Azərbaycan dünyanın ən sürətlə varlanan ölkəsidir

 

Son 7 ildə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə Azərbaycan dünyanın 181 ölkəsi arasında ilk sıralarda qərarlaşıb. Bu barədə məlumat Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən hazırlanan ənənəvi illik hesabatda yer alıb. BVF-nin araşdırmalarına görə, ötən il Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 10 min 202 dollar olub. Bu göstərici 2005-ci illə müqayisədə 2,3 dəfə çoxdur. Belə ki, 7 il əvvəl Azərbaycanda adambaşına düşən ÜDM-nin həcmi 4 min 456 dollara bərabər olub. 

 

Liviyada adambaşına düşən ÜDM son bir ildə 2,5 dəfə azalıb  

 

BVF-nin hesabatında qeyd olunur ki, son 7 ildə Azərbaycandan sonra dünyanın ən sürətlə varlanan 2-ci ölkəsi Çin olub. 2005-2011-ci illərdə Çində adambaşına düşən ÜDM 2 dəfə artaraq 4 min 102 dollardan 8 min 382 dollara yüksəlib. Adambaşına düşən ÜDM-nin artım tempinə görə ilk beşliyi 98%-lik artımla Türkmənistan (4 051 $-dan 7 846 $-dək), 77%-lik artımla Anqola (3 329 $-dan 5 895 $-dək) və 75,5%-lik artımla Belarus (8 562 $-dan 15 028 $-dək ) tamamlayır. BVF həmçinin 2005-2011-ci illər ərzində adambaşına düşən ÜDM-nin azaldığı ölkələrin də adlarını açıqlayıb. Son 7 ildə cəmi 3 ölkədə adambaşına düşən ÜDM-nin həcmi azalıb. Dünyada iqtisadi tənəzzülə məruz qalan ölkələrin başında Liviya dayanır. 2005-ci ildə Liviyada adambaşına düşən ÜDM-nin həcmi 11 min 566 dollar olduğu halda son 7 il ərzində 2 dəfə azalaraq 5 min 787 dollara qədər enib. Bu sahədə növbəti yerləri 2,1%-lə Eritreya (751 $-dan 735 $-dək) və 0,6%-lə Bəhreyn (27 723 $-dan 27 556 $-dək) tutur. Onu da bildirək ki, Liviyada iqtisadi tənəzzül ən çox ötən il müşahidə olunub. 2011-ci il ərzində bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 2,5 dəfə azalıb. BVF-nin 2010-cu il üçün açıqladığı hesabatda göstərilir ki, Liviyada adambaşına düşən ÜDM 14 min 384 dollar olub. 

 

Rusiya, Belarus və Qazaxıstandan sonra MDB-nin ən varlı ölkəsi Azərbaycan hesab olunur 

 

Qeyd edək ki, Azərbaycan ötən il adambaşına düşən ÜDM-nin həcminə görə 181 ölkə arasında 83-cü sırada qərarlaşaraq MDB-yə daxil olan ölkələr arasında isə Rusiya, Belarus və Qazaxıstandan sonra 4-cü sırada yer alıb. BVF-nin hesabatında göstərilir ki, 181 ölkə arasında 54-cü sırada qərarlaşan Rusiyada adambaşına düşən ÜDM 16 min 736 dollar, 62-ci sırada yer alan Belarusda 15 min 28 dollar, 71-ci yerdə olan Qazaxıstanda isə 13 min dollara bərabər olub. MDB-yə üzv olan digər ölkələrə gəldikdə, qeyd edək ki, adambaşına düşən ÜDM Türkmənistanda 7 min 846, Ukraynada 7 min 233, Gürcüstanda 5 min 491, Ermənistanda 5 min 384, Moldovada 3 min 373, Özbəkistanda 3 min 302, Qırğızıstanda 2 min 372, Tacikistanda isə 2 min 67 dollar təşkil edib. 

 

Adambaşına düşən ÜDM Qətərdə 102,9 min, Konqo Demokratik Respublikasında isə 348 dollara bərabərdir  

 

Dünyanın ən varlı ölkəsi Qətər hesab olunur. BVF-nin hesabatında göstərilir ki, ötən il Qətərdə adambaşına düşən ÜDM-nin həcmi 102 min 943 dollar təşkil edib. Dünyanın ən varlı ölkələrinin siyahısında ilk onluğu Lüksenburq (adambaşına düşən ÜDM - 80 119 $), Sinqapur (59 711 $), Norveç (53 471 $), Bruney (49 384 $), Honkonq (49 137 $), ABŞ (48 387 $), Birləşmiş Ərəb Əmirlikləri (48 158 $), İsveçrə (43 370 $) və Hollandiya (42 183 $) tamamlayır. Dünyanın ən kasıb ölkəsi isə Konqo Demokratik Respublikası hesab edilir. BVF-nin hesabatında qeyd olunur ki, ötən il Konqo Demokratrik Respublikasında adambaşına düşən ÜDM cəmi 348 dollara bərabər olub. Məlumat üçün bildirək ki, kasıb ölkələrin ilk onluğuna daxil olan digər dövlətlərin hamısı Afrika qitəsində yer alır. Bu siyahıya Liberiya (adambaşına düşən ÜDM - 456 $), Zimbabve (487 $), Burundi (615 $), Eritreya (735 $), Mərkəzi Afrika Respublikası (768 $), Niger (771 $), Syerra-Leone (849 $), Malavi (860 $) və Toqo (899 $) daxildirlər.   

 

Sosial müdafiə sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı layihəsi" çərçivəsində bir çox inkişaf etmiş dünya ölkələrinin təcrübəsi öyrənilir.Nazirlikdən verilən məlumata görə, əmək ehtiyatlarının inkişafı, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi üzrə Sinqapurun əldə etdiyi müsbət təcrübənin öyrənilməsi məqsədi ilə naziri Fizuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Sinqapurda rəsmi səfərdədir. Səfər çərçivəsində Sinqapur Respublikasının insan inkişafı, o cümlədən onun əsas komponenti olan əmək ehtiyatlarının inkişafı ilə bağlı strategiyaları, idarəetmə sistemi, bu sistemin tətbiqi ilə bağlı təcrübəsi öyrənilir. Nazir F.Ələkbərov səfər çərçivəsində Sinqapurun insan resursları naziri Tan Çuan-Jin ilə görüşüb. Görüş zamanı F.Ələkbərov Azərbaycanda uğurla həyata keçirilən islahatlar və insan inkişafı ilə bağlı ətraflı məlumat verib. Nazir Tan Çuan-Jin Sinqapurda insan resurslarının inkişafı ilə bağlı həyata keçirilən siyasət, əmək bazarının monitorinqi, idarəetmə və ölkə üzrə bu sahədə əlaqələndirmə fəaliyyətinə dair müvafiq məlumat təqdim edib. Görüşdə hər iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb. Nümayəndə heyəti Sinqapur İnsan Resursları Nazirliyinin fəaliyyəti ilə də yaxından tanış olub.

Azərbaycan nümayəndə heyəti İnsan Resursları Nazirliyi nəzdində fəaliyyət göstərən Sinqapur İşçi Qüvvəsinin İnkişafı Agentliyində görüş keçirib. Görüşdə əmək bazarı üçün rəqabətqabiliyyətli işçi qüvvəsinin, peşə və təlim standartlarının hazırlanması və tətbiqi, habelə işçi qüvvəsinin keyfiyyətinin qiymətləndirilməsinə dair geniş fikir mübadilələri aparılıb.

 

 

İlkin

 

Palitra.-2012.-27 aprel.-S.10.