“Masallı beynəlxalq tədbirlərə
inamla sahiblik edə
bilər”
“Azərbaycanın
Folklor Paytaxtı” tədbirləri xaricilərdə
böyük maraq və
rəğbət doğurub
Məlum olduğu kimi, bu il Masallı şəhəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdi. Bu, Masallının zəngin ağız ədəbiyyatı nümunələri – nağıl, dastan, bayatı, nəğmə, tapmaca, yanıltmac, atalar sözü, zərb-məsəllər və bölgələrinin digər folklor incilərinə, tarixi abidələrinə, xalq sənətinə verilən yüksək qiymət kimi dəyərləndirilir. Qeyd edək ki, Masallı bu ada bütün məqamlarına görə layiq olduğunu bariz şəkildə sübut etdi. Bu il ərzində rayonda “Azərbaycanın Folklor Paytaxtı” ilə əlaqədar keçirilən təntənəli tədbirlər də bundan xəbər verir. Qeyd edək ki, artıq bu tədbirlər yekunlaşıb. Bu barədə bizə Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib: “Qədim mədəniyyətə, xalq yaradıcılığına, çoxsaylı abidələrə malik olan, son otuz ildə folklor inciləri ilə dünyanın 30-dan artıq ölkəsinin dinləyicilərini ram edən Masallının respublikanın rayonları arasında seçilib sınananması reallıq idi.
Kəndlərin hamısında xalq sənəti maddi-mədəniyyətimizin ən qiymətli inciləri kimi qorunur. Məhz bu xüsusiyyətinə görə ilin əvvəlində seçim zamanı münsiflər Masallının namizədliyinə hamılıqla səs verdilər.
Masallı bu adı əsl mənada doğrultdu. Ağsaqqalların, ağbirçəklərin bayatı boxçası açıldı. Folklor ansambllarının yarışları başladı. Folklorşünaslar Masallıda oldular. Kəndbəkənd, məhəllə-məhəllə gəzib bu zəngin xəzinəni kağıza köçürdülər.
Bu işlər Masallıda keçirilən “Azərbaycan Folkloru mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfransda müəyyən qədər yekunlaşdı”. Keçirilən tədbirlərin nəticələri barədə də bizə ətraflı məlumat verildi: “Keçirilən tədbirlərin nəticələrindən danışarkən bir sıra məsələləri qeyd etmək olar. Məsələn, Masallı folklor nümunələri kitablarda çap edildi. Filmlərdə, xüsusilə “Halay” haqqında çəkilən sənədli ekran əsərlərində bunlardan daha çox istifadə olundu.
“Folklor ili” çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri “folklor paytaxtı”nın kubokunun və loqosunun təqdimetmə mərasimi oldu.
Masallıda respublika muğam festivalı təntənəli
keçdi. “Masallı” rəqs, incəsənət
məktəbinin “Sara”, yaşlılardan
və gənclərdən
ibarət “Halay” ansamblları, Şərəfənin
“Həcər”, Xırmandalının,
Öncəqalanın, Sərçuvarın,
Gəyəçölün, Qodmanın xalq kollektivləri rəngarəng
tədbirlərdə uğurla
çıxış etdilər.
Tədbirlər get-gedə daha
da kütləviləşirdi.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü
və 15 İyun Milli Qurtuluş Günü münasibəti
ilə keçirilən
tədbirlərdə rayonun
bütün musiqi kollektivləri iştirak etdi.
Sonra yaz festivalı, turizm mövsümünün açılışı,
xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları
təmtəraqla keçirildi. Bir sözlə,
rayonun 118 bədii özfəaliyyət kollektivi,
onların 2800 üzvü
tədbirlərdə iştirak
etdi. “Folklor
ili” çərçivəsində
ən böyük tədbir isə Masallıda keçirilən
Beynəlxalq Folklor festivalı idi.
Həmin gün Masallı xüsusi ilə təmtəraqlı görünürdü. Küçə və meydanlar şəhərdən, rayonun
ayrı-ayrı kənd
və qəsəbələrindən
gələnlərlə dolu
idi. Masallı Beynəlxalq Folklor
Festivalına gələnləri
isti-hərarətli salamlayırdı.
Festival başlamazdan əvvəl
Masallı Rayon İcra
Hakimiyyətinin başçısı
Rafil Hüseynov, Milli Məclisin üzvləri, dövlət
rəsmiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək
dəstələri qoydular.
Bayraq Meydanından başlayan görüş
arasıkəsilməyən dəstələrlə Heydər
Əliyev parkının
önündən keçib
getməsi ilə start
götürdü.
Folklor kollektivləri təmsil etdikləri ölkələrin
bayraqlarını dalğalandırdılar...
İlk olaraq meydanda Azərbaycan bayrağı dalğalanır. Yaşlılardan
və gənclərdən
ibarət “Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Naxçıvanın
rəqs ansamblı, Rusiya Federasiyasının Dağıstan respublikasının
Kabarda-Balkar, Türkiyənin,
İranın, Latviyanın
folklor kollektivləri üç gün rayonda, Boradigah qəsəbəsi və Şərəfə kəndində,
istirahət obyektlərində
zəngin proqramlarla çıxış etdilər”.
Qeyd edilir ki, Masallının zəngin folklorununun nəinki respublika səviyyəsində, həmçinin
bütün dünyaya
tanıdılması dövlət
siyasətinin tərkib
hissəsi kimi dəyərləndirilir. Xalq buna
böyük qiymət
verir. Çünki bu siyasət
Azərbaycan mədəniyyətinin,
dəyərlərinin, folklorunun,
şifahi xalq yaradıcılığının dünyada qəbul etdirilməsi və təbliği deməkdir. Qeyd edək ki, sözügedən beynəlxalq
festival müddətində hər yerdə Masallının bacarıqlı
əl ustalarının
əsərləri də
nümayiş etdirilib.
Bu əsərlər çoxçeşidli, orijinal
və maraqlı olmaqla iştirakçıların,
qonaqların böyük
marağına səbəb
olub. Yerli ənənələr və sənətkarlıq
nümunələri əsasında
hazırlanan bu cür əsərlər ciddi maraqla qarşılanıb.
Rayonun musiqi ansamblları da folklor və eləcə də festival müddətində orijinal
ifa tərzi və folklor koloriti ilə böyük diqqət cəlb edə biliblər. Həmçinin
burada respublikanın digər yerlərindən,
eləcə də xarici ölkələrdən
gəlmiş folklor ansamblları maraqlı çıxışlar ediblər:
“Masallı Olimpiya İdman Kompleksində keçirilən yekun konsertində də “Halay” və digər kollektivlər, Naxçıvanın “Şərur”
ansamblı, Türkiyə,
İran, Latviya, Dağıstan və Kabarda-Balkar folklor qruplarının ifaları
xoş təsir bağışladı. Ansambl üzvləri
Masallı qonaqpərvərliyini
yüksək qiymətləndirib,
festival günlərini unutmayacaqlarını
bildirdilər. Burada bu
fikir dəfələrlə
təkrarlandı ki, Masallı beynəlxalq tədbirlərə inamla sahiblik edə bilər.
Festivalda Masallıda nəfis şəkildə hazırlanan
saxsı qablar, müxtəlif suvenirlər,
köynəklər, qələmlər,
döş nişanları
iştirakçılar üçün
maraqlı idi və hamısı öz ölkələrinə
bu qiymətli hədiyyələri məmnuniyyətlə
apardılar.
Festival müddətində hazırlanan
fotoalbomlar, disklər və s. maraqla qarşılandı.
...Dekabrın 15-i Masallı yenidən izdihamlı idi. Rayonumuza dövlət rəsmiləri,
Mədəniyyət və
Turizm Nazirliyinin
nümayəndələri, jurnalistlər gəlmişdilər.
Bu, bir növ
folklor paytaxtının
keçirdiyi çoxsaylı
tədbirlərə qiymət
vermək məqsədi
daşıyırdı.
Rayon Gənclər Mərkəzində
keçirilən tədbiri
giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının
müavini, təşkilat
komitəsinin sədri
Nəsir Muxtarlı açdı. O, “Folklor ili”ndə keçirilən
tədbirlərdən geniş
danışıb bildirdi
ki, bu sahədə
görülən işlər
bütün rayonu əhatə edib. Xalq folklorunu öyrənməyə,
bu qiymətli incilərin araşdırılıb
tapılmasında bütün
masallılar tədqiqatçı
olublar. Ayrı-ayrı kənd və
qəsəbələrdə keçirilən folklor tədbirlərində minlərlə
insan iştirak etmiş, yeni kollektiv və ifaçılar meydana çıxıb.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət və
siyasət şöbəsinin
müdiri Fikrət Babayev folklor ilində Masallıda bir-birindən zəngin, maraqlı, çoxsaylı
tədbirlərin keçirildiyi
barədə danışmış,
qeyd etmişdir ki, Masallıda keçirilən Beynəlxalq
Folklor Festivalında iştirakçıların yüksək
qonaqpərvərliklə qarşılanması
barədə nazirliyə
və rayona təşəkkür məktubları
gəlməkdədir. Masallı
rayon rəhbərliyinin festivalla,
eləcə də folklor ili
çərçivəsində gördüyü tədbirləri
təqdir edən natiq bu fikirdə
olduğunu bildirdi: Masallı hər cür beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər.
Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov rayonun zəngin folkloru olduğunu qeyd etdi. O, bu folklorun toplanılıb çap etdirilməsi barədə
iş görüldüyünü
bildirdi.
Sonda
rayon İcra hakimiyyətinin
başçısı Rafil
Hüseynov çıxış
edərək Azərbaycanın
qədim və zəngin folklor irsinə malik olduğunu qeyd edərək vurğuladı
ki, bu böyük
xəzinəmizin dünyaya
tanıdılmasında Prezident
İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın böyük təşkilatçılıqları
var. Diqqəti qədimliyimizə,
onun təməli üzərində yüksələn,
ondan qaynaqlanan mədəniyyətimizə cəlb
edən natiq Azıx mağarasının
canlı tarixindən,
Qobustan qaya daşlarının ritmlərindən,
ana laylaları, ata öyüdlərindən
süzülüb gələn
folklorumuzun Masallıda
da qorunub saxlandığını, inkişaf
etdirildiyini vurğuladı.Sonda
folklor ilində fərqlənənlərə rayon İcra Hakimiyyətinin diplomları, fəxri fərmanları və mükafatları təqdim
edildi.
Yenə səhnə incəsənət
ustalarına verildi. Folklor ansamblları,
ayrı-ayrı ifaçılar,
rəqs kollektivlərinin
çıxışları bir-birini əvəz etdi”.Qeyd edək ki, “Masallı - Azərbaycanın Folklor Paytaxtı” tədbirləri
KİV-də çox
geniş və əhatəli şəkildə
işıqlandırılıb. Bununla bağlı ayrıca məqalələr,
telesüjetlər təqdim
edilib: “Bu ardıcıllıq
onu sübut etdi ki, “Folklor
ili” başa
çatmayıb, bir “Folklor ili”nin sərhəddində digərinin
başlanğıcı dayanır”.
İlkin AĞAYEV
Palitra.-2012.-25 dekabr.-S.11.