“Sumqayıt kitabxanaları da öz
inkişafının yeni mərhələsinə
qədəm qoyub”
“Sumqayıt
şəhərində əhalinin kitabla təminatında, həmçinin
günbəgün artan və yenilənən informasiya
axını ilə təmin olunmasında Sumqayıt şəhər
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xüsusi
yeri var”
Layihə çərçivəsində
növbəti müsahibimiz Sumqayıt şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Yeganə Əhmədovadır:
- Azərbaycan zəngin mənəviyyata,
qədim soykökə, yüksək milli-mənəvi dəyərlərə malik olan, cəmiyyətdə
gözəl əxlaqi münasibətlərə
üstünlük verən bir
xalqın yaşayıb-yaratdığı diyardır. Sərvət
dolu bu gözəl diyarın həmçinin
ən böyük sərvəti hər bir vətəndaşın
qoruyub yaşatmağa
çalışdığı milli-mənəvi dəyərləridir.
Bütün dövrlərdə zaman-zaman milli-mənəvi dəyərlərimizin
daşıyıcısı, qoruyucusu və təbliğatçısı
məhz kitabxanalar olub. Yarandığı gündən tarixi
inkişafın bütün mərhələlərində
kitabxanalar cəmiyyətə xidmət edib, onun informasiya tələbatını ödəyib,
toplanmış informasiyanı gələcək nəsillərə
ötürmək funksiyasını
yerinə yetirib. XXI yüzillik də kitabxanaların
qarşısında məhz cəmiyyətə
informasiya xidmətinin təşkili vəzifəsini qoyub.
Sumqayıt şəhərində əhalinin kitabla təminatında,
həmçinin günbəgün
artan və yenilənən informasiya axını ilə təmin
olunmasında Sumqayıt şəhər
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)
xüsusi yeri var. Gənclər
şəhərində kitabxana işinin tarixi ötən əsrin
ortalarına təsadüf edir. Doğma şəhərimizlə
həmyaş olan ilk kütləvi kitabxana bu gün filial kimi fəaliyyət
göstərən, dahi satirik, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin
adını daşıyan 10 saylı kitabxana-filial olub. Az sonra
1953-cü ildə uşaq kitabxanası fəaliyyətə
başladı. Lakin bu kifayət deyildi. Şəhər zəhmətkeşlərinin
elmə, maariflənməyə, istehsalat sahəsində olan yenilikləri
öyrənməyə olan ehtiyacı və bununla əlaqədar bilavasitə kitaba olan tələbatın
ödənməməsi artıq 50-ci illərin
sonlarında göz
qabağında idi. Buna görə də 24 mart 1958-ci ildə
yeni Mərkəzi Şəhər
Kitabxanasının açılması qərara
alındı. 1966-cı ildə isə Mərkəzi Şəhər
Kitabxanasına görkəmli şairimiz Səməd
Vurğunun adı verildi. 70-ci illərdə Sovetlər
İttifaqında dövlət kütləvi
kitabxanalarının mərkəzləşdirilməsi
məsələsi qoyulmuşdu və tədricən həyata
keçirilirdi. O cümlədən
SSRİ tərkibinə daxil olan bir respublika kimi Azərbaycanda da bu işin həyata
keçirilməsinə başlanıldı və bu
çağırışa gənclər şəhəri
Sumqayıt ilk səs verənlərdən oldu. 1 iyul 1974-cü
ildən S.Vurğun adına Mərkəzi Kitabxananın
bazası əsasında şəhərdə fəaliyyət göstərən dövlət
kütləvi kitabxanalarının birləşdirilməsi qərara
alındı. Qərarda deyildiyi
kimi, bu mərkəzə S.Vurğun adına Mərkəzi
Kitabxana, A.Qaydar adına Uşaq
Kitabxanası, C.Məmmədquluzadə adına Kitabxana, Corat qəsəbə
kitabxanası və 1,2,3,4,5,6,7,8, 9
¹- li filiallar daxil idi.
- Bir sıra kitabxanaları özündə
birləşdirən Sumqayıt şəhər MKS-in fəaliyyət sistemi necə
qurulub?
- Bu gün Sumqayıt şəhər
MKS özündə 20 dövlət kitabxanasını birləşdirir. Bunlardan 14
kitabxana-filial böyüklərə, 5 uşaq kitabxanası isə
kişik yaşlı oxuculara xidmət edir. S.Vurğun adına
Mərkəzi Kitabxana MKS-ə daxil olan digər kitabxanalara
metodik mərkəz funksiyasını yerinə yetirir.
Kitabxananın nəzdində Xidmət, Komplektləşdirmə
və kitabişləmə, Metodika və biblioqrafiya,
Kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması, İnformasiya-resurs, Vahid fondun təşkili və istifadəsi
şöbələri və Elmi-tədqiqat bölməsi fəaliyyət
göstərir. Şəhər əhalisi və oxucular
arasında apardığı gözəl təbliğatçılıq fəaliyyətinə görə
S.Vurğun adına Mərkəzi Kitabxana dəfələrlə
- SSRİ Mədəniyyət
Nazirliyi (1967), Ümumittifaq Lenin Komsomolunun Mərkəzi Komitəsi (1971, 1973),
Azərbaycan SSR Mədəniyyət Nazirliyi (1973), Azərbaycan SSR
Könüllü Kitabsevərlər Cəmiyyəti (1981,
1987), Sumqayıt şəhər Zəhmətkeş Deputatlar Soveti
İcraiyyə Komitəsi
(1967, 1968, 1977, 1978, 1979,
1982), Sumqayıt şəhər Mədəniyyət
Şöbəsi (1967, 1973, 2003)
tərəfindən fəxri fərmanla, 1973 və 1978-ci illərdə Azərbaycan KP MK-nın Keçici
Qırmızı Bayrağı, diplom və pulla mükafatlandırılıb, 1980-ci
ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 3-cü dərəcəli
diplomuna layiq görülüb
(yeri gəlmişkən, qeyd edək
ki, məhz həmin sərginin açılışında
oxuculara nümunəvi xidmətinə və yaxşı təşkilatçılıq
bacarığına görə Mərkəzi Kitabxananın
üç əməkdaşına
– İster Şamayayevaya, Qalina Xəlilovaya və Lyudmila Səfiyevaya bürünc medal və
pul mükafatı verilmişdi), 18 yanvar 1977-ci ildə
S.Vurğun adına Mərkəzi Kitabxana Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən
respublika kitabxanaları üçün təcrübə bazası
elan edilib. 2003-cü ildə Açıq Cəmiyyət
İnstitutu - Yardım Fondunun
kitabxanalar proqramı çərçivəsində
respublika kitabxanaları arasında
keçirdiyi müsabiqədə qalib gəlib. Kollektivin
hər bir üzvünün öz işinə məsuliyyətlə
yanaşması Sumqayıt şəhər MKS-in adının
bu gün də birincilər
sırasında çəkilməsinə yardımçı
olur. Məhz bunun nəticəsidir
ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə həyata keçirilən, Prezidentin 2008-ci il 6 oktyabr
tarixli “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı”nın Tədbirlər
Planında nəzərdə tutulan “İlin ən
yaxşı kitabxanası”,
“İlin nümunəvi Mərkəzləşdirilmiş
Kitabxana Sistemi”, “Ən yaxşı kitabxanaçısı” və
digər nominasiyalar üzrə müsabiqələrdə Sumqayıt
şəhər MKS də iştirak etdi və respublika
kitabxanaları arasında “İlin nümunəvi Mərkəzləşdirilmiş
Kitabxana Sistemi” nominasiyasında ilin qalibi oldu. Bu gün
Sumqayıt şəhər MKS-in keçdiyi şərəfli
həyat yolundan bəhs edərkən
onun inkişafında və quruculuğunda fəal iştirak
etmiş insanların
adlarını çəkməmək doğru
olmazdı. Belə ləyaqətli insanlardan Svetlana Ağayeva, Ulduz Namazova, Lyudmila Həsənova,
Gülzar Xaşalova, Tamilla Xudaverdiyeva, Tamilla Məmmədova,
Nuricət Zülfüqarova, Gülnaz
Səfərova, Pərvanə Qasımova, Rəna Həsənova,
Rübabə Mütəllimova, Zeynəb Baxşəliyeva, bu
gün aramızda olmasa da, işıqlı xatirəsi həmişə bizimlə
olan Xoşqədəm Mahmudova, Almaz
Mehmanovanın və onlarla adlarını çəkə
bilmədiyim fədakar, əməksevər, təmənnasız
xidməti ilə oxucuların rəğbətini qazanan digər
insanların bu kitabxananın
inkişafında əvəzsiz xidmətləri olub.
Sumqayıt şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sistemindən söhbət düşəndə bu
sistemin əvəzolunmaz
siması Svetlana Ağayevanın adını xüsusilə
qeyd etmək istərdim.
Çünki kitabxana işinin təşkilində və
inkişafında, mərkəzləşdirilməsində,
oxuculara xidmət işinin keyfiyyətcə
yaxşılaşdırılmasında Svetlana
xanımın çox böyük əməyi var. Məhz
onun fədakar əməyinin bəhrəsidir ki, Mədəniyyət
Nazirliyinin qərarı ilə Sumqayıt şəhər MKS
1977-ci ildə qabaqcıl təcrübə məktəbi elan
edilib, respublikamızın şəhər və rayon kitabxana
işçiləri zaman-zaman bu kitabxananın iş təcrübəsindən
bəhrələniblər. Yaxşı xidmətlərinə
görə Svetlana xanım dəfələrlə SSRİ və
Azərbaycan SSR Mədəniyyət Nazirliyinin fəxri fərmanları,
döş nişanları, “Rəşadətli əməyə
görə” yubiley medalı, Azərbaycanın
“Əmək veteranı” medalı, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin bürünc medalı və Prezidentin 2004-cü
il 23 dekabr tarixli sərəncamına əsasən “Tərəqqi”
medalı ilə təltif edilib. 73 illik ömrünün 46 ildən
çoxunu bu doğma divarlar arasında keçirən Svetlana xanımı
kitabxanamızın “canlı
tarixi” adlandırsaq, səhv
etmərik. Onun əmək fəaliyyəti və şəxsi
nümunəsi hazırda bu sistemdə çalışan Bela
Quliyeva, Zemfira Mirzəyeva, Nazxanım Cəfərova, Nailə Əsgərova,
Təranə Mirzəyeva, Natəvan Axundzadə, Nafilə Nəsirova, Şərəf Əliyeva, Ofelya
Qafarova, Rita Behbudova, Sona Eminova, Rəhilə Ağayeva,
Zübeydə Məmmədova, Aidə Qələndərova, Rəna
Xələfova, Əsli Əhmədova, Nailə Tağıyeva,
Qənimə Baqişova, Hafizə Pirimova, Reyhan Mustafayeva kimi
neçə-neçə kitabxanaçı üçün
həyat məktəbinə çevrilib.
- Kompyuterləşdirilmiş
kitabxana-informasiya şəbəkəsinin yaradılması
istiqamətində hansı addımlar atılıb?
- Bu gün müasir oxucunun sərbəst
və məhdudiyyətsiz informasiya ilə təmin edilməsi,
informasiya ehtiyatlarının mühafizəsi bütün
dünya kitabxanalarının əsas vəzifələrindən
biridir. Bu baxımdan respublika kitabxanaları ilə
yanaşı Sumqayıt kitabxanaları da öz
inkişafının yeni mərhələsinə qədəm
qoyub. Dövlət Proqramının icrasının əsas
istiqamətlərində nəzərdə tutulmuş
kitabxanaların kompyuter və informasiya-proqram təminatı,
respublika üzrə kompyuterləşdirilmiş
kitabxana-informasiya şəbəkəsinin yaradılması və
inkişafı məsələləri bu gün Sumqayıt
şəhər MKS-də öz həllini tapıb. Belə ki,
S.Vurğun adına Mərkəzi Kitabxanada 2009-cu ildə əsaslı
təmirdən sonra kompyuterləşdirilmiş infrastruktur
qurulub, kitabxana yeni informasiya texnologiyaları ilə təchiz
edilib, S.Vurğun adına Mərkəzi Kitabxananın
“sumlib.az” və 12 saylı kitabxana-filialın “www.sum-child.az”
saytları oxucuların istifadəsinə verilib. İRBİS
64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya
Sistemi tətbiq olunaraq elektron kataloq yaradılıb və
kataloqa fondun ədəbiyyatının daxil olunması prosesinə
başlanılıb. Şəhər əhalisinin bütün
təbəqələrinə kitabxana xidmətinin
yaxşılaşdırılması, bu xidmətin əhatə
dairəsinin genişləndirilməsi, səmərəliliyinin
artırılması, informasiya qıtlığının
aradan qaldırılması məqsədilə MKS-in
kitabxana-filiallarının da kompyuter təminatı, kompyuterləşdirilmiş
kitabxana-informasiya şəbəkəsinin yaradılması və
inkişafı nəzərdə tutulur.
Nigar Abdullayeva
Palitra.- 2012.- 8
fevral.- S. 13.