Azərbaycan mədəniyyətinin dünyaya töhfələri

 

Layihə çərçivəsində müsahibimiz AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur. Füzuli müəllimlə müsahibəmiz Azərbaycan mədəniyyətinin, özünəməxsusluğu, dünyaya verdiyi töhfələr barəsində oldu. Füzuli müəllim söhbətə belə başladı:

- Azərbaycan coğrafi olaraq elə bir məkanda yerləşib ki, dünyanın bir neçə böyük sivilizasiyasının ona təsiri olub. Bu barədə tarixçilər, digər sahə alimləri və siyasətçilər də həmişə bildirirlər. Daha doğrusu, bir az konkretləşdirsək, Azərbaycan adətən Şərq və Qərb sivilizasiyalarının hər ikisinin təsirinə məruz qalıb. Özündə bu sivilizasiyaların ən yaxşı cəhətlərini birləşdirən bir mədəniyyət, bir həyat tərzi bizdə formalaşıb. Bu məqamlıar tarix boyu Azərbaycanın dünya mədəniyyətinə verdiyi incilərdə öz əksini tapıb. Məsələn, arxeoloji materiallar da sübut edir ki, lap qədimlərdən Azərbaycanda dulusçuluq, xalçaçılıq mövcud olub, indi məişətdə bir çox sahələrdə istifadə olunan əşyalar hazırlanıb. Xudu Məmmədovun “Naxışların sirri” kitabında qədimlərdə tapılmış mədəniyyət abidələri haqqında çox gözəl məlumatlar var. Bundan əlavə, indiyə qədər müasir elmdə və fəlsəfədə, tarixşünaslıqda, sosiologiyada maraqlı tendensiyalar özünü göstərir. Yəni keçmişə yeni və bir qədər fərqli mövqedən yanaşmalar var. Adətən sualı tarixi yaddaşın öyrənilməsi aspektində qoyurlar ki, indi hər bir etnosun, hər bir cəmiyyətin keçmişini necə öyrənmək olar. Bu  öyrənmə zamanı yaddaş fenomeninin hansı rolu oynaya biləcəyi də araşdırılır. Ümumiyyətlə, tarixi yaddaşın nə olduğu da bu gün elmdə müzakirə mövzusudur. Hər bir cəmiyyətin mədəni inkişaf tarixinin üç mərhələsi olub:  birincisi, şifahi mədəniyyət və yaradıcılıq mərhələsi, ikincisi, yazılı mədəniyyət mərhələsi, üçüncüsü də müasir dövr üçün xarakterik olan multimedia mədəniyyət növü və yaxud elektron mədəniyyət.  Kanadalı alim Mak Lüen bu mədəniyyət növünü multimedia və ya elektron mədəniyyət adlandırıb. Burada məsələ ondan ibarətdir ki, sən demə, mədəniyyətin hansı növünün insanlar arasında üstünlük təşkil etdiyi də əsasdır. Şifahi, yazılı və ya multimedia vasitəsilə ifadə edilən mədəniyyətin üstünlük təşkil etdiyi bu kontekstdə araşdırılır. Fikrim ondan ibarətdir ki, şifahi danışıq, yəni şifahi yaradıcılıq üstünlük təşkil edən etnoslar, xalqlar bir cür, yazılı mədəniyyətə malik xalqlar isə ayrı cür psixologiyaya malik olurlar. Müasir dövrdə isə tamam yeni bir fenomen ortaya çıxıb. Azərbaycan mədəniyyətinə bu bölgü baxımından nəzər salanda bizim xalq yaradıcılığımızın, folklorumuzun zənginliyi çox şeylərdən xəbər verir. Deməli, Azərbaycan mədəniyyətində, folklorunda nələr var: folklorumuzda çox dərin musiqi dəyərləri var. Folklorumuzda çox dərin epos dəyəri var. Azərbaycan folklorunda çox dərin mətbəx mədəniyyəti var. Bizim dastanlarımızda, nağıllarda və rəvayətlərdə bu tərəflərin hamısı bu və ya digər şəkildə obrazlarla ifadə olunub. Sirr deyil ki, müasir Avropada və dünyada Azərbaycan folkloru, musiqisi və mətbəxi ilə bağlı çox yüksək fikirlər var. YUNESKO və İSESKO-da bununla bağlı hadisələr, tədbirlər, Azərbaycan tərəfinin qədim mədəniyyətini müxtəlif yerlərdə nümayiş etdirməyə başlaması bunun gözəl nümunəsidir. Məsələ burasındadır ki, mətbəx mədəniyyəti zəif olan xalqların ümumiyyətlə, məişət mədəniyyəti zəif olur. Musiqi mədəniyyəti aşağı olan xalqların isə ideya tərəfi zəif olur. Deməli, əgər bizim lap qədimdən bəri zəngin və gözəl mətbəximiz, mətbəx mədəniyyətimiz olubsa, qədim sivilizasiyaya Azərbaycan bu sahədə əvəzsiz töhfələr verib. Məsələ təkcə qidanın hazırlanmasından getmir, əgər mətbəx mədəniyyəti varsa, deməli, burada qidanın hazırlanmasından tutmuş, süfrədən istifadə etmək mədəniyyətinə qədər söhbət açmağa dəyər. Süfrə arxasında oturmaq, qida mədəniyyəti və bunlara uyğun olaraq mənəvi-əxlaqi məqamlar bu kontekstdə çox vacib məsələlərdir. Musiqi mədəniyətinə gəldikdə isə musiqimizin zənginliyi və çoxşaxəliliyi hamıya bəllidir. Xalq mahnılarımız bir dünya, qədim muğam isə başqa bir dünyadır. Muğam bir çox ölkələrdə olsa da, Azərbaycanda ifa olunan muğam tərzi dünyanın heç birində yoxdur. Bu da sivilizasiyaların qovşağında olan ölkəmizin, xalqımızın geosiyasi məkan kimi özünün öz mədəniyyətini tanıtmaq və qəbul etdirmək üstünlüyünü göstərir. Azərbaycan elə bir məkan olub ki, nə qədər kənardan təsirlər olsa da, özünün milli mədəniyyətini formalaşdıra bilib. Məsələn, dünyada indi məxsusi Azərbaycan muğamı, xalq mahnılarımız var. Xalq mahnılarımız türk dünyası mahnılarının tərkib hissəsi olsa da, onun vacib özünəməxsusluğu mövcuddur. Heç bir türk ölkəsində bizdəki kimi xalq mahnıları oxunmur. Çünki bu mahnılar bu mədəni mühitin yetişdirdiyi çalarlardır və bunu hər kəs qəbul edir. Muğam da qeyd etdiyim kimi, ölkəmizdə ayrıca bir məcrada xüsusi və orijinal inkişaf dövrü keçib və milli ruhumuza uyğun formalaşıb. Bu isə Azərbaycan muğamı haqqında bir fenomen olaraq danışmağa imkan verir. Deməli, Azərbaycan mədəniyyəti lap qədim köklərə malikdir. Dünyanın heç bir yerində təkrarlanmayan belə bir mədəniyyət sistemimiz formalaşıb.

-  Azərbaycan mədəniyyətini tərkibinə görə necə xarakterizə etmək olar?

- Azərbaycan mədəniyyəti bütöv və vahiddir. Amma tərkibinə görə multikulturalistdir, yəni müxtəlif fərqli elementlərin sintezini, orqanik olaraq birliyini yarada bilib. Ən maraqlısı və gözəl cəhəti ondan ibarətdir ki, bu fərqli elementləri indiyə qədər mədəniyyətimiz özündə daşıyır və onları məhv etmir. Bu da Azərbaycan mədəniyyətinin bu gün gələcək üçün daha böyük potensiala malik olduğunu göstərir. Şübhə etmirəm ki, nəinki keçmiş və indiki sivilizasiyaların, həm də gələcək sivilizasiyaların inkişafında Azərbaycan mədəniyyət modeli çox mühüm rol oynayıb və bundan sonra da oynayacaq. Bəziləri bunu istəsə də, istəməsə də, bu, baş verəcək. Çünki Allahdan və təbiətdən belə olub ki, burada həmişə, rəngarənglik və müxtəlifliyin birləşməsi mümkün olub və bu, ətrafdakılar üçün bir model rolunu oynayıb.  

-  Azərbaycan mənəvi mədəniyyətinin bir hissəsi kimi Azərbaycan fəlsəfəsi haqda bu kontekstdə nələri bildirmək olar?

- Azərbaycan fəlsəfəsinə gəldikdə isə burada bir çox məqamları nəzərə almaq lazımdır. Azərbaycan məkanında yaşayıb-yaratmış filosofların mövcudluğu qədim dövrlərə gedib çıxır. Amma onların yaratdığı əsərlər təəssüf ki, kifayət qədər öyrənilməyib. Biz Azərbaycanda fəlsəfi fikir haqqında orta əsrlərdən olaraq daha çox danışmağa başlayırıq. Burada da Azərbaycanda fəlsəfi fikir ümumislam mədəniyyəti fəlsəfi fikrinin bir tərkib hissəsi kimi nəzərdən keçirilir. Bu, o demək deyil ki, Azərbaycan filosofları dünyada olan İslam fəlsəfi fikirlərinin surətini çıxarmaqla məşğul olublar. Qətiyyən belə olmayıb. Onlar özlərinin maraqlı fikirləri, qurduqları orijinal fəlsəfi sistemləri ilə fərqləniblər. Azərbaycan alimi Nəsrəddin Tusi misalında da bunu göstərmək olar. Nəsrəddin Tusinin fəlsəfəsi o dövrün həm qabaqcıl fəlsəfi məktəbləri ilə ayaqlaşa bilirdi, həm də  daha diqqətçəkən o idi ki, Azərbaycanın mənəvi-əxlaqi dünyası üçün yararlı olan fikirlərlə zəngin idi. Yəni o, cəmiyyətdən kənar abstrakt fəlsəfi ideyalardan çox, Azərbaycanın odövrkü cəmiyyətinə və xalqına xeyir verə biləcək fəlsəfi fikirlər söyləmişdi. O, yaradıcılığında fəlsəfi fikrin verə biləcəyi töhfələri nəzərə almışdı. Cəmiyyət var ki, fəlsəfi fikirlərin süzgəcindən keçmiş ideyalar və prinsiplər əsasında yaşayır. Cəmiyyət var ki, ümumiyyətlə, adi məişət səviyyəsində olan fikirlərlə yaşayır. N.Tusinin bu addımı Azərbaycan cəmiyyətini məhz fəlsəfi ideyalar və prinsiplər nəticəsində müəyyən olunmuş həqiqətlərlə yaşamağa çağırışından ibarət idi. İkinci maraqlı fikir ondan ibarətdir ki, Azərbaycan xalqı təbiətən poetik təfəkkürə, poetik düşüncəyə dərindən sahib olub. Təsadüfi deyil ki, Nizami Gəncəvi təkcə şairşeyx kimi yox, həm də filosof kimi qəbul olunub. Çünki o, fəlsəfi fikirlərini şeir dilində ifadə etməyi bacarıb. Məncə, bunun bir səbəbi var ki, Azərbaycan mədəniyyəti lap qədimlərdən poetik təfəkkürə və şeirə üstünlük verib. Bu ənənə orta əsrlərdə də qorunub saxlanıb. Azərbaycanda tarixən çox güclü şairlərin olması və şeiriyyətdə həmişə fəlsəfi məqamların üstünlük təşkil etməsinin səbəbi bununla bağlıdır. Burada fəlsəfi-məntiqi təfəkkürdən çox, emosional, poetik bir şüurdan danışmaq lazım gəlir. Bunun da çox üstün tərəfləri var. Üstün tərəfləri ondadır ki, mədəniyyət növü olaraq şifahi mədəniyyət xalqımızda çox yüksək səviyyədə mövcud olub.

 

 

İlkin AĞAYEV   

 

Palitra.-2012.- 10 fevral.- S.7.