Bodrumda Azərbaycan diaspor
təşkilatlarının forumu keçirilir
Türkiyənin Bodrum şəhərində
“Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə
inteqrasiyası: mövcud vəziyyət və
perspektiv gözləntilər” mövzusunda forum öz işinə başlayıb. Forumda Milli Məclis sədrinin birinci
müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin müdiri
Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov,
Moskva şəhəri Regionlararası əməkdaşlıq,
milli siyasət və dini
təşkilatlarla əlaqələr departamentinin
rəhbəri Yuri Artyuk,
Türkiyənin Yalıkavak bələdiyyə başkanı Mustafa Saruhan iştirak ediblər.
Forumda
əsasən Rusiya, Ukrayna, Türkiyə və Avropa ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının
rəhbərləri iştirak edir. Qeyd edək ki, toplantıya
ümumilikdə 200 nəfər qatılıb. 26 ölkədən
172 diaspor təşkilatlarının
nümayəndəsinin qatıldığı tədbirdə
iştirakçıların 157 nəfəri xarici ölkələrdə
fəaliyyət göstərən Azərbaycan icma və
birliklərinin rəhbərləridir. Forumu giriş
sözü ilə açan Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov qeyd edib ki,
forumun əsas məqsədi xarici ölkələrdə
yaşayan azərbaycanlıların cəmiyyətə
inteqrasiyası, hüquq və azadlıqlarının
müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində diaspor təşkilatlarımızın
fəaliyyəti ilə bağlı məsələləri
bir daha müzakirə etməkdən ibarətdir: “Forumda biz
daha çox problemlərə, diaspor təşkilatlarının
səmərəli fəaliyyətinə maneə yaradan amillərə
diqqət ayırmağa çalışacağıq”.
N.İbrahimov deyib ki, ötən müddət ərzində Azərbaycan
diasporu çox böyük inkişaf yolu keçib. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
əsası qoyulmuş diaspor quruculuğu siyasətinin
dünyanın müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımızı vahid bir ideya - Azərbaycançılıq
ideyası ətrafında birləşdirməyə imkan
yaratdığını bildirən Dövlət Komitəsinin
sədri xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyev də
ümummilli liderin siyasətini davam etdirərək xaricdə
yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimiz
arasında birlik və həmrəyliyin gücləndirilməsinə
xidmət edən bir sıra tarixi qərarlara imza atıb: “Məhz
cənab Prezidentin davamlı dəstəyi sayəsində biz
qısa vaxt ərzində formalaşmış, müəyyən
potensiala sahib olan diasporun yaradılmasına nail olduq. 2011-ci ildə
Dünya Azərbaycanlılarının III Qurultayı ərəfəsində
Azərbaycan diasporunun 50-dən çox nümayəndəsinin
fəxri adlara və dövlət təltiflərinə layiq
görülməsi, bu yaxınlarda Prezident tərəfindən
Diasporla İş üzrə Dövlət Komitəsinə
Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılması və
Dövlət Komitəsi əməkdaşlarının bir
qrupunun təltif edilməsi ilə bağlı sərəncamlar
bir daha dövlət başçısının diaspor
quruculuğu işinə xüsusi önəm verdiyinin və
bizlərə dərin etimadının ifadəsidir. Biz hər
birimiz öz fəaliyyətimizlə bu etimadı
doğrultmağa çalışmalıyıq”. Prezident İlham Əliyevin Dünya
Azərbaycanlılarının III Qurultayındakı nitqində
Azərbaycan diasporunun qarşısında bir sıra vəzifələr
qoyulduğunu xatırladan N.İbrahimov forumda keçiriləcək
panellərdə bu vəzifələrin müzakirə ediləcəyini
bildirib. O qeyd edib ki, forum çərçivəsində Azərbaycan
Respublikasının dövlət və hökumət nümayəndələrinin
diaspor təşkilatları rəhbərləri ilə
görüşləri də nəzərdə tutulub: “Bu
görüşlərin də əsas məqsədi
ayrı-ayrı regionlarda, ölkələrdə Azərbaycan
diasporunun problemlərini birgə müzakirə etməkdən
ibarətdir. Sizdən bu müzakirələrdə çox fəal
iştirak etməyi, öz təkliflərinizi, müzakirəyə
çıxarılan bütün məsələlər
haqqında rəyinizi bildirməyinizi xahiş edirik.”
“Hər
bir diaspor nümayəndəsi öz peşəsi, fəaliyyəti
ilə yaşadığı ölkədə müəyyən
mənada həm də öz xalqı haqqında təsəvvür
yaradır” Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov forumda
geniş nitqlə çıxış edib. O, öz
çıxışında Azərbaycan dövlətinin
diaspor və lobbi quruculuğu sahəsində siyasətinin əsas
aspektlərini, istiqamət və prioritetlərini təhlil
edib, qarşıda duran vəzifələr haqqında fikirlərini
səsləndirib. Ə.Həsənov bildirib ki, Azərbaycan
diasporunun hər bir nümayəndəsi xarici ölkədə
öz Vətənini, öz xalqını təmsil edir:“Bu
toplantıda iştirak edənlər məhz öz ölkəsini,
öz xalqını təmsil edən insanlardir. Sizlər
öz vaxtınızın müəyyən bir hissəsini bu
missiyanı yerinə yetirməyə sərf edirsiniz. Hər
bir diaspor nümayəndəsi öz peşəsi, fəaliyyəti
ilə yaşadığı ölkədə müəyyən
mənada həm də öz xalqı haqqında təsəvvür
yaradır”. Prezident Administrasiyasının şöbə
müdiri qeyd edib ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti
Rusiyadakı azərbaycan diasporunun nümayəndələridir
və onlar daha mürəkkəb bir mühitdə və daha
çətin şəraitdə fəaliyyət göstərirlər:
“Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev
Dünya Azərbaycanlılarının I Qurultayında xaricdə
yaşayan azərbaycanlıların fəaliyyət fəlsəfəsini
ehtiva edən bir prinsip müəyyənləşdirib. Hər
bir azərbaycanlı yaşadığı ölkənin dəyərli
vətəndaşı olmalıdır. Ə.Həsənov
diasporun fəaliyyətinin ikinci mühüm şərti olaraq
ümummilli lider Heydər Əliyevin “Hər bir xaricdə
yaşayan soydaşımız azərbaycanlı olduğunu
unutmamalıdır” prinsipini vurğulayıb. O qeyd edib ki, azərbaycanlılar
haqqında elə obraz formalaşdırılmalıdır ki,
hər bir soydaşımız öz milli mənsubiyyəti ilə
fəxr edə bilsin. Əli Həsənov diqqətə
çatdırıb ki, Azərbaycan müstəqil bir dövlətdir
və onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və
digər maraqları var və bu maraqların təyin
olunmasında Azərbaycan diasporunun nümayəndələri
də fəal iştirak etməlidir: “Bunun ən vacib şərtlərindən
biri ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlılar məskunlaşdığı
ölkənin dəyərli vətəndaşı olmalı,
o ölkənin inkişafında mühüm yer tutmağı
bacarmalıdır. Bu, nəticə etibarilə bizim ölkələrimiz
arasında münasibətlərin inkişafına da müsbət
impuls verir. Çünki Azərbaycan diasporu fəal olduğu,
Rusiya cəmiyyətinin inkişafına töhfələr
verdiyi təqdirdə Rusiya dövləti də Azərbaycanla
münasibətlərdə bu amili nəzərə
alacaqdır”. Azərbaycan dövlətinin diaspor quruculuğu
işinə başqa ölkələrlə müqayisədə
bir qədər gec başladığını qeyd edən Əli
Həsənov Prezident İlham Əliyevin son on ildə bu sahəyə
xüsusi diqqət və qayğı ilə
yanaşdığını bildirib. O qeyd edib ki, Prezident
İlham Əliyev dünyanın hər hansı ölkəsində
yaşayan hər bir azərbaycanlının hüquq və
azadlıqlarının qorunmasına xüsusi önəm
verir. Əli Həsənov vurğulayıb ki, azərbaycanlıların
təşkilatlanması, ictimai-siyasi fəallığının
yüksəldilməsi prioritet məsələlərdir:
“Ötən müddətdə bu sahədə müəyyən
işlər görülüb və Diasporla İş üzrə
Dövlət Komitəsi də üzərinə düşən
vəzifələri uğurla həyata keçirir. Əlbəttə,
bu o demək deyil ki, bizim bütün problemlərimiz həll
olunub. Lakin qısa vaxtda böyük nailiyyətlər əldə
olunub”.
Yuri Artyuk: “Azərbaycan diasporu
Rusiyada fəaldır”
Moskva
şəhəri Regionlararası əməkdaşlıq, milli
siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri
Yuri Artyuk isə çıxışında Azərbaycan
diasporunun Rusiyada fəal olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan
diasporu ilə çox sıx əməkdaşlıq əlaqələri
var və azərbaycanlıların milli bayramlarının qeyd
olunması ilə bağlı bir sıra tədbirlərə
Moskva hökuməti dəfələrlə dəstək verib.
Y.Artyuk Moskva hökumətinin Diasporla İş üzrə
Dövlət Komitəsi ilə də səmərəli əməkdaşlıq
əlaqələrinin mövcud olduğunu diqqətə
çatdırıb.Fasilədən sonra «Ümumrusiya Azərbaycan
Konqresi Rusiya Federasiyasında
yaşayan azərbaycanlıların birlik modeli kimi»
mövzusunda keçirilən I
Panel iclası öz işinə başlayıb. Panel
iclasını açan Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri qeyd edib ki,
Rusiya Federasiyası azərbaycanlıların ən
çox yaşadığı xarici ölkələrdən
biridir və ən böyük Azərbaycan diasporu məhz bu
ölkənin ərazisində fəaliyyət göstərir.
“2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada ən
böyük Azərbaycan diaspor təşkilatlarından biri-
Ümumrusiya Azərbaycan Konqresi yaradılıb. Fəaliyyət
göstərdiyi müddət ərzində konqres həmvətənlərimizin
təşkilatlanması, hüquq və
azadlıqlarının qorunması, cəmiyyətə
inteqrasiyası, eyni zamanda iki ölkə arasında münasibətlərin
inkişafına öz töhfələrini verib. Rusiyadakı
Azərbaycan diasporunun fəaliyyət göstərdiyi şərtlər,
ictimai mühit, cəmiyyətə inteqrasiya səviyyəsi
digər ölkələrlə müqayisədə kifayət
qədər fərqlidir. Bu baxımdan Ümumrusiya Azərbaycan
Konqresi Rusiyada yaşayan azərbaycanlıların uğurlu
birlik modeli kimi özünü doğruldub”. Nazim İbrahimov
bildirib ki, Rusiyanın bütün regionlarında fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
nümayəndələrinin burada iştirakı bizim
müzakirələri kifayət qədər səmərəli
şəkildə qurmağımıza imkan verir. Ümumrusiya
Azərbaycan Konqresinin Baş katibi Mikayıl Hüseynov təşkilatın
11 illik fəaliyyəti ərzində azərbaycanlıların
təşkilatlanması, hüquq və
azadlıqlarının qorunması sahəsində bir sıra
uğurlu tədbirlərin həyata keçirildiyini qeyd edib.
Dünya azərbaycanlılarının I və II
qurultaylarında Rusiyadakı azərbaycan diasporu fəallarının
bir qrupunun Azərbaycan Prezidenti tərəfindən təltif
olunduğunu xatırladan M.Hüseynov bunu dövlət
qayğısının təzahürü kimi qiymətləndirib.
O, ÜAK-ın Rusiyanın ictimai-siyasi həyatında fəal
iştirak etdiyini və iki
ölkə arasında münasibətlərin inkişafına
töhfə verməyə
çalışdığını vurğulayıb.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) Mərkəzi Şurasının üzvü Emin
Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
sədri Leyla xanım Əliyevanın forum
iştirakçılarına salamlarını
çatdırıb. E.Hacıyev RAGT-nin ötən dövrdəki
fəaliyyəti ilə bağlı məlumat verib, təşkilat
tərəfindən keçirilən tədbirlərin əhəmiyyətindən
danışıb.Ümumrusiya Azərbaycan Konqresi baş
katibinin müavini Nemət Nağdəliyev son illərdə gənclərin
diaspor quruculuğu işində daha fəal iştirak etdiyini
bildirib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında xaricdə təhsil alan tələbələrin
xüsusi fəallıq göstərdiyini diqqətə
çatdırıb. Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi
Şurasının üzvü professor Tofiq Məlikov,
Sankt-Peterburqun “Azərbaycan icmasi” cəmiyyətinin sədri
Heydər İmanov,
ÜAK-ın Yakutiya regional
bölməsinin sədri
Rafiq Gafarov, ÜAK-ın Murmansk
regional bölməsinin sədri Afil Hüseynov öz
çıxışlarında Azərbaycan diasporunu narahat edən
problemlər barədə danışıb, müxtəlif
problemlərin həlli ilə bağlı təkliflərini səsləndiriblər. Milli Məclis sədrinin
birinci müavini Ziyafət Əsgərov, Prezident
Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimov müzakirələr zamanı qaldırılan məsələlərlə
bağlı fikirlərini bildirib, forum
iştirakçılarının suallarını
cavablandırıblar.
Nigar Abdullayeva
Palitra.-2012.-7 avqust.-S.4.