“Valyuta ehtiyatları Azərbaycanın həm iqtisadi, həm də siyasi təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır”

 

İqtisadi ekspert Vüqar Bayramov: “Azərbaycanı heç zaman defolt təhlükəsi gözləmir”

 

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət ciddi göstəricilərlə diqqəti cəlb edir. Bu göstəricilər ildən-ilə daha böyük rəqəmlərlə ortaya çıxır ki, bu da iqtisadiyyatımızda xeyli keyfiyyət dəyişliklərinə gətirib çıxarıb. Birincisi, qeyd edək ki, strateji valyuta ehtiyatlarımız kəskin bir şəkildə artıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində bu barədə bildirib ki, valyuta ehtiyatlarımız artıq 43 milyard dolar civarındadır: “O da bizim strateji xəttimizdir ki, biz daim - hər il və hər rüb strateji ehtiyatlarımızı artırmalıyıq. Baxmayaraq ki, Dövlət Neft Fondundan bu il də dövlət büdcəsinə kifayət qədər böyük transfert olunmuşdur və bu proses davam etməkdədir. Ancaq gəlirlər xərclərimizi üstələyir. Bu da çox müsbət göstəricidir. Biz imkan daxilində öz maddi resurslarımızdan istifadə edirik”.Göründüyü kimi, valyuta ehtiyatlarımızın rekord həddə artması xarici borclarla müqayisədə gəlirlərimiz və maliyyə resurslarımızın qat-qat artıq olduğunu göstərir. İqtisadi ekspert Vüqar Bayramov da qeyd edir ki, valyuta ehtiyatlarımızın 43 milyard dolardan artıq olması o deməkdir ki, faktiki olaraq Azərbaycanın valyuta ehtiyatları ümum daxili məhsula yaxınlaşır: “Əslində dünyada valyuta ehtiyatları baxımından az ölkələr var ki, həmin ölkələrdə valyuta ehtiyatlarının həcmi məhz ümumdaxili məhsulun həcminə yaxınlaşıb. Eyni zamanda digər müsbət cəhət ondan ibarətdir ki, Azərbaycanda valyuta ehtiyatları ölkənin xarici borcundan təxminən 10 dəfə çoxdur. Bu göstərici həm ölkə, həm də xarici investorlar üçün mesajdır. Azərbaycanı heç zaman defolt təhlükəsi gözləmir. Çünki Azərbaycanın valyuta ehtiyatlarının həcmi imkan verir ki, dövlətimiz xarici borc öhdəliklərini asanlıqla yerinə yetirsin. Eyni zamanda Azərbaycanın xarici borcunun həcmi ümumdaxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu baxımdan valyuta ehtiyatlarının həcmi faktiki olaraq həm də ölkə üçün kifayət qədər qoruyucu bir yastıq rolunu oynayır. Bu, imkan verir ki, iqtisadiyyatın müxtəlif sahələrinə daha çox vəsait ayırmaq mümkün olsun. Eyni zamanda bunun məhz Azərbaycan üçün strateji əhəmiyyəti ondan ibarətdir ki, artım Azərbaycanın həm iqtisadi, həm də siyasi təhlükəsizliyinin formalaşmasında, qorunmasında mühüm rol oynayır. Çünki valyuta ehtiyatlarının həlli ölkənin strateji təhlükəsizliyi üçün ən əhəmiyyətli faktorlardan biri hesab olunur. Valyuta ehtiyatlarının artması imkan verir ki, kifayət qədər strateji qərarlar qəbul olunsun. Azərbaycan son illər regionda bir sıra irimiqyaslı layihələrə imza atır. Valyuta ehtiyatlarının həcminin daha da artması isə imkan verir ki, Azərbaycan regional və meqa layihələrin həyata keçirilməsində daim əsas ölkə rolunu oynasın. Məsələn, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişində həmin dəmir yol xəttinin Ermənistandan keçməsi üçün həm ABŞ həm də Avropa Birliyinin təzyiqləri vardı. Onlar öz banklarına bu layihənin maliyyələşdirilməməsi üçün göstəriş vermişdilər. Amma faktiki olaraq həmin layihənin reallaşmasının qarşısını almaq mümkün olmadı. Məhz Azərbaycanın iradəsi yetdi ki, bu layihə Ermənistan təcrid olunmaqla reallaşsın. Buna da Azərbaycanın maliyyə resursları imkan verdi. Bu da göstərir ki, maliyyə resursları və valyuta ehtyatları Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”. Beləliklə, birmənalı şəkildə valyuta ehtiyatlarının həcminin artıq 43 milyard dollara çatması Azərbaycanın iqtisadi və siyasi suverenliyinin həmişəlik qorunub saxlanması üçün həlledici amillərdən biridir. 

 

 Qeyri-neft sektorunda keyfiyyət dəyişikliyi

 

İqtisadiyyatda baş verməkdə olan keyfiyyət dəyişikliklərindən biri ölkənin qeyri-neft sektorunda artımın ildən-ilə xeyli dərəcədə çoxalmasıdır ki, bu da sözügedən sahədə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsindıə mümkün olub. Ölkədə qeyri-neft iqtisadiyyatı sürətlə artır. Belə ki, birinci rübdə ümumdaxili məhsul 0,5 faiz artıb.Təkcə qeyri-neft sektorunda isə ümumdaxili məhsul 7,7 faiz artıb. Bu, çox uğurlu göstərici hesab edilir.

İqtisadiyyatın diversifikasiyası bu sahədə ciddi ulurlar əldə edilməsinə imkan yaradır. Ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, qeyri-neft sənayesi 16,5 faiz artıb. Bu, müstəqillik dövründə rekord göstərici sayılır. Əvvəllər uzun müddət belə bir problem olub ki, neftin payı iqtisadiyyatımızda həddindən artıq çox olub. Ekspert V.Bayramova görə, bunun müəyyən obyektiv səbəbləri olub: “Amma sözsüz, davamlı iqtisadiyyat və iqtisadi inkişaf neft sektorunun həm ÜDM-də, həm də digər makroiqtisadi göstəricilərdə payının azaldılmasını tələb edir. Sevindirici haldır ki, 2011-ci ilin yekunlarında və 2012-ci ilin birinci rübünün yekunlarında qeyri-neft sektorunun inkişafı və artımı müşahidə olunur. Bəllidir ki, qeyri-neft sektoru üzrə ÜDM 7,7 faiz artıb. Eyni zamanda, qeyri-neft sektoru özlüyündə 16 faiz artıb ki, bu da neftdən asılılığın aradan qaldırılması üçün olduqca vacibdir. Qeyri-neft sektorunun payının artması, ağırlığın getdikcə daha çox qeyri-neft sektorunun üzərinə düşməsi davamlı iqtisadiyyata nail olunması baxımından əlverişlidir. Çünki əslində vacib məsələlərdən biri qeyri-neft sektorunun payının artırılmasıdır. Qeyri-neft sektorunun bütövlükdə ÜDM-də payının artması müşahidə olunur ki, bu da qeyri-neft sektorunun inkişafı ilə bağlı prioritetlərə nail olunması baxımından önəmlidir”.  İqtisadçı Nazim Məmmədov qeyd edir ki, 2011-ci ilin yekunları ilə bağlı olaraq Prezident qeyri-neft sektorunun daha da şaxələndirilməsini və Vergilər Nazirliyinin fəaliyyətinin daha da genişləndirilməsi barədə tövsiyələrini vermişdi. Çünki vergi bazasının genişləndirilməsi hökumətin qarşısında duran ən vacib məsələlərdən biridir. Hesab edirəm ki, 2012-ci ilin birinci rübünə görğə qeyri-neft sektorunun 7,7 faiz artması Vergilər Nazirliyinin fəaliyyətinə yazmaq lazımdır. Bu məsələdə Azərbaycanın göstəriciləri və dinamikası getdikcə artır”.Göründüyü kimi, iqtisadiyyatın hər hansı bir sektordan asılılığının aradan qaldırılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi baxımından qeyri-neft sektorunun inkişafındakı artımlar birmənalı olaraq müsbət qiymətləndirilir.       

 

“Azərbaycan MDB-də azsaylı ölkələrdən biridir ki, məhz özəl sektora dövlət büdcəsindın birbaşa maliyyə dəstəyi verir”

 

Həmçinin özəl sektora dövlət tərəfindən göstərilən həm siyasi, həm maddi dəstək, kredit və subsidiyalar qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır. Qeyri-neft sektorunun inkişafı özəl sektorun inkişafı nəticəsində formalaşır və artır.Həmçinin hazırda tikilməkdə olan iri sənaye müəssisələri gələcəkdə fəaliyyətə başlayandan sonra qeyri-neft sənayesinin inkişafına daha da böyük töhfə verəcək. Sahibkarlığın inkişafı ilə bağlı hazırda ciddi problem yoxdur. Ölkədə sahibkarlıq institutu güclənməkdədir. V.Bayramov da bildirir ki, özəl sektorun inkişafı ölkədə sürətlənib: “Azərbaycan MDB-də azsaylı ölkələrdən biridir ki, məhz özəl sektora dövlət büdcəsindın birbaşa maliyyə dəstəyi verir. Hər il dövlət büdcəsi hesabına kiçik və orta sahibkarlara külli miqdarda vəsaitlər ayrılır. Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən sahibkarların layihələri maliyyələşdirilir. Sənaye və aqrar sektorda çalışan kiçik və orta sahibkarların təxminən 140 milyon manata yaxın layihələri maliyyələşdirilib. Həmçinin aqrar sektorda çalışanlara isə Maliyyə Nazirliyi tərəfindən xüsusi subsidiyalar ayrılır. Bu subsidiyaların həcmi il ərzində 100 milyon manata çatır.  Bütün bunlarla birgə isə praktiki olaraq il ərzində 250 milyon manata yaxın vəsait sahibkarlara verilir. Bu isə kifayət qədər böyük vəsaitdir.  Adambaşına düşən subsidiyaların həcminə görə Azərbaycan MDB-də faktiki olaraq birincidir”.

 

“Sahibkarların qeydiyyatı üçün tələb olunan prosedurlar Avropa standartları ilə müqayisədə iki dəfə yaxşı səviyyədədir”

 

Ölkədə biznes mühiti ildən-ilə yaxşılaşır ki, bu da investisiyaları cəlb etmək üçün yeni imkanlar açır. İnvestisiyaları cıəlb etmək məsələsində Azərbaycanın göstəriciləri xeyli yaxşılaşıb. Ekspert Bayramov isə düşünür ki, bu göstəricilər ildən-ilə daha da yüksəlir: “Azərbaycan Dünya Bankı tərəfindən dünyada 10 ən islahatçı ölkədən biri olaraq qiymətləndirilir. Bu, biznes mühitinin yaxşılaşması baxımından üstün göstəricidir. Biznes mühitinin yaxşılaşdırılması özəl sektora göstərilən ən böyük dəstəklərdəndir. Sahibkarların qeydiyyatı üçün tələb olunan prosedurlar sadələşdirilib,  hətta Avropa standartları ilə müqayisədə iki dəfə yaxşı səviyyədədir. Hazırda fiziki və hüquqi şəxslərin elektron qeydiyyatı həyata keçirilir. Bu da biznes mühitinin yaqxşılaşdırıılması üçün əsas məsələlərdəndir. Bütün bunlar isə özəl sektora dəstək xarakteri daşıyır. Belə ki, özəl sektorun inkişafı yalnız maliyyə yardımlarından asılı deyil. Biznes mühitinin yaxşılaşdırılması da özəl sektorun tərəqqisində əsas faktorlardandır”.    

 

“ÜDM-də xarici borcun payının 10 dəfəyə qədər az olması təhlükəsizlik baxımından xeyli sərfəlidir, xarici donorlardan asılılığın yaranmasına imkan vermir”

 

Dünyada davam edən qlobal maliyyə və iqtisadi böhran göstərir ki, əksər dövlətlər  öz hesabına yox, xarici  borclar hesabına yaşayır. Bu dövlətlər hətta sosial proqramları da borcun götürülməsi hesabına icra edir. Bu isə həmin ölkələrin gələcək iqtisadi-siyuasi durumunun təhlükəli vəriskli olduğunu büruzə verir. Azərbaycanda isə bu cür risklər qətiyyən gözlənilmir. Çünki Azərbaycan bütün investisiya və sosial proqramları öz maliyyə vəsaitləri hesabına reallaşdırır. Bu isə Azərbaycanın iqtisadi və siyasi baxımdan tam suveren bir dövlət, hətta digərlərinə borc verən donor ölkə olduğunu ortaya qoyur. V.Bayramova görə, qlobal maliyyə böhranı başladıqdan sonra xarici ölkələrin xarici borclarında artımlar müşahidə olundu: “Bu, yalnız MDM ölkələrində olmadı, eləcə də inkişaf etməkdə olan ölkələrdə xarici borcların həcmi son illər artmaqdadır. Elə inkişaf etmiş ölkələrdən ABŞ-ın hazırda xarici borclarının həcmi 15,5 trilyon dollardır. Bu, ABŞ-ın ÜDM-sinin 99 faizidir. Böyük Britaniyada bu borc göstəricisi 8,9 trilyon dollardır ki, bu da həmin ölkənin ÜDM-sindəın 3,6 dəfə çoxdur. Almaniyada da xarici borcun həcmi ÜDM-nin həcmindən 42 faiz çoxdur.  MDB-də bu sahədə ən yaxşı vəziyyət Azərbaycandadır. Hətta MDB-nin neft ölkələrində belə xarici borcların həcminin ÜDM-yə nisbəti Azərbaycanla müqayisədə qat-qat çoxdur. Ümumiyyətlə, digər ölkələrlə müqayisədə Azərbaycanın xarici borcu çox azdır”. Bu, Azərbaycana nə verir?

Ekspert V.Bayramov bildirir ki, ÜDM-də xarici borcun payının 10 dəfəyə qədər az olması Azərbaycana həm təhlükəsizlik baxımından xeyli sərfəlidir, həm də xarici donorlardan, beynəlxalq maliyyə qurumlarından, xarici ölkələrdən asılılığın yaranmasına imkan vermir: “Maliyyə baxımından praktiki olaraq Azərbaycan xarici qurum və ölkələrdən asılı deyil. Bir sıra hallarda Azərbaycan özü donor kimi çıxış edir və təşəbbüsçü olur ki, bu da Azərbaycanın bölgədə dominantlığını göstərir. Məsələn, Gürcüsatana, Serbiyaya və digər ölkərlə verilən borc və kreditlər də bunu göstərir”. Beləliklə, xarici borcumuzun ÜDM-yə nisbətən dəfələrlə az olması və valyuta ehtiyatlarımızın kifayət qədər çoxluğu Azərbaycana iqtisadi suverenliyini daimi olaraq qorumağa yardım etməklə bərabər, dünya çapında intensiv maliyyə manevrləri etməyə imkan yaradıb.  

 

 

İlkin AĞAYEV

 

Palitra.-2012.-18 aprel.- S.4.