«Şəkidə 600 yerlik yarımörtülü amfiteatr qurğusu tikilir»

 

Layihə çərçivəsində müsahibimiz Şəki Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilovdur:  

- Şəkinin mədəni həyatı çox zəngindir. Rayonda olan tarixi-mədəniyyət abidələrinin demək olar ki, hamısı yenidən qurulur, restavrasiya edilir. 

Şəhərin “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın yaxınlığında 600 yerlik yarımörtülü amfiteatr qurğusu tikilir. Azərbaycanda bənzəri olmayacaq bu amfiteatr Nazirlər Kabinetinin dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq sərəncamına əsasən dövlət vəsaiti hesabına inşa edilir. Şərq memarlığı üslubunda tikilən amfiteatr qurğusu açıq səma altında 600 yerlik tamaşaçı zalı və inzibati korpusdan ibarətdir. İnzibati korpusa 96 kvadratmetr sahəsi olan səhnə, rejissor, məşq, qrim və iş otaqları, mətbəx və yardımçı otaqlar daxildir. Qurğunun açılıb-yığılan metal-çadır konstruksiyası və digər avadanlıqlar Türkiyədə hazırlanır. Ümumi ərazisi 5,4 min kvadratmetrə yaxın olan amfiteatrın qurğusuna həmçinin hər birinin tutumu 100 kubmetr olan yeraltı içməli və yanğınsöndürmə üçün nəzərdə tutulan su anbarları, nasosxana, transformator yarımstansiyası, avtomobil dayanacağı daxildir. Ərazidə yaşıllıqlarla əhatə olunmuş istirahət zonası salınacaq, səki və yollar qurulacaq. Qurğunun tikintisini “Kənan-İnşaat” şirkətinin kollektivi həyata keçirir. Tikinti işləri üç növbəli iş rejimində aparılır. Hazırda tikinti meydançasında yüzə yaxın işçi çalışır. Tikinti işlərinin sentyabrın birinci ongünlüyündə başa çatdırılması planlaşdırılır. Dahi mütəfəkkirin yubiley tədbirlərinin məhz burada keçirilməsi nəzərdə tutulur. Qeyd edim ki, Prezidentin Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq Şəkidə böyük ədibin yubiley tədbirlərinə hazırlıq işləri davam etdirilir. Milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin yubileyinin onun doğulub boya-başa çatdığı Şəkidə yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təşkilat komitəsi yaradılıb, tədbirlər planı təsdiq edilmişdir. Ötən müddət ərzində müxtəlif tədbirlər, elmi konfranslar, seminarlar keçirilmiş, sərgi və müsabiqələr təşkil olunub. Yubiley tədbirlərinə hazırlıq çərçivəsində Mirzə Fətəli Axundzadənin Şəki şəhərindəki ev muzeyində təmir-bərpa və yenidənqurma işləri aparılıb, muzeyin həyətindəki ekspozisiya zalı sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilib. Bundan əlavə böyük ədibin adını daşıyan kinoteatrın qarşısındakı ərazi tam abadlaşdırılıb. Hazırda Şəki şəhərində Axundzadə prospektində əsaslı təmir, yenidənqurma və abadlıq işləri davam etdirilir. Prospektdə yerləşən yaşayış evləri və ictimai binaların fasadları, səkilər milli memarlıq üslubunda yenidən qurulur, qədim tikililər bərpa edilir, yeni işıqlandırma sistemi quraşdırılır, prospektin tarixi görkəmi özünə qaytarılır. Dahi mütəfəkkirin adını daşıyan mədəniyyət və istirahət parkında da abadlıq və yenidənqurma işləri yüksək sürətlə davam etdirilir. Məlumat üçün bildirim ki, Prezidentin “Şəki şəhərinin sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 12 sentyabr 2011-ci il və “Şəki, Qəbələ, Qax və Oğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 21 noyabr 2011-ci il tarixli sərəncamları ilə Şəki şəhərinin 2030-cu ilə qədərki dövrlərdə inkişafına dair baş planın təsdiqi üçün zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb və Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə vəsait ayrılıb. Bununla əlaqədar Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Şəki şəhərinin Baş Planı hazırlanıb və Baş Planın ilkin variantı Şəki Şəhər İcra Hakimiyyətində ictimaiyyətin, ağsaqqalların və ziyalıların iştirakı ilə geniş müzakirə edilərək bəzi dəyişikliklər edilməklə bəyənilib. Xəbər verildiyi kimi, baş plana uyğun olaraq şəhərdə genişmiqyaslı tikinti, təmir, abadlıq, yenidənqurma və bərpa işləri davam etdirilir. Hazırda şəhərin Salman Mümtaz, M.Ə.Rəsulzadə, “Oğuz şossesi”, M.F.Axundov küçələrində və bir sıra aralıq küçələrdə yollar genişləndirilməklə yeni işıqlanma sistemi qurulur, yağış suyu axıdıcı arxlar tikilərək, köhnələri bərpa edilir. Səkilərə beton plitələr döşənərək yollara yeni asfalt beton örtüklər tökülür. Heydər Əliyev, M.Ə.Rəsulzadə, M.F. Axundov küçələrinin kənarlarındakı evlərin həyətlərinə açılan giriş qapıları milli memarlıq üslubuna uyğun taxta materialları ilə üzlənir, qapılara kirəmit materialından dam örtüyü qurulur. Şəhərin 2030-cu ilə qədərki dövrdə inkişafına dair müvafiq layihələr də hazırlanır.

- Rayonda gənclərlə iş necə həyata keçirilir?

- Bu sahə xüsusi olaraq diqqətdə saxlanılır. Gənclərimizin milli-mənəvi dəyərlər ruhuna tərbiyə olunması üçün biz mədəniyyət xadimlərinin üzərinə böyük yük düşür. Gənclərlə bağlı müntəzəm şəkildə tədbirlər, layihələr həyata keçiririk. Elə bir neçə gün öncə, konkret desəm, avqustun 10-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Şəki şəhərində keçirilən “Xəmsə” - “Yay liderlik məktəbi” layihəsinin rəsmi açılış mərasimi baş tutdu. ATGTİ-nin sədri Şahin İsmayılov açılış mərasimində Azərbaycanın müxtəlif təhsil ocaqlarında oxuyan 1200-dən çox tələbə arasından seçilmiş və üç seçim turundan keçmiş layihənin iştirakçıları haqqınla məlumat verdi. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirdi ki, Şəkiyə gələn insan buraya vurulur və bu qədim tarixi şəhər həmişəlik yaddaşlarda qalır.Tədbirdə vurğulandı ki, “İpək Yolu” III Beynəlxalq musiqi festivalı günlərində Şəkidə Azərbaycanın ən məşhur memarlıq abidələrindən biri - Şəki Xan sarayının 250 illik yubileyi keçirilib. Mədəni irsimizin qorunub saxlanmasına xidmət edən bu tədbirlər Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir. Xüsusi vurğulandı ki, cari il sentyabrın 22-də milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin yubileyi Şəki şəhərində təntənəli qeyd olunacaq. Mədəniyyət və turizm nazirinin müavini İntiqam Babayev isə bildirdi ki, Şəki şəhəri Azərbaycanın qədim tarix və mədəniyyət nümunəsidir. Gənclərlə bağlı tədbirlərin tarixi guşələrdə keçirilməsinin böyük əhəmiyyəti var. Tələbələrin milli tariximizi yaxşı bilmələri, ölkəmizin zənginliyini görmələri, xalqımızın qüdrəti ilə yaxından tanış olmaları vacibdir. Eyni zamanda Şəki şəhərindəki Çingiz Mustafayev adına klubda əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Bacarıqlı əllər” sərgisi keçirilib, sərgidə hökumət, QHT, KİV nümayəndələri, əlilliyi olan şəxslər, şəhər sakinləri iştirak ediblər.

- Bu günlərdə Şəkidə çəkilişi aparılan «Mahmud və Məryəm» filminə münasibət necə oldu?

- Şəkidə Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyniadlı filmin çəkilişləri aparıldı. Filmin ilk kadrlarının çəkilişi üçün Şəki şəhərindəki “Yuxarıbaş” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın qarşısında qədim dövrlərə xas Şərq bazarlarını xatırladan xüsusi meydan qurulmuşdu. Çəkiliş meydançasında yüzdən artıq texniki işçi və yaradıcı heyətin üzvləri çalışırdı. Epizodik rolların çəkilişinə yerli sakinlər də cəlb olunmuşdular. Filmin çəkilişlərini kənardan yüzlərlə şəkili maraqla seyr edirdi. Bu filmin Azərbaycan və Türkiyə ilə yanaşı, daha 9 ölkədə nümayiş etdirilməsi nəzərdə tutulur. Şəkidə belə bir filmin çəkilişi rayonumuzun mədəni həyatını zənginləşdirməklə yanaşı, qədim Şəkinin təbliğatı baxımından da önəmlidir.

 

 

Anar Miriyev  

 

Palitra.-2012.-14 avqust.-S.11.