Əməkdar artist Vamiq Məmmədəliyev:
“Biz artıq Azərbaycan
muğamını Avropa səhnəsinə
çıxarmışıq”
Azərbaycan mədəniyyətinin, incəsənətinin ən öndə gedən sahələrindən
biri xalq musiqimizdir. Bu elə bir sahədir ki, daim araşdırılır, tədqiq olunur və hər dəfə də maraqlı
elmi müzakirələrə səbəb
olur. Xalq musiqimizdən
söhbət açdıqsa, burda
muğamların üzərində xüsusi
dayanmaq lazımdır. Çünki xalq musiqimizin əsası məhz onlarla
bağlıdır.
Muğam Azərbaycan klassik xalq
yaradıcılığı musiqisinin əsas janrı
kimi
Muğam
sözü iran-ərəb-türk dilində işlənilən
"məqam" sözündən yaranıb. "Məqam"
sözü simli alətlərdəki pərdə mənasına
gəlir. Hər muğamın da əsas (mayə) notu alətin
bir pərdəsində olduğu üçün bu ad verilib.
Təxminən XIV əsrə qədər Yaxın Şərq
xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar
baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən
bu vahid musiqi janrı xalqlara uyğun parçalanıb. Klassik
Şərq muğamı 12 əsas muğam və 6 avazatdan
ibarət olub. Əsas muğamlar: “ Nəva”, “Busəlik”,
“Rast”, “Əraq”, “İsfahan”, “Zirəfkənd”, “Büzürk”,
“Zəngülə”, “Rəhavi”, “Hüseyni” və “Hicaz”,
avazatlar isə “Şahnaz”, “Mayə”, “Səlmək”, “Novruz”, “Kərdaniyə”,
“Güvaşt” dan ibarət idi.Keçən əsr 70-ci illərin
əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi
altında keçirilən ənənəvi musiqinin beynəlxalq
festivalları Qərb üçün sovet Şərqinin ənənəvi
musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti
kimi Azərbaycan muğam sənətini "kəşf
etdi". O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti
məkanına daxil olmağa başlayır. 1971-ci ildə UNESCO
50 albomdan ibarət olan "Dünya ənənəvi
musiqisinin antologiyası" kolleksiyasına "Şərqin
musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan
musiqisi" plastinkasını daxil edib. 1975-ci ildə Azərbaycan
muğamları yenə də UNESCO tərəfindən
"Musiqi mənbələri" seriyasında
buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin
bütün dünya ekranlarını dolaşan
"Stalker" filmində də səslənib. 2003-cü ildə
UNESCO Azərbaycan muğamını "bəşəriyyətin
şifahi və mənəvi irsinin şedevrləri"
siyahısına daxil etdi və bununla da muğamın bədii
təkrarolunmazlığını və dünya mədəniyyəti
üçün dəyərini təsdiq etdi.Layihə çərçivəsində
bu günkü, müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Musiqi fakültəsinin
dekanı, Əməkdar artist, ustad tarzən Vamiq Məmmədəliyev
bizə muğam haqqında ətraflı məlumat verdi. Vamiq
müəllim söhbətimizin əvvəlində muğamlarımızın mədəniyyətimizdə
yeri və rolundan danışdı: “Tariximizin
şirin-acılı məqamlarını məzmunlu musiqi
dünyamızda qoruyub saxlayan milli mədəniyyətimiz, sənətkarlarımız, milli
inkişafı çətin olan muğamlarımız bu
gün də öz zənginliyi ilə hər birimizi təkrar-təkrar ulu keçmişimizə
qaytarır, mənəvi dəyərlərimizin qiymətini
daha da artırır. Ulu öndər
Heydər Əliyevin Dünya Azərbaycanlılarının
Qurultayında milli dəyərlərimizlə bağlı fikirlərini qeyd etmək
yerinə düşər: “Biz istəyirik ki, müxtəlif
ölkələrdə yaşayan
azərbaycanlılar həmin ölkənin vətəndaşları
kimi istədikləri kimi
yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini,
milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli –mənəvi
dəyərlərimizdir, milli mədəniyyətimizdir, ədəbiyyatımızdır,
incəsənətimizdir, musiqimiz, şeirlərimiz,
mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir.
İnsan hansı ölkədə yaşamasından
asılı olmayaraq, gərək öz milliliyini qoruyub
saxlasın, öz milli dəyərlərinə, milli köklərinə
sadiq olsun. Bizim hamımızı birləşdirən, həmrəy
edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.”
Azərbaycan xalqı nəğməkar xalqdır. Hələ qədim zamanlardan bəri
çalğıya, muğama, mahnıya dərin
məhəbbət bəsləyən azərbaycanlılar
günlərini, kədərli dəqiqələrini və
şən saatlarını da musiqinin incə telləri, muğamın
axarlılığı ilə, mahnının həzin
melodiyaları ilə ifadə edirdilər. Azərbaycanda musiqi folkloru xalq
yaradıcılığının geniş
sahələrindən biridir. Bu folklorun inciləri
xalqın ən istedadlı musiqiçiləri, nəğməkarları
tərəfindən yaradılmış və zamanın
sınaqlarından çıxaraq daha da təkmilləşib. Zəhmətkeş xalq oxumağa, musiqi alətlərində ifaya
həmişə mənəvi ehtiyac hiss edib. Xalqın
mənəvi həyat tərzinin gələcək haqqında
bəslədiyi xəyalların ifadəsi kimi yaranan musiqi və nəğməkarın
sənəti öz təsir dairəsini
genişləndirərək cəmiyyətin, xalqın adət-ənənəsinə
ciddi təsir edib.
Azərbaycan musiqi sənətində xalq dühasının ən parlaq
yaradıclıq məhsulu muğamlardır. Muğamlar
musiqimizin təməli, onun
bünövrəsi, onun dayaq
sütunudur”
.
- Bizim muğamların hansi spesifik
cəhətləri var?
- Əsrlərdən
bəri davam edib gələn böyük musiqi irsimiz XIX əsrin
I yarısından başlayaraq daha da zənginləşir. Bu
dövrdə Azərbaycanda bir sıra yeni muğamlar, müxtəlif
muğam variantları, saysız-hesabsız orijinal musiqi
nümunələri yaranır. Əgər “Zabul” və
“Segah” kimi hər bir müstəqil
işlənən muğamları nəzərə almasaq,
“Zabuk-Segah”, “ Qatar” , “Kürd-Şahnaz” kimi muğamlara və xüsusən
“ Çoban Bayatısı”na
başqa Şərq ölkələrində təsadüf olunmur. Bunlar Azərbaycan
xanəndə və sazəndələrinin
yaradıcılıq məhsuludur. Muğamat Azərbaycan
xalqının zövqünü oxşayan dərin məzmunlu
musiqidir. Xalqımız onu çox sevir və asanlıqla dərk
edir. Hətta musiqi təhsili olmayanlar belə muğamatı
müəyyən dərəcədə anlayır, onu hər
hansı çalğı alətində müstəqil olmasa
da ifa və yaxud zümzümə
edir. Bu muğamatın Azərbaycan
xalqına çox yaxın olduğunu göstərir. Azərbaycanda
işlənən muğamlar özünün bir çox xüsusiyyətinə
görə başqa Şərq ölkələri
muğamlarından fərqlənir. Bu belə də
olmalıdır. Ona görə ki, mahnı, təsnif, rəqs
musiqisi kimi muğamlar da xalqımızın ictimai-iqtisadi həyatı
ilə sıx əlaqədə inkişaf edərək
yayılıb. Cəmiyyətin müəyyən inkişaf
dövrü ilə əlaqədar
olaraq, muğamlar da müxtəlif dəyişikliklərə
uğrayaraq, zaman keçdikcə öz məzmun və şəklini bu və ya digər
dərəcədə dəyişib. Öz tarixi etibarilə
çox qədim zamanlarla bağlı olan bu musiqi
növünün harada, nə vaxt və kim tərəfindən
yaradıldığını
konkret şəkildə demək çətindir.
Çünki, muğam musiqisi təkcə
bir xalqa deyil , bir neçə xalqa aiddir. Hələ orta əsrlər
musiqi mədəniyyətimizdə xüsusən
muğamların inkişafında məşhur azərbaycanlı musiqişünaslardan Səfiəddin
Əbdül Mömin Yusif Əl Urməvi (XII əsr) , Xacə
Əbdül Qadir Məraği (XIX əsr) , Mirzə Bəy
(XVII əsr) kimi şəxslər iştirak edib..
Muğamı bilmək və ifa
etmək müqayisə edilməz dərəcədə
çətindir. Xalq yaradıcılığının bir
qismini təşkil edən
mahnılardan və oyun
havalarından fərqli olan muğam musiqi folklorunun
professionalizmə qədər inkişaf edən
formasıdır. Muğamla dərindən məşğul
olan bir şəxs xüsusi hazırlıq əldə etməli
və buna bir sənət kimi baxmalıdır. Əks təqdirdə
muğamın əsrlər boyu qoruyub saxlanılmış
ifaçılıq ənənələri, mürəkkəb
keçid yolları və quruluş xüsusiyyətləri
axıra qədər anlaşılmamış qala bilər. Azərbaycanda
yayılmış muğamlar özünəməxsus
xüsusiyyətləri ilə xalqımızın
zövqünə uyğun üslubda inkişaf edib. Azərbaycan
xalq musiqisi janrları işərisində
şəkil etibari ilə ən böyüyü muğamdır.
Dəstgah şəkilli
vokal-instrumental muğamlar müxtəlif adlar
daşıyan bir sıra şöbələrdən təşkil
olunub. Muğamın ifasında şöbələrin
ardıcıllaşması müəyyən prinsipə tabe
olur. Yəni, hər yeni gələn şöbə əvvəlkinə
nisbətən zil tonları əhatə etməlidir. Uzun illərin
təcrübəsinə əsasən bütövlükdə
muğam və zərb muğamlarımız
proqramlaşdırılaraq uşaq musiqi məktəbində orta ixtisas musiqi kolleclərində və
ali musiqi ocaqlarında geniş surətdə tədris olunur. Azərbaycanda
hal-hazırda oxunan muğamlar
bunlardır: “ Rast”, “ Şur” , “Segah ”, “Şüştər”,
“Çahargah”,
“Bayatı-Şiraz”,
“Humayun”, “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Orta Mahur”, “Qatar”,
“Çoban-Bayatı”, “Rabah”, “Nəva”, “”Zabul-Segah”, “Kürd-Şahnaz”,
“Zabul-Segah”, “Xaric-Segah”, “Mirzə Hüseyn Segahı”.Zərb
muğamları bunlardır :”Heyratı”, “Heydəri”, “ Kəsmə
Şikəstə”, “Qarabağ Şikəstəsi”, “Mənsuriyyə”,
“Şimayi Şəms”, “Mani”, “Arazbarı”, “Ovşarı”. Qeyd
etdiyim kimi, bizdə 7 muğam var. Bunlar əsas
muğamlardır. Bu muğamlar əsasında yaranan 11
muğam hal-hazırda əsas muğamlarla
yanaşı öz şöbə və guşələri ilə
xanəndə və sazəndələrimiz tərəfindən ifa olunur. Muğam şöbələri arasında
adətən instrumental melodiyalar
da ifa olunur
ki, bunlara “rəng” deyilir. Adətən iri həcmli muğam dəstgahlarının
əvvəlində geniş
instrumental melodiya ifa olunur ki, buna
da “dəramənd” deyilir. Rəqs havası xarakteri daşıyan yüngül
rənglərə “diringi”
də deyilir. Muğam hissələri arasında bəzən həmin muğama xas olan təsniflər
də ifa olunur. Muğamın tərkib hissələri
olan dəraməd, təsnif rəng və diringi kimi musiqi nümunələrinin
əhəmiyyəti ondan
ibarətdir ki, bunlar muğamın şöbələri arasında
müəyyən vacib
olan əlaqələr
yaradır. Həmin
musiqi nümunələri muğamın
şöbələrini bir-birinə
bağlamaqla, muğam
dəstgahı oxuyan xanəndələrə arada
istirahət vermək üçün də imkan yaradır. Hal-hazırda
18 mugam dəstgahımız,
9 zərb muğamımız
öz yetkin formasını alıb.
Eyni zamanda bu muğamlarımız
Azərbaycan bəstəkarlıq
sənətinə də
öz təsirini göstərib. Və bu
da təbii bir haldır.
- Bəs muğamın Azərbaycanda hazırkı inkişafı
barədə nə deyə bilərsiz?
- Bu janrla bağlı keçirilən
müsabiqələr muğamın
Azərbaycanda yüksək
səviyyədə inkişafını
göstərir. Üstəlik ölkənin birinci xanımı Mehriban Əliyeva bu janra dövlət səviyyəsində diqqət
və qayğı göstərir. Gənc xanəndələr
də bundan ruhlanır. Bu gün görün muğama nə qədər gənc axın edir? Hətta
2008-ci ildə “Eurovision” səhnəsində
də təmsilçilərimiz
muğamdan bir parça ifa etdilər. Bu il də təmsilçimizin
ifa etdiyi mahnıda milli musiqi alətimiz balaban müşayiəti və muğamdan hissələr var. Bu isə
o deməkdir ki, biz artıq Azərbaycan
muğamını Avropa
səhnəsinə çıxarmışıq.
Məncə, bu elə böyük mədəniyyət
hadisəsidir.
Nüşabə
Palitra.-25 aprel.-S.12.