"Balaca oxucularımıza kitabı sevdirməyə, mütaliənin əhəmiyyətini təbliğ etməyə çalışırıq"

 

Layihə çərçivəsində növbəti müsahibimiz F.Köçərli adına Dövlət Uşaq Kitabxanasının direktoru Fizurə Quliyevadır: 

- F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına Kitabxananın fondu əsasında yaradılıb. Kitabxananın uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firudin bəy Köçərlinin adını daşıması təsadüfi deyil. Ədəbiyyatşünas, pedaqoq və publisist olan F.Köçərli Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparıb. Uşaqlar üçün yazdığı «Balalara hədiyyə» kitabında o, ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə edib. Hazırda kitabxananın 214568 kitab fondu, 7428 qəzet və jurnal fondu, 18750-ə qədər oxucusu və 356055 kitab verilişi var. Kitabxananın 8 şöbəsi, 4 bölməsi, 2 oxu zalı var. 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir. Şöbələrinə gəldikdə isə burada Komplektləşdirmə və kitabişləmə, Kitabsaxlayıcı, Xidmət, Məlumat-biblioqrafiya, Elmi-metodika, Kütləvi işlər, İncəsənət, Avtomatlaşdırma şöbələri var.

- Kitabxananın fəaliyyətinin daha da yaxşılaşdırlması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Son illər kitabxanaların fəaliyyətinin daha da genişlənməsində ölkə başçısı tərəfindən 2008-ci ildə təsdiq edilən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın, eləcə də Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında Prezident sərəncamının böyük əhəmiyyəti var. Dövlət səviyyəsində təsdiq edilən müxtəlif sərəncam və dövlət proqramları kitabxanaların inkişafında mühüm rol oynayıb. Bu baxımdan son illər bizim kitabxanada da bir sıra yeniliklər öz əksini tapıb. Biz çalışırıq ki, bununla öz balaca oxucularımıza kitabı sevdirək, mütaliənin  insan həyatında mühüm rolu olduğunu çatdıraq. Məhz bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi hazırda kitabxananın veb-saytı fəaliyyət göstərir ki, burada yaradılan ayrı-ayrı bölmələrdə oxucularımız müxtəlif istiqamətlər üzrə istədiyi məlumatı əldə edə bilərlər. Belə ki, burada “Danışan nağıllar”, “Ekologiya”, “İnternet-etiket”, “Elektron kitablar” və digər bölmələr var. Balaca oxucularımızın nağıl dinləmək zövqünü də unutmamışıq. Burada yerləşdirilən səsli nağıllara qulaq asa bilərlər. Eləcə də kitabxanamızın balaca oxucuları üçün “Göy qurşağı” adlı jurnalı nəşr olunur. Bundan başqa saytda “Kitab abidələri”bölümü var. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan Prezidentinin 2007-ci il 11 aprel tarixli "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə fərmanı imzalandıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların və s. aşkar edilməsi işinə başlanılıb.

Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq "Kitab abidələri haqqında" Əsasnamə hazırlanıb.

Bugünədək olan məlumata əsasən, Nazirlik tərəfindən 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib.

Kitab abidələrin təqdimatını hazırlamaqda məqsədimiz milli-mənəvi dəyərlərimizi üzə çıxarmaq, uşaq ədəbiyyatının dəyərli tarixi ilə tanış etməkdir, Azərbaycan uşaq nağıllarını latın qrafikası ilə nəşr edib balaca oxucularımızı sevindirməkdir.  

- Balaca oxucuların iştirakı ilə kitabxanada hansı tədbirlər keçirilir?

- Kitabxanamız tərəfindən bir sıra tədbirlər təşkil olunur, eləcə də müxtəlif mövzularda bir sıra kütləvi tədbirlər də keçirilir. Ötən il də tədbirlərlə bağlı kitabxananız üçün yaddaqalan il olub. İlin son tədbirlərinə gəldikdə dekabrın 9-da ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar F.Köcərli adına Respublika Uşaq Kitabxanasının Diyarşünaslıq və milli ədəbiyyat şöbəsi tərəfindən 193 saylı orta məktəbdə “Heydər Əliyevin neft strategiyası – tərəqqiyə gedən yol” adlı ədəbi-bədii gecə keçirildi və sərgi təşkil olundu. Tədbirdə məktəbin X və XI sinif şagirdləri iştirak edirdilər. Uşaqların Azərbaycanın zəngin neft yataqları ilə bağlı çıxışlarından sonra “Azərbaycanda neft sənayəsinin inkişafı” və “Azərbaycan tarixi” adlı videoslaydlar göstərildi. S.Vurğunun “Azərbaycan” adlı şeiri Heydər Əliyevin öz səsi ilə səsləndirildi. Tədbirin sonunda “Socar” şirkətinin hazırladığı “Azərbaycan neftinin tarixi” adlı qısametrajlı film nümayiş olundu.27 dekabr 2011-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Nəsimi rayonunda yerləşən 42 saylı məktəbdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi, Xalq şairi, “Şöhrət ordenli”, “Humay” mükafatı laureatı Fikrət Qoca ilə görüş keçirildi. Görüşdə Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədli, Təhsil Nazirliyinin məsul katibi Südabə Həsənova, yazıçı Ənvər Əhməd, F.Köcərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edirdi. Uşaqlar şairin vətənə, torpağa, ata-anaya həsr etdiyi şeirləri söylədilər, mahnıları ifa etdilər. Tədbir bədii və rəsmi hissədən ibarət olmaqla müasir oxucularımızı poeziyaya, şeir oxumağa bir daha ruhlandırdı. Şairin “Düşündüklərimdən mənzərələr” poeması əsasında hazırlanmış səhnəcik isə daha çox uşaqların yaddaşlarında qaldı. F.Qoca tədbirin sonunda kitabxana kollektivinə, məktəb rəhbərliyinə, şagirdlərə dərin təşəkkürünü bildirdi, kitab və CD disklərini kitabxanaya hədiyyə etdi.Cari ildə keçirilən tədbirlərə gəldikdə isə 19 yanvar 2012-ci ildə “XXI əsr” Liseyində “Qan yaddaşımız - 20 Yanvar” adlı tədbir keçirildi. Tədbirdə dedektiv romanlar və vətənpərvərlik ruhunda əsərlər yazan yazıçı Elxan Elatlı ilə görüş oldu. Kitabxananın direktor müavini Zahirə Dadaşova yazıçının həyat və yaradıcılığı haqqında danışaraq onu oxucularına təqdim etdi. Tədbirdə Elxan Elatlının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Qisas gecəsi” romanının müzakirəsi keçirildi. Sonra tədbir iştirakçıları arasında “Vətənpərvər kimdir?” adlı rəy sorğusu aparıldı. Rəy sorğusunun keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinə vətənpərvərlik ruhunun aşılanması idi. Biz düşünürük ki, gənc nəslin unutqan olması, vətənpərvərlik ruhunun aşağı səviyyədə olması kimi problemləri aradan qaldırmaq üçün belə tədbirlərin keçirilməsi məqsədəuyğundur. Həmçinin 16 saylı Texniki-Humanitar Liseydə 20 Yanvar şəhidlərinə həsr olumuş “Ağla, qərənfil, ağla!” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin müdiri N.Tahirova açaraq 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə kitabxananın fəal oxucuları 20 Yanvar şəhidlərinə aid şeirlər söylədilər. Yuxarı sinif şagirdləri isə 20 Yanvar şəhidlərinə həsr olunmuş “Yarımçıq talelər” adlı ədəbi-bədii kompozisiya göstərdi.  “Qalib ordu, qalib xalq “ adlı sənədli film nümayiş etdirildi. Məktəbin xoru “Qalx, qalx, ulu torpaq!” mahnısını oxudu.25 yanvar 2012-ci ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ələmdar Quluzadə ilə oxucuların görüşü keçirildi. Tədbirdə yazıçı Gülzar İbrahimova, “Savalan” qəzetinin əməkdaşları, Nəsimi rayon 42 saylı orta məktəbin 4-cü sinif şagirdləri, müəllimlər, kitabxananın əməkdaşları iştirak edirdi. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra şagirdlər Ələmdar Quluzadənin vətənə, ana dilimizə və Qarabağa həsr olunmuş şeirlərindən söylədilər, “Qürbətə düşən daş” kitabındakı nağıllar üzrə səhnəcik göstərdilər. Ələmdar Quluzadə şagirdlərin ona ünvanladığı sualları cavablandırdı və yeni şeirlərindən söylədi. Tədbirdə iştirak edən şagirdlərə kitabxananın “Göy qurşağı” jurnalı hədiyyə edildi, şairlə xatirə şəkli çəkildi.Yəqin ki, biz yeni-yeni tədbirlərlə balaca oxucularımızla bir sıra görüşlər keçirəcəyik.  

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-22 fevral.-S.11.