“İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəni həyatında mühüm hadisə idi”

 

Layihə çərçivəsində müsahibimiz Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilovdur. O, qəzetimizə müsahibəsində Şəkinin mədəni həyatının bu il daha da zəngin olduğunu və bunun da səbəbsiz olmadığını qeyd etdi: 

- Yay ayları ərzində rayonumuzda bir çox mədəni tədbirlər keçirilib. Bu tədbirlərin bəzisi respublika və beynəlxalq səviyyəli olub. Məlum olduğu kimi, Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı keçirildi. Festivalın əsas qayəsinə uyğun olaraq konsertlər Xan sarayı, Yuxarı və Aşağı karvansaralar, “Cənnət bağı” kimi tarixi məkanlarda keçirildi. Festivalın ilk günündə Şəki Xan sarayının həyətində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış “Arşınmalçı İpək Yolunda” musiqili hekayət-tamaşası nümayiş etdirildi. Məlumat üçün bildirim ki, Şəki şəhəri 2012-ci ildə TÜRKSOY-un qərarı ilə “Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilib. Eyni zamanda 2012-ci ildə Azərbaycan və dünya memarlığının nadir incisi hesab olunan Şəki Xan sarayının 250 illik yubileyi də qeyd edilir. Xan sarayının yubileyinin beynəlxq musiqi festivalı günlərində qeyd olunması respublikamız üçün çox əlamətdar hadisədir. Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərindən Gülüstan Əliyeva, Fərid Əliyev, Afaq Abbasova, Məhsəti Cabbarova və digər ifaçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Festival çərçivəsində Çələbixan sarayında Cənubi Koreyanın “Buyoqun Cunqnam” milli alətlər ansamblının və Cabbar Qaryağdıoğlu adına Azərbaycan muğam üçlüyünün konserti oldu. Xalq artisti Mələkxanım Əyyubovanın Möhlət Müslümov və Fəxrəddin Dadaşovun müşayiəti ilə ifa etdiyi muğam və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı. Konsertdə festivalın təşkilat komitəsinin rəhbərləri, üzvləri, ziyalılar, sənət adamları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edirdilər. Konsertin sonunda Cənubi Koreyanın Azərbaycandakı səfiri çıxış edərək festivalın xalqlar arasında dostluq və mədəni əlaqələrin genişlənməsində mühüm əhəmiyyət daşıdığını bildirdi. Səfir qeyd etdi ki, Cənubi Koreya Azərbaycandan məsafə baxımından uzaq olsa da, xalqlarımızı dərin köklər birləşdirir. Sonda “Buyoqun Cunqnam” milli alətlər ansamblının üzvlərinə və muğam üçlüyünə şəhər İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri təqdim olundu.

- Festivalda Türkiyədən olan nümayəndələr də iştirak etdimi?

- Bəli, musiqi festivalı çərçivəsində Türkiyənin “Əl-Kindi” instrumental ansamblının və Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun Şəhər Bələdiyyəsi konservatoriyasının rəqs qrupunun konserti də oldu. Konsert XIX əsrə aid tarixi-memarlıq abidəsi Yuxarı Karvansara mehmanxana kompleksinin həyətində oldu. Konserti ansamblın yaradıcısı və rəhbəri, «ərəb sitr» alətində çalan virtuoz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss açaraq ansamblın üzvləri və musiqi alətləri barədə məlumat verdi. Konsert zamanı ansambl dini və dünyəvi musiqi nümunələri təqdim etdi. Növbəti günlərdə XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki Xan sarayının həyətində İranın “Acəmlər” instrumental qrupunun və Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun konserti oldu. Şəki Xan sarayının həyətində təşkil olunan konsertin tamaşaçıları arasında şəhər rəhbərliyi ilə yanaşı Milli Məclisin deputatları, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, habelə festivalda iştirak edən xarici ölkələrin musiqi kollektivlərinin üzvləri də var idi. Konsertdən əvvəl Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə “Acəmlər” instrumental qrupunun fəaliyyəti barədə məlumat verdi. Qeyd olundu ki, “Acəmlər” adlandırılan İran musiqiçiləri Osmanlı sultanları I Sultan Səlim və IV Sultan Murad tərəfindən XIV-XV əsrlərdə Tehran, Bağdad və digər şəhərlərdən İstanbula gətiriliblər. Ansamblın rəhbəri Araş Mohafez 2011-ci ildə Bakıda keçirilən “Muğam aləmi” II beynəlxalq muğam simpoziumunun iştirakçısı olub. Festivalın proqramına uyğun olaraq Şəki şəhərindəki yeni bərpa olunmuş XIX əsrə aid tarixi-memarlıq abidəsi Aşağı Karvansara kompleksində Gürcüstanın məşhur “Erisioni” akademik folklor mahnı və rəqs ansamblının konserti də oldu. Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şux və oynaq rəqslər, gürcü xorunun bənzərsiz ifası, balaca nağaraçıların məharəti, teatrlaşdırılmış musiqili kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

- Xan sarayının yubileyi necə qeyd edildi?

- Festival çərçivəsində Şərq memarlığının ən nadir incilərindən hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi - Şəki Xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Yubiley tədbirində Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın xarici ölkə səfirliyi beynəlxalq təşkilatların nümayəndə heyətləri, respublikamızın tanınmış elm, mədəniyyət incəsənət xadimləri, Milli Məclisin deputatları, xarici qonaqlar, bədii kollektivlər iştirak etdilər. Yubiley tədbiri XVIII-XIX əsrə aid tarixi-memarlıq abidəsi Yuxarı Karvansara mehmanxana kompleksinin həyətində başladı. Tədbirin keçirildiyi məkan Şəki Xan sarayının divar rəsmlərini əks etdirən fraqmentlərlə bəzədilmişdi. Fikrət Əmirov adına Dövlət Mahnı Rəqs Ansamblının şən oynaq rəqsləri, “Natiqritm qrupunun ifasında bənzərsiz ritmlər tədbir iştirakçılarında xoş ovqat yaratdı. Yubiley mərasimində mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək 1762-ci ildə çox istedadlı bir memarın fəaliyyəti nəticəsində yaranan Şəki Xan sarayının 250 illik yubileyinin Azərbaycanın tarixində, mədəni həyatında son dərəcə əlamətdar hadisə olduğunu xüsusi vurğuladı. Qeyd olundu ki, artıq 250 ildir bu saray bənzərsiz gözəlliyi ilə dünyanın müxtəlif ölkələrindən gələn qonaqları özünə cəlb edir. Nazir bu gün Azərbaycan Prezidentinin tarixi abidələrimizin qorunub saxlanmasına, bərpasına, bu təkrarsız milli memarlıq nümunələrinin xaricdə daha geniş təbliğ olunması işinə xüsusi önəm verdiyini diqqətə çatdırdı. Xan sarayı demək olar ki, həmişə Azərbaycan xalqının fəxr etdiyi bir memarlıq abidəsi kimi yaşamaqdadır. Nazir vurğuladı ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın tarixi abidələrinin dünya ictimaiyyəti arasında tanıdılması ilə yanaşı onları bəşəriyyətin mədəni irs siyahısına daxil etməkdən ibarətdir. Çıxışlarda qeyd olundu ki, Şərq memarlığının nadir incisi olan Şəki Xan sarayı xalqımıza məxsus yüksək mədəniyyətin, böyük inkişaf yolu keçən xalq tətbiqi sənətimizin canlı nümunəsidir. Şəkinin məşhur sənətkarlarının əldə etdikləri təcrübə, vərdiş, bilik bacarıq daim zənginləşib, bu günümüzə gəlib çatıb. Əslində bu bayram həm xalq tətbiqi sənətimizin keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salmaq üçün yaranmış bir şans idi. Qonaqlar XVIII əsrə aid memarlıq abidəsi olan Qala divarlarının önündə təşkil edilmiş Şəki xanlığının tarixini özündə əks etdirən səhnəyə baxdılar. Qoruğun ərazisində təşkil edilmişŞərq bazarıilə tanışlıq qonaqların ürəyincə oldu. Şəki sənətkarlarının əl işləri, pəhləvanların çıxışları xarici qonaqlarda böyük maraq oyatdı. Tədbir iştirakçıları burada atüstü milli oyunlarımızdan olanÇövkən atüstü güləş yarışlarını da izlədilər. Bayram tədbiri daha sonra Xan sarayının həyətində davam etdirildi. Hesab edirəm ki, “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı Şəkinin deyil, ümumilikdə Azərbaycanın mədəni həyatında çox mühüm hadisə oldu.

 

 

Anar Miriyev 

 

Palitra.-2012.-10 avqust.-S.11.