«Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi rayonun mədəni həyatında yaxından iştirak edir»

 

Layihə çərçivəsində müsahibimiz Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyevdir:

- İl ərzində rayonumuzda bir sıra yubileylər keçirilib. May  ayında Əhməd  Cavadın 120  illiyi, bəstəkar Rauf Hacıyevin 90, Mirzə Ələkbər  Sabirin anadan olmasının 150 illiyi müxtəlif anım tədbirləri ilə qeyd olunub. M.F.Axundov adına Milli Kitabxana ilə birlikdə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans da keçirmişik.Rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq “Şuşasız ötən 20 il” adlı silsilə tədbirlər və Laçın rayonunun işğalının 20-ci ildönümünə həsr edilən anım tədbirləri təşkil edilib. 28 May Respublika Günü ilə bağlı şöbənin tədbirlər planı hazırlanaraq mədəni-maarif müəssisələri tərəfindən silsilə tədbirlərlə həyata keçirilib. Ümumrayon səviyyəsində keçirilən yekun tədbiri yüksək şəkildə qeyd olunub, geniş konsert proqramı ilə yekunlaşdırılıb. Bir daha qeyd edim ki, Prezidentin müvafiq sərəncamına və Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq şöbədə hazırlanmış tədbirlər planına əsasən rayonun bütün mədəni-maarif müəssisələrində M.Ə.Sabirin 150 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Rayonun Yenikənd kənd Mədəniyyət Evi Dəyirmanlı kənd tam orta məktəbi ilə birlikdə “Sabir dövrün aynası idi” adlı ədəbi-bədii gecə keçirib. May ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində M.F.Axundovun anadan olmasının 200 illik yubileyi ilə bağlı keçirilən “Deyilən söz yadigardır” adlı bədii qiraət ifaçılarının respublika müsabiqəsində  rayonumuz Qarasaqqal kənd Mədəniyyət Evinin dram dərnəynin üzvü Fuad Məmmədovla təmsil olunub.

- Başqa hansı müsabiqələrdə rayon təmsilçiləri iştirak edib?

- May ayında Şəki şəhərində keçirilən II Dekorativ-tətbiqi sənət festivalında rayonumuz layiqincə təmsil olunub, dekorativ tətbiqi sənətin ağac üzərində oyma növünə görə Kürdəmir Dövlət Rəsm Qalereyasının direktoru İlqar Muradov Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb. İ.Muradovun əl işləri cari ilin dekabr ayında Bakı şəhərində keçiriləcək respublika festivalında nümayiş etdiriləcək. May ayının 31-də ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” buraxılış tədbirlərinin bədii hissələri klub müəssisələri ilə birlikdə hazırlanıb. İyun ayı da öz əlamətdar günləri ilə zəngin olub. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rayonun klub, kitabxana, muzey, uşaq incəsənət məktəbində “Uşaqları qoruyaq” devizi ilə silsilə tədbirlər təşkil olunub. Müəssisələrdə guşələr, sərgilər, müxtəlif oyun və yarışlar, həmçinin konsertlər təşkil edilib. Ay ərzində Azərbaycanda Mülki Aviasiya İşçilərinin peşə bayramı, Azərbaycanın YUNESKO- ya qəbul edilməsinin 20 - ci ildönümü, Ətraf Mühitin Mühafizəsi Günü, Beynəlxalq Qan Donor Günü, Ümumdünya Qaçqınlar Günü, Azərbaycanın BMT - nin Uşaq Hüquqları Konvensiyasına qoşulmasının 20 illiyi ilə əlaqədar məlumatlar verilib, guşələr və sərgilər hazırlanıb. Ümumiyyətlə, rayonun mədəni-marif müəssisələrinin fəaliyyəti ilə bağlı şöbə tərəfindən bir sıra  monitorinqlər aparılır. Nəticələr rayon mədəniyyət işçilərinin seminar-müşavirəsində müzakirə edilir və müvafiq tədbirlər görülür. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Heydər Əliyev Muzeyi bu ildən Heydər Əliyev Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti üçün münasib şərait yaradılıb, ad göstəriciləri və digər sənədlərin uyğunlaşdırılması təmin edilib.

- Mərkəzdə dərnəklər fəaliyyət göstərirmi?

- Bəli, Mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklərin işi davam etdirilməklə yeni bölmələrin açılması istiqamətində işlər görülür. Mərkəzin kitabxanasında elektron kitabxana yaradılıb, internet saytı istifadəyə verilib. Heydər Əliyev Mərkəzi rayonun mədəni həyatında yaxından iştirak edir, əlamətdar tarixi günlərin, bayramların qeyd olunmasında fəallıq göstərir. Dövr ərzində mərkəzə kütləvi ekskursiyalar təşkil edilib, idarə, müəssisələrlə yanaşı məktəb yaşlı uşaqlar da Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Heydər Əliyev irsini öyrənənlər studiyası və Heydər Əliyev kitabxanası mərkəzə gələnlərin maraqlarına və  tələblərinə uyğun fəaliyyət göstərir.

-  Rayonun Uşaq İncəsənət Məktəbinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?    

- Kürdəmir Rayon Uşaq İncəsənət Məktəbində tədrisin keyfiyyəti ilə bağlı vaxtaşırı monitorinqlər keçirilir, şagirdlərin dərsə davamiyyəti yoxlanılır və müvafiq tədbirlər görülür. Məktəbin rəsm şöbəsi üzvlərinin əl işləri Macarıstan və Çex respublikalarında keçirilən uşaq təsviri və tətbiqi incəsənət müsabiqələrinə göndərilib. Kürdəmir rayon Uşaq İncəsənət məktəbi rayonun mədəni həyatında yaxından iştirak etməklə, uşaq və yeniyetmələrin musiqi təhsili istiqamətində fəaliyyət göstərir.Məktəbdə əlamətdar və tarixi günlər qeyd olunur, müəllim və şagirdlərdən ibarət ansamblların gücündən istifadə edilərək uşaq bağçalarında ümumtəhsil məktəblərində, parklarda, “N” saylı hərbi hissələrdə və digər yerlərdə  konsertlər verilir. Məktəbin şagirdləri aprel ayında Bakı şəhərində keçirilən xanəndəlik ixtisası üzrə Xan Şuşunski adına Respublika muğam festivalında fəal iştirak ediblər. Məktəbin şagirdləri İbrahim Əliyev və Ramil Rəhimli fəxri fərmana layiq görülüblər. Məktəbin xor kollektivi Ağcabədi şəhərində keçirilən uşaq xor kollektivlərinin III Respublika  baxışında iştirak edib. May ayında Masallı şəhərində keçirilən Uşaq - gənclər  muğam ifaçılarının VI Respublika müsabiqəsində məktəbin II sinif şagirdi İbrahim Əliyev fəxri fərmana layiq görülüb. Məktəbin 7 nəfər şagirdinin əl işləri Polşa Respublikasının Censtoxola şəhərində “Uşaq və it” mövzusunda XIV Beynəlxalq Təsviri Yaradıcılıq müsabiqəsində nümayiş etdirilib. İyun ayında Şəki şəhərində gənc pianoçuların II Respublika müsabiqəsində məktəbin 2 şagirdi müvəffəqiyyətlə çıxış edib. Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də işi qənaətbəxş olub, diyarşünaslığın təbliği istiqamətində işlər davam etdirilib. Belə ki, rayonun tarixini əks etdirən exsponatların nümayiş etdirilməsi təşkil edilib və yeni muzey əşyalarının əldə edilməsi  üçün rayon əhalisi ilə vaxtaşırı görüşlər keçirilib. Rayon ərazisindən toplanmış və muzeyə bağışlanmış əşyalar muzeydə qorunur və vaxtaşırı olaraq muzeyin əməkdaşları rayonun Sığırlı və Ərəbqubalı kəndləri ərazisindəki tarixi və arxeoloji abidələrə kiçik ekskursiyalar təşkil ediblər. Muzeyə tamaşaçı cəlb etmək məqsədilə təşkilati işlər görülüb bir neçə məktəbin yuxarı sinif şagirdləri tarix dərslərini qrafik üzrə muzeydə keçiriblər. Kürdəmir Dövlət Rəsm Qalereyasının işi günün tələbləri səviyyəsində qurulub. Qalereyanın əməkdaşları ümumrayon tədbirlərində yaxından iştirak etməklə müxtəlif  səpgili rəsm sərgiləri, müsabiqələr və guşələr hazırlayaraq tamaşaçılara təqdim ediblər.Kürdəmir Dövlət Rəsm Qalereyasında 15 qalereyadaxili və səyyar sərgilər təşkil edilib. Rayonun əyani vasitələrlə təmin edilməsi işi qalereyanın əməkdaşları  tərəfindən həyata keçirilib, əlamətdar günlər, bayramlar və yubileylərlə bağlı şüarlar, plakatlar, pannolar və s. hazırlanıb.

 

 

Anar Miriyev

 

Palitra.-2012.-28 avqust.-S.11.