«Azərbaycan ailəsi
dünyada ən yaxşı ailə modellərindən
hesab edilir»
Layihə çərçivəsində
müsahibimiz İsmayıllı Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Azər Abbasovdur:
- Rayonunuzda respublika səviyyəli
«Ailə bayramı» keçirildi. Bu tədbirin təşkil
edilməsinin əsas məqsədi nə idi?
-
İsmayıllıda 15 may-Beynəlxalq Ailə Günü
münasibətilə “Ailə bayramı--2012” devizi altında
tədbir keçirildi. Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi və İsmayıllı
Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Azərbaycanın
bütün rayonlarından gəlmiş 82 nümunəvi ailə
iştirak etdi. BMT-nın qərarı ilə 1993-cü ildən
etibarən hər il qeyd olunan bu bayram artıq beşinci ildir
ki, Azərbaycanda da keçirilir. Tədbirin əsas məqsədi
cəmiyyətin diqqətini son dərəcə vacib olan ailə
məsələlərinə yönəltməkdən ibarətdir.
Hazırda ölkədə iki milyona yaxın ailə var. Bu
gün Azərbaycan ailəsi dünyada ən yaxşı ailə
modellərindən hesab edilir. Tədbirdə vurğulandı
ki, Azərbaycanda tarixən formalaşmış özünəməxsus
ənənəvi ailə modeli var. Bu ailə daim yüksək
etik-əxlaqi dəyərləri, milli-mədəni sərvətlərimizə
hörməti ilə fərqlənib. Əlbəttə, bu
gün cəmiyyətdə gedən inkişaf, təbii ki, Azərbaycan
ailəsinə də təsirsiz ötüşmür. Bu,
ümumbəşəri dəyərlərdən faydalanmaqla yanaşı,
həm də mənfi təsirlərdən qorunmaq zərurətini
də qarşıya çıxarır. Müstəqillikdən
sonra Azərbaycanda ailə siyasətinin formalaşması
ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Milli-mənəvi dəyərləri
xalqımızın ən böyük sərvəti hesab edən
ulu öndər bu dəyərlərin qorunması zərurətini
dönə-dönə söyləyib. Ailə dəyərlərinin
qorunması, hər bir ailəyə diqqət və
qayğı bu gün prioritet məsələlərdəndir.
Ölkəmizdə Dağlıq Qarabağ münaqişəsi
nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə
qarşılaşan qaçqın və məcburi
köçkün ailələrinə, habelə aztəminatlı
ailələrə maddi yardım və digər güzəştlər
məhz bu diqqət və qayğının təzahürüdür.
İsmayıllıda keçirlən “Ailə bayramı-2012”də
təşkil olunan, ayrı-ayrı bölgələrdən gələn
ailələrin əl işlərindən ibarət sərgi, elə
oradaca hazırlanan milli mətbəx nümunələri,
musiqiçilərin zəngin repertuarlı konserti, gənc
idmançıların çıxışları
iştirakçılarda yüksək bayram əhval-ruhiyyəsi
yaratmışdı. Tədbir çərçivəsində
nümunəvi ailələrə mükafatlar verildi. Bayramda
iki gəncin nikah mərasimi və Həmzəyevlərin
«Brilyant toyu» mərasimi də oldu.
- Rayonda kitabın təbliği
istiqamətində hansı işlər həyata
keçirilir?
-
İsmayıllıda kitabın sevilməsi üçün
müxtəlif tədbirlər həyata keçirilir. Məsələn,
Heydər Əliyev adına mədəniyyət və istirahət
parkında 15 İyun Milli Qurtuluş Gününə həsr
edilmiş tədbirlər çərçivəsində
«kitab bayramı» keçirmişdik. Tədbir
iştirakçıları parkda təşkil edilmiş kitab
guşələri və sərgilərinə baxdılar. Tədbirdə,
həmçinin Prezidentin sərəncamlarına müvafiq
olaraq Azərbaycanın görkəmli sənətkarlarının
yubiley mərasimlərinin keçirilməsi məqsədilə
hazırlanmış guşədə müxtəlif çap
məhsulları nümayiş etdirildi.
İştirakçılara rayonda kitabxanaların maddi-texniki
bazasının möhkəmləndirilməsi, yeni nəşrlər
hesabına kitab fondunun artırılması, kitabxana-informasiya
sahəsinin genişləndirilməsi və s. barədə ətraflı
məlumat verildi. İyun ayında da rayon mərkəzində
geniş ictimaiyyətin iştirakı ilə geniş “Kitab
bayramı” qeyd olundu. Bundan savayı Uşaq
Yaradıcılıq Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin və Mirzə Fətəli Axundov
adına Milli Kitabxananın dəstəyi və geniş
ictimaiyyətin iştirakı ilə
“Mirzə Ələkbər Sabir - 150” mövzusunda tədbir
keçirilib. Tədbirdən əvvəl Mərkəzləşdirilmiş
Kitabxana Sistemi Mirzə Ələkbər Sabirin kitablarından
ibarət sərgi təşkil etmişdi. Eləcə də
Kürdəmir rayonunda “Mirzə Ələkbər Sabir - 150”
mövzusunda keçirilən konfransda iştirak etmişik. Mədəni-maarif
müəssisələrində müntəzəm şəkildə
fotostendlər hazırlanaraq nümayiş etdirilir. Şəki
şəhərində keçirilən Mirzə Fətəli
Axundzadənin 200 illik yubileyinə həsr olunmuş “Deyilən
söz yadigardır” VI Respublika bədii qiraət müsabiqəsində də
iştirak etmişik. Rayon Tarix-Diyarşünaslıq Muzeyində
“Muzeylər günü” münasibəti ilə “Açıq
qapı günü” elan olunması artıq ənənə
halını alıb. Azərbaycanın Milli İncəsənət
Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə təşkil olunmuş “Fransa inciləri”
sərgisində də iştirakımız təmin olunub. Eyni
zamanda Bakıda ABŞ-ın Smitson Universitetinin muzeylər
assosiasiyasının muzey direktorları üçün təşkil
etdiyi seminar-treninqdə rayon nümayəndələri
iştirak ediblər. Mədəniyyət və Turizm
Nazirliyinin Regionlarla iş şöbəsinin dəstəyi ilə
keçirilən “Mədəniyyət abidələrimiz”
adlı fotomüsabiqədə iştirak etmişik və
diploma layiq görülmüşük. Ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq
velosiped turunda rayonun Nizami küçəsi boyunca rayon
ictimaiyyətinin, rayon Mədəniyyət Mərkəzinin
“Niyal” instrumental ansamblının, folklor qruplarının, mədəni-maarif
işçilərinin iştirakı ilə konsert proqramı
təşkil olunmuşdu. Rayon İcra Hakimiyyətinin, Mədəniyyət
və Turizm Şöbəsinin, Gənclər və İdman
İdarəsinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə
“Olimpiya yol yürüşü” proqramı çərçivəsində
rayon Mədəniyyət Mərkəzinin qarşısında
konsert proqramı da təşkil edilib.
- Rayonda xalq teatrlarının təşkili
işində hansı yeniliklər var?
-
Qeyd edim ki, iyunun 28-də Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodik Mərkəzi Qax şəhərində “Xalq
teatrı - problemlər və perspektivlər” mövzusunda zona
elmi-praktik seminarı təşkil etmişdi. Seminarda
İsmayıllı, Balakən və Oğuz rayonlarında fəaliyyət
göstərən xalq teatrlarının rejissor və
quruluş hissə müdirləri iştirak ediblər. Tədbirdə
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Nəzir Omarov, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin direktor müavini Polad
Zeynalov və İncəsənət bilikləri şöbəsinin
müdiri Rafiq Quliyev xalq teatrlarının problemləri və
onların aradan qaldırılması üçün
görüləcək işlər barədə məlumat
verdilər. Teatr Xadimləri İttifaqının
Yaradıcılıq şöbəsinin baş mütəxəssisi
Çingiz Ələsgərli xalq teatrlarında repertuar
seçimindən və yaradıcılıq əlaqələrinin
inkişaf etməsinin zəruriliyindən danışıb.
Ümumittifaq festivalları laureatı, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin metodisti Qurbanəli
Mürsəlov özfəaliyyət və xalq teatrlarına gənclərin
cəlb edilməsi və onlara diqqətin
artırılmasının əhəmiyyətindən söz
açdı. Seminara dəvət olunan xalq teatrlarının
rejissor və quruluş hissə müdirləri mövzu ətrafında
çıxış ediblər. Tədbirin sonunda Qax Rayon Xalq
Teatrı tərəfindən Məhərrəm Əlizadənin
"Şeyx Rəhmətullah" komediyasını seminar
iştirakçılarına təqdim edildi.
Anar Miriyev
Palitra.-2012.-3 avqust.-S.11.