Xarici ölkələrin arxivlərində mənəvi mədəniyyətimizə aid çox qiymətli və misilsiz nümunələr gizli halda durur

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov: “Əcnəbi dillərdən və mədəniyyətdən yararlanma öz xalqının mədəniyyətinin inkişafına xidmət etməlidir”

 

Layihə çərçivəsində müsahibimiz AMEA Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovdur. F.Qurbanov  mədəniyyətimizin, onun tarixi və inkişafı məsələlərinin fəlsəfi tədqiqatlarda əksini tapmasına münasibət bildirdi. Füzuli müəllim öncə düşüncə mədəniyyətinin, fəlsəfi fikrin inkişafı tarixinə  nəzər saldı:    

-         Azərbaycan fəlsəfi fikrində bu məsələdə bir çox məqamları nəzərə almaq lazımdır. Azərbaycan tarixi məkanında yaşamış filosoflar qeyd etdiyimiz kimi, qədim dövrlərə gedib çıxırlar. Həmçinin daha sonradan Azərbaycanda fəlsəfi düşüncə mədəniyyəti İslam mədəniyyəti məcrasında inkişaf etməyə və bu yöndə xeyli önəmli yaradıcılıq nümunələri ortaya çıxmağa başlayıb.  Nəsrəddin Tusi, Nizami Gəncəvi və digərlərinin yaradıcılığı  bu dövrün orijinal fəlsəfi düşüncə mədəniyyətinin incilərindən sayıla bilər. Daha müasir dövrlərdə - məsələn, Azərbaycan dövlətçiliyinin kənar təsirlərə məruz qalması şəraitində - 18-19-cu əsrlərə qədər Azərbaycanda fəlsəfi düşüncə mədəniyyəti prosesi barədə isə təkmil mülahizələrə rast gəlmək çətindir. Bu yöndə araşdırmalar, tədqiqatlar aparmağa ehtiyac var. Azərbaycan fəlsəfi düşüncə mədəniyyətinin, ictimai fikrinin odövrki qatlarının üstünü açmaq lazımdır. Bunun üçün dünyanın müxtəlif arxivlərində işləmək lazım gəlir ki, düşüncə mədəniyyətimizlə bağlı ciddi faktlar ortaya çıxarılsın. Məlum olduğu kimi, xarici ölkələrin arxivlərində, o cümlədən Qərb ölkələrinin arxivlərində Azərbaycan mədəniyyəti, xüsusilə də mənəvi mədəniyyətimizə aid çox qiymətli və misilsiz nümunələr gizli halda durur. Onların kəşf olunmasına, onlara sahib çıxmağımıza və dünyaya onların Azərbaycan mədəniyyətinə aid olduğunu tutarlı əsərlərlə təqdim etməyə ciddi ehtiyac var. Təəssüflə bildirmək istərdim ki, bu istiqamətdə hələki sistemli bir aparılmır. Tədqiqatçılarımızın bu yöndə olan maraqları da qənaətbəxş sayıla bilməz. Əslində düşüncə mədəniyyətinin formalaşması prosesinin hər bir mərhələsini bizim üçün önə çıxarmaq olduqca önəmlidir. Bu baxımdan alimlərimizin, tədqiqatçılarımızın sözügedən məsələyə daha diqqətlə yanaşması və yeni əsərlər ortaya qoyması məqsədəuyğun olardı. Hazırda belə tədqiqatların ortada olmaması bizim üçün narahatlıq doğurmalıdır. Çünki bu yerdə fəlsəfi düşüncə halqasının qırılması mümkün deyildiola bilməzdi. Sadəcə olaraq, məhz həmin təlatümlü dövrlərdə fəlsəfi düşüncə tərzi, Azərbaycanda ictimai fikir mədəniyyəti hansı formanı alıb, bu yöndə nə kimi dinamizm baş verib – baxın, bunu aydınlaşdırmaq lazımdır. Mən bu haqda səthi mənada yox, ciddi elmi araşdırmalar nəticəsində, konkret faktlar əsasında fəlsəfi fikrin, təfəkkürün təkamül dinamikasının bərpa olunmasını nəzərdə tuturam. Daha sonra isə bilirsiniz ki, Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalı baş verdi. Məlum olduğu kimi, bu, 19-cu əsrin əvvəllərində baş vermişdi. Bundan sonra isə ölkəmizin şimal hissəsində maarifçilər adlanan ziyalılar nəsli yetişdi. Onlar Azərbaycan fəlsəfi fikir mədəniyyətinin yenidən daha da dirçəlməsində, yeni mərhələdə və yeni keyfiyyət səviyyəsində, müasir dövrün tələblərinə və çağırışlarına uyğun formada tərəqqi etməsində böyük rol oynadılar. O dövrdən başlayaraq, ölkəmizdə düşüncə mədəniyyətinin yeni məcrada inkişafı prosesi baş verdi. Məlum olduğu kimi, sovet illəri bu kontekstdə ayrıca bir mərhələ kimi götürülməlidir. Amma mən bu mərhələ üzərində ətraflı şəkildə dayanmaq istəməzdim.  Bircə onu demək istərdim ki, o dövrdə bizim Heydər Hüseynov kimi görkəmli düşüncə insanları yetişmişdi, onlar milli məfkurənin təmsilçiləri idilər,buna baxmayaraq onları aradan götürdülər. Amma Azərbaycanda fəlsəfi fikir mədəniyyətinin inkişafı qarşısıalınmaz idi. İndi müstəqillik illərində bu prosesin – Azərbaycanda fəlsəfi fikrin inkişafında yeni bir mərhələ ortaya çıxıb. Hazırda çox müxtəlif sahələr həm Azərbaycanda ümumiyyətlə, mücərrəd fəlsəfi fikrin yaranmasında, həm də Azərbaycan cəmiyyətinin, mədəniyyətinin və onun müxtəlif tərəflərinin öyrənilməsi ilə bağlı önəmli tədqiqatlar aparılır, bu tədqiqatlar üçün şərait yaradılıb və ildən-ilə bu cür tədqiqatlar  daha da dərinləşdirilir. Ümid edirəm ki, yaxın perspekrivdə bu işlərin nəticəsi olaraq mədəniyyətimizi daha dərindən tədqiq edən filosoflarımızın sayı daha da artacaqonlar bu sahələrdə dünyada tanınan mütəxəssislərə çevriləcəklər.

-         Azərbaycanda sırf mədəniyyət məkanının formalaşması ilə bağlı fəlsəfi tədqiqatlar aparılırmı? Ümumiyyətlə, bu yöndə sizin fikirlərinizi bilmək istərdik.

-          Tarixi-mədəni abidələrin yaranması və qorunması ilə bağlı fəlsəfi tədqiqatlar önəmlidir. Azərbaycanda mədəniyyət məkanının formalaşması məsələsi, tarixi-mədəni abidələrin, mədəniyyət növlərinin yaranması, inkişafı və qorunması  fəlsəfi nöqteyi-nəzərdən öyrənilməlidir. Bu ənənələrin öyrənilməsi, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin keçmişi, bu günü və gələcəyi ilə bağlı fəlsəfi baxımdan ciddi elmi mövqe ortaya qoymaq, proqnozlar vermək mümkündür. Məsələn, Azərbaycanda şifahi mədəniyyətimizin güclü olduğunu deyirik. Canlı yaddaşın güclü olması faktdır. Amma bəşəriyyətin əksər xalqları yazılı mədəniyyətə keçdibu keçid də müxtəlif xalqlarda müxtəlif cür oldu. Azərbaycanda bu keçiddə müəyyən problemlər baş verdi ki, onlar tədqiqata ehtiyac duyur. Məsələn, əlifba məsələsi. Azərbaycan bu mədəniyyətə əsasən, orta əsrlərdə ərəb əlifbası ilə daha çox transformasiya etdi. Yazı mədəniyyəti bu vaxt ərəb əlifbasının imkan verdiyi qaydalar çərçivəsində formalaşdı. Rusiya işğalından sonra arada latın qrafikasına keçirildi, daha sonra isə kiril əlifbası bərqərar oldu.Bu latın-kiril əlifbaları dəyişikliyi əslində bir neçə dəfə baş verib. Bütün bu dəyişikliklər xalqın təfəkküründə və yazılı mədəniyyətində dərin izlər buraxıb. Bunlar ziddiyyətlərlə müşahidə olunub. Uzun müddət xalqın dünyagörüşündə, məntiqi təfəkküründə bu ziddiyyətlər özünü büruzə verib. Bu ziddiyyətlərin çoxunu ədəbiyyatda, incəsənətdə və eləcə də fəlsəfi fikir tarixində müşahidə edirik. İnsanların yazışmasında da bu müşahidə olunubindi də müşahidə olunur. Hazırda ölkədə rusdilli təbəqə mövcuddur. Bu, özlüyündə  yaxşıdır, çünki rus mədəniyyəti də dünyanın aparıcı mədəniyyətlərindən biridir. Amma insanlarımız rus dilində, yaxud ingilis dilində təhsil alıb, yalnız bu dillərdə düşünməyə yiyələnirsə, artıq bu ictimai rəydə, düşüncə tərzində parçalanma deməkdir. Məlum olduğu kimi, son dövrlərdə ingilisdilli təbəqənin meydana çıxması da bu prosesi aktuallaşdırıb. Bu isə ondan xəbər verir ki, yazılı və elektron mədəniyyətdə cəmiyyətimizlə bağlı bir-birinə uyğunlaşdırılmalı olan məqamlar aktuallıq kəsb edir. Belə bir şəraitdə cəmiyyətimizin yazılı və təfəkkür mədəniyyətinin necə formalaşacağı haqqında düşünmək lazımdır. Bu işdə xilas yolumuz folklor mədəniyyətinin, milli mədəniyyətin, şifahi xalq mədəniyyətinin daha da geniş və miqyaslı surətdə təbliği və canlandırılmasıdır.

-          Keçmişdə də xalqın intellektual təbəqəsi, ziyalılar, şair və alimlər müxtəlif əcnbi dillərdə yazıb-yaradıblar. Yəni etnik-tarixi kökləri eyni olan cəmiyyətdə əcnəbi dillərdən yaradıcılıq üçün yararlanma məsələsi lap qədimlərdə də olub. Belə olduğu halda, bu problemi hazırda aktual saymaq olarmı?

-         Bəli, aktual sayılmalıdır. Bunu proeblem kimi götürmək və bunun  üzərində işləmək lazımdır. Məsələnin müsbət tərəfi də var ki, başqa xalqların dillərini öyrənmək, mədəniyyətlərindən bəhrələnmək yaxşıdır. Amma bu, həmişə öz milli mədəniyyətinin, milli dilinin fonunda baş verməlidir. Əcnəbi dillərdən və mədəniyyətdən yararlanma öz xalqının mədəniyyətinin inkişafına xidmət etməlidir. Əks halda, bu prosesin mənfi təsirlərini görəcəyik.

 

İlkin AĞAYEV 

Palitra.-2012.-14 fevral.- S.6.