Dünyanın yeni kulturoloji dərki
Aydın Xan: “Dünyada yaranan yeni
düşüncə texnologiyalarının elmi-mədəni
düşüncəmizdə zamanında tətbiqi məsələsi
yenə də öz aktuallığını saxlamaqdadır”
Çağdaş qloballaşma prosesində dünyanın yeni kulturoloji dərki vacib əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dünya mədəniyyəti prosesində iştirakı da arzuedilən səviyyədə olmalıdır. Həmçinin indiyə qədər dünya mədəniyyətinə verdiyimiz töhfələrin düzgün qiymətləndirilməsi də bizim üçün önəm daşıyır. Layihə çərçivəsində bizə bu barədə fikirlərini bildirən Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan bildirir: “İndi tənbəlliyin daşını atmağı bacaranların əksəriyyəti çağdaş milli fikri formalaşdıran düşüncə adamlarını tənqid etməyi xoşlayır: “Azərbaycan ictimai-elmi, mədəni-ədəbi fikrinin səviyyəsi dünya standartlarından çox geri qalır; bizdə niyə dünyaşöhrətli filosoflar yoxdur; beynəlxalq aləmdə qəbul edilən yaradıcı fərdlərimiz, tanınmış intellektuallarımız görünmür; belə getsə, müxtəlif sahələr üzrə Nobel mükafatı alanımız olacaqmı!?” Kifayət qədər kəskin səslənsə də, subyektiv iradlardır və bu yerdə düşüncə adamlarımız, müxtəlif bəhanələr gətirsələr də, sonda bircə məsələdə razılaşmalıdırlar: bilgini, elmi, intellekti, bir sözlə, ictimai-mədəni fikri xalq, kütlə deyil, ayrı-ayrı seçilmiş peşəkar fərdlər inkişaf etdirir, zənginləşdirir, sivilizasiya məhsuluna – bəşəri uğura çevirir... Son illər həyatımız kimi, elm və texnika, insan düşüncəsinin müxtəlif sahələri çox sürətlə inkişaf edir, canlı orqanizm kimi durmadan irəliyə doğru hərəkətdədir. Azərbaycan toplumu olaraq zamanın diktəsini yerinə yetirməsək, yəni qlobal proseslərdən bircə addım kənara qalsaq, ortaya çıxacaq uçurumu əsrlər boyu doldura bilmərik”.Bu mənada vurğulamaq yerinə düşər ki, dünyada yaranan yeni düşüncə texnologiyalarını elmi-mədəni düşüncəmizdə çağında tətbiqi məsələsi yenə də öz aktuallığını və kəskinliyini saxlamaqdadır. Kulturoloq bildirir: “İnsan şüurunun digər istiqamətləri barədə mülahizələr söyləmək imkanımız olmasa da, humanitar sahəmizə aid maraqlı bir problem barədə fikirlərimi bölüşmək istəyirəm. Bəşər sivilizasiyasının tarixinə ekskurs edəndə görürük ki, yaşadığımız dünyanın dərki və inikası ilə bağlı müxtəlif forma, eləcə də fərqli texnologiyalar mövcud olub: reallığın mifoloji, dini, ədəbi, bədii, elmi, fəlsəfi, riyazi, hətta poetik inikası məsələsi əsrlər boyu düşüncə adamları arasında böyük polemikalara, elmi mübahisələrə, hətta fikir münaqişələrinə səbəb olub. Zaman-zaman bu formatlar – düşüncə texnologiyaları yerlərini, mövqelərini dəyişib, bəziləri uzun müddət, digərləri isə müəyyən vaxt ərzində ictimai-humanitar düşüncədə birinciliyi əlində saxlayıb. Qeyd etmək də yerinə düşər ki, onların bir çoxu (dini, elmi, ədəbi-bədii) bəşər tarixində – sivilizasiya gedişatında nəzərəçarpacaq çevrilişlərə, nəhəng yeniləşmələrə təkan verib”.Son əlli ilin düşüncə texnologiyalarının içində maraqlı hadisə – dünyanın kulturoloji dərki məsələsi ətrafında beynəlxalq intellektual-yaradıcı çevrələr qızğın polemikalara girişiblər. Dünyanın, gerçəkliyin, həyatın, əbədiyyətin və zamanın kulturoloji dərki, təhlili və inkası problemləri əksər sivill ölkələrin intellektuallarının, yaradıcı-elmi dairələrinin, filosof və alimlərinin müzakirə obyektinə çevrilib. Kulturoloqun fikrincə, bizim bir sıra mədəni-intellektual çevrələrimiz hələ də bu qlobal beyin-bilgi proseslərinə tam qoşulmayıb və kulturologiyanı yalnız mədəniyyətşünaslıq kimi qəbul etmək meyilləri kimi komplekslərdən uzaqlaşa bilməyiblər: “İntellektual ədəbiyyatlarda bir elm sahəsi olaraq kulturologiyanın vahid tərifi ətrafında hələ də mübahisələr getsə də, ensiklopedik lüğətlərdəki müəyyən məlumatlardan bəzi məsələləri aydınlaşdırmaq mümkündür. Sosial və humanitar biliklərin vəhdəti nəticəsində insan, eləcə də cəmiyyət həyatını öyrənən elm sahəsi kimi kulturologiya böyük mənada mədəniyyəti varlığın əlahiddə tamlığı kimi öyrənir. Kulturoloji elmlər deyildikdə isə üç bilgi sistemi – humanitar kulturologiya, sosial kulturologiya və tətbiqi kulturologiya nəzərdə tutulur: nəzərə almaq lazımdır ki, bu bölgü kulturologiyanı bir elm kimi dərk edəndə işlək sayılır. Öz növbəmdə onu da əlavə etmək istəyirəm ki, geniş mənada, yəni fəlsəfi və poetik tərəflərinə, bilgi-düşüncə texnologiyası kimi götürəndə, kulturologiya dar çərçivədən çıxıb, qlobal sivilizasiya formasına – dünyagörüşünə çevrilir. Bu zaman ondan yararlanaraq indiyə qədər dərk edilməyən bir çox qlobal problemlərə yeni və fərqli baxışlarla nəzər salmaq, əbədi sualların sadə cavabını tapmaq mümkündür.Təkrarən qayıdırıq kulturoloji elmlərə, yaxud elmin kulturoloji dərkinə, təhlilinə. Dünya kulturologiya elmi son 50-60 ildə çox böyük bir inkişaf mərhələsi keçib ki, vaxtilə və indinin özündə də Rusiya, rus dili vasitəsilə onun bəzi qatları barədə informativ bilgilər əldə edirik.Humanitar kulturologiyanın istiqamətləri çox genişdir: ümumi profili tarixi-mədəni araşdırmalar; mental mədəniyyətin tədqiqi; dini aspektlərdən mədəniyyətin öyrənilməsi; mədəniyyət tarixinin ədəbiyyatşünaslıq baxımından tədqiqi; mifoloji mədəniyyətin tarixi; etnolinqvistik və semiotik nöqteyi-nəzərdən təhlil; sənətşünaslıq və estetika kimi sahələrinin qarşılaşdırılması nəticəsində əldə edilən bilgilər və başqaları”. Qeyd edək ki, sosial və mədəni antropologiya; mədəni-tipoloji istiqamət; mədəni-psixoloji istiqamət; kulturoloji-ekoloji və b. qollar isə kulturologiyanın sosial-elmi profili sayılır. Ən geniş yayılan tətbiqi kulturologiya da müxtəlif istiqamətlər üzrə inkişaf edib: “Mədəniyyət institutlarının fəaliyyəti və mədəniyyət siyasətinin nəzəriyyəsi; sosial-mədəni proqnozlar, layihələşdirmə və tənzimləmə metodları; təhsilin kulturolojiləşdirilməsi; şəxsiyyətin sosiallaşdırılması və sosial-mədəni pedaqogika; mədəni irsin qorunması formaları; muzey işi; diyarşünaslıq və sair. Bütün bu sadalanan istiqamətlər üzra dünyanın ayrı-ayrı ölkələrində kulturoloji məktəblər, intellektual çevrələr, elmi-fəlsəfi institutlar, tədqiqat mərkəzləri fəaliyyət göstərir”. Kulturoloq bildirir ki, 2007-ci ildə AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ölkə Kulturoloqlarının I Forumu keçirildi. Bu faktın özü də sübut edir ki, artıq dövlət tərəfindən kulturologiyaya xüsusi diqqət göstərilir və yaxın gələcəkdə ictimai-intellektual düşüncəmizdəki boşluqlar tezliklə aradan götürüləcək.A.Xan onu da qeyd etdi ki, qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli tərəflərini cəmləyən estetik-ədəbi nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə çatdırmaq işində yaradıcı intellektuallara elmi-texniki tərəqqinin son nailiyyətləri – yazılı və elektron KİV, internet, elektron informasiya daşıyıcıları, mobil rabitə vasitələri böyük yardımçı olur. Bununla kulturologiyanın ayrı-ayrı sahələri də inkişaf etmiş olur. ABŞ-da yaşayan soydaşlarının həyatından yazan yapon yazarının romanını, yaxud da İstanbulda sərgisi açılmış Azərbaycan rəssamının yaradıcılıq uğurları barədə dünyanın hər yerində yaşayan insanlar sürətlə xəbər tuturlar: “Yetər ki, bu işlərə lazımınca maraq və həvəs olsun. Eyni zamanda bu maraq kütləvi miqyasda olmalıdır”.
İlkin AĞAYEV
Palitra.-2012.-7 fevral.- S.10.