“Azərbaycanda ilk dəfə olaraq Respublika Gənclər Kitabxanasında İctimai Hüquqi İnformasiya Mərkəzi yaradılıb”
Tahir Sadıqov: “Kitabxanamız bu
gün öz işini günün tələbləri səviyyəsində
qurmaq üçün bütün imkanlardan bəhrələnməyə
böyük səy göstərir”
Layihə
çərçivəsində növbəti müsahibimiz
C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının direktoru Tahir Sadıqovdur:
-
Ölkə başçısının müvafiq sərəncamlarına
əsasən nəşr olunan və kitabxananın
kolleksiyasına daxil edilən kitabların təsviri elektron
kataloqda verilib. Ümumilikdə Prezident hədiyyəsi olan 356
adda 1424 nüsxə ədəbiyyat internetdə yerləşdirilərək
oxucuların istifadəsinə verilib ki, bu istiqamətdə
işlər davam etdirilir. İRBİS-64
Avtomatlaşdırılmış Kitabxana İnformasiya
Sistemində elektron kartotekada Azərbaycan dilində 3068, rus
dilində 706, yəni cəmi 5491 adda dövrü mətbuat təsdiq
edilib. Elektron kataloqa 716 Azərbaycan, 736 rus, 22 digər dillərdə
retro kitablar salınıb ki, bunlar da 1474 adda, 5479 nüsxə ədəbiyyatı
əhatə edib. Azərbaycan dilində 203, rus dilində 613,
digər dillərdə 43, ümumilikdə 4718 nüsxə
yeni kitab elektron kataloqa salınıb ki, bunlar da cəmi 859 adda
olub. Həmin kitabların “kartoçkaları”
çıxarılıb kataloqa düzülüb. “Oxucu”
Avtomatlaşdırılmış İşçi Yerində
1201 oxucu elektron kataloqda, həmçinin 118 oxucuya verilən
366 kitab qeydə alınıb. Yeni kitabların biblioqrafik
siyahı və göstəricisi işçi vəziyyətdədir.
Həmçinin yeni kitabların biblioqrafik göstəricisinin
elektron forması demək olar ki, hazır vəziyyətdədir
və ənənəvi şəkildə çap olunmaq
üçün işlənilir. Tezliklə yeni kitabların
siyahısı da sayta salınacaq. Elektron kataloqda “Ümummilli
lider”, “İdman”, “Ekologiya”, “Neft strategiyası” adlı yeni məlumat
bazaları yaradılıb. Bu məlumat bazalarında qəzet,
jurnal və kitablar öz əksini tapıb. Kitabxanada
İRBİS-64 AKİS-nin sərlövhə və sərlövhəaltı
məlumatlarının Azərbaycan dilinə tərcüməsi
üzərində iş davam etdirilir. Kitabxanada Rusiya
Federasiyasının LİBNET Milli İnformasiya Kitabxana Mərkəzinin
metodiki vasitələrində kitabxana-biblioqrafiyaya aid olan
normativ sənədlərdən istifadə edilib.
Məlum
olduğu kimi, ölkə başçısı tərəfindən
28 dekabr 2006-cı il tarixində “Azərbaycan Respublikasında
insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət
Planının təsdiq edilməsinə dair” sərəncam imzalanıb.
Azərbaycanın normativ hüquqi aktlarının insan
hüquqlarına dair beynəlxalq standartlara tam
uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla
yeni əməkdaşlıq strategiyasının
hazırlanması və həyata keçirilməsi, dövlət
orqanlarının fəaliyyətinin insan
hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi,
elmi-analitik işlərin stimullaşdırılması,
hüquqi maarifləndirmə işinin genişləndirilməsi,
dövlətlə vətəndaş cəmiyyəti
arasında qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi və s. bu kimi məsələlər
sərəncamda öz əksini tapmışdı. Bu sərəncamdan
irəli gələn tədbirləri həyata keçirmək
üçün mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin təşəbbüsü ilə “İnformasiya
hamı üçün” YUNESKO Proqramının Rusiya komitəsi
ilə əldə edilmiş razılığa əsasən
Azərbaycanda ilk dəfə olaraq 27 fevral 2008-ci ildə
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
İctimai Hüquqi İnformasiya Mərkəzi (İHİM)
yaradılıb.
- Kitabxananın kompyuterləşdirilməsi
işi necə həyata keçirilir?
- Bu
gün kompyuter dünyada milyonlarla insanın həyatının
ayrılmaz hissəsinə çevrilib. Təxmini hesablamalara
görə, yaxın gələcəkdə fərdi kompyuterlərin
dörddə biri kompyuter şəbəkəsi ilə əhatə
olunacaq. Prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı»nın icrasını təmin etmək
məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
kitabxanaların informasiyalaşdırılması işi
böyük vüsətlə ölkəmizin bütün
şəhər və rayon kitabxanalarını əhatə
edir. Kompyuterləşmə bütün bəşəriyyətin
böyük nailiyyətinə çevrilib. Məhz bu təzahür
elmi-texniki tərəqqinin müasir mərhələsinin əsasını
qoyub. Kitabxanalarımızın müasir dövrdə
kompyuterləşmə siyasətindən kənarda
qalmaması təbii ki, çox sevindirici haldır. Müasir
dövrdə demək olar ki, bir kitabxana belə tapmaq
mümkün deyil ki, orada kompyuterləşmə prosesinə
start verilməsin. Kompyuter şəbəkəsi, veb sayt,
elektron poçt ünvanı müasir
kitabxanalarımızın fəaliyyətinin ayrılmaz hissəsidir.
Təbii ki, bizim kitabxanamız da istisna təşkil etmir.
C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasının veb saytı
2009-cu ildə yeniləşib və
istifadəçilərin ixtiyarına verilib. Sevindirici
haldır ki, kitabxanamızın veb saytının
yaradılmasında birbaşa olaraq kitabxanamızın əməkdaşları
iştirak ediblər. Biz öz veb saytımızda
kitabxanamızın fəaliyyətindən əlavə oxucu
kütləsi üçün maraqlı ola biləcək hər
bir mövzuya toxunmağa çalışırıq. Veb
saytımız hər gün yeni məlumatlarla yenilənir.
“Aktual mövzular”, “Gənclər hərəkatı”, “Bu ay
teatrlarımızda” və s. bu kimi linklər hər bir gənc
oxucunun maraq dairəsindən xəbər verir. Böyük bir
tarixi keçmişə malik olan Azərbaycanımızın
keçmişi, bu günü, turizm gözəllikləri, 31
Mart soyqırımı, 20 Yanvar və Xocalı faciəsi və
s. bu kimi movzular saytımızda çox geniş formada
işıqlandırılıb.
Son
illər ərzində C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının fəaliyyəti “Mədəni-maarif”
jurnalının “Şərəf” diplomuna, Ağamusa
Nağıyev adına “Milli dəyərlərin qorunması”
İB-nin “Ağamusa Nağıyev” diplomuna, Azərbaycan “Azad qələmlər”
Cəmiyyətinin “Qızıl əllər” fəxri
mükafatı laureatı diplomuna, “Qafqaz-Media” İB-nin “Cəsarətli
qələm” diplomuna layiq görülüb. C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanası bu gün öz
işini günün tələbləri səviyyəsində
qurmaq üçün bütün imkanlardan bəhrələnməyə
böyük səy göstərir.
- Bu gün bir sıra kitabxanalarda
müvafiq tədbirlər reallaşdırılır. Gənclər
kitabxanasında hansı tədbirlər həyata
keçirilir?
-
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
davamlı olaraq tədbirlər həyata keçirilir. Son tədbirlərimizə
gəldikdə isə 10 noyabr 2011-ci il tarixində Dövlət
Bayraq Günü, “Dünya Azərbaycanlı Gənclərinin
Beynəlxalq Həmrəyliyi” cəmiyyətinin
yaranmasının 15-ci və Dünya Azərbaycanlılarının
1-ci Qurultayının keçirilməsinin 10-cu
ildönümü günü münasibətilə elmi-praktik
konfrans keçirilib.Kitabxanada 16 noyabr 2011-ci il tarixində
Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq-informasiya fakültəsinin
kitabxanaşünaslıq kafedrasının müdiri, Azərbaycan
Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət
işçisi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki,
Prezidentin fəxri təqaüdçüsü, “Şöhrət”
ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun
anadan olmasının 80 illik yubileyi münasibətilə görüş
keçirildi. 5 dekabr 2011-ci il tarixində isə
kitabxanamızda “Sürgün Həyatı Repressiya
Qurbanlarına Dəstək” İctimai Birliyi ilə birlikdə
görkəmli dramaturq, repressiya qurbanı Hüseyn Cavidin
anım gününün 70 illiyi ilə əlaqədar tədbir
keçirildi. 27 dekabr 2011-ci il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə “Dünya azərbaycanlılarının
həmrəyliyi və faciələrimizin dünya ictimaiyyətinə
çatdırılmasında xaricdəki
soydaşlarımızın rolu” mövzusunda elmi-praktik konfrans
keçirildi. 19 yanvar 2012-ci il tarixində 20 Yanvar - Azərbaycanın
suverenliyi uğrunda həlak olanların 22-ci
ildönümünə həsr olunmuş dəyirmi masa
keçirildi. Tədbir boyu 20 Yanvar şəhidlərinin
müsibətlərinə həsr edilmiş slaydlar
nümayiş etdirildi. Tədbirin sonunda “20 Yanvar tarixi” adlı
sərgiyə baxış keçirildi. Bundan sonra da
kitabxanamızda yeni tədbirlər həyata keçirməyi
nəzərdə tuturuq.
Nigar Abdullayeva
Palitra.-2012.- 1 fevral.- S.10.