Psixoloq Humay Axundzadə::
“Serialların insanın davranışına, psixikasına təsiri
kifayət qədər güclüdür”
“Bu seriallara daim baxan və yetişən
nəsil də oxşar həyat ssenarisini yaşamağa
başlayırlar”
Bu
gün əksər evlərdə seriallar böyük maraqla
izlənir. Özü də xarici seriallar... Cənubi Amerika və
türk seriallarından sonra artıq hind serialları da
tamaşaçılarımızı özünə “əsir”
etdi. “Bu zalım dünyada doğulma” adlı serialdakı bir qadın obrazına görə
serial xalq arasında “Amaci” adı ilə məşhurlaşıb.
Şəhəri gəzəndə hətta “Amaci məkanı”
adlı çayxananın da açıldığının
şahidi oldum. Serialın bir neçə seriyasını izlədim
və düşündüm ki, nə üçün biz
hindlilərin ucqar kənd həyatına
bu qədər maraqla baxırıq. Ətrafımızda olan
qonşular hər gün böyük bir intizarla bu serialı
gözləyirlər. Mövzu isə olduqca primitivdir: Amaci
adlı kəndxuda qadınların hüquqlarını
tapdalayır, orta əsrlərdə olduğu kimi, yeni
doğulan qızları məhv edir, ona qarşı gələnləri
zor gücünə susdurur və s. Etiraf edim ki, ətrafımda
olan insanların bir çoxu artıq bu serialın “xəstəsinə”
çevrilib. “Serial xəstəliyi”nin
yaranma tarixinə baxaq.
Ötən
əsrin 70-80-ci illərində braziliyalıların
istehsalı olan "Kəniz İzaura" (“Rabınya
İzaura”) ilə “serial xəstəliyi”nin ilk simptomları
özünü büruzə verməyə başladı. Müstəqillik
qazandıqdan sonra bu ölkənin istehsalı olan seriallar Azərbaycana
daha geniş addımlarla ayaq açdı. Seriallar
siyahısını uzatmaq da olar. Lakin onlar arasında 90-ci illərdə
yayımlanan, Amerika istehsalı olan "Santa Barbara" isə
öz uzunömürlülüyü ilə az qala rekorda imza
atırdı. 1984-cü ildən Rusiya kanalından
yayımlanmağa başlayan film 1993-cü ildə 2137 seriya ilə
güclə başa çatdı. Bundan sonra efirlərimizi Latın Amerikası və türk serialları zəbt etdi. Bu barədə mətbuatda, efirlərdə çox danışılıb. Amma
heç kim problemin mahiyyətinə araşdırmır. Biz seriallara
nə üçün
və nə vaxt baxırıq?Mövzumuz
ətrafında psixoloq
Humay Axundzadə fikirlərini bizimlə bölüşdü: “Serialların
insanın davranışına,
psixikasına təsiri
kifayət qədər
güclüdür. Hətta
sosial psixologiya sahəsində tədqiqatlar
başladıqda alimlər
hələ özləri
də güman edə bilməzdilər ki, bu serialların
təsiri yüksəkdir.
Serialların insan psixikasına təsiri ilə əlaqədar tədqiqatlar Braziliyada həyata keçirildi. Bildiyimiz kimi, bu istiqamətdə Braziliya demək olar ki dünya
birincisidir. Orda saysız-hesabsız seriallar
çəkilir. Əhalinin
yarısından çoxu
bu seriallara baxır və bu seriallar başqa
ölkələrə də
ixrac olunur. Tədqiqatların nəticəsi
heyrətamiz olmuşdu.
Demək, 30-40 il ərzində serialların
daha çox yayımlandığı ərazilərdə
aparılan müqayisələr
onu göstərib ki, bu ərazilərdə
doğum səviyyəsi,
təbii artım digər ərazilərə
nisbətən daha azdır. Eyni zamanda boşanmaların da sayı çoxdur.
Bunu alimlər onunla əlaqələndiriblər
ki, adətən serial
qəhrəmanları karyera
qurmağa cəhd göstərən, ailə
məsələlərini, ailə
dəyərlərini ikinci
planda qoyan obrazlar olur. Bu seriallara daim baxan və yetişən
nəsil də oxşar həyat ssenarisini yaşamağa başlayırlar. Hətta
belə bir göstəricilər də
var ki, məsələn,
hər hansı bir serialın baş qəhrəmanı
boşanan zamanda bu, tamaşaçıların
həyatına təsir
edir. Məsələn,
tutalım, süjet xəttinə görə,
iki həftə ərzində serialda əsas qəhrəmanın
boşanma prosesi göstərilir. Həmin iki həftə ərzində serialın izləndiyi ərazıdə
boşanmaların sayı
digər vaxtlarla müqayisədə artır.
Bu, tədqiqatçıların özləri üçün
belə heyrətamiz bir nəticə idi”. “Seriala ən çox kimlər baxır?” sualına psixoloqun cavabı isə bir qədər fərqli oldu: “İnsanın həyatında
fəallıq olmadıqda,
insanın öz real həyatı təəssüratlarla
zəngin olmadıqda,
o, qüvvəsini təsdıqləmədikdə,
həyatda ətrafındakı
insanlardan yetərincə sevgi və qayğı görmədikdə istər-istəməz
çox böyük ehtimal var ki,
o, müəyyən serialların
təsiri altına düşəcək. Çünki
bu seriallarda ilk növbədə o, baş
qəhrəmanların həyatını
müşahidə edərək
sanki o hissləri özü yaşamış
olur. Orda hansısa sevgi münasibətlərinə baxdıqca
bir növ özü yaşamamış
olduğu hissləri yaşamış olur. Və yaxud da
ordakı gərgin, təəssüratlarla zəngin
həyatı müşahidə
etdikdə özünün
bu həyata olan tələbatını
qismən ödəmiş
olur. Bu da nəticə etibarilə insanı daha da passivləşdirir. Yəni insanın öz həyatında hansısa bir iradəli, yüksək səy, qüvvə tələb edən işlərə başlamasına
əngəl törədir.
Həmçinin insanda,
xüsusilə öz həyatının darıxdırıcı
olduğunu düşünən
insanlarda bir növ məşğulluq
hissi yaradır. Həyatında ciddi və ya dəyərli
bir işi olmayan insan seriala
baxdıqda onda elə bir hiss yaranır ki, sanki onun hər
gün bir-iki saatlıq ciddi bir işi var. Ancaq əslində isə o, həmin vaxt kiminsə həyatını müşahidə
edir. Nəticə etibarilə insan öz həyatının yaradıcısı deyil, başqaların həyatının
müşahidəçisinə çevrilir. Bu, acınacaqlı
haldır. Mən Böyük Britaniyada keçirilən tədqiqatlardan
da danışmaq istəyirəm. Yeniyetmələr
valideynlərdən çox
gənclər üçün
olan serialların qəhrəmanlarını təqlid
edirlər. Hətta onlar əks cinslə olan münasibətlərində bu qəhrəmanların
fikirlərinə, davranış
tərzinə meyilli olurlar. Çünki özlərini şüursuz
olaraq həmin qəhrəmanlarla eyniləşdirirlər
və hər cəhətdən onlara oxşamağa çalışırlar.
Əlbəttə, bütün
insanları bu baxımdan eyniləşdirmək
olmaz. Mən hesab edirəm ki, serialların kor-koranə təsiri altına düşməmək
üçün insanın
özündə, daxilində
bir tənqidi mövqeyi olmalıdır.
Yəni insan yalnız seriallara deyil, ümumiyyətlə,
ətrafdan gələn
informasiyaya qarşı
tənqidi yanaşmağı
öz daxili süzgəcindən keçirməyi
bacarmalıdır. Çünki
bir qayda olaraq istər serial olsun, istər musiqi növü olsun, istər musiqi və ya başqa bir
sənət olsun, insanın tez və asanlıqla mənimsədiyi
şeylər keyfiyyətcə
aşağı olur. Yəni çox keyfiyyətli film, musiqi, ədəbiyyat nümunələrini
mənimsəmək bir
o qədər asan olmur. Çünki onları mənimsəmək,
dərk etmək və zövq almaq üçün insan özünü inkişaf etdirməli və öz üzərində işləməlidir.
Əksinə, insan nə qədər keyfiyyətsiz və ifrat populyar hansısa dəyərlərin
arxasınca getdikcə
özü primitivləşmiş
olur. Və beləliklə də zövqlər korlanır”.
- Əksər qızlarımız
seriallardakı xanımlara
bənzəməyə çalışırlar.
Əks cinsdə də eyni hallar
müşahidə olunur.
- Özünü xarici görünüşdən başqalarına
bənzətmək də
daxili tənqidin olmaması, komformizm kimi keyfiyyətin olmasını göstərir.
Yəni insanın öz daxili məni, mənlik şüuru , özünüdərketməsi yetkindirsə, formalaşmışsa,
o, hər telekanalda gördüyü şeylərin
dalınca getməyəcək.
Əgər bunu uşaq və yeniyetmələr edirsə,
onları hardasa başa düşmək olar. Müəyyən bir keçid dövrü üçün
onlar bunu bir növ “xəstəlik”
olaraq yaşamalı olurlar. Sevimli, film qəhrəmanı və ya aktyorun görkəmində
olaraq özlərini daha xoşagəlimli və populyar hiss edirlər. Yeniyetməlik dövründə bütün
bunların yaşanılması
təbii haldır. Lakin əgər sonraki yaş dövrlərində bu tendensiyalar müşahidə
olunursa, qeyd etdiyim kimi, belə
hallar daxili böhran yaşayan və aktiv həyatı
olmayan insanlar üçün xarakterik olan bir haldır.
- Yerli seriallarımız olduğu
halda nə üçün bizim yeniyetmələr əcnəbi
serial qəhrəmanlarına bənzəməyə səy
göstərir?
- Bu, serialların keyfiyyəti ilə əlaqəli ola bilər. Serial çəkmək üzrə
daha təcrübəli
olan ölkələrin
süjet xətti çox işlənib. Onlar artıq bilirlər ki, hansı tip qəhrəman
olmalıdır, hansı
tip ailə olmalıdır
ki, tamaşaçı
üçün maraqlı
olsun. Ola bilsin ki, səbəbi budur. Bundan əlavə
burda arxitipik məqamlar da rol oynayır. Milliyətindən, dinindən,
dilindən asılı
olmayaraq müəyyən
ümumbəşəri, şüuraltı səviyədə
obrazlar var. Həmin arxitiplər serialda təsadüfən və ya düşünülmüş
olaraq elə seçilir ki, bu obrazlar başqa
millətdən olanları
da öz təsiri altına ala bilir. Bu obrazlar ümumbəşəri olduğu
üçün hamıya
təsir edir. Psixologiyada belə bir anlayış var - ona “zeyqarnik
effekti” deyilir. Təbii sonluğu olmayan vəziyyətləri,
tamamlanmayan hərəkətləri
insanlar daha yaxşı yadda saxlayır. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır ki, tamamlanmamış hərəkətlər mənfi
emosiyaların mənbəyi
olduğundan müsbət
emosiyalara nisbətən
daha güclü təsirə malikdir. Məhz buna görə də adamlar uğursuz sevgini, bədbəxt hadisələri, xəstəliyi,
əzablarını, həyəcanlarını
daha dəqiq və aydın yadda saxlayırlar. Bu effekt seriallarda da özünü göstərir. Serial yarımçıq
qaldıqda insanlar gələn dəfəyə
qədər o serialı
unuda bilmir. Serial bitdikdə isə başqa seriala tamaşa edənlər onu unudur.
- Bəs “serial xəstəliyi”nə qarşı
hansı tədbirlər
görə bilərik?
- Düşünürəm ki,
valideynlər uşağı
tərbiyə etmək
üçün özü
onlara nümunə olmalıdır. Ona qadağan etdiyi seriala valideyn özü tamaşa edirsə, bunun əksini övladından gözləyə bilməz.
Yaşlı insanların
seriala baxması onların passiv həyatı ilə bağlıdır. Bizdə
qocalıq dövrü
fəalliğın tamamilə
olmadığı bir
dövr kimi göstərilir. Ancaq xaricdə yaşlı insanların öz asudə vaxtlarını təşkil etməsi üçün müəyyən
proqramlar, tədbirlər həyata keçirilir. Məncə,
biz də yaşlı
insanların həyatını
maraqlı edərək
onları serial asılılığından
xilas edə bilərik.
Nüşabə
Palitra.-2012.-20 aprel.-S.15.