Azərbaycana gələn turistlərin sayı artıb
“Nizami”
Kino Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiya iclasında
ilk əvvəl mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev cari il ərzində görülən işlərlə
bağlı məruzə
edib. O qeyd edib ki, kollegiya
iclasının gündəliyinə
iki məsələ –
Mədəniyyət və
Turizm Nazirliyinin 2012-ci
il ərzində
həyata keçirdiyi
işlər, eyni zamanda 2013-cü ilin ilk yarısı üçün
planın təsdiqi müəyyənləşməsi daxildir.
Nazir
2012-ci ilin Azərbaycan
üçün olduqca
uğurlu il
olduğunu bildirərək,
2013-cü ildə Azərbaycana
daha böyük uğurlar arzulayıb. O vurğulayıb ki, növbəti il
üçün Gənc
Tamaşaçılar, Kukla
Teatrı festivalların
keçirilməsi nəzərdə
tutulur: “Mənim əsas marağım odur ki, Azərbaycan
mədəniyyəti bütünlüklə
internet şəbəkəsinə daxil olsun. Biz
bu gün ciddi hücuma keçməliyik. Bütün
məlumatlar internet şəbəkəsində
olmalı və bu istiqamətdə iş getməlidir. Sözsüz,
biz istənilən sahədə
uğur qazanmaq üçün var-gücümüzlə
çalışmalıyıq. Bu gün bir çox
mədəniyyət ocaqları
əsaslı təmir
olunur, hər bir məkan gözəlləşir, amma
o məkanların təqdimatı
zəif olduğundan bu iş görünmür”.
Nazir bildirib ki, Azərbaycan
mədəniyyətinin beynəlxalq
sahədə qazandığı
uğurlar göz önündədir və bu gün Azərbaycan
mədəniyyət ölkəsi
kimi tanınır.
Ə.Qarayev həm mədəniyyət,
həm də turizm sahəsində çatışmazlıqlar olduğunu
da vurğulayıb. Azərbaycanın kino sahəsindən də danışan nazir bu sahədə
böyük uğurların
əldə olunacağına
ümid etdiyini əlavə edib və bildirib ki, bunun üçün
bir neçə xarici ölkə ilə əməkdaşlıq
ediləcək. O, kitabxana
sahəsində Baltikyanı
ölkələrin təcrübəsindən
yararlanacağını bildirib:
“Bu ölkədə bütün
kitabxanalar açıq
və rahat fəaliyyət göstərir.
Azərbaycanda kitab işinin
təkmilləşdirilməsinə ehtiyac var və
biz bunun üçün
müəyyən addımlar
atmağa qərar vermişik”. Ə.Qarayev onu
da vurğulayıb ki, bu yaxınlarda
Azərbaycanda “Mədəniyyət
haqqında” qanunun qəbulu hər kəs tərəfindən
bəyənilib və
hazırda qanun dövlət başçısına
təqdim olunub. Eyni zamanda “Kinematoqrafiya
haqqında” qanunun da yenilənəcəyini diqqətə çatdıran
nazir həm mədəniyyət, həm
də turizm sahəsində çalışanları
növbəti il üçün daha məsuliyyətli işləməyə səsləyib.
Əbülfəs Qarayev: “Bəzi
işçilərimiz köhnə
təfəkkürlüdür” Nazir Azərbaycanın mədəniyyət
sahələrində çalışan,
regionlarda fəaliyyət
göstərən mədəniyyət
və turizm idarələrinin rəhbərlərini
tənqid edib və onları məsuliyyətli olmağa
çağırıb. Ə.Qarayev
mədəniyyət işçilərinin
adının cinayətlərdə
hallanmasından təəssüfləndiyini
deyib: “Bizim problemimiz bəzi işçilərin köhnə
təfəkkürlü olmasındadır.
Məni çox narahat edir, bizim regionlardakı
rəhbərliklər məni
o səviyyəyə çatdırır
ki, istintaq orqanları ilə işləməyə məcbur
oluram. Mən ilk gündən bu
vəzifəyə gələndə
demişəm, mədəniyyət
və incəsənət
sahəsində işləyən
bütün insanlar bu cəmiyyətin qaymaqları olmalıdırlar.
Rayonlarda
mədəniyyət və
turizm şöbəsinin,
kitabxanaların, muzeylərin
müdirləri cəmiyyətdə
sayılan və hörmət edilən insanlar olmalıdır.
Ancaq mən məlumatlar alıram ki, hardasa pul
oğurlayıblar, hardasa
stol “siliblər”
və bu cür hərəkətlər
ediblər. İki rayonla bağlı
məsələni Respublika
Prokurorluğu səviyyəsində
müzakirə etməyə
məcburam. Çünki mən istəmirəm ki, mədəniyyət sözü hansısa cinayətin gedişində,
onunla bir arada hallansın. Deməliyəm ki, Şəki
rayonunun mədəniyyət
və turizm şöbəsinin keçmiş
rəhbəri və onun tövsiyələri ilə hərəkət edən bir neçə
işçimizlə, Qazax
rayonunda isə səhlənkarlıq edən
şəxslərlə bağlı
elə vəziyyət
yarandı ki, sənədlər prokurorluğa
göndərildi. Mən belə
işçiləri müdafiə
etmək niyyətində
deyiləm. Əgər onlar
bizim ailənin qanunlarına uyğun hərəkət etmirlərsə,
mən onları müdafiə etməyəcəyəm”.
“2013-cü ilin əvvəllərində
Azərbaycanda beynəlxalq
standartlara uyğun və Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən
təsdiq olunan otellərin yeni ulduzlaşma qaydaları tətbiq olunacaq”. Bu barədə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə
görə, bu qaydalar olduqca sərt olacaq: “Bu zamanın tələbidir.
Biz istəyirik ki, otellərimiz dünya standartlarına uyğun olsun”. Nazir bildirib ki, 2015-ci il
Azərbaycanda keçiriləcək
Avropa Olimpiya Oyunları ilə bağlı yeni işlər görüləcək:
“Hazırda bununla dövlət proqramı təsdiq olunmaqdadır. Orada turizm institutunun inkişafı və formalaşdırılması önəmlidir.
Bildiyiniz
kimi bu yaxınlarda
Şahdağ yay-qış
turizm obyektinin bir hissəsi açdıq. 2015-ci iləcən tam istifadəyə
veriləcək. Azərbaycana gələn qonaqlar, idmançılar üçün
maraqlı olacaq.
Amma prezidentin tapşırığı
ilə Bakıya daha ciddi diqqət
yetirməliyik. Gələn ildən
Bakıda 3 ulduzlu otellərin inşasına
başlayacağıq. Bizim yüksək ulduzlu otellərimiz çoxdur və onlar işlərinin
öhdəsindən yaxşı
gəlirlər. İndi daha
aşağı kateqoriyaların
inşasına başlamalıyıq”.
Əbülfəs Qarayev: “Turizm müəssisələri və
mədəniyyət ocaqları
sıx əməkdaşlıq
etmirlər”
Nazir çıxışında bildirib ki, bu
günə qədər
turizm müəssisələri
və mədəniyyət
ocaqları bir-biri ilə sıx əməkdaşlığı formalaşdıra bilməyiblər
və bu məni çox təəssüfləndirir. Nazir turizm şirkətlərinə,
mədəniyyət ocaqlarına
iradını bildirib:
“Hansı muzeyin turizm şirkətləri ilə müqaviləsi var ki, turizm
müəssisələri də
bunu proqrama salsınlar? Əgər qoruqlar, muzeylər
bu proqrama daxil olsalar, turistlər o muzeylərə
gələrlər. Amma bu mexanizm hələ də tətbiq olunmur. Gələn ildən turistlərə
vizalar elektron formada veriləcək.
Bu hansı formada
ediləcək? Bu, yalnız turizm şirkətinin vasitəçiliyi
ilə bu mümkün olacaq. Yaxşı,
bəs turizm şirkətləri bu məqamda hansı proqramlar təqdim edəcəklər? Bunların hamısı
vahid bir sistemə bağlanmalı
və bu yöndə işlər görülməlidir”.
Nazir: “Bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə
artıb”
Azərbaycanda 400-dən artıq hotel lisenziya ilə fəaliyyət göstərdiyini
deyən nazir bildirib ki, hər
il ölkədə
50-yə yaxın yeni yerləşdirmə obyektləri
istifadəyə verilir:
“Ümumiyyətlə, bu
sahədə problem yoxdur.
Artıq
lisenziya əldə etmək istəyən şirkət və hotellər bunu internet vasitəsilə saytımıza
daxil olaraq, tələb olunan sənədləri təqdim
etməklə həyata
keçirə bilər.
Bu prosedura yüksək
qiymətləndirilir”. Ə.Qarayev Yeni il bayramı
ilə əlaqədar
hotellərdə xidmətlərin
qiymətinin bahalaşmasına
da münasibət bildirib: “Bu qiymətləri
bazar tənzimləyir.
Yeni hotellərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi
bu qiymətlərin daha sivil şəkildə
tənzimlənməsinə imkan verəcək. Biz bu istiqamətdə
işlər aparırıq.
Artıq ötən iki il müddətində Azərbaycan
hotellərində qiymətlər
15-20 faiz enib. Biz də qanunvericiliyə
uyğun olaraq qiymətlərin tənzimlənməsi
istiqamətində müəyyən
işlər görürük”.
Nazir onu da əlavə edib ki, bu
il Azərbaycana
gələn turistlərin
sayı ötən illə müqayisədə
7-10 faiz artıb. Nazirin sözlərinə görə,
ölkəyə gələn
turistlərin yekun sayı barədə məlumatlar gələn ilin fevralın 3-dək dəqiqləşəcək.
Əbülfəs Qarayev: “Azərbaycan
tar ifaçılıq sənətini
UNESCO-nun siyahısından çıxarmaq
mümkün deyil”
“Tarı o siyahıdan heç kim
çıxarmaq fikrində
deyil. Bu, mümkün
deyil”. Bunu jurnalistlərə açıqlamasında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycanın tar ifaçılıq
sənətinin YUNESKO-nun maddi
–mədəniyyət irsinə
daxil edilməsinə İranın etirazına münasibət bildirərkən
deyib. Onun sözlərinə görə,
bu, sadəcə fərqli düşüncədə
olan bəzi alimlərin mülahizələridir:
“Fərqli fikirlər ola bilər.
Eyni səpkidə düşünən
insanlar da fərqli fikirlər irəli sürə bilər. Amma artıq beynəlxalq
təşkilatlar tarı
qəbul edib. Əgər hansısa ölkə tar ifa sənətinə daha
çox töhfə verdiyini deyirsə, buyursunlar, Azərbaycan kimi onlar da YUNESKO-ya müraciət etsinlər”.
Nigar Abdullayeva
Palitra.-2012.-28 dekabr.-S.7.