“Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir”

 

Müsahibimiz Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri, gənclərlə üzrə ekspert Elməddin Hacılıdır.  

- Gənclərin təhsil şüurunun və ixtisaslaşma ilə bağlı bilgilərinin artırılması yönündə hansı tədbirlər həyata keçirilməlidir?

- Bu gün gənclərimizin qarşısında mühüm vəzifələr durur. Hər bir gənc həyatının bu dövründən bacardığı qədər səmərəli istifadə etməlidir. Gənclik dövründə boş, mənasız keçirilən hər gün sonra böyük itkilərə gətirib çıxarır. Gənc nəslimiz mükəmməl təhsil almalı, günümüzün inkişafı və tələbləri ilə ayaqlaşmalıdır. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideyalarına bağlıdır. Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də Qərbin və Yer kürəsinin digər qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaqyeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər. Belə ki, azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 16 aprel tarixli 2090 nömrəli sərəncamı imzalanıb. Prezidentimizin bu sərəncamının beynəlxalq arenada da böyük rəğbət və hörməti var. Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdırlar. Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik olan məsələlərdir. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, vətənini sevən bir gəncliyə sahib ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. İnkişaf etmiş ölkələrlə, inkişaf etməmiş ölkələr arasında çox az bir qram fərqi vardır. O da yetişmiş bir gənclikdir. Gələcəyinə qiymət verən millətlər, gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgidinamizim dolu, qayğısız, təmiz qəlbli, səbirli, özü ilə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır.Bundan başqa “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd  olunur ki, 2013-2020- ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaq.Təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, xüsusən adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirilməsinin tətbiqi genişləndiriləcək. Layihəyə görə təhsildə idarəetmənin təkiminləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin geniş şəkildə cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə olunması, digər müasir idarəetmə texnologiyalarının tətbiq olunması və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərdə həyata keçiriləcək. Həmçinin inkişaf konsepsiyasının layihəsində göstərilir ki, təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə  qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaq. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı qəbul ediləcək. Dövlət proqramı çərçivəsində Azərbaycanın bütün təhsil müəsissələri, o cümlədən ucqar bölgələrində yerləşən məktəblər internet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təhciz olunacaqbütün təhsil müəsissələrinin vahid Azərbaycan təhsil şəbəkəsinə qoşulması reallaşacaq. Azərbaycan təhsilinin dünyaAvropa təhsil məkanına inteqrasiyası gücləndiriləcək. Təhsil standartlarının unifikasiyası və Boloniya prosesinin dərinləşməsi ilə yanaşı Azərbaycan təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq  proqramlara onların fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcək. Eyni zamanda, 2015-ci ilədək xarici ölkələrin aparıcı universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 5 min nəfərə çatdırılacaq, xaricdə təhsil alaraq məzun olmuş mütəxəssislərin potensialından ölkənin inkişafında səmərəli istifadə təmin ediləcək. 2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almalarına dair yeni dövlət proqramı qəbul ediləcək. Sözsüz ki, bütün bu qeyd olunan ideyaların icrası gənclərin təhsil şüurunun daha da yüksəldilməsinə müsbət təsir göstərmiş olacaq.

- Qeyd edilən məsələlərlə bağlı hökumət qurumlarının fəaliyyəti barədə ümumi mövqeyiniz nədən ibarətdir?

- Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Respublikamızın inkişafında gənclərimizin əvəzsiz xidmətləri var. Gənclər bu gün ölkə əhalisinin çox hissəsini təşkil edir. Gəncliyin inkişafı - cəmiyyətin inkişafı, xalqın elmi-texniki, ziyalı potensialının yüksəlişi, tərəqqisi deməkdir. Son illər Azərbaycanda gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin böyük rolu danılmazdır. Azərbaycan gəncliyi bu gün cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir və öz sözünü deyir. Yuxarıda qeyd etdiyim kimi, 6 aprel 2011-ci il tarixində  Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam imzalanıb. Gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradacaq.  Azərbaycan Respublikasının mədəniyyət siyasətinin tərkib hissəsi olan gənclər siyasətinin prioritetlərindən biri budur ki, gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar. Bundan əlavə yuxarıda qeyd etdiyim kimi, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası layihəsində gənclərin inkişafı ilə bağlı bir çox məqamları nəzərə alsaq, görə bilərik ki, bu sahədə sistemli və ardıcıl olaraq dövlət siyasəti də uğurla həyata keçirilir. Və bu prosesin davamlı olduğunu görə bilərik.  

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2012.-15 avqust.-S.11.