«Mədəniyyət
sahəsində böyük potensiala malik olan gənclər ordusu cəmləşib»
İlham Manafov: «Abşeron rayonunun mədəniyyət müəssisələrinin
nümayəndələri beynəlxalq müsabiqələrdə
Azərbaycan mədəniyyətini uğurla
təmsil edirlər»
Layihə çərçivəsində müsahibimiz Abşeron Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri İlham Manafovdur.
Şöbə müdiri müsahibəyə
rəhbərlik etdiyi qurumun
fəaliyyəti haqqında məlumat verməklə
başladı:
-
Rayon Mədəniyyət və Turizm Şöbəsi mədəniyyət
müəssisələrində il ərzində bir sıra mədəni-kütləvi
tədbirlər hazırlayaraq həyata keçirir. Məktəblilərin
qış tətili günlərini daha maraqlı keçirmələri
üçün yerlərdə əyləncəli proqramlar,
konsertlər təşkil edirik. Rayon Mədəniyyət Evində
“Yeni müjdələr gətir” adlı şənliklər və
xalq teatrının hazırladığı Əli Səmədlinin
“Meşədə konsert” nağıl-tamaşası izləyicilər
tərəfindən maraqla qarşılandı. Ötən ay
20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr
olunmuş ədəbi-bədii kompozisiya təşkil
etmişdik. Qarşıdan Xocalı soyqırımının
20-ci ildönümü gəlir. Dövlət
başçısı soyqırımın 20 illiyinin
xüsusi şəkildə keçirilməsi ilə
bağlı sərəncam imzalayıb. Hər il ermənilərin
xalqımıza qarşı törətdiyi qətliamlarla
bağlı tədbirlər keçiririk. Bu il isə
Xocalı soyqırımının 20 ili tamam olur və
dövlət başçısının sərəncamına
uyğun olaraq bu il Xocalı faciəsi, ermənilərin
xalqımıza qarşı törətdiyi qətliamlar, vəhşiliklər
geniş tədbirlər planı ilə xatırlanacaq. Bir daha
erməni vəhşilikləri ifşa olunacaq, onların
iç üzü bütün dünyaya
çatdırılacaq. Ermənilərin əsil mahiyyətinin
ifşa olunmasının və onların gənc nəslə
çatdırılmasının böyük əhəmiyyəti
var. Ona görə də biz mədəniyyət işçiləri
olaraq bu sahədə üzərimizə düşən
işi layiqincə görməyə
çalışacağıq. Müxtəlif tədbirlərdən
istifadə edərək erməni vəhşiliyini məktəblilərə,
yeniyetmələrə çatdıracağıq. Ötən
il Xocalı soyqırımının ildönümü ilə
əlaqədar Xocalı sakini, faciənin şahidi,
yazıçı-publisist Səriyyə Müslüm
qızının əsərləri əsasında
hazırlanmış “Xocalıdan gələn var”
tamaşası göstərilmişdi. Tədbirdə rayonun
uşaq incəsənət məktəbləri şagirdlərinin
və həvəskar rəssamların mövzu ilə əlaqədar
rəsm əsərlərindən ibarət sərgilər tərtib
edilərək nümayiş olunmuşdu. Bu il tədbirlərimizin
miqyası bir qədər də geniş olacaq. Bu günlərdə
2 fevral Gənclər Günü rayonumuzda da geniş şəkildə
qeyd edildi. Ümumiyyətlə, bu günün keçirilməsinin
çox böyük əhəmiyyəti var. Cəmiyyətin əsas
hərəkətverici qüvvəsi olan gənclərin
inkişafı, öz potensiallarını təqdim etmələri
üçün bu gün respublikamızda bütün imkanlar
yaradılıb. Dövlətin siyasətində gənclər
xüsusi yer tutur. Cəmiyyət həyatının
bütün sahələrində, siyasi, iqtisadi, mədəni
sahələrdə gənclər özlərini yüksək
səviyyədə təqdim edirlər. Mədəniyyət
sahəsində böyük potensiala malik olan gənclər
ordusu cəmləşib. Biz çalışıb bu
potensialdan maksimum şəkildə keyfiyyətlə bəhrələnməliyik.
Bu gün dövlət xətti ilə yüzlərlə gəncimiz
dünyanın nüfuzlu ali məktəblərində təhsil
alır ki, bu da dövlətimizin bu sahəyə nə qədər
böyük önəm verdiyini göstərir. Rayonumuzda da gənclərə
həmişə xüsusi diqqət olur. Ona görə də
2 fevral Gənclər Günü Abşeronda həmişə
yüksək səviyyədə qeyd edilir. Ümumiyyətlə,
bütün əlamətdar günlər rayonumuzda yüksək
səviyyədə qeyd edilir və mədəniyyət müəssisələri
bu tədbirlərdə aktiv iştirak edirlər.
- Rayonun mədəniyyət müəssisələrinin
təmsilçiləri respublika səviyyəli müsabiqələrdə
təmsil olunurmu?
- Bəli,
respublika və beynəlxalq səviyyəli müxtəlif mədəni
müsabiqələrdə təmsilçiərimiz aktiv
iştirak edirlər. Biz özümüz də mədəniyyət
sahəsindəki təmsilçilərimizin belə müsabiqələrdə
iştirakında maraqlıyıq. Belə müsabiqələr
təmsilçilərin peşəkarlıq səviyyəsinin
artmasına böyük təsir göstərir. Ötən il
Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi nəfəsli
və zərb alətləri üzrə II respublika müsabiqəsində
rayonun uşaq musiqi və incəsənət məktəblərinin
şagirdləri müvəffəqiyyətlə iştirak
ediblər. Eyni zamanda uşaq incəsənət məktəblərinin
rəssamlıq sinfinin şagirdləri beynəlxalq rəsm
müsabiqələrində müntəzəm olaraq təmsil
olunurlar. Belə ki, Ceyranbatan və Saray qəsəbə
uşaq incəsənət məktəbləri tərəfindən
Çexiya Respublikasının Liditse şəhərində
keçirilən Uşaq və Yeniyetmələrin 39-cu Beynəlxalq
İncəsənət Sərgisinə 15 ədəd, Misir Ərəb
Respublikasında keçirilən “Misir dünya
usaqlarının gözü ilə” adlı beynəlxalq rəsm
müsabiqəsinə isə 10 ədəd rəsm əsəri
göndərilib. Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin
şagirdi İbadlı Fərhad Oqtay oğlu xalq
çalğı alətləri üzrə keçirilən
II respublika müsabiqəsində III dərəcəli diploma
layiq görülüb. Həmçinin qeyd edim ki, ötən
il Türkiyənin İzmir şəhərində “Azərbaycan
Novruz Festivalı” çərçivəsində Xalq
şairi Səməd Vurğun və Şövkət Ələkbərovaya həsr
olunmuş “19 Mart -Bakı gecəsi” tədbirində iştirak
etmək üçün
Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin
bir qrup müəllim və şagird heyəti tədbirin təşkilat komitəsi tərəfindən
dəvət olunaraq orada müvəffəqiyyətlə
çıxış ediblər. Ötən il həmçinin
Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin
şagirdlərindən ibarət xalq çalğı alətləri
orkestri İctimai Televiziya kanalı ilə Türkiyənin
TRT-AVAZ kanalı arasında yaradılmış
telekörpüdə canlı yayımlanan “Yeni gün” səhər
proqramında konsert proqramı ilə çıxış
ediblər. Eyni zamanda ötən il Dərbənd Dövlət
Azərbaycan Dram Teatrı rayonda qastrol səfərində oldu.
Teatrın ifasında C.Cabbarlının “Aydın” əsəri
göstərildi və tamaşa izləyicidər tərəfindən
böyük maraqla qarşılandı. Eyni zamanda Sumqayıt
şəhərində uşaq xor kollektivlərinin VII
respublika müsabiqəsində rayonun uşaq musiqi və incəsənət
məktəblərinin xor kollektivləri müvəffəqiyyətlə
çıxış ediblər. Belə ki, Qobu qəsəbə
Uşaq İncəsənət Məktəbi və məktəbin
xormeysteri Aysel Məmmədova, Mehdiabad qəsəbə
Uşaq Musiqi Məktəbi müsabiqənin fəxri fərmanları
ilə təltif olunublar. Ötən il Xırdalan şəhər
Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri
orkestri dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü münasibətilə Dövlət
Filarmoniyasında geniş konsert proqramı ilə
çıxış edib. Bunlardan savayı Moskvada Vladimir
Spivakov Beynəlxalq Xeyriyyə Fondu tərəfindən
keçirilən “Moskva dostları qarşılayır”
adlı VIII Beynəlxalq Festivalda və Samara şəhərində
Yuri Başmetin himayəsi altında keçirilmiş MDB
ölkələri Birinci Uşaq Musiqi Akademiyasında
Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin
şagirdi Manafzadə Atabala müvəffəqiyyətlə
çıxış edib. Uşaq musiqi məktəbinin
şagirdlərinin bu cür yüksək səviyyəli beynəlxalq
musiqi yarışmalarında təmsil olunmaları həm
onların peşəkarlıq səviyyəsini artırır,
həm də ölkəmizin adını ucaldır. Bu yolla həm
də ölkə mədəniyyəti, zəngin Azərbaycan
musiqisi təbliğ olunur. Ona görə də belə
müsabiqələrdə təmsil olunmağa xüsusi önəm
veririk. Bir məsələni də vurğulayım ki, ötən
ilin son rübündə mənim rəhbərliyimlə
“Abşeron” aşıqlar qrupu Əlcəzairin Telemsen şəhərində
oldu. Telemsen şəhəri “2011-ci ilin İslam Mədəniyyəti
Paytaxtı” elan olunmuşdu. Bununla əlaqədar keçirilən
festivalda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə
Reprezentativ Siyahısına daxıl olan Azərbaycan
muğamı, aşıq, xalçaçılıq sənəti,
habelə Novruz bayramı ilə bağlı eksponatlar Telemsen
şəhərinin incəsənət və tarix muzeyində
keçirilən sərgidə nümayiş etdirildi.
“Abşeron” aşıqlar qrupu geniş konsert proqramı ilə
çıxış etdi. Nümayəndə heyətimizin
yerli KİV-də Azərbaycan aşıq sənətinin
tarixi, milli dəyərləri mövzusunda
çıxışları oldu.
Anar Miriyev
Palitra.-2012.-7 fevral.-S.6.