Gülyaz Məmmədova: “Eurovision”
olduqca maraqlı mədəniyyət hadisəsidir”
“Hər il Avropa səhnəsində
bizim çıxışlarımız onsuz da çox gözəl
olub. Bu il daha da möhtəşəm olacağına əminəm”
Uzun
zamandır ki respublikanın Əməkdar artisti Gulyaz Məmmədova konsert proqramı
üzərində çalışırdı. Fevral
ayında pərəstişkarları qarşısında
konsert verən sənətçi xanım proqramın
uğurlu olmasından məmnunluq bildirdi. Onu da xatırladaq ki,
fevralın 1 və 2-sinə planlaşdırılan konsertin
ikinci günü qarlı hava şəraitinə görə
fevralın 17-nə qədər təxirə
salınmışdı.
- Konsert barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Gənclər Günü ilə bağlı konsertim hazırlanmışdı.
Konsertdə tələbələrimlə birgə çıxışlarım
vardı. Ancaq hava
şəraitinə görə
konsert bir qədər təxirə salındı və sonra Mahnı Teatrında baş tutdu. Çox şükür ki,
olduqca uğurlu alındı. Konsertdən çox
razı qaldım.
- Hazırda yaradıcılığınızda hansı yeniliklər var?
- Bildiyiniz kimi, mən Dövlət Opera və Balet Teatrının
solistiyəm. Hazırda teatrda
mart ayı üçün
olan repertuarım üzərində çalışıram.
Leyli obrazını oynayıram.
Olduqca məsuliyyətli bir işdir.
- Bəs solo karyerada hansı yeniliklər var?
- Mən müsahibələrimdə
adətən yaradıcılığım
haqda ətraflı məlumat verirəm. Çünki sırf sənətlə
məşğul oluruq.
Ancaq bu aralar qabaqcadan
nəsə deməyə
tərəddüd edirəm.
Bircə
onu deyə bilərəm ki, bizim çox sevilən bəstəkarımız
Tahir Əkbərin vətənə aid mahnısını
ifa etmişik. Çox gözəl bir mahnıdır. Bundan əlavə
qarşıdan Novruz bayramı gəlir. Xalqımızın ən əziz
bayramıdır və
bununla bağlı istər ölkə daxilində, istərsə
də xaricdə silsilə tədbirlər keçiriləcək.
- Gülyanaq xanımın yenidən ana olmasından sonra səhnədəki duetinizə ara
verdiniz. Yenə də bu dueti
birlikdə görə
biləcəyik, yoxsa ayrı-ayrılıqda çıxışlarınız
olacaq?
- Yox, biz ayrılmamışıq,
sadəcə qeyd etdiyiniz kimi, analıq qayğıları
Gülyanağı bir
qədər səhnədən
uzaqlaşdırıb. Buna baxmayaraq Gülyanaq səhnəyə dönüşü
elə mənim konsertimdə elədi.
Konsertdə səhnəyə çıxdı və repertuarımızda olan ifalardan səsləndirdi.
Bundan başqa Opera və Balet Teatrında
“Asrşın mal alan”da səhnəyə
çıxdı. Ümumiyyətlə, konsertlərə gedir və teatrdakı rollarını da həmişəki kimi, gözəl ifa edir. Buyurub gəlib baxa
bilərsiniz. Yəqin
ki, tezliklə efirlərdə də bizi
birgə görəcəksiniz.
Bunun üçün biz hər
zaman öz üzərimizdə çalışırıq.
- Sizin ayrı-ayrı muğamlarımıza
çəkdirdiyiniz kliplər
çox maraqlı alınır. Ancaq nədənsə buna bir qədər ara verdiniz.
Səbəbi nə ilə
bağlıdır?
- Siz yəqin ki, “Şahnaz” klipini nəzərdə tutursunuz. Çox istərdim ki,
bu bir layihə
şəklində davam
etsin. Bu, ANS telekanalının ideyası
idi. Klip çox uğurlu
alınıb və bu gündə tamaşaçılar olduqca
maraqla bu klipi izləyirlər.
Həm muğam yeni bir tərzdə
tamaşaçıya təqdim
olundu, həm də Gülyanaq və mən fərqli bir tərzdə görüntüləndik.
Şəxsən mən çox
istərdim ki, bu layihə davam etsin. Biz o kompozisiyanı yeddi muğam üzərində qurmuşduq.
Ancaq belə bir layihənin
davamı maddıyat tələb edir. Ona görə bu layihənin davamı gəlmədi. İnşallah, yəqin ki, günün birində bu səpgidə yenə də nəsə yenilik edə bilərik.
- Son zamanlar müğənnilərin çoxu
işlədikləri bəstəkarların
və ya mahnıların azlığından
şikayət edirlər.
Siz də necə, bu problem öz aktuallığını
saxlayırmı?
- Bilirsiniz, bizdə mahnılar çoxdur. Yəni mahnı qıtlığından
əziyyət çəkmirik.
Ancaq mart
ayı üçün
mahnılar üzərində
çalışmağa vaxt
azlıq edəcək.
Məlum
olduğu kimi, həm mən, həm də Gülyanaq xanım Mahnı Teatrının solistləriyik. Qarşıda qeyd etdiyim kimi,
Novruz bayramı ilə bağlı tədbirlərimiz var. Sonra
dövlət səviyyəsində
xaricdə qastrol səfərlərimiz planlaşdırılır
ki, hazırda onlara çox ciddi hazırlaşırıq.
Çünki biz daha çox
repertuarımızda xalq
musiqisinə önəm
veririk və buna görə də yaxşı nəticə əldə etmək üçün öz üzərimizdə
daim çalışmalıyıq.
- Hansı ölkələrdə qastrol
proqramlarınız gözlənilir?
- Almaniya və Rusiyaya qastrol səfərləri təklif
olundu və Rusiya üzərində qərarlaşdıq. Moskvadakı həmvətənlərimiz
qarşısında çıxış
edəcəyik.
- Daim xarici ölkələrdə
qastrollarda, konsert proqramlarında iştirak edirsiniz. Orda albom çıxarmaq
və ya hər hansı bir fərqli layihə təklifi alırsınızmı? Yəni Avropada
da sizin sənətinizi tanıtmaq
imkanınız var. Ancaq
bunu nədənsə
dəyərləndirmirsiniz.
- İngiltərədə muğamlarımızla bağlı
təkliflər aldıq
və bu böyük bir reklam yaratdı. Hər zaman
deyirəm, bu çox çətin və olduqca gözəl sənətdir.
Belə təklifləri dəyərləndirdikdə
gərək bütün
işlərlə özün
məşğul olasan.
Vətənimdə yaradıcılıq işlərim, pedaqoji fəaliyyətim, tələbələrim
var. İşim həddən
çoxdur və belə təkliflərə
təəssüf ki, vaxt azlığından zaman ayıra bilmirəm.
- Klip çəkilişləriniz barədə
nə deyə bilərsiniz?
- Klip üçün müəyyən vəsait
lazımdır. Klip heç
vaxt elə-belə çəkilmir. Ona görə
çox klip çəkdirə bilmirik.
Fevralın 1-i və 17-si konsert
keçirdim. Çox şükür
ki, olduqca uğurlu bir konsert proqramı oldu. Bilirsiniz, olduqca məsuliyyətlidir.
Bəzən sual verirlər
ki, niyə solo konsert eləmədik?
Əslində tələbələrlə belə bir konsert
təşkil etmək
solo konserti ərsəyə
gətirməkdən daha
çətindir. Çünki səhnəni yenicə görən bu gənclərin hərəsi
bir xarakterdədir.
Düzdür, onlardan bəziləri
muğam müsabiqələrinin
iştirakçıları olub. Ancaq buna baxmayaraq
onların bütün
məsuliyyətini mən
daşıyırdım. Onda hiss etdim ki, səhnəyə hazırlıq necə çətindir. Buna baxmayaraq konsert alındı. Bütün biletlər
satıldı. Hətta konsertə
bilet tapmayıb, ancaq gəlmək istəyənlər məndən
incidilər. Bu, qürurverici bir haldır. Gördüyünüz kimi, hər
bir şey zəhmət tələb edir. Kliplər də belədir.
Çəkirsən və sonra onun reklamı üçün də maddiyyat sərf etməlisən.
- Bəs hansı klipdən razı qalmısınız?
- Əksərindən razı qalmışıq. Ancaq təbii
ki, narazı qaldığımız kliplər
də olub, bu da rejissorun
zəif işindən
irəli gəlir.
Məsələn, indiyədək
“Şahnaz” klipinə kim tamaşa
edirsə, onu çox qeyri-adi, gözəl klip olaraq qiymətləndirir. Sonra Qarabağ şəhidlərinə
həsr edilən “Yaralı heykəllər” klipimiz də məncə, uğurlu kliplərimizdən sayıla
bilər. Sonra Şəfiqə
Axundovanın “Gəl,
ey səhər” mahnısına çəkdirdiyimiz
klipi çox bəyənirəm. Yəni bir-birindən
fərqli kliplər çəkdirmişik. Ancaq elə
kliplər də olub ki onları
efirə çıxarmamışıq.
- Sizin repertuarınızda xoşagələn
bir məqam da odur ki, tez-tez köhnə, unudulmaqda olan
mahnılara yer ayırırsınız. Həmin
mahnıların musiqi mətni necə əldə olunur?
-
Qeyd etdiyim kimi, bizdə heç vaxt mahnı problemi olmur. İfamızda
səslənəcək mahnılar var. İndi səhhətimlə
bağlı mahnılar üzərində işləyə
bilmirəm. Sağalan kimi onları ifa edəcəm. Elə
mahnılar tapıb ortaya çıxarmışam ki, heç
vaxt eşidilməyib. Düşünürəm ki, çox
maraqlı olacaq. Mənim tələbəlik dövrüm
Qarabağ müharibəsinə
düşdü. İndi baxıram hərdən müharibə
və Xocalı faciəsi ilə bağlı kadrlara, çox
pis oluram. Yəni çox ağır dövrlər
yaşamışıq. O vaxtlar çətin şəraitdə
də olsa, mahnıların mətnləri olan kitablar
satılırdı. Onları görən kimi böyük həvəslə
alırdım. İndi baxıram ki, elə kitablar
satışda yoxdur. Hazırda köhnə mahnıların mətnini
yaşlı sənətkarlarımız vasitəsilə əldə
edirik. Kamil müəllim və tarzən Mehman
Mikayıloğlu da bu işdə mənə kömək edir.
Sonra özüm də çox maraqlanıram ki, belə
mahnıları üzə çıxarım. Mənə elə
gəlir ki, siz hələ belə mahnıları çox
eşidəcəksiniz. Hətta fikrim var ki, sırf elə
mahnılardan konsert proqramı da təşkil edim. Elə
mahnıların mətni ilə yanaşı lent
yazıları da məndə var. Ailəmizdə xanəndələr
çox olduğu üçün onların dövründən
də müəyyən
materiallar var ki, onlardan da faydalanıram. Sonra yaşlı
insanların ifalarını kasetlərə yazmışıq
ki, o mahnılar unudulmasın. Bu barədə aktiv
olmalıyıq ki, gələcəyimiz üçün də
bu mahnılar yaşasın.
- Bu gün daha çox sizi nə narahat
edir?
- Mən bir şeydən narahatam. Muğam müsabiqəsindən çox razı qaldıq. Müxtəlif müsabiqələr keçirilir. Tələbələrim gedir və belə
müsabiqələrdən keçmir. Mən
mat qalıram ki, bu cür gözəl
oxuyan gənc telekanaldakı müsabiqələrdə
yer tuta bilmir. Bu “Xalq
ulduzu” və digər müsabiqələrdə
istedadlı gənclər
kənarda qalır.
Ordakı münsiflərdə tanınmış, sevimli sənətkarlarımız əyləşir.
Hamısı ilə gözəl
ünsiyyətim var. Onlar
da bildirirlər ki, burda telekanal
özü seçim edir. Buna görə
narahatam ki, niyə bu istedadlar
efirə çıxa
bilmir. Bu proses mənə qaranlı qalır və narahat edir.
- Müsabiqələrdən
danışdıq. “Eurovision-2012”
təmsilçimiz barədə
nə deyə bilərsiniz?
- Bu müsabiqə bizi çox gözəl tanıtdı. Mədəniyyətimiz, musiqimiz bir
daha Avropada təbliğ olundu. İnanın,
bayrağımızı orda
görəndə sevincimdən
ağlamışdım. Gör neçə ölkə içindən seçildik? İnanıram ki, builki təmsilçimiz Səbinə
də uğurlu bir nəticə göstərəcək. Hər halda
biz bir dəfə qalibiyyəti daddıq.
Müsabiqə zamanı Bakıda
olub maraqla izləyəcəm. Bu, olduqca maraqlı mədəniyyət hadisəsidir.
Səbinəyə də uğurlar
arzulayıram. Hər
il Avropa
səhnəsində bizim
çıxışlarımız onsuz da çox
gözəl olub. Bu il daha da möhtəşəm olacağına əminəm.
- Həmin ərəfədə Avropa
tamaşaçıları qarşısında konsert
proqramı vermək niyyətiniz varmı?
- Planlaşdırıram. Çünki Bakıda olacam və bunu dəyərləndirmək
lazımdır.
Nüşabə
Palitra.-2012.-28 fevral.- S.13.