“Məni hər gün
Xocalıda yandırırlar, ata”
Üz-üzə
oturmuşuq- nə o danışa bilir, nə də mən. Əslində mənim üçün
onu danışdırmaq, yaralarının
közünü yenidən qoparmaq çətindir. Çünki
qarşımda dayanan uşaq
ikən Xocalı faciəsinin ağrılarını yaşayan və
Bakıdakı “Qızılqum” sanatoriyasında məskunlaşan
Xəzangül Əmirovadır.
Sözün
düzü, hərdən mənə elə gəlir ki, biz hər
dəfə Xocalı faciəsi ərəfəsində onsuz da
yaraları göynəyən və ömürlərinin sonlarına
kimi o dəhşətli anları unutmayacaq bu insanlara yenidən
keçmişlərini xatırlatmaqla böyük bir günah
işlətmiş oluruq. Bunu Xəzangül
xanıma söyləyəndə o,
başını qaldıraraq üzümə baxır.
Gözlərində dərin bir kədər
var və mənə elə gəlir ki, o, bu
dəqiqə ağlayacaq. Ancaq
əksinə olur, Xəzangül xanım
gözləmədiyim bir halda:
-
Yox, bu, bizim faciəmiz, erməni vəhşiləri tərəfindən
başımıza gətirilən və dünyada tayı-bərabəri
olmayan bir barbarlıqdır. Bunu hamı bilməlidir, qoy, bu gün
erməniləri dəstəkləyənlər, heç olmasa, bir anlığa özlərini bizim
yerimizə qoysunlar, gözlərinin
qarşısında atalarının, övladlarının
yandırıldığı, süngülərə keçirildiyi səhnəni təsvir etsinlər.
İnanmıram ki, onların ürəyi
belə bir vəhşətə tab gətirsin. Bir də gələcək nəsillərin, məsum
uşaqların gözləri qarşısında bir daha anaları,
ataları, bacı-qardaşları, məsum körpələr
qətlə yetirilməsin, odlara
atılmasın deyə, bunları hər gün
xatırlatmalıyıq,-deyir.
Sonra
Xəzangül xanım Xocalıda keçirdikləri dəhşət
dolu günlərdən danışmağa başlayır. Bu, ürəkləri sızıldadan,
anası və bacısının öldürülməsinin şahidi olan, atası isə
gözləri qarşısında yandırılan və o vaxt cəmi 8 yaşı
olan bir
qızcığazın faciəli
həyatıdır...
... Onda mən
də çoxları kimi dəcəl,
atalı-analı xoşbəxt uşaqlardan
biri idim. Üç bacı - mən, Nigar,
Yeganə və bir də 8 aylıq
körpə qardaşım Vüsal, anam Raya və atam Təvəkküllə ən gözəl günlərimizi
yaşayırdıq. Atam bizi çox əzizlər,
başımıza dolanardı. Amma mən
son vaxtlar onun gözlərini həmişə qəmli
görərdim. Bizi əzizləyəndə,
deyib-güləndə belə mənə elə gəlirdi ki, atamın bir üzü güləndə, digəri
ağlayır... Bunun səbəbini sonralar bildim...
Söhbətin bu yerində Xəzangül xanımın səsi titrəyir, danışa bilmir, sinəsi qalxıb-enir. Mənə elə gəlir ki, o, artıq danışa bilməyəcək. Bu dünyada insan üçün atasının gözləri qarşısında yandırılmasını görməkdən dəhşətli şey ola bilməz. Övladlarının gözləri qarşısında atasını, anasını və ya valideynləri görə-görə onların körpələrini yandırmaq, odlara atmaq, süngüyə keçirmək, gözlərindən divara mıxlamaq kimi vəhşilikləri yalnız insanlıq simasını itirən ermənilər edə bilərdilər və Xocalıda onlar bunu etdilər də...
Bir azdan sonra Xəzangül xanım yenə danışır. Onun səsindəki yanğıya isə dözmək heç də asan deyil...
- O
vaxt birinci sinifə getmişdim,- deyir, Xəzangül xanım,
- onda mənə elə gəlirdi ki, dünyanın ən
xoşbəxt insanıyam. Ancaq, sən
demə, mənim bu xoşbəxtliyim uzun sürməyəcəkmiş.
Başımıza hər gün güllələr
yağırdı. Bəzən güllə
yağışı dərsləri sona kimi keçməyə bizə imkan
vermirdi. Onda bu dəhşətli günlərin müvəqqəti
olacağını və tezliklə buna son qoyulacağını düşünürdük.
Amma hər şey tərsinə
oldu...
Fevralın 25-dən 26-na keçən gecə erkən yatmışdıq. Güllə səsinə oyandıq. Mən pəncərədən çölə baxdım. Sanki yer də, göy də od tutub yanırdı. Əlimizə keçən paltarlarımızı geyinərək küçəyə çıxdıq. Ancaq hara gedəcəyimizi bilmirdik. Kortəbii şəkildə meşəyə üz tutduq. Xilas olacağımıza ümid edirdik. Amma meşəyə çatmamış qardaşımı əmizdirən anamı güllə ilə vurdular. Onun ardınca güllə Yeganəyə dəydi. Biz dəhşət içində idik və nə edəcəyimizi bilmirdik. Əntiqə nənəm özünü toplayaraq anamın qanlı döşləri ağzında olan körpə qardaşımı götürmək istədi. Qardaşım isə anamın qanlı döşlərini ağzından buraxmaq istəmir, fəryad qoparırdı. Mən dəhşət dolu bu səhnəni ömrümün sonuna kimi unuda bilməyəcəyəm... Nənəm çətinliklə onu anamın qanlı sinəsindən ayıra bildi. Həmin an mən ağlaya-ağlaya can verməkdə olan Yeganəni yerdən qaldırmaq istədim. Atam məni zorla bacımdan ayıraraq əlimdən tutdu və biz meşəyə doğru qaçmağa başladıq. Həmin anlarda da hər yandan güllə yağırdı. Amma meşədə də, sən demə, insan qatilləri bizi gözləyirlərmiş. Meşəyə çatar-çatmaz yenidən güllə yağışına düşdük. Atam məni və bacımı yerə yıxaraq bizi qorumaq üçün özünü üstümüzə atdı. Lakin az keçməmiş ermənilər başımızın üstünü alaraq bizi vəhşicəsinə döyməyə başladılar. Sonra al-qan içində olan bizləri ayağa qaldırıb Əsgərana apardılar. Amma nənəm və 8 aylıq qardaşım aramızda yox idi. Əsgəranda atamı və bir neçə kişini bizdən ayırdılar. Həmin gecə mən səhərə kimi yata bilmədim. Gözümü yuman kimi anamın qanlı sinəsini və ondan ayrılmaq istəməyən qardaşımı və bir də vurularaq yerdə can verən bacımı görürdüm. Amma həmin gecə hələ bilmirdim ki, sabah məni daha dəhşətli bir faciə gözləyir...
Səhər bizi
çölə çıxardılar. Soyuqdan
hamımız titrəyirdik. Birdən gözüm
ağaca sarılmış atama sataşdı. Üzü
tüklü, insandan daha çox vəhşi
heyvanı xatırladan əli silahlı ermənilərdən biri atamı vəhşicəsinə təpikləyirdi.
Mən fəryad qopararaq atama
tərəf qaçdım. Ermənilərdən
biri məni tutaraq yerə yıxdı. Mən var gücümlə
qışqırırdım: - Atamı döyməyin,
atamı döyməyin...
Mənə məhəl qoyan yox idi. Erməni mənim
qolumdan tutaraq qadınların üstünə
fırıldatdı. Onlar məni
tutmayıb, yerə düşsəydim bəlkə
də sağ qalmayacaqdım. Biz böyük həyəcanla
nə baş verəcəyini gözləyirdik.
Saqqallı erməni atama:
- De ki, Qarabağ ermənilərindir, səni
buraxaq,- dedi.
Döyülməkdən üst-başı
qan içində olan atam isə
başını dik tutmağa çalışaraq
xırıltılı səslə:
- Qarabağ heç vaxt ermənilərin olmayıb və olmayacaq,-dedi.
Atamdan gözləmədiyi cavabı
alan saqqallı
erməni var gücü ilə yenidən onun qarnını təpikləməyə
başladı.
Bir azdan o atama:
- Sənin uşaqların da buradadır. Qarabağ ermənilərindir,
de, səni də, uşaqlarını da buraxaq, yoxsa nə özünə, nə də uşaqlarına rəhm etməyəcəyik,- dedi.
Atam bu dəfə də dedi:
- İstəyirsiniz hamımızı
öldürün, Qarabağ
Azərbaycanındır, bunu
bilin, murdar köpəklər...
Saqqallı geriyə çəkildi. Əvvəlcə mən onun nə
etmək istədiyini başa düşə bilmədim. Yalnız onun əlində
kibrit çöpünü
görəndə atamı
yandıracağını anlayaraq
dəhşətə gəldim.
Həmin an məni tutub zorla saxlayan
qadınların əllərindən
çıxaraq yenidən
atama doğru qaçdım:
- Atamı yandırmayın,
onu buraxın, - deyə fəryad etməyə başladım.
Atama çatar-çatmaz məni
saqqallılardan biri tutaraq saxladı. Həmin an da
ağzıma güclü
bir zərbə dəydi. Zərbənin təsirindən ağzımdan,
burnumdan qan fışqırmağa başladı.
Amma mən bu zərbənin ağrısını, ağız-burnumdan
axan qanı hiss etmir, var-gücümlə
od tutub
yanan atama doğru dartınır və nalə çəkirdim. Saqqallı erməni məni
bərk-bərk tutaraq
buraxmırdı, atamsa
yanmaqda davam edirdi. Onun ürək sızıldadan
iniltilərini eşitdikcə
ürəyim parça-parça
olurdu... Bu dünyada atasının gözü qabağında
yandırılmasını, onun əzab dolu iniltilərini eşitməkdən dəhşətli
şey ola
bilməz. Adını insan qoyan heç bir kəs körpə övladlarının gözü
qabağında atasını
yandırmaq kimi bir vəhşətə əl ata bilməz.
Amma insanlıq simasını itirən ermənilər bunu etdilər. Yanğın gücləndikcə atamın iniltiləri daha da artırdı.
Mən bu dəhşətə tab gətirə
bilməyib bayıldım...
Özümə gələndə
key kimi olmuşdum və bir müddət
ətrafımda baş
verənləri anlamaqda
çətinlik çəkdim.
Bir neçə gün sonra bizi ermənilərlə
dəyişdirərək Ağdama
gətirdilər. Burada
girovluqdan azad edilən çoxlu adam vardı.
Onların arasında nənəmi və onun qucağında hələ də paltarından anamın qanı getməmiş səkkizaylıq qardaşımı
gördüm... Başımıza çox şeylər gəldi, qardaş. Talenin hökmü ilə Bakıya, “Qızılqum”
sanotoriyasına gəlib
çıxdıq. Burada böyüdüm,
ərə getdim, bir oğlum var. Bunlar unudulası mümkün olmayan dərddir, qəbirdə də bizi yandıracaq.
Bilmirəm, bəlkə
də kimlərinsə
yadına Xocalı dəhşətləri hər
il fevral
ayı gələndə
düşür. Amma bizlər
o günlərin ağrısını
hər gün yaşayırıq. Gücüm
yalnız: - Səni Xocalıda ermənilər
bir dəfə yandırdılar, məni isə hər gün yandırırlar, ata - deyə nalə çəkməyə
çatır...
ƏZIZ
MUSTAFA,
Zaman.-2012.-11-13 fevral.-S.13.