Dahilərimizin dünyaca məşhurluğu onlarla bağlı beynəlxalq tədbirləri asanlaşdırır

 

Vaqif Quliyev: “Ədəbiyyat sahəsindəki tədbirlərin təşkiliinə kompleks yanaşma onunla nəticələndi ki, Azərbaycan mədəniyyətinin qədimliyi, orijinallığı və möhtəşəmliyi istər daxildə, istərsə də beynəlxalq aləmdə bir daha özünü qabarıq şəkildə göstərmiş oldu”

Layihə çərçivəsində müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevdir. Vaqif müəllim bizimlə söhbətində nazirliyin təşkil etdiyi mədəniyyət tədbirlərindən danışdı:

-         2012-ci ildə ötən dörd-beş illə müqayisədə ölkəmizdə həqiqətən də mədəniyyət sahələri içərisindən ən çox da bir ədəbiyyat havası özünü göstərib. Bu xüsusiyyət əsasən onunla bağlıdır ki, cənab Prezident İlham Əliyev Azərbaycanın doqquz dahi, çox tanınmış   şair və yazıçısının  yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bəziləri tərəfindən həmin dahi ədiblərimizin yubileylərinin tənrtənəli şəkildə keçirilməsinin vacib olub-olmadığı müzakirə olunur. Onu da qeyd edim ki, xeyli əvvəllər mədəniyyət və ədəbiyyat korifeylərimizin yubileylərinin bu cür əlamətdar şəkildə keçirilməsi tədbirləri səngimişdi. Amma son illərdə yubileylərin bu cür təntənəli keçirilməsi, bu işlərə mütəşəkkil, kompleks yanaşmanın meydana gəlməsi səbəbsiz deyil. Bu tədbirlər sadəcə tədbir keçirərək dövlət tədbirlərinin sayını çoxaltmaq xarakteri daşımır. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənət nümunələrinin Azərbaycan xalqına daha dərindən çatdırılması, xatırladılmasıdır. Bu, həmin sahələrlə bağlı olaraq cəmiyyətimizin bir daha yüksək səviyyədə maarifləndirilməsini nəzərdə tutur. Onlar haqqında elmi-tədqiqatlar, verilişlər və kitab nəşrləri öz yerində, amma yubileylərin keçirilməsi hərtərəfli bir şəkildə reallaşdırılanda bu sahədə kompleks işlər tamamlanmış olur. Məsələn, bu sənətkarlarımız arasından Mirzə Ələkbər Sabirin 150 illik yubileyi keçirildi, Nizami Gəncəvinin 870 illiyi, Xurşud Banu Natəvanın 180 illiyi, Mirzə Fətəli Axundovun 200 illiyi, Əhməd Cavadın 140 illiyi, Məmməd Səid Ordubadinin 140 illiyi, Mivarid Dilbazinin 100 illiyi, Xəlil Rzanın 80 illiyi təntənəli şəkildə təşkil olundu. Yəni bunların hamısı böyük sənətkarlardır. Eləcə də Hüseyn Cavidin, Həsənbəy Zərdabinin yubileyini bu sıraya aid etmək lazımdır. Yəni bütün bunların hamısını bir ilin içərisində nizamlı bir şəkildə mütəşəkkil olaraq keçirmək çox zəhmət və əzm tələb edir. Həm də bütün bunların demək olar ki, hamısı ancaq ədəbiyyata aid insanlardır. Eyni zamanda incəsənətin digər sahələrində  - həm teatrda, həm də musiqidə  çoxlu sayda yubileylər keçirilib. Bunların hamısının öz istiqaməti, öz mövqeyi var. Ədəbiyyat sahəsindəki tədbirlərin təşkili və keçirilməsinə kompleks yanaşma onunla nətcələndi ki, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qədimliyi, orijinallığı və möhtəşəmliyi istər daxildə, istərsə də beynəlxalq aləmdə bir daha özünü qabarıq şəkildə göstərmiş oldu. İl boyu həm də elə sərəncamlar var ki, 2010-cu ildə verilib, amma ötən və bu il üçün həyata keçirilməsi nəzərdə tutulub. Bunlar bu illər ərzindəı icra olunub. Həm də həmin sərəncamlarda yalnız Mədəniuyyət cvə Turizm Nazirliyi deyil, digər qurumlar, məsələn, Təhsil Nazirliyi, AMEA, Azərbaycan Yazıçılar Birliyi, yaxud Nizami Gəncəvinin tədbirləri il bağlı Gəncə Şəhər İcra Hakimiyyəti kimi qurumlar da təşkilatçı kimi göstərilib. Nazirliyimiz bütün bu təşkilatlarla birlikdə bu tədbirləri keçirir və yubileylərin qeyd olumasını təşkil edir. Bu tədbirlərin keçirilməsi üçün qeyd olunan bütün qurumların əlavə rəyləri nəzərə alınmaqla tədbirlər planı tutulur. Tədbirlər planı da yubilyarların evləri, abidələri və adlarını daşıyan küçələrin, sair ərazilərin abadlığından tutmuş, yaradıcılıqlarına qədər bütün məsələləri əhatə edir. Bu da dövlətin mədəniyyətimizə və ədəbiyyatımızda qayğısını bariz şəkildə ortaya qoyur. Həmçinin yubilyarların yubileylərinin qeyd edilməsi ilə bağlı olaraq onların kitabları, əsərləri nəşr olunur. Məsələn, M.Ə.Sabirin yubileyi ilə əlaqədar olaraq sırf Mədəniyyət və Turzim Nazirliyinin dəstəyi ilə 6 kitab çap olunub. Bu kitablar içində “Hophopnamə”  Xalq rəssamı Arif Hüseynovun yenidən tərtibatı ilə çap olunub. Mən bu yeni nəşri ilin ən gözəl kitablarından biri sayıram. Ümumiyyətlə, Sabirin şeirləri öz aktuallığını həmişə saxlayır, ona görə də onun yaradıcılığını sevməmək mümkün deyi. Bundan başqaSabir təsviri sənətdə” kitabı nəşr olundu. Bundan başqa Sabirlə bağlı bir sıra tədqiqat əsərləri çap olundu. Bunlardan başqa Yazıçılar Birliyi ilə birgə “Sabir poeziya günləri”ni keçirmişik. “Sabir poeziya günləri”ni də həmin yubiley çərçivəsinə daxil etdik. Eyni zamanda bu günlər çərçivəsindəı 150 müasir şairimizin poeziya şeirləri toplanan kitab çap edildi. Güman edirəm ki, gələcəkdə də bu cür kitabların çap olunması davam edəcək.

-         Nizami Gəncəvinin yubileyinin keçirilməsi ilə bağlı nələri demək olar?

-         Nizami Gəncəvinin yubileyi də çox təntənə ilə, möhtəşəm bir şəkildə keçirildi. Nizami Gəncəvinin yubileyi beynəlxalq səviyyədə keçirildi, hətta dahi şairimizə Çin, Rusiya kimi xarici ölkələrdə, İtaliyada heykəllər qoydular. Ümumiyyətlə, bu cür tədbirlərin keçirilməsinin çox mühüm tərəfləri var. Birincisi, bunun elmi-praktik əhəmiyyəti böyükdür, ikincisi isə bizim bu cür dahi ədəbiyyat və digər incəsənət nümayəndələrimizin yaradıcılıq dühası imkan verir ki, onlar beynəlxalq səviyyədə təbliğ edilsin. Buna görə də bu cür tədbirlərimiz beynəlxalq xarakter daşıyır, təkcə Azərbaycanla məhdudlaşmır. Məsələn, Nizami Gəncəvi ilə bağlı beynəlxalq elmi konfrans keçirildi və dünyanın hər yerindən orada alimlər iştirak etdilər. Eləcə də Sabirin yubileyinə dünyanın bir çox ölkələrindən gəlmişdilər. Həmçinin Axundovun yubileyinə də çoxlu ölkələrdən nümayəndələr qatılmışdılar. Qeyd etdiyim kimi, bizdəki tədbirlərlə paralel olaraq xarici ölkələrdə də bizim korifey incəsənət adamları ilə bağlı beynəlxalq konfranslar keçirildi. Məsələn, Ankarada, Moskvada, Hindistandasair ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirləri bura aid etmək olar. Xüsusilə qeyd etmək lazımdır ki, diplomatik korpusumuzun xətti ilə dünyanın elə bir ölkəsi qalmadı ki, orada Nizami Gəncəvi ilə bağlı tədbir keçirilməsin. Dövlət qurumu olaraq bizim işimizin əsas hissəsini Azərbaycan mədəniyyətini təbliğ etmək, dünyada tanıtmaq və dahi sənətkarlarımızın irsini dünyanın hər yerinə yaymaq, çatdırmaq təşkil edir. Bütün bunların yekununda ya Heydər Əliyev Sarayında, ya Milli Dram Teatrında, ya da Filarmoniya binasında böyük dövlət tədbirləri keçirilir. Bu tədbirlər də kütləvi maraqla qarşılanır. Məsələn, Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunmuş yubiley tədbirinin sonunda rejissor Vaqif Əsədov böyük bir tamaşa hazırlamışdı. Bu tamaşa Axundovun altı əsərini birləşdirən bir tamaşa kimi təqdim edildi. Yaxud da Bəhram Osmanov Gəncədə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün kompozisiyalar əsasında gözəl bir əsər hazırlamışdı. Bununla sanki Nizami Gıncəvi dünyanın bütün insanlarının əlindən tutaraq “Xəmsə”sinin “içindən” birkeçirdi. Onu da deyim ki, dünyanın çox kitabxanalarında Nizai Gəncəvinin xeyli sayda əlyazmaları var. Bu əlyazmaların bir milyondan çox vərəq həcmində surətləri gətirildi. Bu əlyazmaların surətləri həm Gəncədəki Nizami Gəncəvi Mərkəzinə, həm də Milli Kitabxanaya təqdim olundu. İndiyə qədər həmin əlyazmaların bizdə nümunələri yox idi, ona görə də həmin əlyazmaların ölkəmizə gətirilməsini çox mühüm saymaq lazımdır.

 

 

İlkin AĞAYEV        

Palitra.-2012.-14 dekabr.-S.11.