Naxçıvan Muxtar Respublikasının
yaranmasının 88-ci ili
tamam olub
Fevralın 9-da Naxçıvan Muxtar
Respublikasının yaranmasının
88-ci ili tamam olub. Naxçıvanın
muxtariyyəti Azərbaycanın
XX əsrdə əldə
etdiyi böyük tarixi nailiyyət idi. Naxçıvanın muxtariyyəti hərbi-siyasi
və diplomatik mübarizələrin nəticəsi
kimi meydana çıxmış, gərgin,
ağır, eyni zamanda, şərəfli bir yol keçib.
Ümummilli lider Heydər Əliyev Naxçıvanın
muxtariyyət qazanmasını
dövlətçilik tariximizdə
mühüm nailiyyət
kimi qiymətləndirərək
deyib: “Naxçıvanın
muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti
Naxçıvanın əldən
getmiş başqa torpaqlarının qaytarılması
üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Azərbaycanın qədim və zəngin mədəniyyətə,
çoxəsrlik dövlətçilik
ənənələrinə malik olan Naxçıvan
diyarının muxtariyyət
tarixinin diqqətlə
öyrənilməsi və
təbliğ olunması
vacibliyini bir vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev deyib: “Ermənistanın apardığı
təcavüzkarlıq siyasəti
nəticəsində Azərbaycandan
qismən təcrid olunmuş vəziyyətdə,
blokada şəraitində
yaşamaq məcburiyyətində
qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən
Naxçıvanın tarixinin
hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı,
bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu
kimi çatdırılmalı,
erməni siyasətçilərinin
tarixi saxtalaşdırmaq
cəhdlərinə tutarlı
cavab verilməlidir”.
Naxçıvan həmişə strateji
əhəmiyyət kəsb
edib
Əlverişli təbii-coğrafi mövqeyi,
Şərqlə Qərbi
birləşdirən qədim
İpək yolunun üstündə yerləşməsi
onu fatehlərin, böyük dövlətlərin
geosiyasi maraqlarının
kəsişdiyi regiona
çevirib. Ərazisi
dəfələrlə işğal
olunsa da, əldən-ələ keçsə
də, Naxçıvan
heç vaxt əyilməyib, xalqımıza
məxsus mədəniyyəti,
adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilib, müasir dövrümüzədək
gətirib çıxarıb.
Naxçıvan şəhəri XII əsrdə
qüdrətli Atabəylər
dövlətinin paytaxtı
olub. XII və XIX əsrlərdə Azərbaycan
ərazisində yaranmış
18 xanlıqdan biri olan Naxçıvan xanlığı bölgənin
inkişafına, müdafiə
qabiliyyətinin gücləndirilməsinə,
inzibati idarəçiliyin
formalaşmasına özünəməxsus
töhfələr verib.
Naxçıvan heç vaxt özünü Azərbaycandan
ayrı təsəvvür
etməyib, bütün
dövrlərdə dünyanın
bir çox dövlətləri üçün
də böyük coğrafi-siyasi və strateji əhəmiyyət
kəsb edib. Xüsusilə, keçən
əsrin əvvəllərində
yaranmış şəraitdən
istifadə edən erməni daşnakları Naxçıvana qarşı
ərazi iddiaları irəli sürmüş,
bu diyarı Ermənistana qatmaq üçün bütün
vasitələrə əl
atıb. Bölgə əhalisinin inadlı müqavimətləri nəticəsində
Naxçıvan Azərbaycanın
əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılıb və son nəticədə
ona Azərbaycanın tərkibində muxtariyyət
statusu verilib. Naxçıvanın muxtariyyət
statusu qazanması bu bölgədə
1918-1921-ci illərdə cərəyan
edən proseslərin,
onlara təsir edən daxili və xarici amillərin, bölgənin
və regionun geosiyasi vəziyyətinin və iki mühüm
beynəlxalq müqavilənin
sayəsində mümkün
olub.
Həqiqətən də Naxçıvan
əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə,
erməni daşnaklarının
hərbi basqınlarına
qarşı mərdliklə
mübarizə aparıb,
öz qanları bahasına qədim diyarı qoruyublar. Hələ 1918-ci ildə Naxçıvan Milli Şurası Xalq Cümhuriyyəti hökumətinə
yazdığı məktubda
göstərirdi ki,
biz ermənilərə tabe
olmuruq, tezliklə Azərbaycan qoşunları
tərəfindən Zəngəzurun
azad edilməsini və Naxçıvanın
Azərbaycana birləşməsini
gözləyirik. Naxçıvan
İnqilab Komitəsinin
Azərbaycan hökumətinə
1920-ci il 10 avqust tarixli məktubunda da bildirilirdi: “Əhalinin yekdil qərarı ilə Naxçıvan özünü
Azərbaycanın ayrılmaz
hissəsi hesab edir”.
Qədim
diyarın muxtariyyət
statusu məsələsində
N.Nərimanovun prinsipial
mövqeyi, onun adından B.Şahtaxtinskinin
Moskvada apardığı
danışıqlar və
1921-ci il martın 1-də
V.Leninə göndərdiyi
məktub, nəhayət
Rusiyanın Naxçıvan
məsələsinə münasibətini
müsbət istiqamətdə
dəyişməsinə səbəb
oldu. Nəticədə
Naxçıvanın muxtar
statusu RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit
edildi: “Razılığa
gələn hər iki tərəf hazırkı müqavilənin
I (B) əlavəsində göstərilən
sərhədlərdə Naxçıvan
vilayətinin Azərbaycanın
himayəsi altında muxtar ərazi təşkil etməsinə
razıdırlar, o şərtlə
ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü
bir dövlətə güzəştə getməyəcək”.
Bu müqavilə Naxçıvanın
taleyinin həll edilməsində tarixi rol oynadı.
1921-ci il oktyabrın 13-də
RSFSR-in iştirakı ilə
Azərbaycan SSR, Ermənistan
SSR, Gürcüstan SSR və
Türkiyə Respublikası
arasında imzalanmış
Qars müqaviləsinə
əsasən, Naxçıvanın
ərazisi, sərhədləri
daha da dəqiqləşdirildi.
Müqavilənin 5-ci maddəsi
və 3-cü əlavəsi
Naxçıvanın ərazi
mənsubiyyətini bir
daha təsdiqlədi, onun sərhədlərini müəyyənləşdirdi. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində
müəyyən edilmiş
sərhədlərdə Azərbaycanın
himayəsi altında muxtar ərazi təşkil edir.
Naxçıvan diyarının tarixi
taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını bu beynəlxalq müqavilələr reallaşdırdı.
Həmin müqavilələrlə
Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın
tərkibində muxtar
qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.
Muxtar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi əlamətlərinə ayrılır. Naxçıvan Muxtar Respublikası dövlətin əsas ərazilərindən tam təcrid olunmuş vəziyyətdə - “anklav” ərazi kimi geosiyasi əsasa görə yaranıb. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirib və qismən özünüidarə hüququnun tanınmasına yol açıb. Çünki Zəngəzur mahalının Ermənistan tərəfindən işğal edilməsi ilə Naxçıvan diyarı Azərbaycanın əsas ərazilərindən aralı düşüb, nəticədə onun muxtariyyət məsələsi gündəliyə gəlib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”. Bu diyara muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR Naxçıvan üzərində hüquqlarından irəli gələn vəzifələri həyata keçirirdi. Lakin Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi. Həmin il fevralın 9-da isə Azərbaycan SSR MİK-in dekretinə əsasən Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-ə çevrildi. Bununla da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirildi.
Tarixi proseslərin
inkişafının nəticəsi olaraq
Naxçıvan 1921-ci ilin martından
Naxçıvan Sovet Sosialist
Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı,
1924-cü il fevralın 9-dan
Naxçıvan Muxtar Sovet
Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.
Muxtariyyat statusu çevik siyasi
addımların atılmasını təmin edib
Ötən
əsrin 90-cı illərində - bölgəyə erməni
hücumlarının aramsız xarakter aldığı bir
dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin
kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət
statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli
addımların atılmasına, muxtariyyətin ərazisinə
edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin
məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın
tarixi ərazisinin qorunub saxlanmasına imkan yaradıb. Naxçıvanın
muxtariyyət statusu ötən əsrin 90-cı illərində
Azərbaycanın müstəqillik uğrunda
apardığı mübarizə dövründə
mühüm mərhələ təşkil edib. Bu statusun ulu
öndər Heydər Əliyevin 1990-93-cü illərdəki
siyasi fəaliyyəti dövründə Naxçıvanın
xalqımızın suveren hüquqlarının təmin edilməsi
uğrunda gedən mübarizənin mərkəzinə
çevrilib. 1990-cı il noyabrın 17-də ümummilli
liderin rəhbərliyi ilə keçən Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci
sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının adının dəyişdirilməsi
haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali
dövlət hakimiyyət orqanları haqqında”,
“Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri
haqqında” tarixi qərarlar qəbul olunub.
Azərbaycan
rəhbərliyinin SSRİ-in qorunub saxlanmasına dair göstərdiyi
təşəbbüslərin əksinə olaraq,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci
il 14 mart tarixli qərarı ilə SSRİ-nin saxlanmasına
dair ümumittifaq referendumunda Naxçıvan Muxtar
Respublikasının iştirakının yolverilməz
olduğunu bəyan edib. 1991-ci ilin oktyabrında “Keçid
dövründə SSR İttifaqının dövlət
hakimiyyət və idarəetmə orqanları haqqında”
SSRİ qanununun müzakirəsi zamanı da Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi Azərbaycan dövlət
hakimiyyət orqanlarından fərqli mövqe tutaraq SSRİ-nin
yenidən bərpasına və unitar ittifaq dövlətinin
möhkəmləndirilməsinə yönəldilən cəhdləri
rədd edib, Azərbaycan Ali Sovetindən də müvafiq qərarların
qəbul olunmasını xahiş edib.
Naxçıvanın
muxtariyyət statusu bu dövrdə erməni işğalı
təhlükəsinin aradan qaldırılması, ağır
blokada şəraitində adamların
yaşayışının təmin olunması sahəsində
də taleyüklü qərarların qəbul edilməsinə
şərait yaradıb, Naxçıvan Muxtar
Respublikasının rəhbəri kimi ümummilli lider Heydər
Əliyev qonşu İran və Türkiyə respublikaları
ilə əlaqələr quraraq bu ölkələrdə səfərlərdə
olub, müxtəlif sahələrdə əməkdaşlığa
dair protokollar imzalayıb.
Bu
gün Naxçıvan bütün ölkədə
aparılan quruculuq işlərində fəal iştirak edir.
Bütün bunların kökündə isə ulu öndər
Heydər Əliyev tərəfindən hazırlanan və
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf
proqramı dayanır.
Palitra.-2012.-10 fevral.- S.6.