«Kitabxanalarımız işini məktəblərlə əlaqəli şəkildə qurur»

 

 «Yerlərdə ixtisaslı kadrların azlığı, bir çox kadrın başqa təminatlı müəssisələrə getməsi işə mənfi təsir göstərir»

 

Layihə çərçivəsində müsahibmiz Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru M.Abdullayevadır:

- Kitabxananızda hansı tədbirləri keçirirsiniz?

- Kitabxanamızda  “Birləşək,-bir olaq!”, “Milli qeyrət günümüz” adlı ədəbi-bədii gecələr, bir qrup fəal oxucularımızla birlikdə şeir gecəsi keçirilib, Rayon Mədəniyyət Evində keçirilən tədbirlərimizdə fəal oxucuların iştirakı təmin olunub. Əlfi Qasımov -85,  İnsan qaranquş deyil” əsərinin təhlili, Nazim Hikmət -100, Tağı Şahbazi Simurq -120, Nəbi Xəzri -88, Fəridə Əlibəyli- 80, Yusif Əzimzadə–95, Mirzə Şəfi Vazeh -220, Qətran Təbrizi -100, Söhrab Tahir-85, Cəmil Əlibəyov -85, M.Seyidzadə-105, Hüseyn Cavid -130, Xəlil Rza-80, Manaf Süleymanov -100 və s. yubileylərə həsr olunmuş kitab sərgiləri, tədbirlər keçirilib. Qasım Bəy Zakirin “Həyasız dərvişlər haqqında” mənzum hekayəsinin diskusiyası, “Qurdquzu” təmsilinin şagirdlərlə birlikdə kompozisiyası təşkil olunub, Beynəlxalq Ana dili Günü qeyd olunub. Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı “Xocalı həqiqətləri” adlı məruzənin təqdimatında geniş oxucu kütləsi iştirak edib. Eyni zamanda Mədəniyyət Evində keçirilən tədbirdə kitabxana işçiləri və fəal oxucuların iştirakının təşkili həmişə diqqətdə saxlanılır. İl ərzində 31 Mart Azərbaycanlıların Soyqrımı Günü haqqında tədbir, “Yaralı Azərbaycanım” adlı məruzə, R. Yusifoğlunun “Soyqrım” şerinin oxunuşu, Azərbaycanın BMTüzvlüyünə qəbul edildiyi gün haqqında məlumat və XI sinif şagirdləri ilə diskusiya da təşkil edilib. “Hərəyə bir ağac əkək” başlığı altında keçirilən iməclikdə yuxarı sinif şagirdlərinin fəal iştirakı təşkil edilib. Silahlı Qüvvələr, Konstitusiya, Milli dirçəliş, Uşaqların müdafiəsi, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi əlamətdar günlər uşaqların diqqət və yaddaşına çatdırılır, onların gələcək həyata istiqamətlənməsində bu günlərin rolunun vacibliyi vurğulanır. MKS «Göy Qurşağı» jurnalına abunəçi olub, onun uşaqların nəzərinə çatdırılmasında vasitəçi olub. Kitaba, kitabxanaya istiqamətləndirilən azyaşlıların və yeniyetmələrin pis vərdişlərdən çəkinməsi cəmiyyətin nailliyyəti və inkişafıdır. Təkcə Xırdalan şəhərində 9 orta məktəb fəaliyyət göstərir ki, onların müəllim və şagirdlərinin əksəriyyəti oxucularımızdır. İstər mərkəzi, istərsə də qəsəbə və kəndlərdə kitabxanalar işini məktəblərlə əlaqəli şəkildə qurur. Eyni zamanda mədəniyyət abidələrimizi də təbliğ etməyə çalışırıq. Məsələn, rayonumuzun ərazisində unikal təbiət abidələrindən biri Məmmədli kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində yaranan «Yanar dağ»dır. Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan əvvəl yaşamış Heredot Azərbaycana səyahət edərkən məşhur «Yanar dağ»da olmuş, onun yaxınlığında yaşayış məskəni olduğunu qeyd etmiş, həmin məskənlərin adını «Qurd yuvası» və «Kirməkinin» kimi göstərmişdir. Bu təbiət abidəsinin qorunması məqsədilə dövlət başçısı sərəncamı ilə «Yanar dağ»ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilərək sərhədləri müəyyən edilib. Qoruğun turizm marşrutuna daxil edilməsi, qorunması və burada turizmin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

- MKS-nin filiallarının fəaliyyəti haqqında nə deyə bilərsiniz?

 

 

- MKS- nin 7 qəsəbə və 5 kənd filialı fəaliyyət göstərir. 2011- ci ildə Ceyranbatan qəsəbə klubu nəzdində fəaliyyət göstərən Ceyranbatan 2 saylı filial kitabxanasının binası yenidən tikilib istifadəyə verilib. 2012-ildə 13saylı  Tuğ zavod qəsəbə filialı oraya birləşdirilib. 11 saylı filial kitabxanası 5 saylı Mehdiabad qəsəbə kitabxanasına birləşdirilib. 14 saylı Xırdalan şəhər filialı, 16 saylı İcra Hakimiyyəti kitabxanası Mərkəzi Kitabxanaya birləşdirilib. Qobu qəsəbə kitabxanası üçün binanın tikintisi davam edir. Qəza vəziyyətində olan bir neçə filialın yenidən inşası və əsaslı təmiri nəzərdə tutulub ki, bu da dövlətimizin kitabxanalara diqqət və qayğısının təzahürüdür. 2012- ci il ərzində qəsəbə kitabxanalarının fondu 119343 nüsxə, kənd kitabxanalarının fondu isə 59295 nüsxə olub.

- Hansı problemləriniz var?

- İlk öncə onu qeyd edim ki, yerlərdə ixtisaslı kadrların azlığı, ixtisaslı kadrların başqa təminatlı müəssisələrə getməsi işə mənfi təsir göstərir. Yaxın gələcəkdə gözlənilən əməkhaqqı artımı kitabxana işinə müsbət təsir göstərəcəyinə zəmanət verir. MKS-yə məxsus avtomobilin olmaması da işə mənfi təsir göstərir. MKS- nin bu təminatı filiallara gedişlərin daha da sıx olmasına şərait yaradardı. Buna baxmayaraq işimizi yüksək səviyyədə qurmağa çalışır, lazımi tövsiyyələrimizi verir, müştərək tədbir və seminarlar keçiririk. Onu da qeyd edim ki, uyğunlaşdırılmış binada yerləşən Mərkəzi Kitabxananın əsaslı təmirə ehtiyacı var. Kitabxanamız beşmərtəbəli binanın alt mərtəbəsində yerləşdiyindən və sakinlərin səhlənkarlığı üzündən ardıcıl olaraq su altında qalır. Döşəmənin altı il ərzində su ilə dolu olur. Divarlar qopub tökülür, avadanlıq və kitablar sıradan çıxır. Bəzən cari təmirin xeyri olmur. Həmişə nəmişlik, rütubət içərisində olan kitabxanada nəinki fondlara ziyan dəyir, eyni zamanda bu işçilərin səhhətinə də pis təsir göstərir. Abşeron Rayon İcra Hakimiyyəti yeni kitabxana binasının tikilməsini nəzərdə tutub. Bu işin həyata keçirilməsi abşeronluların böyük sevincinə səbəb olardı.

 

Anar Miriyev

Palitra.-2012.-25 dekabr.-S.12.