Elmar Məmmədov: «Fərdi birdəfəlik
ödəmə almaq hüququna
malik olan hər bir vətəndaşın bu
hüququ təmin ediləcək»
“Kapital
Bank” ASC idarə heyətinin sədri Elmar Məmmədov fərdi birdəfəlik
ödəmələrin verilməsi prosesi
ilə bağlı AzərTAc-ın suallarını cavablandırıb.
Həmin müsaibəni qısa ixtisarla təqdim
edirik:
- Məlum olduğu kimi, 2012-ci il
iyunun 1-dən keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikasının vətəndaşları
olan əmanətçilərinə fərdi birdəfəlik
ödəmələrin verilməsi prosesinə
başlanıb. İlk iki ayın nəticələri hansı
təəssüratları yaradır?
-
Bildiyiniz kimi, fərdi birdəfəlik ödəmələrin
verilməsi 65-i Bakı şəhərində, 78-i
respublikamızın digər regionlarında olmaqla “Kapital Bank”
tərəfindən ölkə üzrə
yaradılmış 143 xidmət məntəqəsində həyata
keçirilir. Müraciətlərin
sayı barədə onu demək olar ki, 2012-ci il iyulun 30-na olan
məlumata görə, “Kapital Bank”ın xidmət məntəqələrinə
449 min 69 müraciət daxil olub. Bu müraciətlərdən
393 min 16-sı məntəqələrdən mərkəzə
təqdim edilib. Bu dövr ərzində 263 min 215 əmanətçiyə
ümumilikdə 147131879,60 manatlıq vəsait ödənilib. Sevindirici məqamlardan biri budur ki,
belə bir genişmiqyaslı proses vətəndaşlarımızın
mühüm hissəsinin internet resurslarına
çıxış imkanlarına, informasiya-kommunikasiya
texnologiyaları ilə işləmək vərdişlərinə
malik olduqlarını bir daha göstərdi.
- Fərdi birdəfəlik ödəmələrin
verilməsi prosesinə start verilən ərəfədə hər
bir müraciətin cəmi 5 iş günü ərzində
icra ediləcəyi elan olunsa da, icra müddətlərinin
gecikməsi hallarına təsadüf edilir. Bu nə ilə
bağlıdır?
- Mövcud prosedurlarda, həqiqətən, hər bir müraciətin 5 iş günündən gec olmayaraq icrası nəzərdə tutulub. “Kapital Bank” müraciətlərin prosedurlarda müəyyən edilmiş müddət ərzində icrası üçün bütün imkanlarından istifadə edir. Məntəqələrə daxil olmuş hər bir müraciət araşdırma üçün onlayn rejimində “Kapital Bank”ın baş ofisində fəaliyyət göstərən Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinə ötürülür. Sənədlər tam qaydasında olduqda, əmanətçilər tərəfindən təqdim edilən məlumatlarla bankda qorunan arxiv məlumatları arasında ziddiyyət üzə çıxmadıqda, heç bir əlavə araşdırmaya ehtiyac qalmadıqda, mərkəz tərəfindən müsbət qərar qəbul edilir və ödəmə operativ qaydada həyata keçirilir. Əmanətçilər tərəfindən təqdim edilmiş sənədlərdəki məlumatlarla bankın malik olduğu arxiv məlumatları arasında hər hansı uyğunsuzluq aşkarlandıqda, sənədlərdə müəyyən çatışmazlıqlar olduqda və s. bu kimi hallarda isə əlavə araşdırmalara ehtiyac yaranır ki, bu da icra müddətinin bir müddət yubanmasını zərurətə çevirir. Nəzərə almaq lazımdır ki, bu cür araşdırmalar müəyyən qədər zaman tələb edən işdir. Aradan uzun müddət keçib. Əmanət hesablarına dair arxiv sənədlərinin qorunmasında keçmiş SSRİ vaxtında müəyyən nöqsanlara yol verilib. Bəzi sənədlər düzgün tərtib edilməyib. Ümumiyyətlə, 80-ci illərin sonlarından başlayaraq qısa müddət ərzində bu sahədə ardıcıl olaraq müxtəlif dəyişikliklər və s. həyata keçirilib. Bütün bunlardan irəli gələrək bir sıra məqamların, ortaya çıxan sualların aydınlaşdırılmasına çox tez-tez ehtiyac yaranır. Ona görə də sənədlərinin əlavə araşdırılmasına ehtiyac yaranan əmanətçilərdən bu vəziyyəti anlayışla qarşılamalarını, icra müddətinin bir müddət gecikməsindən narahat olmamalarını xahiş edərdik. Müraciətlərin həddən ziyadə çoxluğu da gecikmələrə təsir göstərən amillərdən biridir. İlk aylarda xidmət məntəqələrinə kifayət qədər müraciətlərin olacağı əvvəlcədən proqnozlaşdırılsa da, açığı, bu qədər kütləvilik bir qədər gözlənilməz idi. Lakin bütün bunlar müvəqqəti hallardır və tədricən aradan qalxacaq. Müraciətlərin sayı azaldıqca, ödəmələri nəinki 5 gün ərzində, hətta sənədlər qəbul edildikdən bir neçə saat sonra vermək mümkün olacaq. Bir daha əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, müraciətlərin icra müddəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Banka daxil olan bütün müraciətlərə qanuna müvafiq qaydada baxılır və baxılacaq. Təsadüfi deyil ki, Prezidentin 2012-ci il 14 mart tarixli fərmanında da fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əlavə bir il müddət nəzərdə tutulub. 2013-cü il dekabrın 31-dək bütün məsələlər aydınlaşdırılacaq, fərdi birdəfəlik ödəmə almaq hüququna malik olan hər bir vətəndaşın bu hüququ təmin ediləcək.
- Fərdi birdəfəlik ödəmələrin
hesablanması ilə bağlı da ara-sıra müəyyən
narazılıqlar nəzərə çarpır. Bəzi vətəndaşlar
ödəmələrin düzgün
hesablanmadığını, onlara gözlədiklərindən
az vəsait verildiyini bildirirlər. Bu narazılıqları
yaradan nədir? Doğrudanmı ödəmələrin
hesablanmasında yanlışlıqlara yol verilir?
- Fərdi
birdəfəlik ödəmələrin hesablanması mexanizmi
Prezidentin 2012-ci il 14 mart tarixli fərmanı ilə təsdiq
edilmiş “Keçmiş SSRİ Əmanət Bankının
Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
Qaydaları”na əsasən müəyyən edilib. “Kapital
Bank”da fərdi birdəfəlik ödəmələr həmin
qaydaların tələbləri əsasında
hazırlanmış kompyuter proqramı vasitəsilə
hesablanır. Hesablama proqram təminatı vasitəsilə
aparıldığından burada hər hansı
yanlışlıq tam istisnadır. Bu məsələdə əmanətçilər
arasında anlaşılmazlıq yaradan başlıca səbəb
isə bəzi əmanətçilərin hesablama qaydaları
barədə lazımi qədər məlumatlı
olmamaları, əmanət qalığının tarixi ilə
bağlı əsas şərtin bir çox hallarda nəzərə
alınmamasıdır. Sənədlərin qəbulu zamanı
xidmət məntəqələrində əmanətçilərə
verilən qəbzdə əmanət hesabındakı qalıq
tam göstərilir, vətəndaşların müəyyən
bir qismi də güman edir ki, ödəmə qəbzdə
göstərilmiş məbləğ üzrə
hesablanmalıdır. Lakin bu, belə deyil. Fərdi birdəfəlik
ödəmə Əmanət Bankında yalnız 1992-ci il
yanvarın 1-dək olan qalığa verilir. Bu tarixdən
sonrakı dövrə aid olan əmanət qalığı
hesab bağlanarkən ödəmə məbləğinə əlavə
edilsə də, həmin qalığa fərdi birdəfəlik
ödəmə hesablanmır. Ona görə də vətəndaşlar
onlara çatacaq fərdi birdəfəlik ödəmənin məbləğini
hesablamaqdan ötrü xidmət məntəqələri tərəfindən
verilmiş qəbzdəki son qalığa yox, 1992-ci il
yanvarın 1-dək olan əmanət qalığına əsaslanmalıdırlar.
1992-ci il yanvarın 1-dən sonra Əmanət Bankına pul
yerləşdirmiş vətəndaşlar bilməlidirlər
ki, həmin əmanət qalığının hesablanması
qaydası fərdi birdəfəlik ödəmənin
hesablanması qaydasından fərqlidir.
- Bunu nümunə ilə izah etmək
olarmı?
- Bəli,
bu cür nümunəli izahlar indiyə qədər də
“Kapital Bank” tərəfindən verilmiş, kütləvi
informasiya vasitələrində yayılmışdır. 01.01.1994-cü
il tarixinə qədər olan əmanət qalığı
1994-cü ildə manatın ölkə ərazisində yeganə
ödəniş vasitəsi elan edilməsi ilə əlaqədar
10-a, 01.01.2006-cı il tarixinə qədər olan əmanət
qalığı isə 2006-cı ildə aparılmış
denominasiyaya uyğun olaraq 5.000 əmsalına bölünməklə
hesablanır. Məsələn, 01.01.1992-ci il tarixinə əmanət
hesabında 2000 rubl olmuşdursa, sonra 1993-cü ildə həmin
hesaba 10000 rubl əlavə mədaxil edilmişdirsə,
ümumi məbləğ, yuxarıda da qeyd edildiyi kimi, 01.01.1994-cü
ildə rublun manata keçidi ilə əlaqədar olaraq 10-a
bölünür və hesab üzrə qalıq 1200 AZM manat
qalır. Əgər, 1994-2005-ci illərin müəyyən
dövrlərində tutaq ki, hesaba 400.000 AZM manat mədaxil
edilmişdirsə, artıq yuxarıda qeyd edildiyi kimi, denominasiya
ilə əlaqədar olaraq, 01.01.2006-cı il vəziyyətinə
401200 AZM qalıq 5000-ə bölünür və yekun məbləğ
80 AZM manat 24 qəpik təşkil edir. Deməli, 01.01.1992-ci il
tarixinə 2000 rubl məbləğində olan qalığa
300 AZM fərdi birdəfəlik ödəmə, əlavə
olaraq 80 AZM 24 qəpik, eləcə də 80.24 AZM-ə
01.01.2006-cı ildən 01.06.2012-dək hesablanmış faizlər
də nəzərə alınmaqla əmanətçiyə
381 manat 54 qəpik ödənilir.
- İlk günlərdə
xüsusi kompensasiya əmanət hesabları üzrə
müraciətlərin “Kapital Bank”ın xidmət məntəqələri
tərəfindən qəbul edilməməsi hallarına da təsadüf
edildi. Belə məhdudiyyətlər indi də qalırmı?
-
Prosesin ilk günlərində bu cür əmanət
hesabları üzrə sənədlərin qəbulundakı
müəyyən məhdudiyyətlər bu sahədə bəzi
hüquqi-texniki məsələlərin
aydınlaşdırılması, eləcə də əvvəlki
indeksasiyalarda bu əmanət növünə heç bir
kompensasiya hesablanmadığı üçün yeni baza məlumatlarının
yaranması ilə bağlı idi. Artıq bu məsələlər
öz həllini tapıb və hazırda həmin əmanət
hesabları üzrə müraciətlərin qəbulunda da
heç bir məhdudiyyət yoxdur. Belə əmanət
hesabı üzrə əmanət kitabçasına malik olan
hər bir kəs fərdi birdəfəlik ödəmə
almaq üçün müvafiq sənədlərlə xidmət
məntəqələrinə müraciət edə bilər.
Ola bilər ki, əmanətçi xüsusi kompensasiya əmanət
hesabı üzrə əmanət kitabçasına malik
deyil, lakin əmanət hesabının nömrəsi ona məlumdur.
Həmin əmanətçilər də hesab nömrəsini
müvafiq sənədlərlə birgə xidmət məntəqəsinə
təqdim etməklə fərdi birdəfəlik ödəmə
almaq üçün ərizə verə bilər. Yerli
struktur bölmələrdə müəyyən
araşdırma aparıldıqdan sonra əgər hesabın
olmasını təsdiq edən sənədlər aşkar
edilərsə, bu zaman ödəniş aparmaq
mümkündür.
- İtmiş, yaxud təqdim edilmək
üçün yararsız vəziyyətə
düşmüş əmanət kitabçaları üzrə
müraciətlər çox daxil olur?
-
2012-ci il iyulun 30-dək banka ümumilikdə 7838 belə
müraciət daxil olub. Bildiyiniz kimi, itmiş, yaxud yararsız
vəziyyətə düşmüş əmanət
kitabçaları üzrə müraciətlərin qəbulu
məqsədilə Bakıda 3, Gəncə, Sumqayıt və
Naxçıvan şəhərlərinin isə hər birində
1 əlavə ərazi məntəqəsi fəaliyyət
göstərir. Digər rayonlarda isə bu cür müraciətlərin
qəbulu “Kapital Bank”ın yerli filialları tərəfindən
həyata keçirilir.Belə müraciətlərdə əmanətçinin
verdiyi məlumatlar üzrə bankda aparılmış
tutuşdurma nəticəsində həmin məlumatlar təsdiqini
taparsa, əmanətçiyə əmanət
kitabçasını əvəz edən sənəd verilməsi
üçün bank tərəfindən Xüsusi Komissiyaya
müraciət edilir və verilən sənəd əsasında
fərdi birdəfəlik ödəmə həyata
keçirilir. Bəzən vəfat etmiş şəxsin vərəsələri
əmanət kitabçasına, eləcə də əmanət
hesabı haqqında heç məlumata malik olmadan sadəcə,
mərhumun Əmanət Bankında hesabının
olub-olmadığını aydınlaşdırmağa
çalışırlar. Bunun üçün onlar ilk
növbədə vərəsəliyin təsdiqlənməsi
üçün dövlət notariat kontoruna, yaxud məhkəməyə
müraciət etməlidirlər. Bu zaman banka notarial və
yaxud məhkəmə qaydasında sorğu verilir, həmin
sorğu əsasında araşdırma aparılır.
- Eyni şəxs bir neçə əmanət
hesabına malik olduqda fərdi birdəfəlik ödəmə
hansı qaydada hesablanır?
- Fərdi
birdəfəlik ödəmələrin məhz əmanətçilərə
verilməsi nəzərdə tutulduğundan, eyni əmanətçinin
hesablarında olan qalıqlar toplanmaqla, ödəmələr
hesablanıb verilir.
- Müxtəlif ərazilərdə
bir neçə əmanət hesabına malik olan əmanətçi
banka bir dəfə, yoxsa hər bir əmanət hesabı
üzrə ayrı-ayrılıqda müraciət etməlidir?
- Bu
halda əmanətçi hər bir əmanət hesabı
üzrə ayrı-ayrılıqda müəyyən
edilmiş məntəqəyə müraciət edir. Təbii
ki, hər bir əmanətçi fərdi birdəfəlik
ödəməni yaşadığı ərazidəki xidmət
məntəqəsindən almaq arzusundadır. Xüsusən,
faktiki yaşadığı ərazi ilə mənsub
olduğu rayonun inzibati orqanlarının yerləşdiyi ərazi
arasında böyük məsafə fərqi olan məcburi
köçkünlərin, vaxtilə əmanət
hesabını Naxçıvan Muxtar Respublikasında
açmış vətəndaşların gediş-gəlişlə
bağlı müəyyən çətinlikləri var.
“Kapital Bank” bu kateqoriyadan olan əmanətçiləri nəzərə
alaraq müəyyən tədbirlər üzərində
düşünür. Yəqin ki, belə əmanətçilərdən
sənədlərin qəbulu məqsədilə gələcəkdə
Bakıda əlavə bir xidmət məntəqəsi də
yaradılacaq. Hazırda işin çox olması, təəssüf
ki, buna imkan vermir.
- Əmanətçi fərdi birdəfəlik
ödəməni ödəniş kartı vasitəsilə
ala bilərmi?
- Bəli,
əgər vətəndaşın “Kapital Bank”da və yaxud
digər hər hansı bir bankda hesabı varsa (cari, plastik kart
və s.) ödəmə məbləği onun hesabına da
köçürülə bilər. Vətəndaş bu istəyini
ərizəsindəki xüsusi bölmədə göstərməlidir.
Bu zaman əmanətçinin fərdi birdəfəlik ödəməni
nağd qaydada almaqdan ötrü vaxt və zəhmət sərf
edib növbəti dəfə xidmət məntəqəsinə
gəlməsinə ehtiyac qalmır.
- Fərdi birdəfəlik ödəmələrin
verilməsi prosesində şəffaflıq prinsipləri
hansı səviyyədə təmin olunur?
- Əmanətçilərə
fərdi birdəfəlik ödəmələrin verilməsi
prosesinin tam şəffaf mühitdə aparılması, vətəndaşları
narazı salan hər hansı neqativ halların
qarşısının dərhal alınması
üçün müvafiq addımlar atılır, nəzarət
tədbirləri mütəmadi qaydada davam etdirilir. İndiyədək
fərdi birdəfəlik ödəmələrin verilməsi
zamanı korporativ normaları və vəzifə
borclarını pozan bir neçə bank əməkdaşı
inzibati qaydada cəzalandırılmışdır. Bu cür
hallara qarşı gələcəkdə də sərt tədbirlər
görüləcək. Vətəndaşları narahat edən
məsələlərlə bağlı müraciətlərin
qəbulu üçün bankın baş ofisində
yaradılmış “Qaynar xətt” daimi fəaliyyətdədir.
Vətəndaşlardan yazılı şəkildə həm
banka, həm də müvafiq dövlət orqanlarına daxil
olan müraciətlər də operativ qaydada
araşdırılaraq rəsmi qaydada cavablandırılır.
Ona görə də vətəndaşlardan xahiş edərdik
ki, bu prosesdə şahidi olduqları hər hansı pozuntu
faktı barədə dərhal banka məlumat versinlər. Dosta
göndər
Palitra.-2012.-1 avqust.-S.7.