“Dövlətçilik şüuru milli-mənəvi dəyərləri qorumaqla vəhdətdə inkişaf etdirilməlidir”

 

Müsahibimiz Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri, gənclərlə üzrə ekspet Elməddin Hacılıdır.  

- Gənclərin mənəvi tərbiyəsi məsələləri ilə bağlı hansı fikirləriniz var?

- Öncə qeyd etmək istərdim ki, bu gün respublikamızda gənclərin mənəvi cəhətdən formalaşması və inkişafı üçün tam münbit şərait mövcuddur. Eyni zamanda son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək etməklə bərabər mənəvi inkişafına da müsbət təsir göstərib. Həmçinin “Gənclər siyasəti haqqında” Qanuna əsasən gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı əsas istiqmətlərdən biri kimi qeyd olunur. Eyni zamanda  6 aprel 2011-ci il tarixində  Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanıb. Bu proqramın müvafiq bəndində gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi əsas istiqamətlərdən biri kimi göstərilir. Bu istiqamətdə həm dövlətin, həm də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini bütövlükdə qənaətbəxş hesab etmək olar.

- Gənclərin dövlətçilik şüurunun daha da yüksəldilməsi üçün nələr etmək lazımdır?

- Xatırlatmaq yerinə düşərdi ki, tarixi ənənələr və dövlətçilik şüuru milli dövlətin inkişafında mühüm rol oynayır. Dövlətçlik şüurunun yüksəldilməsində gənclərin rolunu da xüsusi vurğulamaq gərəkdir. Dövlətçilik şüurunun inkişafı gənclərin mənəvi keyfiyyətlərindən çox asılıdır. Azərbaycan gənclərinin dövlətçilik şüurunun inkişafının maraqlı bir mərhələyə qədəm qoyduğunu vurğulamaq olar. Bu gün ölkədə yaranan və formalaşan bir çox  gənclər təşkilatı qeyd olunan məsələdə daha fəal görünür. Həmin təşkilatlarda  toplaşan gənclərin həm dövlətçiliyə, həm də milli-mənəvi dəyərlərə münasibət məsələsində müasir təsəvvürlərə malik olduğunu müşahidə etməkdəyik. Digər ekspetlərin də fikrincə, gənclər dövlətçiliyin inkişafını və müasirləşməyi milli dəyərləri qorumaq prizmasında görürlər. Onlar tarixdən gələn ənənələri saxlamağı çox vacib hesab edirlər. Maraqlıdır ki, Azərbaycan gənclərinin təsəvvürlərində tarix məsələsi o qədər dəqiq obraza malikdir ki, artıq bunun onların həyat yolu olduğu aydın görünür. Tədqiqatçıların araşdırmalarına görə də belə qənaətə gəlmək olar ki, Azərbaycanda dövlətçilik şüuru ilə bağlı proqramların həyata keçirilməsi yaxşı səviyyədədir. Təbii ki, bizim bu mülahizələrimizi bütün gənclərə aid etmək olmaz. Elə insanlar var ki, tamam əks yöndə fikirləşir və yaşayırlar. Bu hal da təbiidir. Çünki bir neçə əsrlik imperiya tərkibində olandan sonra müstəqil dövlətçilik şüuruna sahib olmaq asan məsələ deyil. Ona görə də əsas diqqət məhz fəal gənclərə yönəlməlidir. Onlar da həmyaşıdları arasında təbliğatlarını gücləndirməlidirlər. Bu işdə KİV-in və ziyalıların rolunu ayrıca qeyd etmək gərəkdir. KİV bir çox məsələlərdə dövlətçiliyi qorumağın dayaqlarından biri rolunu oynayır. Bununla yanaşı KİV-in dövlətçilik şüuru və vətənpərvərlik mövzusuna daha çox diqqət yetirməsi zəruridir. Əsas olaraq da elektron KİV bu məsələdə fəallığını artırmalıdır. Artıq cəmiyyətdən ucuz şou proqramlara təpkilər daha da artıb. Müşahidələrə görə, elə bir ciddi veriliş olmaz ki, orada həmin şoulara mənfi münasibət bildirilməsin. Görünür, zaman-zaman onları başqaları əvəzləyəcək. Ciddi problemləri əhatə edən və cəmiyyət üçün gərəkli olan mənəvi keyfiyyətləri təbliğ edən televerilişlərə böyük ehtiyac yaranıb. Bu məsələlərin indi daha da aktuallıq kəsb etməsi təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, indi bölgəmiz çox kritik və həssas bir geosiyasi dönəmə daxil olub. Burada həm böyük dövlətlərin maraqları toqquşub, həm də yerli dövlətlər fəallaşmaqdadırlar. Bu şəraitdə çox şey cəmiyyətin sınaqlara hazırlıq dərəcəsindən asılı olacaq. Ona görə də öz dövlətinə, tarixinə və mədəni dəyərlərinə daha çox bağlı olub, onları inkişaf etdirməyə qərarlı olan topluların perspektivi var. Azərbaycan sosial-iqtisadi, mədəni və idarəçilik baxımından uğurlar əldə etmiş ölkə olaraq bu proseslərin önündə getməlidir. Bu iş isə yalnız bütün toplumun birgə fəallığı ilə mümkündür. Ziyalı təbəqəsinin də üstünə həmin aspektdə məsuliyyətli işlərin düşdüyünü dərk etməliyik. Ziyalılar gənclərin mənəvi-əxlaqi tərbiyəsində aparıcı rol oynayırlar. Onların ictimai proseslərə daha aktiv qoşulması üçün sistemli işlərin aparılması gərəkdir. Bu işin vaxtı çatıb. Azərbaycanda dövlətçilik şüurunun milli-mənəvi dəyərləri qorumaqla vəhdətdə inkişaf etdirilməsi məsələsinin getdikcə daha da aktuallaşacağını düşünürük. Bu həssas dönəmdə o məsələnin millət üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Tarixi ənənələrin yaddaşlarda möhkəmlənməsi ilə demokratikləşmənin həyat tərzinə çevrilməsi strateji tərəqqinin təməl prinsiplərindən biridir.

- Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı hansı fikirləriniz var?

- Gənclərimiz dövlət müstəqilliyimizin əldə olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında, inkişaf etməsində də yaxından iştirak etməlidirlər, çünki hər bir gənc yaşadığı coğrafi məkandan asılı olmayaraq öz vətənini, Azərbaycanı təmsil edir, xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır. Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən biri xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqlar olduğu kimi, elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərməli və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməlidirlər. Respublikamız hüquqi demokratik dövlət quruculuğu yolu ilə inkişaf edir. Milli ideologiya konsepsiyası çərçivəsində gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik ruhunda tərbiyə etmək lazımdır. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə aparılmalıdır. Gənclərin tərbiyə edilməsində, eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli-mənəvi və ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir. Hər bir ölkədə orduda xidmət etmək gəncin vətəndaşlıq borcudur. Ancaq Azərbaycan övladının borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə qat artıqdır. Çünki torpaqlarımız düşmən tərəfindən işğal edilib, ölkəmizin ərazi bütövlüyünə təcavüz olunub, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Xəyanətkarlıqla gerçəkləşdirilən bu vandalizmin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək də gənclərin öhdəsinə düşür.  Bu baxımdan cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət və diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya xidmətə getməsi onun ailəsində bayrama  çevrilməlidir. Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini yüksəklərə qaldırmaq, Vətənin şan-şöhrətini dünyaya tanıtmaq, dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməkdir.

 

 

İlkin AĞAYEV   

 

Palitra.-2012.-8 avqust.-S.12.