“Regionda
istehsal sahəsi ilə məşğul olan sahibkar
qadınlarımız daha çoxdur”
Nazirlər
Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bir sıra məsələlərə
toxunan ölkə başçısı özəl sektora
diqqətin yüksək səviyyədə olduğunu bildirib:
“Hər il sahibkarlarla və yerli icra orqanlarının nümayəndələri
ilə geniş müşavirə keçirilir. Sahibkarlara həm
siyasi, həm də iqtisadi dəstək verilir və
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
yüz milyonlarla ölçülən kreditlər verilir, bu
kreditlər işləyir.
Yəni
bu, bizim özəl sektora konkret münasibətimizdir. Bir daha
demək istəyirəm ki, şəxsən mənim
üçün Azərbaycanın dövlət və özəl
şirkətləri arasında heç bir fərq yoxdur. Hər
ikisi Azərbaycan şirkətləridir, hər ikisində Azərbaycan
vətəndaşları işləyir və maaş alır,
biz hər ikisini də dəstəkləməliyik. Ona görə
biznes mühitinin yaxşılaşdırılması daimi
prosesdir. Biz yeni yanaşmaları tətbiq etməklə bu sahədə
daha da böyük nəticələrə çata bilərik”.
Bu gün ölkədə sahibkarlığın
inkişafında qadın sahibkarların da rolu var.
Müsahibimiz Azərbaycan Sahibkar Qadınlar Birliyinin (ASQB)
prezidenti Zemfira Ağayevadır:
- Bu gün ölkədə sahibkar
qadınların fəaliyyətini necə qiymətləndirirsiniz?
-
Respublikamız müstəqillik əldə etdikdən sonra
ümummilli lider Heydər Əliyevin imzaladığı
özəlləşmə proqramı həyata keçirilməyə
başlandı. Bu istiqamətdə həyata keçirilən
tədbirlərlə Heydər Əliyev sahibkarlığın
təməlini qoymaqla yanaşı sahibkarlara qarant durdu. Bu
siyasəti davam etdirən Prezident İlham Əliyev hər ilin
fevral ayında ənənəvi olaraq sahibkarlarla
görüşür, problemləri ilə yaxından
tanış olur, hətta bəziləri yerindəcə öz
həllini tapır. Bu bir həqiqətdir ki, dövlət
sahibkarı müdafiə edir və dəstəkləyir.
Dövlətin dəstəyini sahibkarlar daim hiss edir və
şahidi olur. Qadın sahibkarlar isə dövlət dəstəyini
daha çox hiss edirlər. Dövlət proqramında da
qadın əl əməyinin inkişafı və məşğulluğun
artırılması öz əksini tapıb. 1995-ci ildən
etibarən ölkədə aparılan ardıcıl və
sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən
birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi
və azad sahibkarlığın inkişafı
üçün əlverişli şəraitin
yaradılması təşkil edir. Məişət sahəsində
çalışan insanların 70 faizi qadınlar olduğu
üçün özəlləşmə proqramı onlara
şamil edildi və qadınlarımız öz iş yerlərini
özəlləşdirərək sahibkarlıq fəaliyyətinə
başladılar. Qadınlarımız öz
hüquqlarını bilmədən qeyri-formal biznesə
başlamışdılar. Azərbaycan Sahibkar Qadınlar
Birliyi isə bu problemi aradan qaldırmaq məqsədilə
1998-ci ildən fəaliyyətə başlayıb, 2001-ci ildən
Ədliyyə Nazirliyində dövlət qeydiyyatından
keçərək fəaliyyətini davam etdirib. Hazırda 14
rayonda - Gəncə, Goranboy, Yevlax, Lənkəran, Quba, Qusar, Cəlilabad,
Masallı, Şəmkir, Göygöl, Samux, Daşkəsən,
Tovuz, Ağstafada ASQB filialları fəaliyyət göstərir.
11 xarici ölkənin sahibkar qadınları ilə əməkdaşlıq
edirik. Onlardan Türkiyə, Rumıniya, İran, Hindistan,
Avstriya, Macarıstan, Qırğızıstan, Səudiyyə Ərəbistan,
Şri-Lanka, Mərakeşin sahibkar qadınlarını
göstərə bilərik. Hər ay ən azı iki nəfər
sahibkar qadının beynəlxalq səfərlərini təmin
edir, onların kompyuterdən istifadə qaydalarını,
xarici dil kurslarını öyrənməsini təşkil
edirik. Təşkilatımıza
mütəmadi olaraq müxtəlif dövlət qurumları,
Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Sahibkarlar Konfederasiyası, beynəlxalq
təşkilatlar tərəfindən dəstək verilir.
2002-ci ildə 870 nəfər, 2004-cü ildə 1500 nəfər,
2008-ci ildə 2500 nəfər, hazırda birliyin üzvü
olan 4000 min nəfərdən artıq sahibkar
qadınlarımız var. Üzvlərimizin 60 faizini gənclər
təşkil edir. Gənclərimizin əksəriyyəti
sahibkarlıqla əlaqədar peşə
hazırlığı kursuna gəlirlər. Məqsədimiz
iqtisadiyyatın inkişafında qadınlarımızın
rolunu artırmaq və sahibkarlığa cəlb etməkdir.
Onları maarifləndirmək məqsədilə mütəmadi
olaraq dəyirmi masalar, seminarlar keçiririk və onlara xarici
dil, kompyuter, iqtisadi biliklər, internetdən istifadə
qaydalarını öyrədirik. Ölkəmizdə fəaliyyət
göstərən xarici səfirliklərlə sıx əlaqələr
yaratmışıq ki, ölkələrarası beynəlxalq
tədbirlərdə bizim sahibkar qadınlarımız da
iştirak etsinlər. Elə onun da nəticəsi olaraq sahibkar
qadınlarımızın təcrübəsini artırmaq məqsədilə
beynəlxalq biznes-forumlarda, sərgilərdə, sahibkarlarla
ikitərəfli görüşlərdə
iştiraklarını təşkil edirik.
Günümüzün tələblərinə görə
qadınlarımızın ailələrində olan iqtisadi
çətinliyin aradan qaldırılmasına ehtiyac
böyükdür. Respublikamızda sahibkar qadınlar təbəqəsi
yüksək səviyyədə formalaşır. Dövlətimizin
xüsusi diqqəti sayəsində qadın
sahibkarlarımız dinamik inkişafa doğru gedir. Beləliklə,
Azərbaycanın regionlarında İqtisadi İnkişaf
Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun maliyyə dəstəyilə
xeyli sahibkar qadınlarımız müxtəlif fəaliyyət
növləri üzrə güzəştli kreditlə təmin
olunublar. Ən əsası da odur ki, regionda istehsal sahəsi ilə
məşğul olan sahibkar qadınlarımız daha
çoxdur. Yəni tikiş, toxuculuq,
xalçaçılıq, meyvə emalı, şirniyyat məhsulları,
kənd təsərrüfatı məhsullarının
istehsalı üzrə fəaliyyət göstərən 1407
qadın sahibkarımıza 30 milyon manatadək güzəştli
kredit verilib və bu layihənin icrası nəticəsində
424 yeni iş yerinin yaranması nəzərdə tutulub.
- Sahibkarlığın
inkişafı üçün hansı amillərin vacib
olduğunu hesab edirsiniz?
-
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının həyata keçirilməsinin nəticəsi
olaraq hesabat dövründə “bir pəncərə” sistemi ilə
qeydiyyata alınmış 32,5 mindən çox sahibkarın
57,2 faizi regionların payına düşür, ölkə
üzrə sahibkarlıq subyektlərinin bölgüsünə
gəldikdə isə onların 23 faizini hüquqi şəxslər
təşkil edir. Hüquqi şəxs yaratmadan sahibkarlıqla
məşğul olan fiziki şəxslərin 85,1 faizini kişilər, 14,9 faizini qadınlar
təşkil edir. Buna baxmayaraq ölkəmizin regionlarında yaşayan
qeyri-formal bizneslə məşğul olan
qadınlarımız daha çoxdur. Onların çox hissəsi
qadın sənətləri olan xalçaçılıq, qənnadıçılıq,
naxışçılıq, kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğuldur,
ancaq qeyri-formal olaraq həyata keçirilir. Mən belə düşünürəm
ki, belə işlərin nizama salınması
üçün rayon və kənd bələdiyyələri,
məşğulluq idarələri, Vergilər Nazirliyi, Sosial
Müdafiə Fondu, QHT-lərin regionlarda maarifləndirici tədbirlər
həyata keçirməsi daha səmərəli olar.
Qeri-formal bizneslə məşğul olan
qadınlarımızı formal biznesə cəlb etməklə
onların gələcəkdə təqaüd almaları da təmin
edilmiş olar. Bizim təşkilat 2011-ci il avqustun 8-də Gəncədə
12 rayondan olan 60 sahibkar qadının istehsal etdiyi məhsulların
satış-sərgisini keçirdi. Sərgidə iştirak edən
qadınların çox hissəsi peşə
hazırlığı keçmiş gənc sahibkar
qadınlar idi. Sənədləşmə zamanı məlum
oldu ki, onların 20%-i qeyri-formal olaraq sahibkarlıqla məşğul
olurlar. Sərgi müddətində qeyri-formal fəaliyyət
göstərən qadınlara vergi nümayəndəsi, Sosial
Müdafiə Fondu nümayəndəsi və bank rəhbərləri
ilə dəyirmi masalar keçirildi. Çox qısa bir vaxtda
həmin qadınlar qeydiyyatdan keçərək fiziki şəxs
kimi öz biznesini rəsmiləşdirdi. Belə
görüşlərin regionlarda keçirilməsi daha məqsədəuyğun
olardı. Həmin təbəqəli insanlar üçün
hüquqi maarifləndirici təlim və peşə
kurslarının keçirilməsi, onların formal bizneslə
məşğul olmağa cəlb edilməsi vacibdir. Belə
ki, ailədə olan
qadın zorakılığının əsasını iqtisadi zorakılıq təşkil edir. Qadınlar işləmir, maddi
cəhətdən həyat yoldaşından asılı olur və ona görə həm
məişət, həm də iqtisadi
zorakılığa məruz qalırlar. Ona
görə də bizim təşkilat belə
qadınlara dayaq duraraq
onlara peşə öyrədir, öyrəndiyi
peşədən istifadə etməyin qaydalarını tətbiq
edir. Beləliklə də qadınlarımız
öyrəndiyi peşənin sayəsində kiçik
biznesini qura bilir və nəticədə ailədə olan iqtisadi
zorakılığı aradan
qaldırmağa nail ola
bilirlər. Respublikamızın bir
neçə rayonunda Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaratdığı mərkəzlər qadınlarımızın
zorakılığa məruz qalan təbəqəsinə
çox böyük
dəstək verir. Belə mərkəzlərin
fəaliyyət göstərməsinə dəstək olan dövlət, qeyri-dövlət və fond nümayəndələrinə təşəkkür
edirəm və təklif edirəm ki, bu oxşar təlim mərkəzləri
regionlarda qeyri-formal bizneslə
məşğul olan qadınlar üçün də yaradılsın.
- Bu yaxınlarda Gəncədə
gənc sahibkar qadınların istehsal etdikləri məhsulların
satış-sərgisi keçirildi. Bununla bağlı nə
deyərdiniz?
- Azərbaycan
Sahibkar Qadınlar Birliyinin təşkilatçılığı
ilə keçirilən bu sərgidə 30-dan artıq sahibkar
qadının istehsal etdiyi məhsullar nümayiş olundu. Tədbirdə
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov, Gəncə
Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin nümayəndələri və
qeyri-hökumət təşkilatlarının təmsilçiləri
iştirak edirdi. Sərgidə müxtəlif geyimlər, yataq
dəstləri, bəzək, cehizlik əşyalar, pərdələr,
xalçalar və digər əl işləri nümayiş
etdirildi. İştirakçılar arasında əlil
qadınların rəsm əsərləri və tabloları
böyük maraqla qarşılandı. Əli Həsənov
bildirdi ki, bu əl işləri sadəcə olaraq hansısa
bir sənət nümunəsinin üzünün
çıxarılması deyil, azərbaycançılığı
əks etdirən, Azərbaycan xalqının qədim mədəniyyətini,
ənənələrini yaşadan nümunələrdir. Təqdim
olunan əl işləri bir tərəfdən bu insanların
cəmiyyətə inteqrasiyasına dəstək verir, digər
tərəfdən də Azərbaycanın qədim mədəniyyət
abidələri, nümunələrinin yaşadılması
yönündə mühüm əhəmiyyət kəsb edir
və bu tipli sərgilər tez-tez təşkil
olunmalıdır. Tədbir iştirakçıları
Bakı, Gəncə, Tovuz, Qazax, Yevlax da daxil olmaqla
ümumilikdə respublikanın 18 şəhər və
rayonunu təmsil edən sahibkar qadınların
hazırladıqları məhsulları yüksək qiymətləndirdilər.
- Sizin rəhbərliyinizlə Gəncə
“Qızıl əllər” MMC-nin fəaliyyəti ilə
bağlı nə deyə bilərsiniz?
-
Regionlarda sahibkarlığın inkişafının getdikcə
geniş vüsət alması bir sıra yeni müəssisələrin
yaranmasına imkan verir. Belə müəssisələrdən
biri də mənim rəhbərlik etdiyim Gəncə şəhərində
fəaliyyət göstərən “Qızıl Əllər”
müəssisəsidir.
“Qızıl Əllər” 1997-ci ildə Ədliyyə
Nazirliyində dövlət qeydiyyatından keçərək
özəl müəssisə kimi fəaliyyət göstərir.
Müəssisədə işə başlayan zaman 5 nəfər
nümayəndəmiz vardı, çətinliklə də
olsa, işimizi inamla inkişaf etdirməyə nail olduq. Az
müddət ərzində işçilərimizin sayı
artdı, yeni avadanlıqlar, təcrübəli mütəxəssislər,
xalq sənətkarlığını bilən
bacarıqlı ustalar müəssisəyə işə qəbul
olundu və həvəslə yeni sağlam kollektiv
yaradıldı. Hazırda müəssisəmiz 3 departament
üzrə fəaliyyət göstərir, onlar istehsal, tədris
və xidmətdir. Qadın, uşaq üst qeyimləri və
yataq dəstinin istehsalı, xalq sənətkarlığı
üzrə peşə hazırlıq kursları yüksək
səviyyədə fəaliyyət göstərir. Müəssisədə
100 nəfərdən artıq vətəndaş işlə təmin
olunub, orta hesabla ildə 500 nəfərdən artıq peşə
hazırlığında tələbə təhsil alır.
Sahibkarlarla müəssisəmiz arasında ikitərəfli
bağlanan müqavilə vasitəsilə kursu bitirən məzunlar
işlə təmin olunurlar. İldə 500 nəfərdən
artıq sənətkar və fəhlə kadrı hazırlanaraq
müəssisələrə göndərilir, istehsalatlarda
çalışırlar. Məzunlar arasında yaşlı nəslin
nümayəndəlləri işlə əlaqədar yenidən
peşə kursuna müraciət edirlər. Ölkə
başçısının imzaladığı
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının uğurlu həyata keçməsində bizim
müəssisənin az da olsa payı var. Proqramda qeyd olunan xalq
sənətkarlığının inkişafı və bərpası
bəndini Gəncə-Qazax regionu üzrə Gəncə
“Qızıl Əllər” müəssisəsi uğurla həyata
keçirir. Xeyli gənc sənətkarlıq sənətinə
dərindən yiyələnib. Respublikanın müxtəlif
rayonlarından peşə öyrənməyə gələn
gənclərin sayı günü-gündən artır, bu da
peşənin növlərini genişləndirir. 2005-ci ildə
müəssisəmiz Sahibkarlığa Kömək Milli
Fondundan güzəştli kreditlə təmin olunub. Bu isə
müəssisənin inkişafını daha da sürətləndirib.
Yeni 3 mərtəbəli bina inşa edilib, köhnə tədris
emalatxanaları təmir olunub və yeni avadanlıqlar
alınıb. “Qızıl Əllər” müəssisəsinin
dövlət proqramının inkişaf layihəsi sayəsində
rayonlarda filialları fəaliyyət göstərir. Həmin
layihədə qadınların məşğulluğunun
inkişaf etdirilməsi məqsədilə milli və xalq sənətinin
növlərinin genişləndirilməsinə nail olmaq
üçün geniş tədris planı işlənib
hazırlanıb. 2007-2010-cu ildə kursu bitirən tələbələrimizin
sayı orta hesabla 6500 nəfərdən artıqdır. Məzunların
hamısı işlə təmin olunublar. Məzunların əl
işlərinin nümunələrinin ilin sonunda satış-sərgisi
keçirilir. Satışdan əldə olunan gəlir tələbələrin
özünə çatır. Beləliklə, bu tip sərgilərin
keçirilməsi onların bizneslə məşğul
olmalarına təkandır. 1300 nəfər sənətkarlıqdan
təcrübə qazanaraq ailə sahibkarlığı ilə
məşğul olan gənc vətəndaşımızı
qeydiyyata almışıq. “Bu günün sənətkarı
sabahın sahibkarıdır” devizi ilə işləyirik. Bizə
bu münbit şəraiti yaradan ölkə
başçısına bütün sahibkar qadınlar
adından təşəkkürümüzü bildiririk.
Sahibkar qadınlar heç də kişilərdən geri
qalmır, onlar daha məsuliyyətli işləyirlər. Bu
gün sahibkar qadınlar öz potensialından istifadə etmək
üçün bütün imkanlara malikdirlər.
Nigar Abdullayeva
Palitra.-2012.-10 avqust.-S.4.