YAP Yasamal rayon təşkilatının
yaranmasının 19-cu ildönümü tamam olub
Dünən Yasamal rayon icra hakimiyyətində YAP Yasamal rayon təşkilatının yaradılmasının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov partiyanın yaranma zərurətindən və keçdiyi inkişaf yolu ilə bağlı çıxış etdi. YAP zamanın tələbi ilə yaranan partiya olduğunu deyən F.İsmayılov bildirdi ki, tarix boyu xalqımız azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsil sahibi olmaq arzusunda olub. XX əsrin əvvəllərində xalqımız bu istəyinə nail olsa da, sevinci uzunmüddətli olmadı. Belə ki, Azərbaycan Xalq Cumhuriyyəti şanlı tarixi olan qədim dövlətçilik ənənələrini yaşatmağa, davam etdirməyə çalışsa da yaranmış mürəkkəb ictimai-siyasi şərait, soydaşlarımıza qarşı törədilən soyqırımılar müstəqillik qazanmaq istəyən Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini qan içərisində boğdu. Lakin bu, xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, daha da alovlandırdı. XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdiyini deyən təşkilat sədrinin sözlərinə görə, müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi maraqlarını xalqın, dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi yenə də xalqımızın bu sevincinə kölgə saldı: “Ölkədə ictimai-siyasi durumun gərginliyi, iqtisadi böhran, digər tərəfdən silahlı qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsinin, həmin dövrün iqtidarının dövlətin mənafeyini arxa plana keçirməsinin nəticəsi olaraq ərazilərimizin bir-birinin ardınca ermənilər tərəfindən işğalı xalqın sabaha ümidini itirməsinə səbəb olmuşdu”. F.İsmayılov qeyd etdi ki, belə çətin dövrdə ölkə ziyalıları yeni bir partiyanın yaradılması qərarına gəldilər. Ümumilikdə Azərbaycan vətəndaşlarının ictimai maraq və mənafelərinin ifadəsi olan 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətində həmin dövrün səciyyəvi cəhətləri geniş təhlil olunaraq bildirilirdi ki, Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider H.Əliyev ola bilər, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Heydər Əliyev YAP-ın yaradılmasının obyektiv zərurətdən yarandığını bildirərək belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdi. 1992-ci il noyabrın 21-də təsis konfransını müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə keçirən YAP-ın sıraları çox keçmədi ki, daha da möhkəmləndi. F.İsmayılov bildirdi ki, bu gün partiyanın sıralarında 600 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir: “Partiya yarandıqdan 7 ay sonra xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı, partiyanın fəaliyyətində yeni bir dövr başlandı. Partiyanın yaradılmasından sonra şəhər və rayon təşkilatları yaradılmağa başladı. 1993-cü il mayın 9-da Yasamal rayonunda ziyalılar təşkilat komitəsini yaratdılar. Həmin gündən rayonda partiyanın özəkləri yaradıldı. 26 ilk təşkilat yarandı. 20 fevral 1993-cü ildə YAP Yasamal rayon təşkilatının təsis konfransı keçirildi. Bu gün fəxrlə deyə bilərik ki, YAP Yasamal rayon təşkilatı 155 ilk partiya təşkilatını ətrafında birləşdirir. Təşkilatın üzvlərinin sayı 25 mindən artıqdır. Bu sözsüz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın gösəricilərindəndir”.YAP Yasamal rayon təşkilatının sədr müavini, YAP Yasamal rayon İdarə Heyətinin üzvü Tağı Əhmədov Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsində biri-birindən əhəmiyyətli uğurlara imza atdığını diqqətə çadırdı. Bildirdi ki, Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi uğurların davamlılığına inamı daha da artırır. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Əhmədov Azərbaycanın uğurlarında ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd edərək, bildirdi ki, partiyanın sıraları günbəgün kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. O da vurğuladı ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının müraciətinə cavabında əksini tapan fikirlər bügünkü reallıqlarımızda öz təsdiqini tapır. Bu gün partiya milyonların sevgisini qazanaraq, əldə etdiyi uğurları ilə qələbə partyası imicini daha da möhkəmləndirir. YAP-ın ölkəmizdə qeydiyyatdan keçən 52 partiya arasında böyük nüfuza, siyasi çəkiyə malik olmasını şərtləndirən əsas amil dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul etməsidir. YAP Yasamal rayon İdarə Heyətinin üzvü, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev qeyd etdi ki, hər kəs yaşadığı dövrün xarakteristikasını vermək üçün sözsüz ki, tarixə müraciət etmək məcburiyyətində qalır. YAP-ın keçdiyi şərəfli yola ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bələdçilik edir. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. İqtidar partiyası olaraq YAP Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həllinə öz töhfəsini vermiş və bu gün də bu xəttə sadiqdir. YAP Yasamal rayon təşkilatının fəal gəncləri adından Bayram Aslanov çıxış edərək dövlətin, ölkənin aparıcı təşkilatı olan Yeni Azərbaycan Partiyasının siyasətində gənclərə diqqət və qayğının öndə dayandığını bildirdi. Sonda partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim olundu.
Nigar Abdullayeva
Palitra.-2012.-22 fevral.-S.6.