Sosial siyasətin real uğurları

 

Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, millət vəkili Musa Quliyev: “Neft kapitalını qeyri-neft sektoruna yatırmaq regionları inkişaf etdirmək, son nəticədə bu inkişafı insan kapitalına yönəltmək uğurla öz təsdiqini tapır

 

Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, millət vəkili Musa Quliyevdir. Musa müəllim bizimlə söhbətinə ölkədə həyata keçirilən sosial siyasətin nəticələri barədə məlumat verməklə başladı:   

- Hər bir dövlətin sosial siyasətinin başlıca məqsədi əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dünyada bununla bağlı bir sıra göstəricilər var ki, bunlar inkişaf etmiş ölkələrdə əhalinin rifah halının səviyyəsini göstərir. Azərbaycanda son on ilin göstəricilərinə nəzər salanda görürük ki, insan inkişafı indekslərində biz hər il pillə-pillə irəliləməkdəyik. Azərbaycan müstəqilliyini çox az müddətdir ki əldə edib, torpaqlarımızın 20 faizi hələ işğal altındadır, ölkəmizdə qaçqın məcburi köçkünlər problemi var. Bütün bunlara baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişafın davamlı hal alması, müstəqil, balanslaşdırılmış siyasətin aparılması, iqtisadiyyatın diversifikasiyası siyasətinin uğurla həyata keçirilməsi imkan verir ki, sosial rifah halımız ildən-ilə yüksəlsin. Rifah halının yüksəlməsi ilə bağlı həm rəqəm göstəricilərinə müraciət etmək olar, həm real həyat müşahidələri bunu parlaq göstərir. Azərbaycanda son on ildəki intensiv sürətli inkişaf göz qabağındadır. Bunu təkcə ölkə daxilində müşahidə etmək deməklə bitmir, həm beynəlxalq aləmdə sosial rifah məsələləri ilə məşğul olan institutlar, beynəlxalq təşkilatlar, Azərbaycanla maraqlanan, bizi istəyən istəməyən qüvvələr  bizim bu yöndəki ciddi uğurlarımızı nailiyyətlərimizi etiraf edirlər. Təkcə son on iki ildə bizim büdcəmiz iyirmi dəfə artıb. Əgər 2000-ci ildə büdcəmiz 1 milyard dollar idisə, indi artıq 21 milyard dollardır. Ümumdaxili məhsul da təxminən bir o qədər artıb, əhalinin pul gəlirləri dəfələrlə artıb. 90-cı illərin sonlarına qədər əmanət banklarında əhalinin demək olar ki, pulları yox idi, çünki birincisi, əhalinin banklara qoymağa pulları yox idi, ikincisi isə banklar bir o qədər etibarlı sayılmırdı. İndi isə banklarda 15 faizə qədər əhalinin əmanət pulları qoyulub.  Bu da o deməkdir ki, əhalinin həm pulları artıb, həm bank sistemi təkmilləşib. 2003-cü ildən bu yana işsizlik göstəricisinin aşağı salınması, məşğulluğun artırılması yönündə çox ciddi uğurlar əldə edilib. Həmin dövrdən bu yana ölkədə bir milyon civarında yeni yerləri açılıb. Belə bir göstərici dünyanın heç bir ölkəsində yoxdur. Yoxsulluğun aşağı salınması məsələsində çox ciddi nəticə əldə olunub. Əgər 2000-ci illərin əvvəlində yoxsulluq göstəricisi 49 faiz təşkil edirdisə, indi yoxsullar ölkədə cəmisi 7,6 faiz təşkil edirlər. Bu da dünyada bu məsələdə analoqu olmayan ciddi bir göstəricidir. Digər bir məsələ isə orta aylıq əməkhaqqı orta aylıq pensiyanın artımıdır ki, bu da çox vacib bir məqamdır. Bunlar da əhalinin sosial rifah halını müəyyən edən əsas faktorlardan biridir. Ola bilər ki, bir sıra ölkələrlə müqayisədə bu maaş pensiya göstəriciləri çox da böyük görünməsin. Amma əsas məsələ istehlak mallarının qiymətinə nisbətən maaş pensiyaların ildən-ilə daha çox artmasıdır.  Bizdə istehlak mallarının qiyməti o qədər artmır. Bu, inflyasiyanın dərəcəsindən görünür. Bu isə o deməkdir ki, əhalinin sosial rifah halı yüksəlir. Bu gün bizdə orta aylıq əməkhaqqı artıq 400 dolları ötüb. Sosial harmoniyanın başqa bir çox ciddi indekslərindən biri orta aylıq əmək haqqı ilə orta aylıq pensiyanın nisbətidir. Hər bir ölkə bu baxımdan o vaxt inkişaf etmiş ölkələr sırasına düşə bilir ki, o ölkədə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti qırx faiz olsun. Yəni orta aylıq pensiya orta aylıq əməkhaqqının qırx faizindən az olmasın. Azərbaycan artıq ötən il bu göstəriciyə nail oldu. Onu da xüsusi vurğulamaq lazımdır ki, postsovet ölkələrindən yalnız Azərbaycan Qazaxıstan bu göstəriciyə nail olub, digərləri isə hələ bu səviyyəyə çatmayıblar.

-  Ölkədə aztəminatlı insanlarla bağlı tədbirləri necə qiymətləndirmək olar? 

- Başqa bir məsələ isə odur ki, bütün ölkələrdə və zamanlarda olduğu kimi, Azərbaycanda da aztəminatlı insanlar var. Bu aztəminatlı insanların sosial rifah halının yaxşılaşması, ən azı güzəranının pisləşməsinin qarşısının alınması üçün dövlət qanunları çərçivəsində siyasət həyata keçirilir. Bu siyasətin əsas istiqamətlərindən biri 2006-cı ildən bəri uğurla tətbiq olunan dövlət ünvanlı sosial yardım layihəsidir. 2006-2007-ci illərdə bu layihə təxminən 1 milyona qədər insanı əhatə etmişdisə, indi bu layihə çərçivəsində 600-550 min nəfər insan ünvanlı dövlət sosial yardımı alır. Bu o demək deyil ki, dövlət ünvanlı sosial yardımın miqdarını azaldıb. Bu o deməkdir ki, həmin aztəminatlı insanların əhəmiyyətli bir qismi artıq yoxsulluq həddindən çıxıblar və onların rifah halı yüksəlib. Onlar işlə, məşğulluqla təmin olunurlar və artıq dövlət sosial yardımına ehtiyacları qalmayıb. Dövətin bu yardım proqramının davamı olaraq hazırda başqa formada yardım həyata keçirilir. Əgər birinci mərhələdə dövlət yaşayış minimumundan aşağı səviyyədə olan insanlara pulla dövlət yardımı göstərirdisə, indi artıq bu cür ailələrin bir çoxu işlə təmin olunur, ya da onlar üçün kiçik sexlər, iş obyektəri açılır. Eləcə də kənd yerlərində yaşayanlar üçün inək, davar, qoyun və sair vasitələr alınır ki, təsərrüfatlarını formalaşdırsınlar və güzəranlarını yaxşılaşdırsınlar. Həmçinin dövlət vəsaiti hesabına bu cür insanlar və ailələr üçün dərzi sexi, çörəkbişirmə sexləri, parixmaxer və sair obyektlər açılır və fəaliyyət göstərir. Yəni burada söhbət artıq aztəminatlı insana “balıq” verməkdən yox, “balıq tutmağı öyrətməkdən” və “balıq tutmaq üçün şərait yaratmaqdan” gedir. Bu isə dövlət ünvanlı sosial yardımı sahəsində artıq keyfiyyətcə yeni bir mərhələ və inkişaf etmiş ölkələrə xas olan bir xüsusiyyət hesab olunur. Bütövlükdə  dövlətin son illərdə apardığı siyasətin əsas məqsədi həm də xalqın sosial rifahını yaxşılaşdırmaqdır. Azərbaycanın hər bir vətəndaşı da bu siyasəti,  təminatı həyatında hiss edir. Buna görədir ki, ölkəmiz son illərdə əhəmiyyətli dərəcədə müsbət dəyişkliklərlə yadda qalıb. Məsələn, 80-ci, yaxud  90-cı illərin kadrlarına diqqət yetirsək, görərik ki, istər ölkənin görünüşü, istərsə də insanların həyat səviyyəsi, güzəranı nə qədər dəyişib. Şəhərlərimiz, kəndlərimiz, yaşayış məntəqələrimizin görkəmi də kökündən dəyişib. Bütün bunlar ümumi inkişaf və insanlarımızın həyat səviyyəsinə yönəldilmiş məqsədyönlü siyasət nəticəsində baş verib. Bu inkişafın və dəyişikliyin bir sıra əsas göstəricilərini isə yuxarıda sadaladım.

-  Azərbaycan sosial rifah halının yüksəldilməsi tədbirlərini bütün qlobal böhranlar zamanı da dayandırmadı və səngitmədi. Bunu necə xarakterizə edərdiniz?

- Bəllidir ki, iqtisadi inkişafın Azərbaycan modeli artıq dünya gündəmindədir. Dünyanın bir çox iqtisadiyyat institutları bu modeli öyrənməklə məşğuldurlar. Azərbaycan modeli birinci növbədə iqtisadi proqnozlaşdırma, iqtisadi-maliyyə böhranını önləyəcək tədbirlər həyata keçirmək və bunun üçün də iqtisadiyyatın diversifikasiyasını təmin etməklə xarakterizə olunur. Məlumdur ki, Azərbaycanın ən böyük sərvəti onun nefti və qazıdır. Amma nefti və qazı olan bir çox ölkələrdə çox ağır şərait və təlatümlər, hətta faciələr olduğunu görürük. Onların əhalisi də varlı həyat sürə bilmir və  xaosa bürünüb. Deməli, neftin və qazın çoxluğu hələ həmin ölkənin sosial-iqtisadi durumunun yaxşı olması demək deyil. Bunun üçün düzgün sosial və eləcə də iqtisadi siyasət həyata keçirmək lazımdır. Bu sərvətlərdən düzgün, rasional şəkildə və gələcəyi düşünərək istifadə etmək lazımdır. Azərbaycanda cənab Prezidentin göstərişi ilə belə bir siyasət hazırlanıb və həyata keçirilir. Neft kapitalını qeyri-neft sektoruna yatırmaq və regionları inkişaf etdirmək, son nəticədə bu inkişafı insan kapitalına yönəltmək əsas hədəflər sırasındadır və bu siyasət uğurla öz təsdiqini tapmaqdadır. Bu siyasət çox uğurla və real nəticələrlə start götürüb.

 

 

İlkin AĞAYEV

 

(ardı var)        

   

Palitra.-2012.-22 fevral.-S.5.