Mədəniyyətlərarası
dialoqun gücləndirilməsində
medianın rolu əvəzedilməzdir
Dünən Bakıda TÜRKSOY,
İSESCO və Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı
ilə “Mədəniyyətlərarası dialoqun
inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminar
keçirilib. Seminarda
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan və Tacikistan kütləvi
informasiya vasitələrinin, həmçinin
TÜRKSOY-un və İSESCO-nun
nümayəndələri iştirak ediblər.
Azərbaycanda mədəniyyət
sahəsi geniş dəstək alır və ona görə də
ölkə mediası bu sahəyə geniş yer
ayırır
Seminarı
açan TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi
Elçin Qafarlı tədbirin əhəmiyyətindən
danışıb, onun Azərbaycanda keçirilməsinin
heç də təsadüf olmadığını qeyd edib. Gələn
il TÜRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını
vurğulayan E.Qafarlı ulu öndər Heydər Əliyevin
xeyir-duası ilə yaradılmış bu qurumun bir çox
beynəlxalq layihələrə imza atdığını
bildirib. Qeyd olunub ki, uğurlu fəaliyyətlərlə dolu
bu 20 il türkdilli xalqların mədəni həyatının
canlanması baxımından qızıl illər kimi qiymətləndirilir.
Milli mədəniyyətin və ənənəvi dəyərlərin
əhəmiyyət qazandığı son dövrdə
TÜRKSOY çoxtərəfli mədəni əməkdaşlıq
istiqamətində mühüm işlər görüb. Mədəniyyətlərarası
dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz
olduğunu deyən E.Qafarlı bildirib: “Türk mədəniyyətini
dünyaya təqdim edən jurnalistlərə üç ildir
ki, “TÜRKSOY-un mətbuat mükafatı” təqdim edilir. Mədəniyyətlərarası
dialoqun gücləndirilməsində KİV-lərin
iştirakının daha da artırılması və rolunun
inkişafı istiqamətində beynəlxalq mədəni təşkilatların
diqqət və dəstəyi davam etdirilməlidir». Elçin
Qafarlı vurğulayıb ki, kütləvi informasiya vasitələri
mədəniyyətlərarası dialoqun inkişafında
böyük rol oynayır. Onun sözlərinə görə,
ötən il Bakıda keçirilən Beynəlxalq Humanitar
Forum çərçivəsində TÜRKSOY ilə
İSESCO arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sənədə
əsasən il ərzində bir çox tədbirlərin
keçirilməsin nəzərdə tutulub. Hazırda
Bakıda keçirilən “Mədəniyyətlərarası
dialoqun inkişafında medianın rolu” seminarı da bu tədbirlər
sırasındadır. TÜRKSOY və İSESCO-nun fəaliyyəti
haqqında danışan E.Qafarlı qeyd edib ki, bütün
dünyada olduğu kimi, Avrasiya regionunda da mədəniyyətlərarası
dialoqun gücləndirilməsində KİV-lər
böyük rol oynayır. TÜRKSOY və İSESCO xüsusilə
türkdilli ölkələr arasında dialoqun daha da
inkişaf etdirilməsi üçün fəaliyyətlərini
davam etdirir. Sazişə əsasən, bundan sonra da
keçiriləcək tədbirlərdə təşkilatın
üzvü olan ölkələr təcrübələrini
bölüşəcəklər. Azərbaycan da təşkilatın
üzvü olaraq bu istiqamətdə fəaliyyətini gündən-günə
artırır. O qeyd edib ki, Azərbaycanda mədəniyyət
sahəsi geniş dəstək alır və ona görə də
ölkə mediası da bu sahəyə geniş yer
ayırır. Azərbaycan mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsi və yayılmasında
böyük işlər görür. “Amma
iştirakçı dövlətlərin hər birində səviyyə
eyni deyil” deyən E.Qafarlı əlavə
edib ki, Azərbaycan çalışır ki, bu sahə
inkişaf etdirilsin. O, TÜRKSOY-a üzv ölkələrdə
də bu sahənin inkişaf edəcəyinə inamını
ifadə edib.
Azərbaycan mədəniyyətlərarası
dialoq üçün əsas platform rolunu oynamağa
hazırdır
Seminarda
İSESCO-nun baş katibinin müavini Muhtar Ahmedin adından təşkilatın
müraciəti oxunub. Mədəniyyət və Turizm Nazirliyi
Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Vasif Eyvazzadə Azərbaycan mədəniyyətinin təbliğində
bir çox işlərin
göründüyünü bildirib, mədəniyyətlərarası
dialoqun çox vacib bir məsələ
olduğunu qeyd edib. Bildirib ki, bu, artıq qlobal bir prosesə
çevrilib və Azərbaycan bu prosesin əsas tərəfdaşıdır.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən
irəli sürülən təşəbbüslər mədəniyyətlərarası
dialoqun inkişafında böyük əks-sədaya səbəb
olub. O qeyd edib ki, mədəniyyətlərarası dialoqun
inkişafında mediadan çox şey asılıdır:
“Qloballaşan dünyada mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsi üçün medianın
üzərinə mühüm vəzifələr
düşür. Bu sahənin genişləndirilməsində
həssas yanaşma olmalıdır, media bu sahədə
özünü tapmalıdır”. O həmçinin qeyd edib
ki, beynəlxalq korporasiyalara bu sahənin inkişafı, təbliği
və digər məsələlərlə bağlı
xüsusi tövsiyə verilməlidir ki, onlar da öz gündəlik
təqdimatlarında xalqların bir-birinə
yaxınlaşmasına töhfə versinlər: “Bəzən
biz bu halların əksini görürük, bəzən
xalqlar arasında ksenofobiya kimi mənfi
amillərin təsirinə şərait yaradan xüsusi
qruplarla rastlaşırıq. Amma bacardığımız qədər
ümumbəşəri bir məsuliyyət olaraq hər birimiz
daxildə mədəniyyətlərarası dialoqun inkişafını
bir ideya olaraq möhkəmləndirməliyik”. Şöbə
müdiri qeyd edib ki, təmsil olunduğu nazirlik mədəniyyətin
təbliği, xalqların mədəniyyətlərarası
dialoqa cəlb edilməsi, həm də Azərbaycanın
tolerant mədəniyyətinin
qlobal səviyyədə təbliğində istənilən dəstəyi
göstərməyə hazırdır. Azərbaycan tərəfi
mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində,
şəbəkələndirmə, mərkəz, əsas
platforma rolunu oynamağa hazırdır:“2008-ci il konfransında
BMT-nin Sivilizasiya Alyansı ilə YUNESKO arasında əməkdaşlıq
məhz Bakıda imzalandı. Yəni onu göstərir ki, Azərbaycan
əsl mədəniyyətlərarası modelini dünyaya təbliğ
etməyə qadirdir”. O, keçirilən tədbirin istənilən
tövsiyəsinin öz fəaliyyətlərində nəzərə
almağa hazır olduqlarına da söz verib.
Dialoqun inkişaf etdirilməsində
jurnalist peşəkarlığından çox şey
asılıdır
Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
bildirib ki, hazırda mədəniyyətlərarası dialoqun
sağlam məcrada inkişaf etdirilməsi məsələsi
olduqca aktualdır. Bəşəriyyətin indiyə qədər
keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərarası
dialoq olmadan dünya yalnız fəlakətlərə
sürüklənə bilər. Vüqar Səfərli bildirib
ki, mədəniyyətlərarası dialoqun inkişafında
medianın rolu əvəzsizdir və bu sahədə jurnalistlər
arasında dialoqun qurulması vacibdir. Onun sözlərinə
görə, mədəniyyətlərarası dialoqun təşviq
edilməsi istiqamətində medianın üzərinə
böyük vəzifələr düşür: “Heç kəsə
sirr deyil ki, mədəniyyətlərarası dialoqla
bağlı daha dolğun məlumatı kütləvi
informasiya vasitələri çatdırır. Bu baxımdan Azərbaycan
mətbuatı tarixən tolerantlığa, millətlərarası
münasibətlərin inkişafına və sülhə xidmət
edib». Deyilənlərin Prezident İlham Əliyevin 2008-ci ildə
imzaladığı Azərbaycan Respublikası Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Konsepsiyasında da öz əksinin
tapdığını bildirən V.Səfərli əlavə
edib ki, hər il fond müntəzəm olaraq sözügedən
sahənin inkişafı üçün KİV-lərə
maliyyə dəstəyi verir. O, müasir dünyada mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsində jurnalist peşəkarlığından daha çox şey asılı
olduğunu vurğulayıb. Onun sözlərinə görə,
hər bir jurnalist ictimai fikirdə hər hansı mənfi
obrazların yaradılmasının nə ilə nəticələnəcəyini çox yaxşı dərk etməlidir.
Çıxışlardan sonra “Qərbə doğru axan
çay” sənədli filminin qısa təqdimatı olub.
Seminarda Bahçeşehir Universiteti Mədəniyyət
Araşdırma Mərkəzinin rəhbəri Bəkir
Karlıca məruzə ilə çıxış edib. Sonra
keçirilən müzakirələrdə millət vəkili
Qənirə Paşayeva, Qırğızıstan
AKİ-Press-in redaktoru Yıldız Orospakova, Tacikistanın
“Axşam” qəzetinin sayt redaktoru Nəzərəli Pirnəzərov,
“525”-ci qəzetin baş redaktoru Rəşad Məcid, Özbəkistan
“CA-news”-in Orta Asiya xəbər servisindən Ümidə
Maniyazova və başqa media rəhbərləri
çıxış ediblər.
Media mütəxəssislərindən
ibarət şəbəkə yaradılmaladır
Qeyd
edək ki, beynəlxalq seminar İSESCO və TÜRKSOY ilə
bağlı tövsiyələr hazırlayıb. Seminarın
sonunda qəbul olunan sənədə görə, dialoq,
qarşılıqlı anlayış, xoş məram və
birgə yaşam kimi dəyərlərin cəmiyyətdə
bərqərar olması üçün ünsiyyət, mədəniyyət,
turizm və idman forumlarının təşkilini təmin etmək
məqsədilə İSESCO-dan iştirakçı ölkələrdəki
rəsmi və özəl media qurumları ilə
yanaşı, QHT-lərə də dəstək olması tələb
edilib. Həmçinin fərqli topluluqlara neqativ münasibətlərə
qarşı ictimaiyyətdə və siyasi mühitdə
müsbət bir yanaşmanın sərgilənməsini təmin
etmək məqsədilə TÜRKSOY-dan iştirakçı
ölkələrdəki media qurum və mütəxəssisləri
üçün faydalı olacaq mədəniyyətlərarası
yığıncaq və simpoziumların təşkili tələb
edilib. Seminarın yekun sənədində mədəniyyətlərarası
dialoq sahəsində fikir və təcrübə mübadiləsini
dəstəkləmək məqsədilə media mütəxəssislərindən
ibarət şəbəkənin yaradılması və
müxtəlif xalqlar arasında mədəniyyətlər,
dinlər və etnik qruplararası ittifaq və birliklərin dəstəklənməsi
qeyd olunur. Seminar iştirakçılarının müzakirə
etdiyi mövzular arasında öz ölkələrinin kütləvi
informasiya vasitəsilərində mədəniyyətlərarası
dialoq və mədəni həmrəyliyin dəstəklənməsi
və fərqli mədəniyyətlərin bir-birilərini
anlamaları ilə əlaqədar təcrübələrə
geniş yer verilib.Qeyd edək ki, beynəlxalq konfransın
iştirakçıları dünən Fəxri xiyabanda
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
ediblər.
Anar Miriyev
Palitra.-2012.-29 avqust.-S.5.