra ölkələrdə milli ənənələr, evdə xörək hazırlanması ənənələri itib: “Ona görə də həmin verilişləri verməklə istəyirlər ki, ailələri öz evlərində qidalanmağa, milli ənənələrə qaytarsınlar. Söhbət ondan gedir ki, bu zaman həmin milli mətbəx qorunub saxlanılır, nəsildən-nəsilə ötürülür. Əgər biz ancaq “fast-food”lara, restoranlara üz tutub qidalansaq, o zaman təqdim olunan menyudan nəinki asılı olacağıq, ona öyrəşəcəyik, gələcək nəsillər də fikirləşəcək ki, elə Azərbaycan mətbəxi həmin “fast-food”dan ibarətdir. Ona görə də evdə qidalanma çox vacibdir. Evdar qadınların bir çoxu adi mürəbbəni və yaxud Azərbaycanda hazırlanan şirniyyatı bişirə bilmirlər. Onlar artıq düşünür ki, “niyə əziyyət çəkirəm, gedib mağazadan alaram”. Sabah milli şirniyyatlarımızı bişirənlərin sayı kəskin surətdə azalacaq. Mən çox şadam ki, ölkə başçısı belə bir aktual, əhəmiyyətli məsələyə toxunub. Bu, ciddi müzakirənin predmetidir”.
Nigar Abdullayeva
Palitra.-2012.-18 aprel.- S.5.