Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayət

 

“XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soryqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılara ağır mənəvi zərbə olmuşdur. Ancaq xocalılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər döyüşdə igidliklə vuruşmuşbu şəhərin ölməzlik tarixini yaratmışlar...”

 

Heydər Əliyev

 

 

Azərbaycan xalqı 200 il ərzində müxtəlif hegomon dövlətlərin himayəsini görən erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Ermənilər öz havadarlarının dəstəyi ilə xalqımıza qarşı dəfələrlə qanlı cinayətlər törədiblər. Bu cinayətlərin sırasına 1905-1907-ci illərin qanlı hadisələrini, 1918-ci ilin mart soyqırımını, 1937-ci ilin repressiyalarını aid etmək olar. Müxtəlif zamanlarda törədilən bu hadisələr zamanı dinindən, dilindən, irqindən və milliyyətindən asılı olmayaraq, on minlərlə azərbaycanlı günahsız yerə qətlə yetirilib. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dövründə daha geniş vüsət alıb. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub ki, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə də nəticələnib. Ermənistan dövləti işğalçılıq siyasətini həyata keçirən zaman, hətta insanlara qarşı ən ağır işgəncə və vəhşiliklər tətbiq etməkdən belə çəkinməyib. Xatın, Liditsa, Oradur, Xirosima, Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasəti nəticəsində törədilib. “Böyük Ermənistan” yaratmaq xülyasına qapılan mənfur qonşularımız 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, bu yaşayış məntəqəsinin əhalisinə amansız divan tutublar.Hadisələrin gedişatını bir qədər aydın izləsək görərik ki, Xocalının işğalı xüsusi plan əsasında həyata keçirilib. Belə ki, 1991-ci ilin oktyabr ayından bu şəhər ermənilər tərəfindən blokadada saxlanılırdı. Həmin ayın 30-dan Azərbaycanla avtomobil əlaqəsi kəsilən Xocalının yeganə nəqliyyat əlaqəsi hava xətti ilə mümkün olub. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlak olması hadisəsindən sonra bu əlaqə də kəsilib. Beləliklə, 1992-ci il yanvarın 28-də sonuncu vertolyotu qəbul edən Xocalı tam mühasirə şəraitində yaşayıb. Bundan istifadə edən erməni silahlı dəstələri fevral ayının ikinci yarısından başlayaraq, şəhəri toplardan, ağır zirehli texnikalardan atəşə tutmağa başlayıblar. Yalnız milis və milli ordumuzun döyüşçülərindən, əli silah tuta bilən şəhər sakinlərindən təşkil olunmuş yerli özünümüdafiə dəstəsi son ana qədər düşmənə müqavimət göstəriblər.Ermənilərin Xocalıya hücum etməsinin başlıca səbəbi şəhərin strateji mövqeyi olub. Çünki 7 mindən artıq əhalisi olan bu yaşayış məntəqəsi Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməklə böyük əhəmiyyət kəsb edirdi. Əgər Qarabağdakı yeganə aeroportun da burada yerləşdiyini nəzərə alsaq, Xocalını ələ keçirmək üçün ermənilərin o dövrdə necə canfəşanlıq etdiklərini daha aydın təsəvvür etmək olar. Sonralar ermənilər özləri də etiraf ediblər ki, şəhərə hücum zamanı başlıca məqsəd Xocalı platsdarmının məhv edilməsi, həmçinin bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi olub.Xocalıya hücum fevralın 25-də, axşam saat 23:00-da 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxarılması ilə başlanıb. Əvvəlcə şəhər toplardan, tanklardan, “Alazan” tipli raketlərdən iki saat ərzində aramsız atəşə tutulub. Xocalıda yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Hücum üç istiqamətdə aparıldığından şəhərdəki 2500-ə yaxın əhali Əsgəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə müəyyən edilib ki, bu da ermənilərin növbəti düşünülmüş hiyləsidir. Çünki Naxçevanik kəndi yaxınlığında çaşqın, əliyalın, dinc əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək gülləbaran edilib. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi də məhz Əsgəran-Naxçivanik arasındakı ərazidə erməni qəsbkarları tərəfindən xüsusi qəddarlıqla məhv edilib.Həmin günlərdə Azərbaycan hərbiçiləri Xocalı sakinlərinin köməyinə çata bilməyib və hətta sonradan cəsədlərin götürülməsi də mümkün olmayıb. Bu müddətdə isə ermənilərin ağ geyimli xüsusi qrupları meşələrdə gizlənmiş sağ qalan insanların axtarışını apararaq, onları əsir götürüb və çoxsaylı işgəncələrə məruz qoyublar. Yalnız fevralın 28-də, tərkibində yerli jurnalistlərin də iştirak etdiyi qrup iki vertolyotla Xocalı sakinlərinin qətlə yetirildikləri əraziyə gedə biliblər. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, həmin gün ermənilərin güclü atəşi altında yalnız 4 cəsədi götürmək mümkün olub.Qocalara, uşaqlara, qadınlara belə rəhm edilməyən bu qanlı faciənin törədilməsində ermənilərlə bərabər, 366-cı motoatıcı alayın şəxsi heyəti də yaxından iştirak edib. Həmçinin alayın komandanlığının cinayət sövdələşməsi və məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verilib ki, bu da erməni qaniçənləri tərəfindən azərbaycanlılara qarşı növbəti cinayətlərin törədilməsinə, separatçılıq hərəkatlarının davam etdirilməsinə rəvac verib.XX əsrin ən qanlı faciəsinin törədilməsində Azərbaycanın o dövrdəki rəhbərliyinin məsuliyyətsizliyi də önəmli rol oynayıb. Ölkənin o zamankı rəhbərliyi respublikanın ərazi bütövlüyünün, vətəndaşların təhlükəsizliyinin təminatçısı kimi Qarabağda, o cümlədən də Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri tədbirlər görməyib. Ən acınacaqlı hal ondan ibarət olub ki, qanlı faciə baş verəndən sonra rəsmi orqanlar xalqın qəzəbindən qorxaraq erməni vandallarının törətdiyi qətliamı, vəhşiliyi gizlətməyə çalışıblar. Xocalı faciəsinin soyqırımı faktı kimi açıqlanmaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi isə sonradan daha ağır nəticələrə gətirib çıxarıb.Həqiqətdə isə vəziyyət doğrudan da acınacaqlı idi; dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində ümumilikdə 613 nəfər həlak olmuşdu ki, onlardan da 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca və ahıl sakinlər idi. 487 nəfər yaralıdan isə 76 nəfərini uşaqlar təşkil edirdi. Həmçinin, faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmişdi. Əhalinin 1275 nəfəri ermənilər tərəfindən əsir götürülmüşdü. 150 nəfər Xocalı sakinindən isə bu günə kimi də xəbər tutmaq mümkün deyil.Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, Ermənistanın dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirdiyi təcavüzkar siyasətə, xüsusən də Xocalıda törətdiyi qanlı faciəyə vaxtı ilə heç bir hüquqi-siyasi qiymət verilməyib, qətliamın icraçıları heç bir məsuliyyətə cəlb olunmayıblar. Halbuki, təkcə Xocalı soyqırımı barədə 366-cı motoatıcı alayın əsgəri Viktoriya İvlevanın, hərbi təyyarəçi, mayor Leonid Kravtsevin şahid kimi söylədikləri, eləcə də Xocalı faciəsinin iştirakçısı, erməni yazıçıları Zori Balayan və David Xeyriyanın kitablarındakı qeydlər faciənin səbəbkarlarının cəzalandırılması üçün tutarlı faktlardır. Ümumiyyətlə “Xocalının işğalına dair istintaq materiallarından” da aydın olub ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit, gizir və əsgər  iştirak edib.Erməni qaniçənlərinin Azərbaycan xalqının məhv edilməsinə yönəldilmiş soyqırımı və işğalçılıq siyasətinin davamı olan Xocalı faciəsinə siyasi qiymət vermək mərhum Prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. İlk növbədə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunaraq, bu faciənin dünyaya tanıdılması istiqamətində tədbirlər həyata keçirilib. H.Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilib.1996-cı il fevralın 24-də xocalılarla görüşən Prezident Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulayıb: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür. Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik”.Mərhum Prezident Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Xalqımızın 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı mübarizə əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdiyi həmin məqam bu gün dövlət başçısı İlham Əliyev tərəfindən də ehtiramla anılır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımının, eləcə də xalqımızın üzləşdiyi digər faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.Son olaraq qeyd edək ki, Xocalı soyqırımını törətməklə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, azərbaycanlıları torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək kimi məkrli məqsədlər güdüblər. Lakin qanımız bahasına olsa da hiyləgər və amansız düşmən məqsədinə çata bilməyib. Xalqımızın vətənpərvər oğul və qızları, həmçinin Xocalının müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilməyiblər. Onlar qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstəriblər.

 

 

Kərəm HƏSƏNOV

 

Palitra.-2012.-22 fevral.-S.7.