“Azərbaycan tarixinə aid yazılan dərsliklərdə sovet dövründəki səhvlər hələ də təkrar olunmaqdadır”

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm İnstitunun müəllimi,  tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlıdır: 

-Azərbaycanın dövlətçilik tarixi qonşu xalqlarla müqayisədə çox qədimdir. Məsələn, qonşu Rusiya ilə müqayisədə Azərbaycan dövlətçiliyinin tarixi min il daha qədimdir. Azərbaycanda ilk dövlət birləşmələri meydana gələndə, sivilizasiya inkişaf edəndə Avropada ibtidai icma quruluşu mövcud idi. Bundan başqa Azərbaycanda xristianlıq da Rusiyadan 500 il əvvəl qəbul olunub. Qafqaz Albaniyasında 498- ci ildə kollektiv şəkildə qəbul olunmuş Aquen qanunları kimi aktuallığını hələ də itirməyən qanunvericilik mövcud olanda Avropanın əksər ölkələrində, o cümlədən Rusiyada qanun nə olduğunu bilmirdilər. Aquen qanununun qəbul olunma prosedurunu Azərbaycanda parlamentarizimin formalaşmasının ilkin dövrü  kimi də xarakterizə etmək olar. Azərbaycan dövlətçilik tarixində fəxr hissi yaradan, müasir dövrlə səsləşən bir faktı da qeyd etmək yerinə düşər. Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlara ATƏT - in Minsk qrupuna daxil olan ABŞ, Rusiya və Fransa vasitəçilik edirsə, VII əsrdə  o zaman dünyanın iki nəhəng imperiyaları, Ərəb xilafəti ilə Bizans arasında danışıqlara Girdman hökmdarı Çavanşir hər iki dövlətin xahişi ilə vasitəçilik edib. Təkcə bu faktın özü Azərbaycanın ilk orta əsrlərdə dünya üçün necə böyük əhəmiyyət daşıdığını sübut edir. Azərbaycanın 3 minillik dövlətçilik tarixi var. Bundan 2 min ili işğallar dövrünə, min ili müstəqillik dövrünə düşür. Manna, Atropatena, Qafqaz Albaniyası, Şirvanşahlar, Sacilər, Rəvvadilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Respublikası və digər dövlətlər müstəqillik dövr dövlətləridir və hər bir azərbaycanlı bu dövlətlərlə fəxr etməlidir. Fikrimcə,  dövlətçilik tariximizdə cənubda mərkəzləşmiş dövləti bərpa etmiş Qacarları da yaddan çıxarmamalıyıq. Ağa Məhəmməd şah Qacarla yanaşı I və II Rus - İran müharibələrində ruslara qarşı döyüşən orduya komandanlıq etmiş 17 yaşlı qəhrəman Azərbaycan oğlu Abbas Mirzəni dövlətçilik tariximizdə qeyd etməmək mümkün deyil. Gəncənin qəhrəman müdafiəçisi Cavad xanın müttəfiqi  olan Abbas Mirzə unudulmuş qəhrəmanlarımızdandır. Çox təəssüf ki,  bəzi kitablarda Cavad xan xalqımızın qəhrəman oğlu hesab olunduğu halda onunla eyni tayfadan olan, eynu düşmənə qarşı vuruşmuş Abbas Mirzəyə işğalçı kimi yanaşılması hələ də qalmaqdadır. Bu cür səhv yanaşmalardan əl çəkməyin vaxtı çoxdan çatıb. 

- Son illər dövlətçilik tarixinin, milli adət-ənənələrin təbliği istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra bu sahədə  görülən məqsədyönlü fəaliyyəti müsbət qiymətləndirmək olar. Prezidentin göstərişi ilə Azərbaycan tarixi çoxcildliyinin, Azərbaycan Ensiklopediyasının nəşr olunması, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin obyektiv araşdırılması, bir sıra tarixi abidələrin bərpa və təmir edilməsi, arxeoloji qazıntıların ildən ilə daha da genişləndirilməsi və s. görülən müsbət işlərə misal ola bilər. Lakin bir sıra problemlər də var. Belə ki, Azərbaycan tarixinə aid yazılan dərsliklərdə sovet dövründəki səhvlər hələ də təkrar olunmaqdadır. Azərbaycan tarix elmi mərkəzinin hələ də formalaşmaması təəssüf doğurur. Bu da ona gətirib çıxarır ki, illərlə obyektiv tədqiqatlar aparan şəxslər kənarda qaldığı halda vəzifəli şəxslər, millət vəkilləri elmi adlar, elmi dərəcələr alır və tarix elminin inkişafında buxova çevrilirlər. Belə bir vəziyyət akademik Ramiz Mehdiyevin haqlı olaraq tənqid etdiyi plagiatçılığa, başqalarının əməyindən istifadə hallarına gətirib çıxarır ki, bu da tarix elminin inkişafı üçün yaxşı heç nə vəd etmir.

- Bu istiqamətdə təbliğin daha da artırılması üçün hansı təkliflər irəli sürərdiniz?

- Dövlətçilik tariximizin daha səmərəli təbliğinin aparılması üçün birinci növbədə dövlətçiliyə bağlı, nisbətən gənc kadrların irəli çəkilməsi, onlara dövlət qayğısının artırılmasına ehtiyac var. Elmi institutlara rəhbərlik edən şəxslərin digər vəzfələrdə çalışmasına qadağaların qoyması, onların sırf elmi - tədqiqat işləri ilə məşğul olmalarının tələb edilməsi, professorların, akademiklərin başqalarının əsərlərinə adlarını həmmüəllif kimi yazdırmalarına son qoyulması  və s. elmin inkişafına müsbət təsir göstərər. Ən vacibi isə tədqiqatçıların əməkhaqlarının Qərb standartlarına uyğunlaşdırılması, onların mənzil şəraitinin yaxşılaşdırılması, əsərlərin nəşri üçün qrantların ayrılması və s. işlər də dövlətçilik tarixinin təbliğini daha da yaxşılaşdırar.

- Ali təhsil ocaqlarında dövlətçilik tarixinin tədrisi ilə bağlı fikirlərinizi bilmək istərdik. Tələbələrin bu sahədə təhsil səviyyəsi sizi qane edirmi?

- Bir ali məktəb müəllimi kimi tələbələrin hazırkı səviyyəsini müsbət qiymətləndirmək olar. Bunu dərs dediyim Azərbaycan Turizm İnstitutunun tələbələrinin timsalında deyirəm. Obyektivlik, şəffaflıq, açıq diskussiyalar, tələbələrin öz arzu və təkliflərini internet vasitəsilə müəllimlərə, rektora bildirməsi  dövlətçilik tarixinin tədrisi üçün əsas şərtlərdəndir. Tələbələrin səviyyəsinin yüksək olması isə 1992 - ci ildən tələbə qəbulunda tətbiq olunan  yeniliklərlə bağlıdır. Tam məsuliyyətilə demək olar ki, bu sahədə əldə olunmuş nəticə Azərbaycan dövlətçiliyinin böyük nailiyyətidir. Azərbaycan Prezidentinin sərəncamı ilə magistraturaya qəbulun ali məktəblərdən alınıb TQDK - ya verilməsi də bu siyasətin davamıdır.  Yeni təhsil qanunu qəbul olunarkən test imtahanlarının mahiyyətini dəyişməyə çoxlu cəhdlər olsa da Prezidentin bilavasitə dəstəyi və vətəndaş cəmiyyəti nümayəndələrinin səyi ilə bu cür cəhdlərin qarşısı alındı. 

- Hazırda bu istiqamətdə hansısa problemlər varmı?

- Dərsliklərdə olan nöqsanlar, bəzi ali məktəblərdə hələ mövcud olan neqativ hallar, kadrların seçilib yerləşdirilməsində proteksiya dövlətçilik tarixinin təbliğinə mane olur. Fikrimcə, hər bir müəllim tələbədə dövlətə, millətə məhəbbət hissi aşılamalı özü bu işdə nümunə göstərməlidir. Bunun üçün birinci növbədə müəllim tələbələr arasında böyük nüfuza, hörmətə malik olmalıdır. Deməli, bunun üçün yuxarıda sadalanan neqativ halların kökü birdəfəlik kəsilməlidir. 

- Mövcud tədris vəsaitləri bu sahədə məlumatların dolğun çatdırılmasına imkan verirmi?

- Son illər çoxlu sayda tədris vəsaitləri nəşr olunur. Lakin bunların əksəriyyəti müasir dövrün tələblərinə cavab vermir. Fikrimcə, bu nəşrlər üzərində mövcud olan inhisarçılığa son qoymaqla problemi həll etmək olar. Yəni müasir dövrün tələbi odur ki, Təhsil Nazirliyinin qrifi ilə nəşr olunan vəsaitlərlə yanaşı müstəqil ekspertlərin yazdığı alternativ vəsaitlərdən geniş istifadə olunmalıdır. Bu sahədə son illər Azərbaycan Prezidenti yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə nəşr olunan alternativ vəsaitləri misal göstərmək olar. Yəni rəsmi qurumlardan fəqli olaraq vətəndaş cəmiyyəti institutları nümayəndələrinin yazdığı vəsaitlər öz demokratikliyi, obyektivliyi ilə o birilərindən fəqlənir. Çünki son illər Azərbaycanda sürətlə inkişaf edən vətəndaş cəmiyyəti institutları inhisardan azaddırlar   bürokratik məngənədən, bürokratik əngəllərdən uzaqdırlar. Tələbələrə tədrisdə bir neçə alternativ vəsaitdən istifadə etmək imkanı verilməlidir ki, nəticədə o, demokratik müzakirələrə, debatlara hazır olsun. Məhz bu yolla biz dövlətçilik tariximizi ləyaqətlə təbliğ edə bilən gənclər ordusu yarada bilərik.  

 

 

  Nigar Abdullayeva 

 

  Palitra.-2012.-14 avqust.-S.12.