Hollandiyada əmindirlər ki, Azərbaycan “Eurovisiona ev sahibliyi etməklə bütün dünyanı təəccübləndirəcək”

 

“Çox fəxr edirik ki, bir çox ölkələrdən nümayəndələr gündən-günə gözəlləşən Bakının qonağı olaraq mədəniyyətimizlə tanış olacaq, mükəmməl milli mətbəximizin ləziz yeməklərini dadacaqlar”

 

Layihə çərçivəsində növbəti müsahibimizAna Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Azərbaycan və Niderland Yazıçılar Birliklərinin üzvü, Niderland Ssenaristlər və Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət xadimi Gülşən Lətifdir: 

- Mədəniyyətimizin inkişafında diasporun rolunu necə qiymətləndirirsiniz?

- Bir hələ bir neçə il öncə düşdüyümüz mühitlərdə antitəbliğatla üz-üzə gəldik. Buna görə də biz yeni bir strategiya düşünməli idik. Unutmamalıyıq ki, diasporumuz ölkəmizi təmsil edən xalq diplomatlarıdır. 1950-60-cı illərdə oraya isci quvvəsi kimi gələn basqa ölkələrin nümayəndələrindən fərqli olaraq bizim diaspor üzvlərin arasında ziyalı təbəqəsi çox idi. Azərbaycandan gələn insanların ziyalı olması bizim böyük bir şansımızdır. İstər tariximiz, istər mədəniyyətimizlə bağlı diasporun gördüyü işlər çox mühümdür. Məsələn, cəmiyyətimizin strategiyasi bu idi ki, qadınlar bir araya gələrək mədəniyyətimizi təbliğ edəcək. Biz sərgilər, mili bayramlar, təqdimatlar, konfranslar keçirirdik. Hazırda orada öz fəaliyyəti ilə seçilən sənətkarlarımız var. Məsələn, bizim cəmiyyətin üzvü olan rəssamlarımız var ki, onların sərgiləri təşkil olunanda, böyük maraqla qarşılanır. Vəfa Rüstəmova, Elman Əliyev, Rasim Hüseynov kimi rəssamlarımızın adınə çəkmək istəyirəm. Eyni zamanda orada Firəngiz Bağırova kimi sənətkarımız var ki, “Sarı gəlin” xalq mahnısını Holland xoru ilə ifa edib. Həmçinin, Elxan Rzayev kimi istedadlı bəstəkarımız var, hansi ki, öz fəaliyyəti ilə hollandları Azərbaycan musiqisinə məftun edib. Bunlar hamısı gözə görünməyən bir iş olsa da mühüm işlərdir. Eləcə də orada bir neçə jurnalistimiz fəaliyyət göstərir ki, hər məqalələrində Azərbaycanla bağlı reallıqları çatdırmağa çalışırlar, tariximizi, mədəniyyətimizi təbliğ edirlər. Orada ssenaristlər, yeni böyüyən gənc nəsil var ki, çox istedadlıdırlar və onlar musiqi bəstələyirlər, film çəkirlər, festivallara gedirlər. Azərbaycan deyəndə tanınmış simalar var ki, biz onlarla fəxr edirik. Elm adamlarımız var ki, azərbaycançılıq ideyasının mənbəyində mədəniyyət dayanır.

- Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Hollandiyada ölkəmizdə keçiriləcək bu müsabiqəyə münasibət necədir?

- Ümumiyyətlə, “Eurovision” Hollandiya üçün çox incə məsələdir. Çünki, Hollandiya uzun müddətdir ki, bu mahnı müsabiqəsində irəli çıxa bilmir. Bu müsabiqədə heç tanınmamış bir ölkənin burada iştirakı ilə bir neçə ilin içində III,V ve VII yerləri alaraq onluğa düşməsi və nəhayət ki, ötən il 1-ci yeri qazanaraq qalib olması böyük bir şokdur. Nəinki Hollandiya, bütün Avropa üçün bu, Azərbaycanı yeni bir rakursda tanımaqdır. Bizim üçün də böyük bir fəxrdir. Biz bu qələbəni çox gözlədik. Hələ ötən müsabiqədə Aysel Teymurzadə ilə Araş çıxış edəndə qalib olmağı düşünürdük. Ancaq hər halda Rıbakın mahnısı daha üstün səs topladı və halbuki bizim mahnı heç də ondan zəif deyildi. Nəhayət, ötən il biz birincilik qazananda sevincimizin həddi-hüdudu yox idi. Düşünürük ki, biz sözün həqiqi mənasında bu yarışmayı qazandıq. Çünki Azərbaycan çox gözəl musiqilərilə, ifaları ilə yadda qaldı. Azərbaycan artıq dillərdədir. “Eurovision” namizədləri içərisində favorit oldu. Biz çox fəxr edirik ki, bir çox ölkələrdən nümayəndələr Azərbaycana gələcək. Gündən-günə gözəlləşən Bakının qonağı olacaqlar, mədəniyyətimizlə tanış olacaq, mükəmməl, dünyada ən gözəl olan milli mətbəximizin ləziz yeməklərini dadacaqlar. Günəşli ölkəmizi ziyarət edəcəklər və bu, hamımızın fəxridir.  Hollandiya Azərbaycanın təmsil olunduğu bütünEurovision” mahnı müsabiqələrində bizim ölkəyə səs verdibu, bizim diasporun roludur, çünki mövcud olan diasporumuz çox vətənpərvərdir. Diasporumuz Vətən üçün canından keçməyə hazırdır. Mən azərbaycanlı ailələr tanıyıram ki, məhz “Eurovision” zamanı öz maaşlarını kartlara verib, durmadan ölkəmizə səs verirlər. Lakin təkcə azərbaycanlılar səs verməklə bu qədər yüksək səs toplamaq mümkün olmazdı. Orada 17 milyonluq xalq yaşayır və onlar da öz səslərini veriblər. Ümumiyyətlə, bizi orada dəstəkləyən yerli xalqdır və onlar da bu gözəl musiqiyə səs verir. Bizim musiqimiz də həqiqətən gözəldir. Azərbaycanın dostları Hollandiyada gündən-günə çoxalır, artır. Hazırda səbirsizliklə müsabiqəni gözləyirlər. Çox böyük bir hazırlıq aparırlar. Bu dəfə müsabiqəyə ilk dəfə olaraq çox ciddi yanaşırlar. Müsabiqəyə göndərdikləri nümayəndəni dəqiqliklə seçiblər. Artıq finala çıxmaq istəyirlər və inanırlar ki, Azərbaycanda bu olacaq. Azərbaycan “Eurovisiona ev sahibliyi etməklə bütün dünyanı təəccübləndirəcək. Biz bunu gözləyirik.

- Hollandiyada Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər necə qarşılanır?

- Artıq Hollandiyada Azərbaycan tanınır, maraqla qarşılanır.  Bu sahədə Azərbaycanın Hollandiyada artıq 5 ildən çoxdur ki, bizim fəaliyyət göstərən səfirliyimizin böyük rolu var. Eləcə də bizim diasporumuzun, Holland-Azərbaycan Dostları Cəmiyyətinin mühüm rolu var. Çünki o cəmiyyətdə sırf hollandlar, tanınmış ziyalı insanlar, Azərbaycanı sevənlər təmsil olunub. Azərbaycanı ancaq “Eurovision”la deyil, həm də gördüyü işlərlə tanıyırlar. Məsələn, Niderlandda Məmməd Məmmədov adlı tanınmış azərbaycanlı var ki, Osterweyk şəhərinin düşməndən azad olunması uğrunda mübarizə aparıb. Indi onun şərəfinə park açılacaq. Onunla bağlı film çəkilib, hər kəs bilir ki, o azərbaycanlıdır. Məmməd Məmmədov başqa da bir neçə nəfər azərbaycanlı orada qəhrəmanlıqla döyüşüblər. Yəni, bu cür faktlarla tanımaqla yanaşı Azərbaycan “Eurovision”la diqqət çəkdi və artıq qalib gəldikdə dillərə dastan oldu. Mədəniyyətlə bağlı tədbirlər keçirəndə yerli əhalini cəlb edirik. Diasporumuzun təşkil etdiyi tədbirlərdə daha çox istəyirik ki, yerli əhali gəlsin, mədəniyyətimizlə, insanlarımızla tanış olsun. Bilsinlər ki, bir xalq olaraq biz kimik. Çalışırıq onlarla davamlı əlaqə saxlayaq və tədbirlərimizi universitetlərdə keçirək. Daha çox ətrafımıza gənc tələbəri yığmağa çalışırıq. Hansısa bir aksiyada gənclərdən tələb edirik ki, özü ilə bir nəfər gənc holland dostunu gətirsin və beləliklə, Azərbaycanın dostlarının sayı artar, ölkəmizi daha çox tanıyarlar. Əvvəllər bizim tədbirlərə ehtiyatla yanaşırdılarsa, amma indi artıq Azərbaycan deyəndə cana yaxın insanlar, gülərüz, yumorlu insanlar, yüksək mədəniyyətli ölkə kimi qəbul edirlər.

-Bugünlərdə sizin yeni kitabınızın təqdimatı oldu. Bu kitabla bağlı fikirlərinizi bilmək istərdik?

-Mənim yeni kitabım “Bir çətir altında” adlanır. Kitab Moskvada nəşr olunub. Mən bir neçə hekayəmi toplayarq qovluq şəklində Moskvada bir redaksiyaya göndərdim. Sadəcə, bu hekayələrlə bağlı fikirlərini bilmək istədim. Ancaq sonra onlardan mənə təklif gəldi ki, biz bunu kitab halında çap etmək istəyirik. Bildirdilər ki, bizim rus ədəbiyyatımızın ən gözəl ənənəsi olan “balaca insan”ın acısını, sevgisini, həyatını burada açıqlamısınız, eyni zamanda emiqrantlardan yazmısınız və biz inanırıq ki, kitab böyük maraq doğuracaq. Kitab çap olunmadan öncə hekayələri Hollandiyada yaşayan azərbaycanlı rəssamlarımıza göndərmişdim, cunki oxumaq üçün istəmişdilər. Onlar bundan təsirlənmişdilər və mənə illüstrasiyalarını göndərmişdilər. Mən Moskva nəşriyyatından sadəcə bir şərtim oldu ki, illüsrasiyaları bizim ressamlar təqdim edəcək. Qəbul etdilər və illüstrasiyaları bəyəndilər. Sonra may ayında Moskvada kitabın təqdimatı oldu, təəssüf ki, səhhətimlə bağlı mən oraya gedə bilmədim. Amma mən qəzetlərdə oxudum ki, möhtəşəm bir təqdimat mərasimi olub, Rusiyanın tanınmış ziyalıları iştirak ediblər. Bundan bir ay sonra mənə xəbər gəldi ki, həmin kitaba görə mənə    “Rusiya xalqlarının XI Artiadası” incəsənət festivalının “Ədəbiyyat” nominasiyası üzrə laureatı adını qazandırıb. Daha sonra holland nəşriyyatı bu kitabla maraqlandı və orada nəşr olundu. Azərbaycanda təqdimatı olan olan kitab rus dilindədir. Çox sağ olsun, Kinoşünaslar İttifaqı Moskvadan kitabı gətirdilər və özləri təqdimat hazırladılar. Kitab artıq Azərbaycan dilinə tərcümə olunub.

-Hazırda hansı roman üzərində işləyirsiniz?

- Mənim ilk romanım “Nəslimin qızları” olub və bu, “Sağ ikən ölmə”trilogiyasının birinci hissəsi idi. Bu yaxınlarda “Yad torpagda” adlanan ikinci hissə də oxuculara təqdim olunacaq.             

 

 

Nigar Abdullayeva

    

Palitra.-25 aprel.-S.13.