«Eurovision»
müsabiqəsi Azərbaycanın tarixini,
mədəniyyətini, dəyərlərini təbliğ etmək
üçün fürsətdir»
«Muzeylərimiz,
kitabxanalarımız və digər mədəniyyət müəssisələrimiz
mədəni dəyərlərimizin təbliği istiqamətində
maarifləndirmə işləri aparmalıdırlar»
Layihə çərçivəsində müsahibimiz Samux rayon Heydər Əliyev Muzeyinin
direktoru Tariel Hüseynovdur. O, müsahibəyə muzeyin fəaliyyəti haqqında məlumat
verməklə başladı:
- Xalqımızın ümummilli lideri Heydər Əliyevin adının əbədiləşdirilməsi,
onun irsinin öyrənilməsi
və geniş şəkildə təbliğ
olunması sahəsində Samux rayon Heydər Əliyev Muzeyində xeyli işlər görülüb.
Muzey ulu öndərin həyat və fəaliyyətini,
keçirdiyi tarixi
görüşləri əks etdirən fotostendlərlə,
“Müstəqilliyimiz əbədidir”
əsərlərinin külliyyatı ilə, onun həyat və fəaliyyətinin
ayrı-ayrı sahələrini əhatə edən əsərlərlə
təchiz edilib. İlk
öncə onu qeyd edim ki, rayon mərkəzində inşa
edilmiş, günü-gündən zənginləşən
muzey ulu öndərin
irsinin təbliğində öz
layiqli töhfəsini verir.
Böyük zal, konfrans zalı və əlavə 3 otaqdan ibarət olan muzeyin tərtibatı nəfis şəkildə
işlənilib. Böyük zalda 3 dairəvi şəkildə fırlanan kitab rəfləri və 7 stend
quraşdırılıb ki, stendlərdən
asılmış 100-ə qədər şəkil ulu öndərin ömür
yoluna işıq salır. Muzeyimizdə ulu öndərin həyat və fəaliyyətini
əks etdirən kitablardan ibarət
guşə yaradılıb. Konfrans
zalı proyektor, dəyirmi masa
ilə təchiz edilib. Ulu öndər Heydər Əliyev
irsinin təbliği məqsədilə
ümumtəhsil məktəblərinin müəllim və şagird kontingentinin, idarə,
müəssisə və təşkilat kollektivlərinin,
ictimaiyyət nümayəndələrinin muzeyin
eksponatları ilə tanış edilməsinə yüksək
səviyyədə şərait yaradılıb.
Fotostendlər və əsərlər haqqında muzeyi ziyarət edən qonaqlara
ətraflı məlumat verilir. Muzeyin konfrans zalında
muzeyə gələnlərə tarixi
şəxsiyyətin həyat və fəaliyyətinə həsr
olunmuş “Ömür
və tale, yaxud Prezidentin qeyri-rəsmi portreti”,
“Müstəqillik yollarında” kinofilmləri göstərilir.
Heydər Əliyev elmi irsinin
gənclər tərəfindən daha
yaxşı öyrənilməsini təmin etmək məqsədilə
Heydər Əliyev Muzeyində xüsusi dərnəklər
yaradılıb. Dərnəklərdə “Heydər Əliyev və
Azərbaycan gəncliyi”, “Heydər Əliyev siyasi
məktəbini öyrənirik”, “Heydər Əliyevin həyat
və fəaliyyəti” mövzularında dəyirmi masalar, elmi-praktik konfranslar təşkil edilir.
Rayonun
idarə, müəssisə və təşkilatlarında
çalışan gənclərin bu dərnəklərə
cəlb edilməsi onların Heydər Əliyev
ideyalarını daha dərindən
öyrənməsində böyük
kömək olub. 20 Yanvar
faciəsi, Xocalı soyqırımı, 31 Mart
soyqırımı, Beynəlxalq Muzeylər Günü, Qurtuluş Günü, Konstitusiya Günü ilə
bağlı elmi-praktiki konfranslar
keçiririk. Ümummilli
liderimizin zəngin idarəçilik təcrübəsinin
gələcək nəsillərə
çatdırılması, ulu öndərin
Azərbaycanımızın yeni tarixində
tutduğu yer, onun həyat və fəaliyyəti ilə
bağlı seminarlar, ümummilli
liderin
anım günü münasibətilə
“Azərbaycan üçün yaşanan ömrün böyük anları” mövzusunda
dəyirmi masalar, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
münasibətilə “Ulu öndərin
müstəqil Azərbaycanın dövlətçiliyinin
möhkəmləndirilməsi sahəsindəki fəaliyyəti”
adı altında elmi-praktik konfranslar təşkil etmişik.
Yaradılmış tədqiqatçılar qrupu
tərəfindən rayonda xeyli
araşdırma aparılıb.
- Muzeyiniz Azərbaycan mədəniyyətinin
təbliği istiqamətində hansı işlər həyata
keçirir?
-
Samux rayon Heydər Əliyev Muzeyi olaraq işimizi geniş
müstəvi üzərində qurmuşuq. Bura Azərbaycanın
zəngin mədəni irsinin, mədəniyyətinin təbliği
də daxildir. Bildiyiniz kimi, mədəniyyətimizin
inkişafı, mədəni dəyərlərimizin
qorunması və təbliğ edilməsi daim ulu öndərin
diqqətində olub. Ümumiyyətlə, ulu öndər
bütün həyatı boyu Azərbaycan mədəniyyətinə
çox bağlı olub. Biz də muzey olaraq Azərbaycan mədəniyyətinin
təbliğində üzərimizə düşən
işi canla-başla görməyə
çalışırıq. Ulu öndərin milli dəyərlərimizin
qorunmasındakı fəaliyyətini gənc nəslə
çatdırırıq. Rayonumuzun məktəbliləri,
yeniyetmələr tez-tez bizim muzeyimizdə olurlar. Bu isə bizə
dəyərlərimizi onlara çatdırmaq üçün
böyük fürsətdir. Keçirdiyimiz tədbirlərdə,
seminarlarda daim mədəniyyətimizi təbliğ edirik.
Çünki inkişafın əsası əslində mədəniyyətdən
başlayır. Dilimizi, mədəniyyətimizi həmişə
qorumalıyıq. Bunun üçün hər kəs
çalışdığı sahədə üzərinə
düşən işi məsuliyyətlə görməlidir.
Torpaqlarımızı işğal edən bədnam
qonşularımız həmin yerlərdəki mədəni
abidələrimizi, muzeylərimizi dağıdır, onları
özününküləşdirməyə
çalışır. Yəni bədnam ermənilər həmişə
bizim mədəniyyət nümunələrimizi oğurlamaqla
məşğuldurlar. Bu məkrli siyasət indi də davam
etdirilir. Müxtəlif musiqi nömrələrimizi, mətbəximizə
aid olan təamları öz adlarıyla beynəlxalq tədbirlərdə
təqdim etməyə çalışırlar. Onlar bunun
üçün hər fürsətdən istifadə edirlər
və deyim ki, çox hiyləgər olduqları
üçün daima ayıq-sayıq olmalıyıq. Məktəblilərə,
yeniyetmələrə Qarabağ torpağının tarixi,
orada qalan mədəniyyət abidələrimiz haqqında
geniş informasiyalar verməliyik. Gənc nəsli elə tərbiyə
etməliyik ki, onlar gələcəkdə mədəni dəyərlərimizin
nə qədər qiymətli olduğunu bilsinlər, ona sahib
çıxsınlar. Muzey olaraq biz hər fürsətdən
istifadə edərək ziyarətçilərimizə həm
ulu öndərin irsini çatdırırıq, həm də
dəyərlərimizi aşılamağa
çalışırıq. Yetişən gənc nəsli bu
ruhda tərbiyə etməliyik. Muzeylərimiz,
kitabxanalarımız və digər mədəniyyət müəssisələrimiz
bu sahədə maarifləndirmə işləri
aparmalıdırlar. Bu sahədə çox işlər
görülür. Amma dəyişikliyin, inkişafın belə
sürətlə baş verdiyi zəmanədə
yaşadığımızdan işimizi də dövrün tələblərinə
uyğun qurmalıyıq. Bu gün Azərbaycan inkişafda
olan dövlətdir. Hər bir sahədə olduğu kimi, mədəniyyət
sahəsində də böyük inkişaf yaşanır. Demək
olar ki, bütün rayonlarımızda mədəniyyət
müəssisələri yenilənir. Bu gün vətəndaşlarımız
müasir mədəniyyət evlərindən, klublardan,
kitabxanalardan, teatrlardan istifadə edirlər. Mədəniyyət
evlərinin müasir texniki vəsaitlərlə,
kitabxanaların müasir kompyuter avadanlıqları ilə təmin
edilməsi respublikanın bütün bölgələrini əhatə
edir. Bu əslində Azərbaycan dövlətinin mədəni
xəzinəsidir. Mədəniyyət müəssisələrinin
yenidən qurulması bu sahədə böyük canlanma
yaradıb.
- Gərək bu sahədə
çalışanlar da işlərini müasir səviyyədə
qursunlar.
- Elədir,
amma təkcə bu sahədə çalışanlar deyil,
hamımızın üzərinə məsuliyyət
düşür. Düşmənə təkcə silahla qalib
gəlməməliyik. Onlara həm də böyük tarixi
keçmişə malik olan mədəniyyətimizlə də
qalib gəlməliyik və gələcəyik. Bu gün Azərbaycan
dünyanın ən nüfuzlu musiqi yarışmalarından
biri olan «Eurovision» müsabiqəsini keçirməyə
hazırlaşır. Bu cür böyük mədəni tədbiri
qəbul etmək asan məsələ deyil. Dövlət elə
inkişaf səviyyəsində olmalıdır ki, belə
musiqi yarışmasını yüksək səviyyədə
keçirə bilsin. Eyni zamanda bu yarışma bizim
üçün həm də bir fürsətdir. Azərbaycan
tarixini, mədəniyyətini, dəyərlərini təbliğ
etmək üçün fürsətdir. Bu imkandan maksimum
şəkildə istifadə etməliyik. Avropa mətbuatının
gözü Azərbaycan dikilib, yarışma yaxınlaşdıqca
diqqət daha da artacaq. Ona görə də ölkəmizi, mədəniyyətimizi
təbliğ etmək üçün əlimizə
düşən bu fürsətdən yaxşı istifadə
etməliyik. Xüsusilə gənclərimiz bu sahədə
daha aktiv olmalıdırlar. İnformasiya
texnologiyalarının imkanlarından yararlanaraq böyük təbliğat
işi qurmaq lazımdır ki, bütün dünya Azərbaycanı
daha yaxından tanısın, onun mədəni zəngiliklərinin,
dəyərlərinin şahidi olsun.
Anar Miriyev
Palitra.-2012.-1 fevral.- S.7.