“Bankların
sayının azaldılması, onların ölkə
iqtisadiyyatındakı rolu
baxımından vacib şərtdir”
Azərbaycanda bank sektorunun durumu “RoyalBank”ın bağlanması ilə yenidən gündəmə gəlib. Bu günlərdə Mərkəzi Bank bankların nizamnamə kapitalının artırılması ilə bağlı qərar verib. Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov isə sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin azaldılacağını açıqlayıb. Bu qərarların bank sektoruna təsirləri, mövcud durumla bağlı “Azadinform”un suallarını iqtisadçı ekspert Samir Əliyev cavablandırır:
- Mərkəzi Bankın son qərarı
- banklara kapital tələbinin artırılması, sizcə,
sektora necə təsir edəcək?
- Bəzi
nüansları nəzərə almasaq, bu addımın
atılmasını müsbət qiymətləndirirəm. Bu
gün dünyada bankların kapitallaşması məsələsi
prioritet olaraq gündəmdədir. 2008-2009-cu il qlobal maliyyə
böhranından sonra müşahidə etdik ki, bir sıra
banklar istər Amerikada, istərsə də Avropa ölkələrində
sıradan çıxdı. Bu gün də müşahidə edirik ki, Avropada bu
proses davam edir. Buna görə Bazel Komitəsi belə qərara gəldi ki, bankların kapitallaşmasına
dair tələblər
sərtləşdirilsin. Bununla
bağlı “Bazel-3” prinsipi
qəbul olundu. Bu prinsip əsasən bankların kapitallaşmasına
dair tələbləri
sərtləşdirməyi nəzərdə tutur. Bunu dünyada gedən proseslərin tərkib hissəsi kimi dəyərləndirmək
olar. Ancaq bunun əsas səbəbi başqadır.
Xatırlayırsınızsa, Mərkəzi Bank təxminən
2-3 il öncə öz strategiyasında bildirmişdi ki, bankların birləşməsi
və sayının azaldılmasının tərəfdarıdır.
Ancaq heç bir bank könüllü bu addımı atmadı. Bu da təbiidir. Çünki ortada kommersiya marağı var, hər kəs özünü güclü
sayır. Mən bir ekspert kimi
bankların sayının
azaldılmasının tərəfdarı
olmuşam. Bu gün Azərbaycanda 43 bank var. Demək
olar ki, bunların yarısının
bank sektorunda heç bir rolu yoxdur.
İlk baxışdan
bankların sayının
çox olması onu göstərir ki, Azərbaycanda rəqabət var. Amma biz bunu müşahidə etmirik. Kredit faizləri yüksəkdir,
kredit almaq çətindir, bankların
əhaliyə göstərdiyi
xidmətlərin keyfiyyəti
aşağıdır. Demək
olar ki, bankların ölkə iqtisadiyyatında rolu çox aşağıdır.
Ona görə də bankların sayının azaldılması,
onların likvidliyinin artırılması bankların
ölkə iqtisadiyyatındakı
rolu baxımından vacib şərtdir.
90-cı illərin əvvəllərində
ölkədə 200-dən çox bank fəaliyyət
göstərirdi. Mərkəzi
Bank bankların kapitalının
artırılması ilə
bağlı qərar verdi və bunun
nəticəsi olaraq bankların sayı 5 dəfəyə qədər
azaldıldı. Bunun müsbət tərəfi
odur ki, banklar keyfiyyətli xidmətə, şəbəkələşməyə
üstünlük verəcək.
Bankların sayı az olduğundan onların müştəri
çevrəsi genişlənəcək,
müştəri çevrəsinin
genişlənməsi bankların
əməliyyat xərclərinin
azalmasına imkan verəcək. Digər tərəfdən, bankların
xarici bazarlara çıxış imkanları
artacaq, ucuz resurs cəlb etmək imkanları genişlənəcək. Bütün
bunlar kredit faizlərinin aşağı
düşməsini şərtləndirən
amillərdir. Narahatçılıq
doğuran səbəb
isə bank sektorunda təmərküzləşmənin daha da artmasına
gətirib çıxara
bilməsidir. Onsuz da bankların təmərküzləşmə səviyyəsi yüksəkdir.
Bu qərardan sonra daha da artacaq.
Bank sektorunda inhisarçılığın
daha da güclənməsi
ehtimalı çoxalacaq.
Ən pis hal da odur
ki, əgər gözləntilər özünü
doğrultmasa, bu halda ola bilər
ki, bank bazarında əsasən 3-4 aktiv iştirakçı olsun və onlar monopolist kimi həm depozit,
həm kredit faizlərini diktə etsinlər. Amma qeyd edim ki,
ümumilikdə bütün
MDB ölkələrində də bu proses
gedir və mən bu prosesi
müsbət qiymətləndirirəm.
- Sizcə, bu qərar Azərbaycanda
fəaliyyət göstərən
neçə bankı
sıradan çıxara
bilər?
- Ölkədə bankların
yalnız 20-25-i normal qaydada
işləyir. Bank sisteminin
ən azı 90 faizi bu bankların
payına düşür.
Bankların birləşməsi
üçün Mərkəzi
Bankın tələbləri
artırması vacib idi. Bu gün üçün təxminən
15-ə qədər bankın
məcmu kapitalı 50
milyon manatdan çoxdur. Yerdə qalan banklarda isə nəzərdə tutulan məbləğdən
aşağıdır. Mənim
fikrimcə, Mərkəzi
Bankın yeni qərarı ilə 10-a yaxın bank səhnəni
tərk etməli olacaq. Bu qərarın nəticəsi olaraq bankların sayı təxminən 35-ə qədər
azalacaq. Hətta bu azalma 30-a qədər də ola bilər.
- Bəs, müddət necə, kifayət edəcək banklara?
- Təbii ki, bunu zaman göstərəcək.
İstənilən halda
müddət azdır.
Mərkəzi Bank bunu
gərək mərhələlərlə
həyata keçirərdi.
Əvvəlki təcrübələrdə
bu belə idi. Məsələn, Rusiyada son illər artım 2 dəfədən
çox deyil. Bunun üçün 3-4 il müddət ayrılır. Amma Belarus bizdən əvvəl kapitalı 5 dəfə qaldırıb. İstənilən
halda müddət uzun qoyulmalı idi. Görünür, Mərkəzi Bankın öz araşdırması
var və vəziyyəti fərqli qiymətləndirir. Digər
narahatçılıq differensiasiyanın
tətbiq olunmamasıdır.
Yəni bütün banklar üçün 50 milyon manat müəyyənləşdirilib.
Bu, ixtisaslaşmış bankların
yaranması üçün
problem yaradacaq. Xüsusilə
də bələdiyyə,
kooperativ, əmanət
banklarının bazara
daxil olmasına əngəl olacaq. Ən əsası, regional
banklara problem yaradacaq.
Hazırda cəmisi 2
regional bank var - Naxçıvanbank
və Gəncəbank.
Bu banklar əgər
50 milyon manatlıq kapital yığa bilsələr, onda yeganə regional bank olaraq qalacaqlar. Nizamnamə kapitalının indiki həddi ilə inanmıram 3-cü regional bank bazara
girə bilsin.
- Gündəmdə olan daha bir məsələ
əmanətlər üzrə
faiz dərəcələrinin
azaldılmasıdır. Əmanətlərin
Sığortalanması Fondunun
direktoru bildirib ki, son vaxtlar 12 faizdən yuxarı faizlə verilən kreditlər çoxalıb.
Odur ki, sığortalanan əmanətlər
üzrə faiz dərəcəsinin aşağı
salınmasına ehtiyac
var...
- Əmanətlərin sığortalanması ilə bağlı fond dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir. Onların hər birinin məqsədi eynidir. Bu məqsəd banklara yatırılan əmanətlərə dövlət zəmanətini verməkdir. Sığorta olunan əmanətlərin yuxarı həddi müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Avropa, Amerika kimi ölkələrdə bu yüksəkdir-Amerikada 250 min dollar, Avropa Birliyinə daxil olan ölkələrdə bu məbləğ qurumun xüsusi qərarı əsasında 100 min avro müəyyən edilib. Azərbaycanda bu, bildiyiniz kimi, 30 min manatdır və keçmiş SSRİ ölkələrində ən yüksək göstəricilərdəndir. Məsələn, Rusiyada bu, bizim pulla 17 min manat təşkil edir. Ukraynada 19 min manatdır, amma orda bu məbləği artırmağa hazırlaşırlar, Qazaxıstanda 32 min manatdır. Tacikistanda daha az - 2 min manatdan da azdır. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu yeni yaradılanda sığortalanan əmanətlərin faiz dərəcəsi 23,4 faiz idi və hətta 2008-ci ildə 27 faizə qədər yüksəldi. Sonradan azaldıldı və 2010-cu il iyun ayından etibarən 12 faiz təşkil edir. Faizlər üzrə də ölkələr arasında fərq var, eləsi var daha aşağıdır. Amma burda bir nüans var ki, ona diqqət etməliyik. Əksər ölkələrdə sığortalanma faizə görə yox, məbləğə görə edilir. Hansı faizlə olur-olsun əmanət yatırılır, hökumət isə müəyyənləşdirilən məbləğdə kompensasiya vermək öhdəliyi götürür. Faiz dərəcəsinin tətbiq olunması daha çox MDB ölkələrinə xas olan xüsusiyyətdir. Heç Rusiyanın özündə bu yoxdur. Faiz dərəcəsinin aşağı salınması zərurəti ilə bağlı verilən açıqlamaya gəlincə, mən bir şeyi xatırlatmaq istəyirəm. 2010-cu ilin iyununda faiz dərəcəsi 15-dən 12-yə salınanda bəzi banklar məcbur olub əmanətlər üzrə faiz dərəcələrini endirdilər. Bu isə öz növbəsində kredit faizlərinə təsir etdi. Ancaq bu təsir qısa müddətli oldu və bir müddətdən sonra bu, əks-effekt verməyə başladı. Əhalinin əmanətləri azaldıqca, kiçik banklar kredit verməyə pul tapmırdılar. Ona görə də onlar yüksək faizlə əmanət kampaniyaları keçirməyə başladılar və əmanət faizləri 14-15 faizədək yüksəldi. Bunun nəticəsi idi ki, 2010-cu ildə qorunmayan əmanətlərin payı ümumi əmanətlərdə 30 faiz idi. 2011-ci ilin sonunda artıq bu rəqəm 40 faizə qalxmışdı. Bu artıq onu göstərirdi ki, əhali 12 faizdən daha yüksək faizlə əmanət yatırmağa meyillidir. Təbii ki, bunun bir səbəbi də əhalinin məlumatsız olması idi. Bir çox halda vətəndaşlar elə bilirlər ki, əgər bank fondun üzvüdürsə, orda yatırılan bütün əmanətlər sığortalanır. Azərbaycanda çox az sayda bankın xarici bazarlara çıxışı var. Bir sıra iri banklar var ki, Mərkəzi Bankdan vəsait cəlb etmirlər, onsuz da onlarda faiz dərəcəsi aşağıdır. Yüksək faiz tətbiq edən banklar isə xırda banklardır. Ona görə də faiz dərəcəsi aşağı salınsa, əsas problem xırda banklarda olacaq. Qorunmayan əmanətlərin miqdarı daha da artacaq. Ona görə çıxış yolu təkcə faizlərin aşağı salınması olmamalıdır. Mərkəzi Bank tərəfindən müəyyən bir məhdudlaşdırma tələb edilməlidir ki, banklar əhaliyə yüksək faiz təklif edə bilməsinlər. Bunlardan biri də məcburi ehtiyat normasının faizinin qaldırılması ola bilər. Bildiyiniz kimi, bank əhalidən əmanət cəlb edəndə onun 2 faizini məcburi ehtiyat normasına yönəldir və bu, Mərkəzi Bankda yerləşdirilir. Hesab edirəm ki, müəyyən edilmiş faiz dərəcəsindən artıq faizlə cəlb edilmiş əmanətlər üçün məcburi ehtiyat normasının qaldırılması daha uyğun variantdır. Mərkəzi Bank belə bir məhdudlaşdırıcı tədbir görməklə bankları yüksək faizlə əmanət cəlb etməkdən çəkindirə bilər.
- Bütün bunların banklarda
kredit faizlərinin yüksək olmasına nə dərəcədə
təsiri var və bundan sonra necə, faizlərin artması
proqnozlaşdırılırmı?
-
Doğrudur, dünyanın inkişaf etmiş ölkələri
ilə Azərbaycan arasında kredit faizlərinə görə
böyük fərq var. Bu fərq
4-5 dəfəyə yüksəlir. Rəsmi
açıqlamalara görə, illik kredit faizi 16-17 faizidir,
amma reallıqda 22-24%-dən aşağı kredit
götürmək iqtidarında deyilik. Bu rəqəm 30 % və
daha böyük rəqəmlərə qədər yüksəlir.
Bu problemin yaranmasına və hazırda mövcud olmasına
bir çox amil təsir edir. Bunun birinci səbəbi ondan ibarətdir
ki, ölkə iqtisadiyyatında risk səviyyəsinin yüksək
olması faiz dərəcələrinin də yüksək
olmasına təsir edir. Yəni bu o deməkdir ki, banklar kredit
verməkdə maraqlı olsalar da, həmin pulun geri
qayıtmasına inanmırlar. Təsadüfi deyil ki, Azərbaycanda
vaxtı keçmiş, problemli kreditlərin sayı artır.
Digər səbəbi bankların rəsmi və qeyri-rəsmi
xərclərində görmək olar. İlk baxışdan
belə çıxır ki, banklar bir kreditə görə
ortalama 25 faiz qazanır. Amma araşdırdıqda məlum olur
ki, onların gəliri 4-6 faizdən çox deyil. Təsəvvür
edin ki, banklar hər kreditdən 20-21 faiz itirir. Bu faizlər
bankın xərcini təşkil edir. Bu xərclərə
kredit resursunun dəyəri də daxildir. Hansı ki, banklar həmin
kredit resursunu cəlb edir. Bankın əməliyyat xərclərinin
dəyəri və onun əməliyyat xərcləri də bu
xərclərə daxildir.Kreditlərin faiz dərəcələrinə
təsir edən amillərdən biri də əmanətlərdir.
Kreditlərin təxminən yarısı əmanətlər
hesabına formalaşır. Əhalidən əmanət cəlb
edən banklar onu kredit şəklində müştəriyə
verirlər. Qeyd edim
ki, əmanətlərin faizi
yüksək olduğundan bu
da kredit faizinə təsir
göstərir. Hazırda əmanətlərin faiz
dərəcəsi 10-15 % arasında dəyişir.Bank kreditlərinin
faiz dərəcələrinin yüksək
olmasının ən böyük səbəblərindən
daha biri
banklarımızın xarici bazara çıxışının az olmasıdır. Azərbaycanda çox az bank
var ki, onların xarici bazarlara
çıxışı var və həmin
banklar xarici banklardan ucuz resurs cəlb edə bilirlər. Bu mümkün
olmadıqda banklar yerdə qalan
iki əsas vasitədən istifadə edir. Birincisi əmanətlər,
digəri isə bankların özünün
məcmu kapitalıdır. Bütün bu sadaladığım vasitələrə əlavə
olaraq inflyasiyanı da
göstərmək olar. Xüsusən də
banklarımız rəsmi inflyasiyadan çox, qeyri-rəsmi inflyasiyanı əsas götürür. Çünki
qeyri-rəsmi inflyasiya daha
çoxdur.
Palitra.-2012.-10 avqust.-S.10.